Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:13

«21 Azər» hərəkatının 61-ci ildönümü qeyd edilib


Milli və mədəni cəmiyyətlər hər il «21 Azər»i bayram kimi qeyd edirlər, Təbriz, 12 dekabr 2006

Milli və mədəni cəmiyyətlər hər il «21 Azər»i bayram kimi qeyd edirlər, Təbriz, 12 dekabr 2006

Bu günlərdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar «21 Azər» hərəkatı adlı hadisələrin, yəni İran Azərbaycanında Milli Hökumətin yaradılmasının 61-ci ildönümünü qeyd ediblər. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) adlı təşkilatın Türkiyə nümayəndəliyi bununla bağlı İstanbulda anma mərasimi keçirib. Təşkilatın Türkiyə nümayəndəliyinin təmsilçisi Oqtay Türkmənçaylı deyir ki, bu tədbirə Türkiyədən başqa, Azərbaycandan, İrandan və Gürcüstanın Borçalı bölgəsindən olan azərbaycanlılar da qatılıblar: «21 Azər» hərəkatı İran Azərbaycanının tarixində çox önəmli və dramatik hadisədir. Bununla əlaqədar üçüncü ildir ki, İstanbulda müxtəlif tədbirlər keçirilir». İsveçdə isə GAMOH Azərbaycan-İsveç Federasiyası ilə bir yerdə Hoteburq şəhərində «21 Azər» hərəkatının 61-ci ildönümünü qeyd edib. Qurumun İsveçdəki təmsilçisi Mahmud Bilgi: «1945-ci ildə Azərbaycan adını daşıyan cümhuriyyətin yaranması bizim üçün çox önəmlidir. Biz həmin hadisələrin müsbət və mənfi cəhətlərini öyrənməliyik».

Türkiyədə Azərbaycan Dərnəklərinin Federasiyası yaranıb


Dekabrın 10-da Türkiyədə bu ölkədəki Azərbaycan Dərnəklərinin Federasiyası yaranıb. Federasiyanın təsis toplantısı Kocaeli şəhərində keçirilib. Kocaelidəki «Azərbaycan Evi»nin rəhbəri Bilal Dündar qurumun İdarə Heyətinin sədri seçilib. Cənab Dündar deyir ki, Federasiyaya Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən 15 dərnək daxildir. Onun sözlərinə görə, qurum Qarabağ münaqişəsi ilə bağlı məlumatları bütün dünyada yayacaq və Azərbaycanın mədəniyyətini təbliğ edəcək. Bilal Dündar bildirir ki, onun rəhbərlik etdiyi dərnək sosial fəaliyyətlər də həyata keçirir, o cümlədən Türkiyədə oxuyan azərbaycanlı tələbələrə maliyyə yardımı göstərir.


Qırğızıstanda türkdilli xalqların «Dostluq, Birlik və Həmrəylik» adlı tədbiri keçiriləcək


Dekabrın 24-də Qırğızıstanda yaşayan türkdilli xalqların iştirakı ilə «Dostluq, Birlik və Həmrəylik» adlı tədbir keçiriləcək. Bu tədbir «Türkel» Beynəlxalq Fondunun və Türkiyənin Qırğızıstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir. Qırğızıstanda çıxan türkdilli xalqların ortaq qəzeti olan «Türkel»in baş redaktoru Ramiz Məşədihəsənli deyir ki, tədbirdə Qırğızıstanda fəaliyyət göstərən türkdilli xalqların diaspor təşkilatları 10-15 nəfərlə təmsil olunacaq, o cümlədən Qazaxıstanın Cambul vilayətində yaşayan azərbaycanlılar da mərasimə qatılacaqlar.


Azərbaycanlı rəqqas Yaponiyada maşın düzəldən zavodda işləyir


Ramil Cəfərov Yaponiyada yaşayır. O, professional rəqqasdır. 2001-ci ildə Yaponiyaya qastrola gedib, sonradan isə bu ölkəyə köçüb. Amma Ramil Cəfərov Yaponiyada rəqqaslığı tərk etməli olub. O, hazırda maşın düzəldən zavodda işləyir. Deyir ki, Yaponiyada ən çox xoşuna gələn bu ölkənin mədəniyyətidir. Bu illər ərzində Yaponiyada üzləşdiyi çətinliklərə gəldikdə, cənab Cəfərov deyir ki, ən böyük çətinlik iş tapmaqla bağlıdır, çünki bir çox müəssisələr xariciləri işə götürmək istəmirlər. O, yapon dilini qısa müddətdə öyrənə bilib. Dediyinə görə, qrammatik baxımdan yapon dili ilə Azərbaycan dili arasında oxşarlıqlar var. Buna görə də bu dili mənimsəmək onun üçün çətin olmayıb.


XS
SM
MD
LG