Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:06

«Mən 20 il deputatamsa, prezident niyə iki dəfədən artıq seçilməsin?»


Milli Məclisin Aqrar Siyasət Komissiyasının sədri Eldar İbrahimov

Milli Məclisin Aqrar Siyasət Komissiyasının sədri Eldar İbrahimov

Milli Məclisin Aqrar Siyasət daimi Komissiyasının sədri Eldar İbrahimov hesab edir ki, əgər kimsə 3-4 dəfə deputat seçilə bilirsə, bu qayda prezidentlərə də aid edilə bilər. Onun fikrincə, əgər prezident işləyə bilirsə və xalq onu müdafiə edirsə onda dövlət başçısının 3-cü və ya 4-cü dəfə də seçilməsinə imkan olmalıdır:

«16 ilə keçir mən deputatam, beş il də Naxçıvanda Kommunist Partiyası dövründə deputat olmuşam… Stajım var, əgər mən 20 il deputat ola bilirəmsə prezident niyə iki dəfədən artıq seçilməsin? Prezident də insandır, niyə onun hüquqları tapdanmalıdır. Mən bunu bu baxımdan demişəm və yenə də deyirəm bu mənim şəxsi fikrimdir, ola bilər bu kimin üçünsə subyektiv fikirdir, amma mənim üçün obyektivdir. Kim qəbul edirsə edir, etmirsə bu onun öz işidir».

Eldar İbrahimov düşünür ki, onun təklifini parlamentin üzvlərinin 90 faizə qədəri müdafiə edə bilər.


«Mən əminəm ki, Fəzail Ağamalıdan və Eldar İbrahimovdan sonra daha belə bir təkliflər eşidiləcək ki, İlham Əliyev ömürlük prezident olsun»
Amma, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Eldar İbrahimovdan fərqli olaraq bir neçə gün əvvəl prezidentlik müddətinin 5 ildən 7 ilə qədər uzadılması təklifi ilə çıxış edən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmkarının təklifinə bir qədər ehtiyatlı yanaşır. O, hesab edir ki, prezidentlik müddətin 5 ildən 7 ilə qədər uzadılması cəmiyyətdə yaxşı qarşılansa da həmkarının təklifi birmənalı qarşılanmayacaq: «Bu da bir təklifdir, ancaq mən düşünürəm buna getmək bir az çətin olar. Hər halda bunun izahı bizim üçün çətindir. Bunu arqumentləşdirmək bir az çətindir. Əlbəttə ki Eldar İbrahimovun bunu irəli sürməkdə yəqin ki, özündə arqumentləri var. Yəqin ki, o, İlham Əliyevin daha uzun müddətə prezident seçilməsini nəzərdə tutur. Hər halda bu onun təklifidir mən hər bir təklifə hörmətlə yanaşıram. Ancaq, mənə elə gəlir ki, optimal və qəbul edilən təklif prezidentin 7 ilə iki dəfə seçilməsi prinsipinin konstitusiyada ifadə olunmasıdır».


Təklif müəlliflərindən fərqli olaraq ekspertlər bu məsələyə birmənalı münasibət göstərmirlər. «Ayana-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu hər iki təklifi ölkə konstitusiyasına zidd addım sayır. Onun sözlərinə görə, bu gün konstitusiyaya zidd addımlar cəmiyyətin istənilən hissəsində müşahidə olur: «Konstitusiyanın müddəalarına qətiyyən əməl olunmur, istər sərbəst toplaşma azadlığı, istər mətbuat azadlığı, istər vicdan azadlığı, istənilən sahədə bu siyahını uzatmaqla göstərmək olar ki, konstitusiya formal mahiyyət kəsb edir».


Cənab Rəşidoğlu hesab edir ki, əslində bu təkliflərə prezident ciddi reaksiya verməlidir. Əgər belə olmasa bu kimi təkliflərin verilməsi yarış halını alacaq. Sabah və ya birisi gün kimsə başqa bir təklif irəli sürəcək: «Mən əminəm ki, Fəzail Ağamalıdan və Eldar İbrahimovdan sonra daha belə bir təkliflər eşidiləcək ki, İlham Əliyev ömürlük prezident olsun». Şərhçinin fikrincə, bu təkliflərin irəli sürülməsi absurddur və reallığa söykənmir.


Parlamentin Aqrar Siyasət Komissiyasının sədri Eldar İbrahimov hələ Heydər Əliyevin sağlığında belə bir təkliflə çıxış etmişdi. Amma, həmin vaxt keçmiş prezident bu təkliflə razılaşmamışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG