Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:06

Yeni vergi evlərin qiymətini bahalaşdıracaq


Hər mənzilin 1 kvadratmetri üçün 10 manat vergi ödəniləcək

Hər mənzilin 1 kvadratmetri üçün 10 manat vergi ödəniləcək

Gələn ildən Bakıda və bölgələrdə çoxmərtəbəli binalar tikən şirkətlər yeni növdə vergi ödəyəcəklər. Yeni vergi növü vergidən yayınmanın qarşısının alınmasına yönəlib. Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəhbəri Akif Musayevin sözlərinə görə, sahibkarlar binanın hər mənzilinin kvadratmetrinə uyğun olaraq vergi ödəyəcəklər. Bu məbləğin üstünə həm də tikinti obyektinin yerləşdiyi ərazinin qiyməti gələcək: «Hələlik bu yerlər üzrə əmsallar Nazirlər Kabinetində dəqiqləşdirilir. Əmsallar sistemi hazırlanacaq».

Hər mənzilin 1 kvadratmetri üçün 10 manat vergi ödəniləcək. Cənab Musayev deyir ki, artıq ev tikən həm fiziki, həm də hüquqi şəxslər eyni vergi növünə cəlb olunacaqlar.

«Amma heç kəsə sirr deyil ki, vergidən yayınmaq üçün əldə edilən mənfəət tam sənədləşdirilmir. Kvadratmetr hesabıyla vergi ödənəndə isə vergidən gizlənmək çətin olacaq».
Mənzilin satılıb-satılmamasından asılı olmayaraq, bina sahibləri bu məbləği ödəməlidirlər.


Ekspertlərsə hesab edirlər ki, vergi növünün dəyişdirilməsi mənzillərin bahalaşmasına gətirib çıxaracaq. Ancaq Akif Musayev deyir ki, tikinti şirkətləri əmlak və mənfəət, fiziki şəxslər isə gəlir vergisinin əvəzinə, mənzilin kvadratmetrinə, yerləşdiyi yerə görə vergi ödəyəcəklər, bu halda vergi yükü artmır, buna görə də mənzillərin bahalaşacağına heç bir əsas yoxdur.


Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov deyir ki, Vergilər Nazirliyinin rəsmiləri öz proqnozlarında haqlıdırlar: «Amma heç kəsə sirr deyil ki, vergidən yayınmaq üçün əldə edilən mənfəət tam sənədləşdirilmir. Kvadratmetr hesabıyla vergi ödənəndə isə vergidən gizlənmək çətin olacaq».


Cənab İbrahimov hesab edir ki, tikinti şirkətləri vergidən yayına bilmədikləri halda, mənzilin qiymətini qaldıracaqlar. Tikinti sektorunun monopoliyada olduğunu söyləyən ekspertə görə, bu amil də mənzilin qiymətinin qaldırılmasına imkan yaradacaq. Nüsrət İbrahimov bildirir ki, onsuz da oktyabr-noyabr aylarında mənzillərin qiymətində artım müşahidə olunub. İl ərzində aparılan hesablamalara görə isə, bu il mənzillərin qiyməti 20 faiz artıb. Cənab İbrahimov ötən illərlə müqayisədə bu rəqəmi kiçik sayır, məsələn, ötən il mənzillərin qiymətində 40 faizə qədər artım olmuşdu.


Hazırda Bakıda yerindən asılı olaraq mənzilin bir kvadratmetrinin qiyməti 330-2500 dollar arasındadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG