Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:03

ATƏT seçki islahatları istiqamətində müzakirələrə başlayır…


ATƏT-in Bakı ofisində cənab Ştrohal ilk görüşünü QHT nümayəndələri ilə keçirib
ATƏT-in Bakı ofisində cənab Ştrohal ilk görüşünü QHT nümayəndələri ilə keçirib

Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştrohal artıq bir neçə görüşlər keçirib. Cənab Ştrohalın jurnalistlərə bildirdiyinə görə, bu səfərdə məqsəd ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə etməkdir. Onun qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşündə yalnız seçki islahatları müzakirə edilib.


Görüşdə iştirak edən Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədlinin sözlərinə görə, gələn il fevral ayından etibarən Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bütün maraqlı qüvvələrin iştirakı ilə seçki islahatları ilə bağlı geniş müzakirələrə başlayacaq. Bu müzakirələrdə həm hökumət, həm siyasi partiyalar, həm də qeyri-hökumət təşkilatları iştirak edəcəklər. Anar Məmmədli deyir ki, görüşdə onlar seçki islahatları ilə bağlı Kristian Ştrohala öz təkliflərini də veriblər: «Bu təkliflər komissiyaların paritet əsasda formalaşması, müşahidəçilərin hüquqlarının artırılması, qeydiyyat prosesinin daha da sadələşdirilməsi və sərbəst toplaşmaq azadlığının təmin edilməsi ilə bağlı idi…»


Əslində həm ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həm də Avropa Şurasının Venesiya Komissiyası bundan əvvəl də seçki islahatları ilə bağlı Azərbaycana öz tövsiyələrini veriblər. Bu tövsiyələrə görə, bütün siyasi qüvvələrin etimad göstərdiyi seçki komissiyaları yaradılmalıdır. Azərbaycandakı müxalifət partiyaları isə hesab edirlər ki, komissiyalar yalnız paritet əsasda formalaşacağı halda etimad qazana bilər. Ancaq, hökumət isə komissiyaların paritet əsasda formalaşması ideyası ilə razılaşmır. Dövlət başçısı İlham Əliyev də bildirib ki, paritet prinsip komissiyaların işini poza bilər. Məhz ötən həftə də Mərkəzi Seçki Komissiyasına boş qalan yerlər mövcud qanunvericiliyə əsasən tutuldu.


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri isə bu istiqamətdə hələ ki, qəti mövqe bildirmək istəmir: «Mənim budəfəki səfərimdə bütün arzu edən şəxslərlə görüşməyə hazıram. Bu görüşlərdə hazırkı çətinlikləri birgə müzakirə edib çıxış yolları axtaracağıq…»


Cənab Ştrohalın səfəri hələ iki gün davam edəcək. O, dekabrın 21-də Xarici İşlər naziri Elmar Məmmədyarovla da görüşüb. Görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib. Cənab Ştrohalın jurnalistlərə bildirməsinə görə, o Elmar Məmmədyarova deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu islahatlar prosesinin aparılması ilə bağlı Azərbaycana kömək etməyə hazırdır. Qonağın sözlərinə görə, bu görüşdə o həmçinin seçkidən sonra Azərbaycana verdikləri tövsiyələrin yerinə-yetirilmə vəziyyəti ilə də bağlı müzakirələr aparıblar. Günün sonlarına yaxın isə Kristian Ştrohal siyasi partiyaların nümayəndələri ilə görüşüb və görüşdə də seçki islahatları müzakirə edilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG