Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:07

«Spiker qalsaydım, AXC hakimiyyətinin ömrü uzanardı»


Parlamentin sabiq spikeri Yaqub Məmmədov

Parlamentin sabiq spikeri Yaqub Məmmədov

O, Azərbaycan tarixinə müəyyən bir dövr ölkəni idarə etmiş şəxs kimi düşüb. 1992-ci ilin martında Azərbaycan parlamentinin sədri seçilən bu adam elə həmin ərəfədə prezident Ayaz Mütəllibov hakimiyyətdən kənarlaşdırıldıqdan sonra üç aya yaxın dövlət başçısı olub. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra isə o, vəzifəsindən istefa verib. Sonradan onu qınayanlar olsa da, ölkənin bəzi rəhbərləri kimi haqqında ciddi ittiham irəli sürülmür. Beləliklə, «Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin budəfəki qonağı Yaqub Məmmədovdur.

-Siz Azərbaycanda böyük bir postu tutmuşdunuz, parlamentin rəhbəri idiniz. Bundan əvvəl isə Tibb Universitetinin rektoru idiniz. Necə oldu ki, belə bir posta layiq görüldünüz?


-Mənim ictimai-siyasi fəaliyyətim hələ 1960-cı illərə gedib çıxır. Yəni tələbəlik illərindən oxuduğum institutun həm komsomol, həm də həmkarlar təşkilatlarına rəhbərlik etmişəm.


-Necə oldu ki, ictimai işlərdə irəli çəkildiniz?


-Sırf təsadüf nəticəsində. Mən birinci kursda oxuyanda fakültəmizdə komsomol katibi seçirdilər. Dekanın da, həmkarlar təşkilatının sədrinin də, namizədləri var idi. Tələbə yoldaşlarımdan biri mənim də namizədliyimi vermişdi. Mübahisə yarandı və dekan dedi ki, gəlin bu dəfə heç bir adamı olmayan bir nəfəri seçək və mənim namizədliyim keçdi. Sonradan ali məktəbi əla qiymətlərlə bitirdim, aspirantura təhsili aldım. Oxuduğum fakültədə müəllim, dekan müavini, dekan işlədim... Tibbi İnstitutunun partiya təşkilat katibi, prorektoru olmuşam və 9 il də təhsil aldığım ali məktəbə rəhbərlik etmişəm. 1990-cı ildə isə nisbətən demokratik şərait yarananda Ali Sovetə deputat seçildim.


-Yaqub müəllim, deyirsiniz ki, adamınız yox idi, amma, vəzifə pillələrində irəliləyirdiniz. Bunu bəxtlə əlaqələndirmək olarmı?


«Hansı sahədə mənə etimad göstərilirdisə, çalışırdım etimadı doğruldum. Bəzən gündə 14-15 saat işləyirdim. Elə ona görə ailə həyatı da gec qurmuşam, bir sıra geriliklərə məruz qalmışam. Amma, elmi, pedaqoji və ictimai işlərdə öz tay-tuşumdan geri qalmamışam»
-Xeyr, burada nə bəxti gətirməkdən, nə də qismətdən söhbət gedə bilməz. Burda zəhmətdən söhbət gedə bilər. Mən çox işləyirdim. Hansı sahədə mənə etimad göstərilirdisə, çalışırdım etimadı doğruldum. Bəzən gündə 14-15 saat işləyirdim. Elə ona görə ailə həyatı da gec qurmuşam, bir sıra geriliklərə məruz qalmışam. Amma, elmi, pedaqoji və ictimai işlərdə öz tay-tuşumdan geri qalmamışam.


-Öz gücünə addımlayan tələbə təhsil aldığı ali məktəbin rektoru olur . Fərq böyük idimi?


-Mənim kimi adamı, dayağı olmayan bir nəfərin gəlib rektor olması, sanki, həmin dövrdə təhsil alan həkimlərin qismətinə düşmüşdü. Çünki, mən adamsızlara arxa oldum.


-Amma, bir məsələ də var ki, həmin dövrdə ali məktəblərə qəbul olunmaq asan məsələ deyildi. Qəbul prosesində başqa vasitələrdən istifadə edilirdi... Bəs bu cür proseslər bir vaxtlar özünün köməyə ehtiyacı olan adama necə təsir edirdi?


-Biliyinə arxayın olub, müraciət edən elə bir adam yox idi ki, ona mən köməklik göstərməyim. Həmin dövrdə qanunlar qadağan etsə də, hər qəbulda aşağı qiymət alan və ya ali məktəbə daxil ola bilməyən 30-40 abituriyentin qiymətinin düzəldirdim. Mənim dörümdə institutdan narazı qalan tələbə olmayıb.


-Bəs parlamentin rəhbəri olmağınız necə alındı?


-1991-ci ilin oktyabr ayında sessiya çağırıldı. O sessiyada müxalifətdən olan deputatlar məsələ qaldırmışdılar ki, daimi fəaliyyət göstərən Milli Məclis yaradılsın. Bununla əlaqədar parlament komissiyası formalaşdırıldı və məni də həmin komissiyaya seçdilər. Milli Məclisin formalaşdırılması məsələsi çox çətin keçdi, müxalifət paritet əsasın tərəfdarı idi, hökumət isə qəti şəkildə bununla razılaşmırdı. Mən ortaq bir təklif hazırladım və təklif komissiyanın iclasında qəbul olundu. İclasdan çıxandan sonra Prezident Aparatının ərazi idarə etmə şöbəsinin müdiri Adil Hacıyev mənə bildirdi ki, siz qanun-qaydanın yaxşı bilirsiniz, bu parlamentə siz rəhbərlik edə bilərsiniz. Parlamentə rəhbərlik etmək ideyası oradan qaynaqlanıb. Sonra parlament böhranı yarandı, elə bir iclas yox idi ki, ona küçədən təsirlər olmasın. Böhran zamanı parlamentin rəhbərliyi dəyişdiriləsi oldu, onda deputatlar dedilər gəlin sizin namizədliyinizi verək. Sonra Prezident Aparatına dəvət etdilər, dövlət katibi Midhəd Abbasov və şöbə müdiri Adil Hacıyevlə söhbətimi oldu. Bildirdilər ki, deputatların əksəriyyəti sənin namizədliyinin tərəfdarıdırlar. Mən istəyirdim ki, deputatların təklifinə Mütəllibov da münasibət bildirsin. Mütəllibov namizədliyimə razı olmuşdu, amma, könülsüz şəkildə. Motiv də bundan ibarət idi ki, mən Heydər Əliyevin rəhbərliyi vaxta çalışmışam, yaxşı münasibətlərim olub, qohumlar da mənim rektor olduğum universitetdə işləyirdilər. Mütəllibov ehtiyat edirdi ki, mən Heydər Əliyevlə birləşib onu hakimiyyətdən salaram. Mənim namizədliyim gizli səsvermə yolu ilə keçirildi və parlament üzvlərinin yekdilliklə məni Ali Sovetin sədri seçdilər.


-Ancaq, siz bir neçə dəfə istefa verməyə cəhd etmisiniz?


-Bu onu göstərirdi ki, mənim o vəzifədə gözüm olmayıb. O vəzifəni tutmaq üçün nə bir adama ağız açmışdım, nə də hansısa plan qurmuşdum...


-Siz istefa verməyib vəzifədə fəaliyyətinizi davam etdirə bilərdinizmi?


-Bəli bunun üçün Xalq Cəbhəsi hakimiyyətindən dəfələrlə təklif gəlmişdi. Sonrakı prosesləri təhlil edəndə bu nəticəyə gəlirəm ki, əgər Elçibəy prezident, mənsə Ali Sovetin sədri kimi qalsaydım, bu Xalq Cəbhəsi hakimiyyətinin ömrünü uzada bilərdi. Bəlkə də, Xalq Cəbhəsi bu vaxta kimi hakimiyyətdə qalardı…


XS
SM
MD
LG