Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:36

«21 Azər» ildönümü mərasimində yoxa çıxan fəallar haqda son məlumat


Azərbaycanlı fəal Əli Xodabəxşi
Azərbaycanlı fəal Əli Xodabəxşi

Təxminən 4 ay Təbrizin İttilaat (Təhlükəsizlik İdarəsi) təcridxanası və Mərənd şəhərinin «Qırxlar» zindanında ağır şəraitdə saxlanıldıqdan sonra noyabrın 2-də azad edilən azərbaycanlı fəal Əli Xodabəxşi yenidən dekabrın 12-də Urmiyə şəhərində nəzarət altına alınıb.


Ədəbi təxəllüsü «Elyaz Yekanlı» olan yazıçı həmin tarixdə «21 Azər» hərəkatının ildönümü münasibətilə Urmiyədə təşkil edilmiş atəşfəşanlıq mərasimi zamanı yoxa çıxmış və 12 günə qədər onun harada olduğu məlum olmamışdı.


Dekabrın 24-də Xodabəxşi Mərənd mahalının Yekan kəndində yaşayan ailəsinə zəng edərək, dekabrın 12-si axşam saatlarında Urmiyənin «İmam» xiyabanında İttilaat əməkdaşları tərəfindən tutulduğu və bu günə qədər Urmiyə İttilaatının təcridxanasında saxlanıldığını bildirib.


İran azərbaycanlılarının milli və mədəni hüquqları uğrunda fəaliyyət göstərdiyinə görə, ilk dəfə 1993-cü ildə həbs olunan Xodabəxşi sonralar Türkiyəyə köçmüşdü. 2005-ci ilin sentyabrında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Türkiyədəki nümayəndəliyinə sığınacaq üçün müraciət etmişdi.


2006-cı ilin əvvəlində ailəsini ziyarət etmək üçün İrana dönən Əli Xodabəxşi «İran» qəzetində çap olunan karikaturalara etiraz olaraq may ayında keçirilən mitinqlərində iştirak etmiş, iyunun 8-də isə həbs edilərək İttilaatın Təbrizdəki təcridxanasına salınmışdı. «Amnesty International» insan haqları təşkilatının verdiyi məlumata əsasən, nəzarət altında olarkən o, ağır pisixoloji və fiziki işgəncələrə məruz qalmışdı. Xodabəxşi bir çox məqalə, təqvim və nəşrlərin müəllifidir. O, eyni zamanda həftəlik “Urmiyənin Səsi” jurnalının Azərbaycan dilindəki nəşrinin redaktoru vəzifəsində işləyib.


Dekabrın 12-i “21 Azər” günü Urmiyənin “Xəyyam” xiyabanındakı iş yerindən tutulub aparılan digər bir fəal şair Firudin Teymurinin oğlu Xudayar Teymuridir. Ona bu günə qədər ailəsi ilə əlaqə saxlamaq imkanı verilməyib. Urmiyə Universitetinin tələbəsi olan Firudin May hadisələrində də nəzarət altına alınmışdı. Universitetin İnzibati Komitəsi bu səbəbə görə onu təhsildən məhrum edilmişdi.


Hazırda Urmiyənin “Şəhər Çayı” xiyabanındakı İttilaat təcridxanasında saxlanılan Firudin Teymurinin işlədiyi dükanda “21 Azər” hərəkatı haqda elanlar və CD yazıları tapıldığı bildirilir.


“Media Forum”un verdiyi məlumata əsasən Urmiyədə istintaq altında olan digər azərbaycanlı fəallardan Urmiyə Universitetinin tələbəsi Rəsul Cəfəri 2 ili şərti olmaqla 6 ay müddətinə azadlıqdan məhrum edilib. Urmiyədə nəşr edilən “Fərdaye ma” (Bizim sabahımız) qəzeti və bir neçə tələbə jurnalları ilə əməkdaşlıq edən R.Cəfəri bu ilin oktyabrında, İranda yeni dərs ili başlayanda təhsil ocaqlarında türk dilinin tədrisinə qoyulmuş qadağalara qarşı keçirilən aksiyalara qatıldığı üçün tutulub. O, 10 gün həbsdə saxlandıqdan sonra azadlığa buraxılmışdı. Məhkəmə R.Cəfərini “Güney Azərbaycan İstiqlal Partiyası” ilə əlaqə qurmaqda və xaricdən maddi yardım almaqda günahlandırır.


Həmin mənbəyə əsasən bu günlərdə milli fəal Qurban Zarei barəsində Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsində 10 ay şərti həbs cəzası çıxarılıb. Məhkəmə Q.Zareini xarici ölkələrlə əlaqə qurmaqda və bu ilin may-iyun aylarında Təbrizdə keçirilən etiraz aksiyalarından çəkilmiş şəkilləri internet səhifələrinə göndərərək İran İslam Respublikasının imicinə xələl gətirməkdə günahlandırıb. 34 yaşlı Q.Zarei Təbrizin yaxınlığındakı Sərdəri qəsəbəsinin sakinidir və xalçaçılıqla məşğuldur.


XS
SM
MD
LG