Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:39

«Dərman satışı biznesin uğurlu sahəsinə çevrilməməlidir»


«Bəzən həkimlər xəstənin durumundan sui-istifadə edib, ona çoxlu dava-dərman yazırlar»

«Bəzən həkimlər xəstənin durumundan sui-istifadə edib, ona çoxlu dava-dərman yazırlar»

«Həkimə gedirsən, firma dərmanları yazır, heç xeyri də olmur. Deyirsən ki, yazma, yenə də yazır». Naibə Səlimova belə deyir. O, uşağı olmadığından neçə illərdi həkim qapısında qalıb, deyir ki, indiyədək ona yazılan reseptləri üst-üstə yığsa, kitab bağlamaq olar. Xanım Səlimova gileylənir ki, çoxlu kimyəvi preparat qəbul etdiyindən orqanizminin immuniteti də zəifləyib.


Tibb işçisi olduğunu söyləyən Xalıq Quliyevin fikrincə isə, xəstəni lazımlı-lazımsız o qədər dərman içməyə məcbur edirlər ki, daha dərmanın da təsiri olmur. O, hesab edir ki, dərmanlar dövlət inhisarında olmalıdır: «Dərmanı ayrı-ayrı şəxslər ölkəyə gətirməməlidirlər».


Amma Bakının mərkəzində yerləşən «İradənin apteki» adlı aptekin satıcısı Gülyaz Həsənova hesab edir ki, indi xəstəliklər çoxaldığından dərmansız keçinmək olmur. Ona görə də həkimlər xəstəyə çoxsaylı dərman preparatları yazmağa məcbur olurlar. Xanım Həsənova deyir ki, havalar soyuq keçdiyindən ölkədə qrip yayılıb və onlardan da daha çox soyuqdəyməyə görə dərman alırlar. Ancaq, adi vaxtlarda müştərilər arasında ürəyindən, təzyiqindən şikayətçilərə daha çox rast gəlinir: «Sadəcə, xəstəlik çoxdur. Tələbata görə də satış olur».


Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, bəzən həkimlər xəstənin durumundan sui-istifadə edib, ona çoxlu dava-dərman məsləhət görürlər: «Məsələn, bütün dünyada öddə daş varsa, bunun yolu cərrahiyyə əməliyyatıdır. Amma həkimlər var ki, vaxtı uzadırlar, xəstəni dərman içməyə məcbur edirlər. Bu da xəstəyə həm maddi ziyan vurur, həm də vaxtdan gedir».


Bunun isə Azərbaycanda dərman biznesinin genişlənməsinə, gəlirli sahəyə çevrilməsinə şərait yaratdığını deyən cənab Qeybullanın fikrincə, əslində, dərman satışı biznesin uğurlu sahəsinə çevrilməməli, dövlətin ərzaq kimi dərman təhlükəsizliyi milli proqramı da işlənməlidir. Professor hesab edir ki, təbabətdə «mütləq dərman içilməlidir» və ya «mütləq ot bitkisindən istifadə olunmalıdır» riyazi düsturu yoxdur, sadəcə, xəstəyə düzgün diaqnoz qoyulmalı və təsirli dərman preparatları məsləhət görülməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG