Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:38

«Hərbi xidmətə çağırışın əsasları haqqında» qanuna təklif edilən dəyişikliklər yenidən işlənib


Dekabrın 20-də «Hərbi xidmətə çağırışın əsasları haqqında» qanuna təklif edilən dəyişikliklər Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasında yenidən müzakirə olunub. Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Orucun sözlərinə görə, əsasən hərbi xidmətdən möhlət hüquqlarının ləğvinə yönələn layihə cəmiyyətdə narazılıqla qarşılandığından Prezident Aparatında yenidən işlənərək komissiyaya təqdim edilib.


Layihədəki bir çox məqamların çıxarıldığını deyən millət vəkilinə görə, təklif olunan dəyişiklikdə ali təhsilli əsgərlərin hərbi xidmət müddəti bir il qalıb. Son düzəlişlərdə himayəsində üç uşaq olan şəxslərin möhlət hüququ da saxlanılıb. Yəni əvvəllər olduğu kimi, üç övladı olanlar hərbi xidmətə çağırışdan azaddırlar.


Valideynlərdən biri ikinci qrup əlil tək uşaqlar üçün möhlət hüququnun ləğv edilməsi məsələsi isə qüvvədə qalıb. Bundan fərqli olaraq, valideynlərindən biri 1-ci qrup əlil olan şəxslərin möhlət hüququ isə saxlanılır.


Magistratura və aspiranturaya sənəd verənlər üçün möhlət hüququnun ləğvi məsələsinə gəlincə, Zahid Orucun sözlərinə görə, bu məsələ qüvvədə qalıb. O, deyir ki, bunun əvəzinə, iki təklif səslənib. Birinci təklif odur ki, ali təhsili başa vuran şəxs magistratura təhsilini hərbi xidməti başa vurandan sonra davam etdirsin. İkinci təklif isə odur ki, ali təhsilli gənclər elə oxuduğu müddətdə hərbi xidmətə çağırılsın və 1illik xidməti başa vurandan sonra təhsilini davam etdirsin. Zahid Oruca görə, bütün bunlar təklif kimi səslənib və hər şey parlamentin dekabrın 22-də keçirilən iclasında məlum olacaq.


Dekabrın 13-də Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasında «Hərbi xidmətə çağırışın əsasları haqqında» qanuna təklif edilən dəyişikliklər müzakirə olunmuşdu. Bu dəyişikliklər ötən cümə günü parlamentin müzakirəsinə çıxarılmalı idi. Amma deputatlar dəyişikliklərin yumşaldılmasını əsas gətirərək layihəni geri qaytarmışdılar.


XS
SM
MD
LG