Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:54

Hərbi xidmətdən möhlət hüquqlarının ləğvi gözlənir


Təkliflər parlamentin cümə günü keçiriləcək iclasında da müzakirə ediləcək

Təkliflər parlamentin cümə günü keçiriləcək iclasında da müzakirə ediləcək

Dekabrın 13-də Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasında «Hərbi xidmətə çağırışın əsasları haqqında» qanuna prezidentin təklif etdiyi dəyişikliklər müzakirə olunub. Komissiyanın üzvü, iqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini Zahid Orucun dediyinə görə, təkliflərin içərisində vətəndaşların həyatına təsir edən ciddi dəyişikliklər var. Onlardan biri himayəsində birinci və ya ikinci qrup əlil valideyni olan gənclərə verilən möhlət hüququnun ləğvidir. Digər bir yenilik övladlarının sayına görə ataya verilən möhlət hüququnun aradan qaldırılmasıdır. İndiyə qədər üç ovladı olanlara möhlət hüququ verilirdi, indisə bu imtiyaz aradan qaldırılır. Bu da onunla əsaslandırılır ki, övladların sayıyla bağlı möhlət hüququ bir çox hallarda spekulyasiyaya səbəb olur. Bu fikir də səslənib ki, hazırda yeddi minə qədər belə çağırış hüququ olan şəxs var ki, onlar bu yolla hərbi xidmətdən yayınırlar. Zahid Oruc: «Mən təklif etdim ki, qanunun geriyə qüvvəsi yoxdur, belə olan halda biz bunu necə tətbiq edə biləcəyik?».

Təkliflərdə həmçinin ali təhsilli çağırışçıların xidmət müddətinin 1 ildən 1 il 6 aya qədər uzadılması da var. Cənab Orucun sözlərinə görə, bu təklif daha çox müzakirələrə səbəb olub. Deputat bildirir ki, layihədə bütün təkliflər ümumilikdə ölkənin müdafiə qüdrətinin gücləndirilməsinə hesablanmış təkliflər kimi qeyd olunsa da, ekspertlər öz fikirlərini lazımınca əsaslandıra bilməyiblər.


«Altı ay sonra biz müharibə edəcəyiksə, bu təkliflər başa düşüləndir, yox, əgər bu ayrı maraqlar üçündürsə, bunu müzakirə etmək olardı»
Bu baxımdan Zahid Oruc həmin təkliflərin Müdafiə Nazirliyindən verilməsinə bir qədər şübhə ilə yanaşır. Cənab Orucun sözlərinə görə, dünyanın əksər ölkələrində, o cümlədən MDB məkanında hətta ali təhsili olmayanların da hərbi xidmət müddətinin 1 ilə endirilməsi yönündə addımlar atıldığı dövrdə belə bir təklifin irəli sürülməsi başa düşülən deyil: «Altı ay sonra biz müharibə edəcəyiksə, bu təkliflər başa düşüləndir, yox, əgər bu ayrı maraqlar üçündürsə, bunu müzakirə etmək olardı».

Millət vəkili hesab edir ki, bu, əgər orduda zabit kadrlarının artırılmasına hesablanan addımdırsa, yenə başa düşülən deyil. Əgər belədirsə, onda hərbi məktəblərə qəbul planları artırılsın: «Məsələ ondadır ki, Azərbaycanın beynəlxalq qurumlar, o cümlədən NATO ilə əlaqələri müəyyən öhdəliklər əsasında qurulub. Bu şərtlərə görə, biz Silahlı Qüvvələr sektorunda hərbiləşmə elementlərini azaltmalıyıq. Azərbaycan bunu öhdəlik kimi götürüb».


Bundan başqa, magistratura və aspiranturaya sənəd verən şəxslərə möhlət hüququnun da aradan qaldırılması təklif edilir. Zahid Oruc: «Həmçinin təklif olunur ki, müvafiq icra hakimiyyətinin hazırladığı siyahı əsasında istedadlı gənclərin gələcək elmə töhfəsi nəzərə alınaraq onlara möhlət hüququ verilə bilər».


Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının Müsavat deputat qrupundan olan üzvü Pənah Hüseyn də hesab edir ki, dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ciddi məsələ olsa da, həmin təkliflərin içərisində inandırıcı olmayan və əsaslandırılmayan təkliflər var. Cənab Hüseynə görə, bu təkliflər komissiyada olduğu kimi, parlamentin cümə günü keçiriləcək plenar iclasında da ciddi müzakirələrə səbəb olacaq.


Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərova görəsə, əslində, ali təhsillilər üçün hərbi xidmət müddətinin çoxaldılacağı yox, azaldılacağı, 9 aya endiriləcəyi gözlənirdi. O, indi prezidentin belə qanunvericilik təşəbbüsü ilə çıxış etməsini bir qədər təəccüblə qarşılayır. Sabiq hərbçinin sözlərinə görə, Azərbaycanın insan potensialı yetərincə olduğundan hərbi xidmətə çağırışla bağlı qanunvericiliyə belə bir dəyişikliyin edilməsinə ehtiyac yoxdur. Başqa bir tərəfdən isə Üzeyir Cəfərov düşünür ki, bu hal ali təhsillilər arasında ordudan yayınma hallarının çoxalmasına gətirib çıxara bilər. O, düşünür ki, çox güman ki, prezidentə belə bir təkliflə Müdafiə Nazirliyi və Respublika Hərbi Komissarlığı müraciət edib: «Hər halda mən ali təhsillilərin hərbi xidmət müddətinin uzadılmasının tərəfdarı deyiləm, buna ehtiyac görmürəm».


Günün bütün mövzuları

XS
SM
MD
LG