Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:52

İnsanın ömrünü azaldan başlıca amil


Psixoloqlar da ətraf mühitin çirklənməsini əsas amillərin sırasında qeyd edirlər
Psixoloqlar da ətraf mühitin çirklənməsini əsas amillərin sırasında qeyd edirlər

«Sağlamlığımıza daha çox ekoloji problemlər təsir göstərir. Havanın, suyun, torpağın çirklənməsi bizi çox narahat edir. Bir dəfə infarkt keçirmişəm. Havanın çirkli olması mənə pis təsir göstərir»-68 yaşlı Əyanət müəllim artıq bir neçə ildir ki, ürək ağrısından əziyyət çəkir. Sağlamlığına daha çox ekologiyanın mənfi təsir göstərdiyini deyir. Ekoloqlar da son bir neçə ildə Azərbaycanda orta ömür uzunluğunun aşağı düşməsinin başlıca səbəbini məhz ekologiyanın çirklənməsində görürlər. Hazırda Dövlət Statistika Komitəsinin yaydığı ən son məlumatda bildirilir ki, Azərbaycanda orta göstəriciyə görə qadınlar 75, kişilər isə 69 yaşınadək yaşayırlar. Ekoloq Telman Zeynalov deyir ki, vaxtilə uzunömürlülər diyarı kimi vəsf edilən Azərbaycanda bu göstəricinin aşağı düşməsi ətraf mühitə edilən müdaxilə ilə bağlıdır:

«Bakı buxtasının və çirklənmiş torpaqların təmizlənməsi, antropogen göllərin qurudulması məsələləri bizim nazirliyin görəcəyi işlərdir»
«İnsanın ömrünü ilk növbədə ətraf mühitə edilən müdaxilə azaldır. Hazırda ətraf mühitə həddən artıq müdaxilə edilib. Suyumuz keyfiyyətsiz, hava çirkab, torpağımız şoran, bunlar isə insanda yüzlərlə xəstəliklər yaradır».



Psixoloqlara görə isə, insanların həddən artıq informasiya toplamağa meylli olmaları onlarda nevroz, yəni əsəb xəstəliyinin yaranmasına gətirib çıxarır. Bununla yanaşı psixoloqlar da ətraf mühitin çirklənməsini əsas amillərin sırasında qeyd edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə vəd verir ki, 2010-cu ilədək Azərbaycanda ekoloji vəziyyət normallaşacaq. Artıq nəinki Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər nazirliklər də prezident İlham Əliyevin ekoloji vəziyyətin sağlamlaşdırılmasına dair 2006-cı il sentyabrın 28-də imzaladığı plana uyğun olaraq müvafiq tapşırıqların icrasına başlayıblar. Bu plan çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda ilk dəfə olaraq ekoloji məcəllə də hazırlayacaq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Gülər Hüseynova: «Bakı buxtasının və çirklənmiş torpaqların təmizlənməsi, antropogen göllərin qurudulması məsələləri bizim nazirliyin görəcəyi işlərdir. Eyni zamanda ekoloji qanunvericiliyin təkmilləşdirilməsi, ilk dəfə olaraq ekoloji məcəllənin hazırlanması da bizim nazirliyə tapşırılıb. Artıq müəyyən işlərin görülməsinə başlanıb və bu işlər 2010-cu ildə başa çatdırılacaq».


O ki, qaldı əhaliyə verilən keyfiyyətsiz içməli suya, bu problemin də həlli «Azərsu» Səhmdar Cəmiyyətinin üzərinə düşür. Qurumdan verilən məlumata görə, yeni çəkilən su xətləri əhalinin keyfiyyətli içməli su ilə təminatını yaxşılaşdıracaq. Yeni su xətlərinin çəkilməsi isə 2008-ci ilin sonunadək davam etdiriləcək. İnsanların ömrünün qısalmasına təsir göstərən digər amil - əsəb sisteminin pozulmasının qarşısını almaq isə psixoloqların fikrincə, daha çox insanların özündən asılıdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG