Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

Azərbaycanda QHT yaratmağa meyl getdikcə zəifləməkdədir


Arzu Abdullayeva, 3 fevral 2003
Arzu Abdullayeva, 3 fevral 2003

ABŞ Dövlət katibi Kondoliza Rays dekabrın 14-də bəyan edib ki, Amerika dünyada demokratiyanı inkişaf etdirmək məqsədi ilə 3 yeni proqram həyata keçirməyə başlayır. Bunlardan biri QHT-lərlə bağlıdır. Proqram müxtəlif xarici ölkələrdə təzyiqlərə məruz qalan QHT-lərə yardım etməyi nəzərdə tutur. Bu proqramlar Azərbaycanın üçüncü sektorun inkişafına da təsir edəcəkmi?


Əməkçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Sahib Məmmədov hesab edir ki, bu səy alqışlanmalıdır. Onun sözlərinə görə, son illər Azərbaycanda xarici donor təşkilatlarının sayı getdikcə azalmaqdadır. Üstəlik onlar o qədər də iri layihələr həyata keçirmirlər.


Sahib Məmmədov deyir ki, ölkəyə neft pulları gəldikcə, ümumi daxili məhsul artdıqca beynəlxalq təşkilatlar hesab edirlər ki, artıq Azərbaycan kənardan yardımlara başqa MDB ölkələrinə nisbətən daha az ehtiyac hiss edir. Ancaq, bir sıra MDB ölkələrindən fərqli olaraq Azərbaycanda hökumət qeyri-hökumət təşkilatlarına birbaşa yardımlar etmir. Nəticədə də Azərbaycandakı QHT-lər vətəndaş cəmiyyətinin inkişafına ciddi töhfə verə bilmirlər: «Demokratiyanı ixrac etmək mümkün deyil. Gərək ölkə daxilində demokratik institutlar özləri güclü olsunlar ki, vətəndaş cəmiyyəti inkişaf edə bilsin».


Azərbaycanda təqribən 3 minə qədər QHT var. Onların yalnız 300-ə qədərinin fəaliyyəti hiss olunur
Azərbaycanda qeyri-hökumət təşkilatı yaratmağa meyl getdikcə zəifləməkdədir. Bunu Milli Qeyri Hökumət Təşkilatları Forumunda da etiraf edirlər. Forumun icraçı direktoru Fərasət Qurbanovun sözlərinə görə, Azərbaycanda təqribən 3 minə qədər QHT var. Onların yalnız 300-ə qədərinin fəaliyyəti hiss olunur. Fərasət Qurbanov deyir ki, hazırda QHT-lərə büdcədən yardım verilməsi ilə bağlı bir sıra müzakirələr gedir. Onun sözlərinə görə xarici donor təşkilatlarının yardımlarına göz dikməkdənsə QHT-lərin problemi elə ölkə daxilində həll edilməlidir: «QHT-lərin dövlət büdcəsi və milli donorlar tərəfindən maliyyələşməsi istiqamətində səylər göstərilir. Bu da bizə gələcəkdə imkan verəcək ki, QHT-lərin bütün fəaliyyətləri milli maraqlara yönəldilsin».


Fərasət Qurbanovun sözlərinə görə bəzi xarici donor təşkilatları Azərbaycanda müəyyən layihələr həyata keçirməklə təmsil olunduqları ölkələrin maraqlarını təmin etməyə çalışırlar. Ancaq, donor təşkilatlarının bəziləri nəinki belə iddialarla hətta fəaliyyətlərini getdikcə zəiflətmələri haqqında fikirlərlə də razılaşmırlar. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən Bağırov deyir ki, əksinə bu il ötən illə müqayisədə bir neçə yüz min Amerika dolları məbləğində daha artıq qrant ayırıblar. Onun sözlərinə görə, bu il ümumilikdə təqribən 3 milyon dollar həcmində qrant layihələri həyata keçiriblər.


Bəzi QHT-lərsə xarici donor təşkilatlarından asılılığın aradan qaldırılması təşəbbüslərinə o qədər də ümidlə baxmırlar. Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva deyir ki, əslində Azərbaycan hökuməti QHT-ləri tam inhisara almağa çalışır. Onun sözlərinə görə, dövlət büdcəsindən qeyri hökumət təşkilatlarına yardımlar ayrılsa, bundan yalnız hakimiyyətə yaxın qurumlar bəhrələnəcək: «Çox təəssüf edirəm ki, Azərbaycan hökuməti Milli burjuaziyanın yaranmasında maraqlı deyil. Çünki bu demokratiyanın inkişafına kömək olardı».


Arzu Abdullayeva deyir ki, əslində Amerika hökumətinin tək maddi yardımlarına yox, həm də mənəvi dəstəyinə ehtiyac hiss edirlər. Onun sözlərinə görə, Azərbaycanda belə bir fikir formalaşdırılmaqdadır ki, xaricdən maliyyələşən təşkilatlar Azərbaycanın mənafeyini satırlar. Arzu Abdullayeva deyir ki, bununla da onlar daim öz üzərilərində təzyiq hiss edirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG