Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:21

İlham Əliyev Rusiyanın qazın qiymətini artırmasından məyusdur


İlham Əliyevlə Zurab Noqaidelinin görüşündə qaz məsələsinin müzakirə edilib-edilməməsi məlum deyil
İlham Əliyevlə Zurab Noqaidelinin görüşündə qaz məsələsinin müzakirə edilib-edilməməsi məlum deyil
Gürcüstanın Baş naziri Zurab Noqaideli dekabrın 25-də Bakıda İlham Əliyevlə gorüşüb. «AzərTAc» Dövlət Teleqraf Agentliyi görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarının müzakirə edildiyini bildirir. Amma gürcü tərəfi bu görüşdə «Şahdəniz» yatağından çıxarılan qazın alınması məsələsinin müzakirə ediləcəyini bildirmişdi. Hələlik görüşdə qaz məsələsinin müzakirə edilib-edilmədiyi barədə rəsmi məlumat yoxdur.

«Şahdəniz» qazında Türkiyənin payının bir illiyə Azərbaycana və Gürcüstana verilməsi barədə son bir neçə həftədə hər üç ölkə rəsmilərinin apardıqları danışıqların da nəylə nəticələndiyi barədə indilik rəsmi məlumat yoxdur. Hərçənd ki, gürcü mənbələri bu ölkənin 800 milyon, Azərbaycanın isə 1,3 milyard kubmetr qaz alacağı barədə məlumatlar verirlər.


Digər tərəfdən isə, son bir neçə gündə «Şahdəniz» yatağında texniki qüsurlar yaranıb və hazırda bu problem həll edilir. Azərbaycan yataqlarının işlənməsi üzrə layihələrin operatoru olan «bp-Azərbaycan» şirkətinin mətbuat üzrə meneceri Tamam Bayatlı quyudakı texniki qüsurların nə zaman aradan qaldırılacağını söyləməyə çətinlik çəkdiyini deyir.


Hər üç tərəf - Azərbaycan, Gürcüstan və Türkiyə qazın onlara daha münasib qiymət və şərtlərlə satılmasına çalışır.


«Heç bir əlavə alternativ mənbəyə ehtiyac yoxdur. Azərbaycan öz daxili imkanları hesabına özü-özünü təmin edəcək»
Lakin sıravi Azərbaycan vətəndaşını bu məsələdə düşündürən bir sual var: Gələn ildən evlərinə gələn qazın kəsilib-kəsilməməsi ehtimalı. Şübhələrə səbəbsə Azərbaycana qaz satan Rusiya şirkəti «Qazprom»un 2007 ci ildən qazın qiymətini artırdiğını elan etməsidir.


«Qazprom» 2007-ci ildən Azərbaycana satılacaq qazın həcminin əvvəlki illərdən fərqli olaraq, 3 dəfə az – 1, 5 milyard kubmetr olacağını bildirib. Digər tərəfdən isə, satılan qazın qiymətinin də keçən ilki ilə müqayisədə 125 dollar çox, yəni hər min kubmetr üçün 235 dollar olacağını bəyan edir.


«Qazprom»un Azərbaycandakı nümayəndəsi Akif Həsənov «Azadlıq» radiosuna verdiyi müsahibədə deyir ki, indiyə kimi Azərbaycan «Qazprom»dan hər il 4,5 milyard kubmetr həcmində mavi yanacaq alırdı. Gələn il üçün isə bu göstərici fərqli olacaq: «Təklif olunub milyard yarım və əgər texniki imkan olsa, 1 milyard da əlavə qaz satıla bilər».


Cənab Həsənov eyni zamanda, qiymət artımının siyasi gediş olmadığını deyir, bunu sadəcə, dünyadakı qiymət artımı ilə əlaqələndirir.


Rusiyanın «Exo Moskva» radiostansiyasına müsahibəsində prezident İlham Əliyev, Rusiyanın bu şəkildə qazın qiymətini artırdığına məyus olduğunu deyib, və bildirib ki, Azərbaycanın kommersiya şantajı obyektinə çevrilməsinə göz yuma bilməz.


Azərbaycanın mavi yanacağa olan illik tələbatı 11-12 milyard kubmetr olduğu halda, «Qazprom» onun təqribən yarısından azını verirdi.


Dövlət Neft Şirkətinin Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyevsə deyir ki, Rusiya qazının alınmayacağı təqdirdə belə, Azərbaycanın qaz təminatında heç bir problem yaranmayacaq: «Heç bir əlavə alternativ mənbəyə ehtiyac yoxdur. Azərbaycan öz daxili imkanları hesabına özü-özünü təmin edəcək».


«Qazprom»un qiymət artımına birinci tuş gələn Gürcüstan isə indi Azərbaycanı özünün xilaskarı adlandırır. Gürcüstanın Baş naziri Zurab Noqaideli 2007-ci ildə ölkəsinin qaza olan tələbatının 70 faizini Azərbaycanın hesabına ödəyəcəklərini bildirib.


Gürcüstan Enerji nazirinin müavini İsak Novruzov isə deyir ki, əvvəllər ölkənin qaz tələbatı bütövlükdə Rusiya hesabına ödənilirdisə, indi Rusiyanın qaz təminatındakı payı cəmi 30 faizdir: «Hələlik yanvar ayında 2-3 həftə vəziyyət düzələnə kimi, 30 faiz Rusiyadan qaz alınacaq».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG