Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

«Yeni Müsavat» qəzetindəki «Əsir əsgər Azərbaycana qayıtmaq istəmir?» başlıqlı məqalədə bildirilir ki, cəbhənin Ağdam istiqamətində Ermənistan Silahlı Qüvvələrinə əsir düşən Azərbaycan hərbçisi hələ də geri qaytarılmayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi sıravi əsgər Vüsal Qaracayevdən ailəsinə məktub gətirsə də, hələlik məktubun məğzi açıqlanmır. Müdafiə Nazirliyindən Vüsal Qaracayevin dekabrın 7-də azaraq cəbhə xəttini keçdiyinə görə, ermənilərə əsir düşdüyünü bildiriblər. Müxbir isə yazır ki, qəzetin redaksiyasına daxil olan məlumatlar fərqlidir. Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, sözügedən əsgər xidmət etdiyi bölükdə incidildiyi üçün qaçaraq düşmən tərəfə keçib. Onun postda duran zaman avtomat silahını da götürüb təmas xəttini keçdiyi bildirilir.


«Yeni Azərbaycan» qəzetindəki «Qurban və Yeni il bayramlarında ərzaq malları bahalaşacaq?» başlıqlı məqalədə bildirilir ki, Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Qurban və Yeni il bayramları ərəfəsində ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşacağını deyib. Məhsulların bahalaşmasına başlıca amil kimi tələbatın kəskin şəkildə artmasının təsir göstərəcəyini qeyd edən bankın rəhbəri bayramlardan sonra qiymətlərin yenidən aşağı düşəcəyini bəyan edib. Cənab Rüstəmov bahalaşmanın birbaşa inflyasiyanın səviyyəsinin yüksələcəyinə səbəb olacağını da gizlətməyib. Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi İslam İbrahimov isə bayram günləri ərəfəsində bazarlarda inhisarçılar tərəfindən qiymətlərin kəskin şəkildə artırılmasını bildirərək, müvafiq orqanları həmin meyllərin qarşısını almağa çağırır.


«Xalq Cəbhəsi» qəzeti isə yazır ki, ictimaiyyət arasında gələn il benzinin bahalaşacağı barədə müxtəlif söz-söhbətlər yayılıb. Bir neçə gün öncə Dövlət Neft Şirkətinin (DNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, benzinin qiymətinin artırılması məsələsinə baxılması vacibdir. Onun sözlərinə görə, şirkət bu məsələnin müzakirə edilməsinin tərəfdarıdır: «Ümumiyyətlə, Azərbaycanda enerji daşıyıcılarının qiymətinin normallaşdırılmasının vaxtı çatıb. Çünki ucuz enerji israfçılıq yaradır. Azərbaycan adam başına düşən enerji israfçılığına görə, dünyada birinci yeri tutur». Amma cənab Abdullayev onu da vurğulayıb ki, gələn ildən Azərbaycanda benzinin qiymətinin artırılması məsələsi hazırda hökumətin gündəliyində durmur. Müəllif yazır ki, yanacağın bahalaşdırılması təklifiylə Energetika Nazirliyi çıxış edə bilər və bu barədə qərar Tarif Şurası, Nazirlər Kabineti tərəfindən verilir. Ona görə də DNŞ prezidenti bu barədə qəti söz demir və şirkətin maraqlarından çıxış edərək bahalaşmadan danışır. Müəllifin yazdığına görə, əgər yanvarın 1-dən yanacağın pərakəndə satış qiyməti lap 200-400 köhnə manat da qaldırılsa, bu qiymətlərin yenidən xeyli bahalaşmasına səbəb olacaq. Qeyri-neft sektorunda və yerli istehsaldakı durğunluqla yanaşı, enerji daşıyıcılarının da bahalaşdırılması qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq.


«Bakı-Xəbər» qəzetindəki «Avropa Şurası Azərbaycanda monitorinqlərini davam etdirməkdə qərarlıdır» başlıqlı məqalədə müəllif yazır ki, mövcud hakimiyyətlə Avropa Şurası arasında ziddiyyət predmetinə çevrilən məsələlərdən biri də Azərbaycanın bu qurum qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsilə bağlıdır. Belə ki, hakimiyyət bütün öhdəlikləri yerinə yetirdiyini əsas gətirərək, AŞ PA-nın Azərbaycan üzrə monitorinq qruplarının ləğvini istəyir, Avropa Şurası isə, tamamilə əks mövqedən çıxış edərək, monitorinqin davam etdirilməsinin vacibliyini bəyan edir. Müəllifin yazdığına görə, hakimiyyətdə belə hesab edilir ki, qurum qarşısında götürülmüş əsas öhdəliklərin yerinə yetirilməsi prosesi, artıq başa çatıb. Elə bu səbəbdən də, bir çox rəsmilər, məsələn, Prezidentin İcra Aparatının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov hakimiyyətin monitorinq qruplarının ləğv olunması ilə əlaqədar sözügedən qurumla danışıqlara başlamaq niyyətində olduğunu qeyd edir.


XS
SM
MD
LG