Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:53

Araşdırmalar Avropada islamofobiyanın geniş yayıldığını göstərir


Qadınların başıörtülü olması onların Avropada işə qəbulunda əsas maneədir

Qadınların başıörtülü olması onların Avropada işə qəbulunda əsas maneədir

İlk dəfədir ki, Avropa müsəlmanlarının vəziyyətini hərtərəfli dəyərləndirən sənəd ortaya çıxıb. İrqçilik və Ksenofobiya üzrə Avropa Monitorinq Mərkəzinin dekabrın 18-də açıqladığı məruzəyə görə, Avropa ölkələrində islamofobiya söz atmaqdan tutmuş fiziki təzyiqlərə, işə götürmədə ayrı-seçkiliklərə qədər müxtəlif formalarda özünü göstərir. Mərkəz həmçinin Avropa ölkələrində müsəlmanlara qarşı ayrı-seçkilik insidentlərinin heç də hamısının rəsmi qeydiyyata alınmadığını bildirir. Avropada islamla terroru əlaqələndirməyə meylin artdığı bir vaxtda aparılan araşdırmaya görə, müsəlmanların Qərb dəyərlərinə dözümsüzlüyü də özünü göstərir. Bu isə artıq mövcud olan ksenofobiya zəminində Avropa həyatının müxtəlif sahələrində islamofobiyanı meydana çıxarır. İrqçilik və Ksenofobiya üzrə Avropa Monitorinq Mərkəzinin gəldiyi bir nəticə də odur ki, terrorun və müsəlman dünyasındakı çaxnaşmaların yaratdığı mənfi təsəvvürləri dəyişmək üçün müsəlmanlar da çox iş görməlidirlər. Mərkəzin direktoru Biit Vinkler (Beate Winkler) «Azadlıq» Radiosuna bildirib: «İnteqrasiyanın ikibaşlı proses olması aydındır. Müsəlman icmasının çox üzvləri ictimai həyatda daha fəal olmalıdırlar, daha çox iş görməlidirlər. Eyni zamanda onları buna ruhlandırmaq lazımdır. Hamımız hərəkətə gəlməliyik ki, cəmiyyət bitkin olsun».

«Avropa Birliyində müsəlmanlar: Ayrı-seçkilik və islamofobiya» adlanan məruzə əsasən müsəlmanlar arasında keçirilmiş sorğuları misal gətirir.


Müsəlmanların çoxu Avropa Birliyi ölkələrin vətəndaşları olsalar belə cəmiyyət həyatının bir küncünə sıxışdıqlarını düşünürlər
Onların çoxu bu ölkələrin vətəndaşları olsalar belə Avropa həyatının bir küncünə sıxışdıqlarını düşünürlər. Araşdırmalar gənc müsəlmanların sosial həyata qaynayıb-qarışmaları yolunda da xeyli əngəllər olduğunu aşkarlayıb. Cənab Vinkler Avropa Birliyi ölkələrinin 3 milyon yarımlıq müsəlman əhalisinin əsasən cəmiyyətin aşağı təbəqələrini təmsil etdiyini deyir: «Avropa Birliyində müsəlmanların çoxuna qarşı ayrı-seçkilik var. Onların təhsildəki uğurları orta səviyyədən aşağıdır. Onlar pis mənzil şəraitində yaşayırlar. Onların işsizlik faizi orta səviyyədən yüksəkdir. Və müsəlmanlar çox vaxt aşağı ixtisaslaşma tələb edən işlərdə çalışırlar».

Bütün bunlar isə Avropadakı sosial gərginliklərin kökü sayılır. Ötən il Fransada əsasən müsəlman gəncəlrdən ibarət qruplar qiyam qaldırmışdılar. Berlin məktəblərində isə bənzər zəmində ara-sıra çaxnaşmalar olmuşdu.


Məruzədə belə bir misal çəkilir ki, Hollandiyada müsəlman məktəblilərin bəziləri sinif otağında ayrı sırada əyləşdirilib. Çoxları Hollandiya vətəndaşı olsalar belə onlara əcnəbi damğası vurulub.


Monitorinq mərkəzinin rəyini soruşduğu müsəlmanlardan bir çoxu hesab edir ki, qadınların başıörtülü olması onların işə qəbulu yolunda əsas əngəllərdəndir. Xüsusən də xidmət sahələrində avropalı işəgötürənlər düşünürlər ki, bu cür qadınları işə götürmək müştəriləri qaçırmağa səbəb olacaq. Vinkler misal çəkir ki, Fransada Şimali Afrika mənşəli ad daşıyan qadınların xalis fransız adı daşıyan qadınlara nisbətən işə dəvət şansları beş dəfə azdır.


117 səhifəlik bu məruzədə təkcə ayrı-seçkilik faktları sadalanmır. Çıxış yolları da göstərilir. 25 ölkədən ibarət Avropa Birliyinə verilən tövsiyələrdən biri budur ki, ayrı-seçkilik əleyhinə qanunları yerinə yetirsinlər, polislərə treninqlər keçirilsin, məktəblərdə inteqrasiyaya nail olunsun. Media müsəlmanların nahaq yerə pis qələmə verməkdən əl çəksin.


Bir çox avropalılar hesab edir ki, müsəlmanlar özləri qərb dəyərlərinə qarşı dözümsüzdürlər, qadın haqlarını, söz azadlığını tanımaq istəmirlər. Vinklerin sözlərinə görə, bütün bu haqları irqçilik hesabına müdafiə etmək olmaz: «Söz azadlığı ilə irqçiliklə savaş arasında bir ziddiyyət yoxdur. Biz məruzəmizdə bunu çox aydın bildiririk: Hamı üçün bərabər fürsət, amma eyni zamanda hamı üçün təməl hüquqlar. Bunlara hamı hörmət eləməlidir».


Rəyi öyrənilən bir çox müsəlmanlar etiraf ediblər ki, onlar da Avropa cəmiyyətinə inteqrasiya üçün daha çox iş görə bilərdilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG