Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:39

Qarabağ danışıqları seçkilərin qurbanı olur?


R.Koçaryan: «Parlament seçkilərinə qədər müzakirələr aktiv mərhələyə keçməyəcək»
R.Koçaryan: «Parlament seçkilərinə qədər müzakirələr aktiv mərhələyə keçməyəcək»
«Ermənistanda parlament seçkiləri başa çatmayana qədər Dağlıq Qarabağ problemilə bağlı danışıqların fəallaşacağını gözləməyə dəyməz». Rusiyanın «Reqnum» Agentliyinin yazdığına görə, bunu Ermənistan prezidenti Robert Koçaryan ötən cümə ölkənin İctimai Televiziyasına verdiyi müsahibəsində deyib. Cənab Koçaryan həmçinin bildirib ki, «ölkədə Qarabağ problemi ilə spekulyasiya etmək üçün danışıqlar prosesinin münbit şərait yaradacağını həvəslə gözləyənlər var. Ancaq mən onları məyus etmək məcburiyyətindəyəm. Çünki parlament seçkilərinə qədər müzakirələr aktiv mərhələyə keçməyəcək».

Ermənistanda parlament seçkiləri 2007-ci ilin sonlarında keçiriləcək. Ekspertlər hesab edirlər ki, tərəflərin bu kimi bəyanatlarla çıxış etməsi birinci dəfə deyil. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə, hər dəfə seçkilər ərəfəsində tərəflərin bu cür bəyanatlarla çıxış etməsi onu deməyə əsas verir ki, əslində, hakimiyyətdə olanlar Dağlıq Qarabağ münaqişəsindən öz vəzifələrini saxlamaq üçün bir vasitə kimi istifadə edirlər. Mərkəz rəhbərinə görə, Ermənistan prezidentinin bu fikirlərindən belə nəticə çıxır ki, əgər o, parlament seçkiləri ərəfəsində hansısa güzəştə getsə, bu, onun hakimiyyətinin zəifləməsinə səbəb ola bilər.


«Düşünmürəm ki, parlament seçkiləri ərəfəsində danışıqlardan imtina edən Robert Koçaryan prezident seçkilərinə üç-dörd ay qalmış nəyəsə imza atsın».
«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov isə düşünür ki, bu halda doğrudan da Koçaryanın hakimiyyəti zəifləyə bilər. O, buna 1998-ci ildə həm Azərbaycanda , həm də Ermənistanda keçirilən prezident seçkilərindən sonra hər iki ölkədə vəziyyətin necə dəyişməsini misal göstərir.


Cənab Mirqədirov hesab edir ki, münaqişənin həllilə bağlı iki ildən sonra - 2009-cu ildə müəyyən imkanlar yarana bilər. Onun sözlərinə görə, 2007–ci ilin sonlarında Ermənistanda parlament seçkiləri, 2008-ci ilin əvvəlində prezident seçkiləri, həmin ilin sonunda isə Azərbaycanda prezident seçkiləridir. Bundan başqa, münaqişənin tənzimlənməsilə məşğul olan həmsədr ölkələrin hər üçündə də həmin dövrdə prezident seçkiləri nəzərə tutulur: «Düşünmürəm ki, parlament seçkiləri ərəfəsində danışıqlardan imtina edən Robert Koçaryan prezident seçkilərinə üç-dörd ay qalmış nəyəsə imza atsın».


«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, məsələnin seçkilə bağlılığını şişirtmək düzgün deyil. Əslində, cəmiyyət imzalanan sazişə etiraz edəcəksə, bu, seçki ərəfəsi olmayan dövrlərdə də mümkündür. Onun sözlərinə görə, tərəflər indiki məqamda öz ölkələrindəki daxili problemləri Qarabağ münaqişəsilə əlaqələndirirlər: «Əgər bu məntiqlə yanaşılsa, onda münaqişənin həlli heç vaxt mümkün olmayacaq».


Cənab Oruclu danışıqların son mərhələyə çatmasıyla bağlı Azərbaycan prezidentinin səsləndirdiyi bəyanatların da həqiqəti əks etdirdiyinə şübhə edir. Onun fikrincə, belə münaqişələrin həllilə bağlı müzakirələrin son mərhələyə çatması onun bir neçə aydan və ya ən uzağı bir ildən sonra həll olunması deməkdir.


Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə münaqişə ilə bağlı danışıqların nəticəsinin konkret hansısa zamanla bağlanmasının tərəfdarı deyil. O, hesab edir ki, problemin həll olunmamasına seçkilərin müəyyən təsiri olsa da, bu, həlledici və ciddi deyil. Müzakirələrin son mərhələyə çatmasıyla bağlı deyilənlərə gəlincə, cənab Mirzəzadə deyir ki, münaqişənin xarakterindən asılı olaraq son mərhələ bir neçə ay da çəkə bilər, bir il də: «Siyasətdə zamana görə, proqnoz vermək çox çətindir. Amma prezidentimizin də dediyi kimi, artıq problemin həllinə yaxınlaşma hiss olunmaqdadır».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG