Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:56

«Demokratiya şəffaf qanunlar sistemi ilə müdafiə edilməlidir»


Cənab Louvenkron bildirir ki, ölkəsinin Azərbaycanla əməkdaşlığı əsas üç sütuna söykənir
Cənab Louvenkron bildirir ki, ölkəsinin Azərbaycanla əməkdaşlığı əsas üç sütuna söykənir

Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisi Barri Louvenkron bildirir ki, ölkəsinin Azərbaycanla əməkdaşlığı əsas üç sütuna söykənir. Bunlardan birincisi qlobal və regional təhlükəsizliyin təmin edilməsi, ikincisi qlobal enerji təhlükəsizliyinin inkişafı məsələsi və Azərbaycanda demokratiyanın və azadlıqların inkişafının təmin edilməsidir. ABŞ rəsmisi bu fikirləri dekabrın 19-da Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşündə səsləndirib. Barri Louvenkrona görə, ölkələr arası əməkdaşlığın bu üç sütunundan heç biri əhəmiyyəti baxımından digərindən geri qalmır: «Bu sütunlar möhkəm olmalıdır ki, həm bir-birinə dayaq dursunlar, həm də əməkdaşlığın uzunömürlülüyünü təmin etsinlər».


Diplomatın sözlərinə görə, bu prinsiplər Azərbaycanın müstəqil, dünyəvi və təhlükəsiz bir ölkə olması üçün çox vacibdir. Cənab Louvenkron nitqində daha çox əməkdaşlığın 3-cü istiqamətindən-yəni demokratiya və azadlıqların təmin edilməsindən bəhs etdi. O, hər bir ölkənin öz demokratik inkişaf yolu ilə getdiyinin bildirdi. Ancaq, elə ümumi prinsiplər də var ki, demokratiya yolunu tutan bütün ölkələr bu prinsiplərə əməl etməlidirlər. Cənab Louvenkrona görə, Azərbaycanda demokratiyanın inkişafı üçün əsas 5 məsələyə xüsusi diqqət verilməsi son dərəcə zəruridir. Onun sözlərinə görə, bu məsələlərə diqqət təkcə Azərbaycan üçün yox, bütün keçid dövrünü yaşayan ölkələr üçün əhəmiyyət kəsb edir:


«Jurnalistlərə fiziki hücumlar, qəzetlərin öz yerlərindən çıxarılması, jurnalistlərin məhkəmələrə verilməsi Azərbaycanın demokratiya istiqamətində inkişafına problemlər yaradır…»
«Bu sahələr qanunun aliliyi, azad və ədalətli siyasi proseslər, mətbuat azadlığı, insan hüquqlarının təmin edilməsi və ən nəhayət ölkədə cərəyan edən məsələlərə yüksək təhsilli vətəndaşların cəlb edilməsidir…»

Cənab Louvenkron dedi ki, demokratiya məhz müstəqil, şəffaf və korrupsiyadan uzaq qanunlar sistemi ilə müdafiə edilməlidir. Onun sözlərinə görə, bu müdafiə qanunun aliliyi üçün çox vacibdir. Diplomatın dediyinə görə, qanunun aliliyi də həm siyasi, həm də iqtisadi inkişaf üçün son dərəcə vacibdir. Bu baxımdan qanunların qəbulu ilə yanaşı onun işləməsinə də diqqət artırılmalıdır. Cənab Louvenkron vurğuladı ki, insanların azad və ədalətli seçkilər yolu ilə öz hakimiyyətlərini seçmələri demokratiyanın başlıca şərtlərindəndir.


Cənab Louvenkron Azərbaycan hökumətinin seçki islahatlarının aparılması ilə bağlı üzərinə öhdəliklər götürdüyünü da xatırlatdı və qeyd etdi ki, bu islahatlar aparılmalıdır ki, gələcək seçkilər beynəlxalq standartlara cavab versin. Cənab Louvenkron həmçinin qeyd etdi ki, müstəqil və peşəkar media demokratik cəmiyyətlərdə mövcud olan azadlıqların qorunmasında son dərəcə vacibdir. O, Azərbaycanda media sahəsində baş verən son hadisələri narahatlıqla izlədiklərini vurğulayaraq jurnalist Elmar Hüseynovun qatillərinin tezliklə tapılmasını gözlədiklərini bildirdi: «Jurnalistlərə fiziki hücumlar, qəzetlərin öz yerlərindən çıxarılması, jurnalistlərin məhkəmələrə verilməsi və ən nəhayət ANS-in bağlanması Azərbaycanın demokratiya istiqamətində inkişafına problemlər yaradır…»


Barri Louvenkron ANS-in yayımının təkrar bərpa edilməsini alqışlamaqla yanaşı dedi ki, bu şirkətin lisenziya problemi də yoluna qoyulmalıdır. O, böhtana görə məsuliyyətin də cinayət məcəlləsindən çıxarılmasını vacib saydı.
Cənab Louvenkron bildirdi ki, insan hüquqları demokratiyanın fundamental əsaslarındandır: «Amerika Birləşmiş Ştatları hökuməti azadlıq naminə qurbanlar verən insanları müdafiə edir və onların yanındadır…»


Dövlət katibinin köməkçisi Qarabağ münaqişəsinin həlli ilə də bağlı Amerika Birləşmiş Ştatları hökumətinin mövqeyini açıqladı. O, bildirdi ki, Birləşmiş Ştatlar Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Onun sözlərinə görə bütün səylər hər iki tərəfi razı salan sülh sazişinin bağlanılmasına xidmət etməlidir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG