Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:12

«Demokratiyanı ilk növbədə azərbaycanlılar qorumalıdır»


Bakı Siyasi Araşdırma və Təsir Mərkəzinin rəhbəri İlqar Məmmədov, 23 dekabr 2006
Bakı Siyasi Araşdırma və Təsir Mərkəzinin rəhbəri İlqar Məmmədov, 23 dekabr 2006
«Panorama» adlı radio-icmalın budəfəki sayında ABŞ Dövlət Katibinin köməkçisi Barri Louenkronun Azərbaycan səfəri müzakirə olunur. Həmsöhbətimiz Bakı Siyasi Araşdırma və Təsir Mərkəzinin rəhbəri İlqar Məmmədovdur. Söhbəti ixtisarlarla təqdim edirik.

Sual: Ötən həftə ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Barri Louenkron Azərbaycanda səfərdə oldu. O, tək rəsmilərlə yox, müxalifətlə də görüşdü, eyni zamanda jurnalist Elmar Hüseynovun qəbrini ziyarət etdi. Bu səfərin gedişində müşahidəçilərdə belə təsəvvür yarandı ki, Azərbaycandakı siyasi şərait, insan hüquqları, media azadlığının vəziyyəti Birləşmiş Ştatlar hökumətini narahat edir. Hətta onunla görüşən bəzi qəzet redaktorlarının bildirdiyinə görə, bunu cənab Louenkron onlarla söhbətdə də açıqca bildirib. Siz necə hesab edirsiniz, Azərbaycanda doğrudanmı demokratiyaya ciddi təhlükə yaranıb?


Cavab: Məncə, bu, çox əlamətdar səfər idi. Son zamanlar bəzi xoşagəlməz hadisələr baş verdi. Bura ANS telekanalının bağlanması, azad sözə və siyasi fəaliyyətə qarşı yönələn bir çox məhdudlaşdırıcı adamları aid etmək olar. Məncə, bu səfərin əsas ilhamvericilərindən biri məhz son vaxtlar Azərbaycanda demokratik institutlara qarşı bizim müşahidə etdiyimiz dalğa idi. Bu dalğa olmasaydı, yəqin ki, Dövlət Departamentinin belə yüksək səviyyəli məmuru Azərbaycana demokratiya gündəliyi ilə səfər etməzdi. Qərb dövlətləri arasında Birləşmiş Ştatlar ona diqqət yetirdi ki, artıq Azərbaycanda demokratiya sahəsində vəziyyəti başlı-başına buraxmaq olmaz. Çünki hökumətin iştahası getdikcə artır...


Sual: İlqar bəy, ABŞ Dövlət Katibinin müşavirinin Bakıya səfəri müxalifət düşərgəsində də müəyyən ümidlər yaradıb. Siz necə fikirləşirsiniz, konkret təzyiq və sanksiyalar mexanizmi olmadan Azərbaycan hakimiyyətini hansısa ciddi islahatlara təhrik etmək mümkündürmü?


Cavab: Çox şey ondan asılıdır ki, sanksiya dedikdə nə nəzərdə tutulur. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan müxalifəti heç bir iş görmür. Oturublar öz ofislərində. Heç bir iş görməyərək, daxildə demokratiyaya yönəlik tələbatı artırmayaraq Qərbdən, ATƏT-dən, Birləşmiş Ştatlardan hərəkət, sanksiya gözləyirlər. Bax, bu Azərbaycan demokratiyası üçün ən təhlükəli yoldur. Birləşmiş Ştatlar Azərbaycanda azadlıq quracaqsa, bu azadlıq Birləşmiş Ştatlara işləyəcək. Bu azadlığı, seçkiləri ATƏT yaradacaqsa, ATƏT-ə də işləyəcək. Yəni azadlığı, demokratiyanı, insan hüquqlarını ilk növbədə azərbaycanlılar qorumalıdır. Onu qorumaq üçün də siyasi liderlərin kifayət qədər etibarı, cəmiyyətdə onlara inam olmalıdır. Bu yoxdursa, nə Birləşmiş Ştatlar, nə də başqa dövlət azərbaycanlıların əvəzinə burada azad seçki keçirməyəcək. Hətta, kiminsə xeyrinə xidmət edəcək seçkilər keçirilsə belə, onlar Azərbaycan xalqının iradəsini deyil, başqa dövlətlərin iradəsini əks etdirəcək. Bu isə arzuolunmaz haldır....


Sual: ABŞ Dövlət Katibinin müşaviri Bakıda bəyan etdi ki, ABŞ demokratiya sahəsində Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək əzmindədir və bu işdə maraqlıdır. Bu ondan xəbər vermirmi ki, hazırda Azərbaycan hakimiyyəti adıçəkilən sahədə uğurlu siyasət həyata keçirir?


Cavab: Harada görürsünüz Siz o uğurları? Senzuranı ləğv ediblər, amma insanlar özləri-özlərinin senzuraya məruz qoyurlar. Nəyə görə? Çünki onlara qarşı zor tətbiq olunur, cibinə narkotik maddə atıb insanı həbsxanaya da atırlar. Haradadır inkişaf? Yenə də Barri Louenkronun Azərbaycana gəlməsi onu göstərir ki, Azərbaycanda insan hüquqları, demokratiya sahəsində vəziyyət xeyli pisləşib, Birləşmiş Ştatlar bunu başlı-başına buraxıb. Louenkron və onu müşayiət edən insanlar da Bakıdakı dedilər ki, artıq bundan sonra biz Azərbaycanda demokratiya məsələlərinə daha çox diqqət verəcəyik, çünki vəziyyət pisləşir və bu, belə davam edə bilməz. Bu, Azərbaycanın da milli maraqlarına ziddir, Birləşmiş Ştatların da. Guya Azərbaycan son zamanlar hansısa bir irəliləyiş edib – bu, absurd bir şeydir. Azərbaycanda avtokratik və totalitar tendensiyalar güclənir. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti ömrü çox qısa olan neft pullarından ilhamlanaraq onları müxtəlif obyektlərin tikintisinə sərf edir. Onu da heç vaxt ictimaiyyətlə razılaşdırmır. O layihələr ictimaiyyətin heç bir ekspertizasından keçmədən həyata keçirilir, orada korrupsiya halları çoxdur. Ən əsası isə odur ki, bunun hamısını dünya artıq görüb. 70-ci illərdə İndoneziya və Nigeriyada eyni şeylər baş verirdi. Kasıb, azadlıqları əllərindən alınmış insanlar üçün neft pulları hesabına iri obyektlər tikilirdi və onlarda elə fikir yaranırdı ki, bəli, hökumət işləyir. Neft pullarından eyforiyaya düşən Azərbaycan hökuməti də bu ölkədə azadlığın axırına çıxmaq istəyir...


XS
SM
MD
LG