Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:22

Bakıda peyk antenalarına tələbat çoxalıb


Hazırda Bakıda peyk antenaların qiyməti 60 manatdan 200 manatadək dəyişir

Hazırda Bakıda peyk antenaların qiyməti 60 manatdan 200 manatadək dəyişir

Gələn il yanvarın 3-dən Türkiyənin «Kanal D» telekanalının Azərbaycan ərazisində yayımı dayandırılacaq. Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə iyulun 1-dən isə Rusiyanın RTR və ORT, Türkiyənin STV telekanallarının Azərbaycanda yayımının qarşısı alınacaq. Bu telekanallar yalnız peyk və ya kabel televiziyaları vasitəsilə yayımlanacaq.


Peyklə yayılan televiziyaların verilişlərinə baxmaq isə xərc tələb edir. Hazırda Bakıda peyk antenaların qiyməti 60 manatdan 200 manatadək dəyişir. Yeni ildən Azərbaycan tamaşaçıları son 15 ilə izlədikləri Rusiya və Türkiyə kanallarına baxmaq üçün orta hesabla 100 manat xərcləməli olacaq. Peyk antenalarının satıcısı Bəhram Həsənov deyir ki, mağazaya axın artıq indidən başlayıb. Amma, antenaların qiyməti ilə maraqlananlar onu alanlardan daha çoxdur. Bəhram deyir ki, gələn ildən alıcıların sayının artacağını gözləyirlər. Amma, həmsöhbətim bu tələbatın qiymətlərə necə təsir edəcəyini indidən deməyə çətinlik çəkir: «Tələbat çoxalıb. Rus kanallarına meyl çoxdur. Elə gün olur 3, 5 antena satırıq».


«Adam var ki, hətta AzTV-ni izləmək üçün peyk antenası almaq məcburiyyətindədir. Hündür binalar qüllədən gələn siqnalları qəbul etməyə imkan vermir»


Bəhramın iş yoldaşı, peyk antenalarının satışı ilə məşğul olan Müşfiq isə deyir ki, bu antenalara tələbat hələ xarici telekanalların bağlanacağı xəbəri yayılmazdan öncə artıb. Onun fikrincə, hazırda Bakıda tikilən hündür mərtəbəli binalar həm də televiziya tamaşaçıları üçün problemə çevrilib: «Adam var ki, hətta AzTV-ni izləmək üçün peyk antenası almaq məcburiyyətindədir. Hündür binalar qüllədən gələn siqnalları qəbul etməyə imkan vermir».


Bakıda söhbətləşdiyim sakinlər isə daha çox Rusiya və Türkiyə telekanallarının bağlanacağından narahat olduqlarını deyirlər. Peyk antenası almaq istəyənlər çox, buna imkanı çatanlar isə azdır:


«Bizim elə imkanımız yoxdur axı, peyk antenası alaq. Bu kanalların bağlanmasına çox təəssüflənirəm», «Mən bu kanallara baxmırdım. Ona görə antena almaq fikrim də yoxdur», «Baxırdım bu kanallara, Rusiya və dünya ilə bağlı mühüm xəbərləri bu kanallar vasitəsilə əldə edirdik. Amma, bundan sonra baxa bilməyəcəyəm. İmkanım çatmaz antena almağa»…


MTRŞ-dən isə deyirlər ki, əhalinin narahatlığını nəzərə alaraq gələn ildən kabel televiziyasına abunə haqqını ucuzlaşdırmaq məsələsini qaldıracaqlar. Hazırda isə kabel televiziyalarının aylıq abunə qiyməti 8-9 manatdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG