Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:44

Abituriyentlərin 42 faizi fənlərin ən azı birindən 0 bal toplayıb


TQDK araşdırmalarını təhsil işçiləri ilə müzakirə edəcək
TQDK araşdırmalarını təhsil işçiləri ilə müzakirə edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hesablamalarına görə, bu ilin yayında keçirilən imtahanlarda zəif nəticə göstərənlərin sayı ötən illə müqayisədə 3 faizə qədər artıb. 2006-2007-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi təhlilini açıqlayan dövlət komissiyasının sədri Məleykə Abbaszadənin fikrincə, bu rəqəm orta məktəblərdə tədrisin keyfiyyətinin aşağı düşməsini göstərir.

Məleykə Abbaszadənin sözlərinə görə, yerləşdiyi regiondan asılı olmayaraq, dövlət, özəl və türk liseylərini bitirən məzunlar yüksək nəticə göstəriblər. Amma, paytaxtdakı orta məktəblərin əksəriyyətinin göstərdiyi nəticə Bakı şəhərini ayrı-ayrı fənlər üzrə nəticələrin ilk onluğa belə salmayıb: «Biz liseyləri ayrıca virtual region kimi götürmüşük. Demək olar ki, bütün fənlərdə birinci, ikinci yerləri dövlət və özəl liseylər bölüşdürür».


Bu il tələbə olmaq istəyənlərin 42 faizə yaxını imtahan verdiyi fənlərdən ən azı birindən 0 bal toplayıb
Məleykə Abbaszadə ayrı-ayrı fənlər üzrə irəlidə gedən rayonların da adını sadalayır. Məsələn, son imtahanın nəticələrinə görə, ölkədə riyaziyyat fənni üzrə üçüncü yeri Lerik rayonu tutur, Bakı şəhəri isə bu fənn üzrə nəticələrə əsasən 6-cı yerdədir. Fizika və kimya fənləri üzrə də Bakı məzunlarının nəticələri paytaxtı ilk onluğa belə salmayıb. Azərbaycanın ikinci böyük şəhəri Gəncə məktəblərinin də bu ilki nəticəsi ürəkaçan deyil, ayrı-ayrı fənlər üzrə bu şəhərin adına yalnız biologiya fənninin cədvəlində 8-ci sırada rast gəlinir.


TQDK sədri Məleykə Abbaszadənin fikrincə, təhsilin keyfiyyətinin aşağı olmasıyla yanaşı həm də orta məktəblərdə biliyin qiymətləndirilməsində obyektivlik halları zəifdir: «Ən obyektiv qiymətləndirmə riyaziyyat fənni üzrə aparılıb. Ən qeyri-obyektiv qiymətləndirmə isə kimya fənnidir. Bu fəndə 5 qiymət alan 8040 nəfərdən 3234-ü 0-20 bal toplayıb».


Məleykə Abbaszadə deyir ki, 2006-cı ilin məzunları arasında 4 mindən çox əlaçı olub ki, onlardan da 23 faizi 500-dən, 38 faizi isə 300-dən yuxarı bal toplayıb. 8 faizi isə 0-100 arasında bal yığa bilib.


Bu il tələbə olmaq istəyənlərin 42 faizə yaxını imtahan verdiyi fənlərdən ən azı birindən 0 bal toplayıb. Azərbaycan bölməsi üzrə 84 faizə yaxın abituriyent isə ədəbiyyatdan 0 bal toplayıb.


TQDK-nın araşdırmasında bildirilir ki, humanitar və tibb ixtisaslarının qruplaşdığı üçüncü və dördüncü qruplar üzrə imtahanlarda keçid balı yüksək olduğu halda əsasən müəllim hazırlayan beşinci qrup üzrə keçid balının aşağı həddə düşməsi narahatedici faktordur. Ekspertlərin fikrincə, pedaqoji ixtisasları heç də həmişə yüksək hazırlıqlı abituriyentlər seçmirlər. Məleykə Abbaszadə deyir ki, onlar bu nəticələri hər il olduğu kimi yenə də bölgələrdə təhsil şöbələri və məktəb direktorlarıyla birgə müzakirə edəcəklər. Ancaq komissiya sədri hesab edir ki, bu müzakirələrdən yararlanan, nöqsanları aradan qaldıran təhsil müəssisələri çox deyil. Təhsil Nazirliyindən isə deyirlər ki, onlar bu araşdırmanın nəticələriylə tanış olandan sonra yerli təhsil müəssisələriylə müzakirə aparacaqlar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG