Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:43

Heç şübhəsiz, diktator…


Onun hakimiyyəti illərində Çilidə 30 min adam qırılıb
Onun hakimiyyəti illərində Çilidə 30 min adam qırılıb
Dekabrın 10-u Çili diktatoru Auqusto Pinoçet dünyasını dəyişdi. İnsanların bir hissəsi onu Salvador Alyende hökumətini devirən, hakimiyyəti illərində minlərlə şəxsin həyatına son qoyan bir diktator kimi yola saldılar. Bəziləri də onu ölkəni sosialistlərdən xilas edən, ciddi iqtisadi islahatlar aparıb Çilini inkişaf etdirən bir dövlət xadimi kimi təmtəraqla andılar. «Azadlıq» radiosunun «Panorama» radio-icmalında da bu ziddiyyətli şəxsdən bəhs olunur. Həmsöhbətimiz isə FAR Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadədir. Onunla söhbəti ixtisarlarla təqdim edirik.



Auqusto Pinoçet 1915-ci ildə anadan olub. Hərbi ixtisasa yiyələnmək üçün hərbi məktəbə sənəd versə də, iki dəfə imtahandan kəsilib. Yalnız üçüncü il bu cəhdi alınıb. 1973-cü ildə Çilinin o vaxtkı prezidenti, sosialist Salvador Alyende onu ölkənin silahlı qüvvələrinin ali baş komandanı təyin edib. Həmin ilin sentyabrında hərbi çevriliş həyata keçirən dörd nəfərdən biri olub. Nəticədə Alyende həlak olub. 1974-cü ildə özünü prezident elan edən Pinoçet 1990-cı ilə kimi bu postda qalıb.


Barəsində beş dəfə cinayət işi qaldırılan Pinoçet korrupsiya, maliyyə fırıldaqlarında və insan haqlarının pozulmasında ittiham olunurdu. İstintaq orqanlarının məlumatına əsasən, onun dünyanın müxtəlif ölkələrinin banklarında 27 milyon dollar vəsaiti olub. Bu yaxınlarda belə bir məlumat yayılıb ki, sabiq diktatorun Honkonq banklarında 10 ton qızılı aşkarlanıb.


Sual: Hikmət bəy, Pinoçet heç şübhəsiz, diktator idi. Ancaq Sizcə, onu başqa diktatorlardan fərqi nə idi? Yəqin etiraf edərsiniz ki, tarixdə az diktatorlar olub ki, özü hakimiyyətdən imtina etsin...


Cavab: Pinoçetin qeyri-ənənəviliyini şübhə altına alıram... 19-cu əsrdən bu yana kapitalist diktatorlarının hər yerdə hansısa iqtisadi nailiyyətləri olub. Kommunist diktatorları arasında məsələn, Stalin də vətəndaş müharibəsini qurtarıb, zavodlar tikib, bəndlər düzəldib və s. O ki qaldı onun könüllü hakimiyyətdən imtina etməsi, bu, belə deyil. Onun xunta rejimi 15-20 il sürdü. Sonra ölkənin içərisindən, həm də xaricdən Çiliyə təzyiqlər başladı. İçəridən böyük xalq hərəkatı demokratiya tələb edirdi, kənardan da Qərb ölkələri Çiliyə embarqo qoymuşdular... Çilinin bütün məhsulları-mis, başqa resurslar çətin satılırdı, ölkə yavaş-yavaş çökməyə başlayırdı. Ona görə də general Pinoçet seçki və referendum keçirməyə məcbur oldu. Odur ki, yumşaq yolla onu yavaş-yavaş kənarlaşdırdılar.


Sual: Ancaq diktatorlar var ki, referendumu və ya seçkiləri saxtalaşdırır...


Cavab: Düzdür, elələri var. Görünür, Çilinin sistemi bir az başqa cür idi. Yəni bir az inkişaf etmiş kapitalist ölkəsində öz xalqını saya salmamaq mümkün deyil... Öz canını qorumaq üçün Pinoçet hakimiyyətdə olan yeni qüvvələrdən, həm də ABŞ-dan xahiş etmişdi ki, mənə immunitet verin, birincisi, məni əbədi senator seçin, ikincisi, Çili məhkəməsi məndən əl çəkməli, mənə qarşı heç bir iddia olmamalıdır. Onların hamısı bununla razılaşdılar. Beləliklə, həmin bu diktator kənara yox, pensiyaya çıxdı. Özü də qoca kişi idi o vaxtı, 80 yaşı vardı. O ümidvar idi ki, bununla o, öz işini başa vurub, istədiyini ölkədə edib, pulunu yığıb, indi isə ona heç kim dəyməyəcək, ağsaqqal kimi sakit ölkədə qalacaq...


Sual: Hikmət bəy, bir halda ki, Pinoçeti Qərb yetişdirmişdi, indi Qərbin demokratiya çağırışlarına nə dərəcədə səmimi yanaşmaq olar?


Cavab: Gərək demokratiya çağırışları və diktatorların dəstəklənməsinə qlobal çərçivədə yanaşaq. Çünki o vaxtı kommunizm irəliləyirdi və iki sistem-Qərb dünyası və Varşava Paktı ölkələri vuruşurdular. Hər yerdə «Soyuq Müharibə» gedirdi. Bu, istənilən piyadanı öz tərəfinə çəkmək arzusu idi-yaxşı, Pinoçet gəlsin bura, Moskva ilə qurtaraq, sonra Pinoçetin işinə baxarıq. Elə də oldu. İndi də vəziyyət belədir. Çünki «şər oxu» ilə böyük müharibə var. Biz «şər oxu», nüvə silahları ilə vuruşuruq. Oradan İran və Şimali Koreya nüvə silahı hazırlayacaq, buradan Türkiyə və Misir deyəcək ki, niyə ondan mənimki yoxdur. Dünya stabillikdən çıxa bilər. Odur ki, bu böyük müharibədə balaca, xırda diktatorları dəstəkləyirlər. Amma, əlbəttə ki, Amerika demokratiya istəyir... Ortada qalan diktatorlar isə o böyük müharibənin qüsurlarıdır.


Sual: Necə bilirsiniz, ümumiyyətlə, bir sıra dövlətlərin tarixində ölkənin ayağa qalxması, öz əsaslarını formalaşdırması üçün belə bir mərhələ labüd deyilmi? Məsələn, Türkiyənin özündə də Atatürkü hətta diktator kimi qiymətləndirənlər var. Amma Türkiyə Cümhuriyyətinin inkişaf səviyyəsində heç kim Atatürkün rolunu inkar edə bilməz. Bu məsləyə Sizin münasibətinizi bilmək istərdik.


Cavab: Burada sonda insan haqlarının pozulmasının miqyası və ölkənin inkişafı tərəziyə qoyulur. Pinoçetin hakimiyyəti dövründə nə qədər günahsız adam qırılıb? Atatürkün günahsız adamları qırmasını mən eşitməmişəm. Onun işi respublikaya qarşı çıxanlarla idi, onu da məhkəmə yoluyla edirdi. Stalin dövründəki kimi Stalinin portretinə tərs baxan kimi tutmurdular. Üç məsələ qoyulur-nə qədər adam qırılıb, necə qırılıb, bu diktator axırda ölkəsini nə vəziyyətə gətirib və o, özü şəxsən oğru imiş, ya yox? Əgər o, qohum əqrəbasına mal-mülk yığmayıb, onlara vəzifə paylamayıbsa, bir az yaxşı baxırlar ki, bu, deyəsən, ideya adamıdır. Bəlkə səhvləri var, amma ideya adamıdır. Öləndə Stalin kimi bir dənə kostyumu vardı, məsəl üçün. Pinoçetin isə deyirlər, banklardan tonlarla qızılı, milyonlarla dollar pulu çıxıb... Çilidə 30 min adam qırılıb, özü onların hamısı ziyalılar, ictimai fəallar, mədəniyyət adamlarıdır. Onların içərisində 3 min əcnəbi qırılıb. Mən bunu qəbul edə bilmirəm...



XS
SM
MD
LG