Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:03

Həmrəylik Günündə bayramları da, həmrəy etmək mümkün olacaqmı?


Bu il azərbaycanlılar bir-birinə uyuşmayan iki bayramı eyni axşamda qarşılamalıdır

Bu il azərbaycanlılar bir-birinə uyuşmayan iki bayramı eyni axşamda qarşılamalıdır

Şampansız Yeni İl axşamı olar? Olmaz yəqin. Bəs Qurban tikəsini şərabla nuş etmək necə? Əstəğfürullah deyəcəksiniz. Amma, bu il bütün Azərbaycan süfrəsi bir-birinə uyuşmayan bu iki bayramı eyni gündə, eyni axşamda qarşılamalıdır. Biri xristian, o biri islam aləmində təmtəraqla qeyd olunur. Əksəriyyəti müsəlman olan Azərbaycan əhalisi isə hər iki bayramı layiqincə qeyd etməyə alışıblar. Artıq evlərdə də, şəhərdə də yolkalar bəzənib, bayram bazarlığına başlanıb. Eləcə də Qurban bayramı ərəfəsində şəhərə ətraf rayonlardan qoyun-quzu gətirilməkdədir. Bəs bayram süfrəsində ortaq məxrəcə gəlmək, azərbaycanlıların Həmrəylik Günündə bayramları da həmrəy etmək mümkün olacaqmı?

Evdar xanımlarla da, eləcə də bayram axşamı dost-tanışla bir yerə toplaşacaq gənclərlə söhbətdən belə başa düşdüm ki, heç demə variantlar az deyil. Yəni Qurban bayramını dekabrın 31-də keçirib, yeni ili saat 12-dən sonra və ya ertəsi gün yanvarın 1-də qeyd etməyi düşünənlər də var, bayramı içkisiz keçirməyi planlaşdıranlar da…


Evdar xanım Təranə Həsənovaya bayramları uzlaşdırmağın üsulunu fikirləşib: «Qurban ətini həmin gün bişirmərəm, səhəri bişirərəm. Əsas bayram yanvarın 1-dən başlayır. Mənim üçün əhəmiyyətli olan Qurban bayramıdır».


Onda belə çıxır ki, hər iki bayramı qaydasınca, yəni bütün dəm-dəsgahı ilə keçirmək istəyən xanımlar ikiqat xərcə düşəcəklər. Necə deyərlər varlığa nə darlıq.


Amma, bayrama çox az qalsa da, Samirə Əliyeva kimi bayramın bayrama qarışmasından xəbərsiz olanlar da var: «-Bayramı bütün adətlərlə uyğun keçirəcəyəm


Filosof Niyazi Mehdi tolerantlığı ilə seçilən Azərbaycan cəmiyyətinin dekabrın 31-də də ortaq məxrəcə gələ biləcəyini düşünür
-Yəni həm içki içib, həm də qurban əti yeyəcəksiz?


-Onda içmərəm. Bizə yaxın Qurban Bayramıdır. Elə-belə keçirərəm…»


Sözü zarafata salan da olur: «Nə qurban əti yeyəcəm, nə şampan içəcəm».


Rəyini bildirən paytaxt sakinləri bayramlara münasibətdə fərqli düşürülər:


«İçkisiz də olar.


Mən limpard alacam.


Mən qonaq gəlsə şampan açacağam…


Şampanı şirəylə, kompotla əvəz edəcəyəm.


Mən Qurban bayramını keçirəcəyəm, Yeni İl bizə yad bayramdır. Əsas Qurban Bayramıdır…»


Bakı İslam Universitetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabirin sözlərinə görə, məstlik gətirən içki yalnız bayram günü və ya matəm günündə haram buyrulmayıb. Müsəlman hər zaman bu qaydalara əməl etməlidir. Ancaq, o, dərhal da əlavə edir ki, heç kimə içib-içməməyi qadağan etmək olmaz. Bircə müsəlmanlardan ricası budur ki, qurban ətini içki olan süfrəyə verməsinlər. Qaldı seçimə: «Azərbaycan xalqı müdrik xalqdır. Dekabrın 31-də Qurban Bayramını keçirərlər. Yanvarın 1-2-də də Yeni İli qeyd edərlər… Bəzi müsəlmanlar var ki, islam bayramlarında və ya matəm günlərində içmirlər, başqa gündə içirlər. Bu da bir cür reallıqdır. Amma, yəqin zaman keçdikcə, bayramların xarakteri də, icra forması da dəyişəcək. Bir də burda qəbahət də yoxdur».


Yolumu dükandan salıram. Satıcılar bayram bazarlıqlarının başladığını deyirlər. Amma, alış-veriş edənlərin arasında şampan-şərab, ümumiyyətlə spirtli içki alanların azaldığını deyənlər də var, əksini iddia edənlər də. Hərçənd şikayətçi deyillər. Çünki, qazancları itirdiklərindən çox olmalıdır. Bu yeni ilin nə az, nə çox düz bir həftəsi adamlar işləməyib evdə istirahət edəcəklər. İstirahət isə əlbəttə, xərclərsiz olmaz. «Bayram bayrama qarışıb. Yəqin şampan alan da olar. Bayram günü satılmaz, ertəsi gün alarlar, köhnə yeni ili keçirənlər alar. Narahat deyiləm…»


İslamşünas alim Altay Göyüşov deyir ki, növbəti dəfə, yəni otuz ildən sonra Qurban Bayramı ilə Yeni İl üst-üstə düşəndə vəziyyət fərqli ola bilər. Çünki, zamanla məclislərdə spirtli içki yığışdırıldığından həmin dilemma da aradan qalxacaq. Filosof Niyazi Mehdi isə başqa qənaətdədir. O, tolerantlığı ilə seçilən Azərbaycan cəmiyyətinin dekabrın 31-də də ortaq məxrəcə gələ biləcəyini düşünür və əslində, bu məsələnin cəmiyyətdə kəskin durmadığını deyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG