Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:26

Qərargahsız partiyalar...


Əmlak Komitəsinin Keşlə qəsəbəsində AXCP-yə təklif etdiyi qərargahın qapısı bağlı qalıb
Əmlak Komitəsinin Keşlə qəsəbəsində AXCP-yə təklif etdiyi qərargahın qapısı bağlı qalıb

«Xaqani-33»də yerləşən binadan çıxarılandan sonra müvəqqəti Demokrat Partiyasının ofisinə sığınan Xalq Cəbhəsi Partiyası qərargah məsələsini birdəfəlik həll etmək üçün məhkəməyə müraciət etməyə hazırlaşır. AXCP sədrinin müşaviri Tofiq Quliyev bildirir ki, «Siyasi partiyalar haqqında qanun»un 12-ci maddəsinə görə, hökumət partiyaların fəaliyyəti üçün normal şərait yaratmağa borcludur: «Hökumət elə şərait yaramalıdır ki, AXCP nizamnaməsinə uyğun fəaliyyət göstərə bilsin. Qərargahsız partiya olmaz». Tofiq Quliyev deyir ki, yerli məhkəmə instasiyaları onların tələbini təmin etməsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər: «Bu, partiyanın məhkəməyə qərargahla bağlı ilk müraciəti olmayacaq. AXCP ilə hökumətin qərargah davası on üç ildir davam edir».


AXCP öz qərargahından 1993-cü ildə çıxarılıb. Həmin dövrdə Xalq Cəbhəsinin şəhərin mərkəzindəki qərargahı alınaraq yenicə hakimiyyətə gəlmiş Yeni Azərbaycan Partiyasına verilmişdi. Bu illər ərzində partiya əvvəlcə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin, daha sonra «Azadlıq» qəzetinin binasında yerləşib. Qərargahla təmin olunmaq üçün vaxtaşırı məhkəməyə müraciət edilsə də, nəticə olmayıb.


«Xaqani-33»də yerləşən qurumlar binadan çıxarılan zaman Dövlət Əmlak Komitəsi AXCP-yə Keşlə qəsəbəsində yer təklif etmişdi. Ancaq, şəhər mərkəzindən kənarda yerləşən həmin yerin partiya üçün yararlı olmaması, üstəlik binanın özəlləşdirilməsi haqda iddialar da var. Odur ki, partiya ilk gündən həmin qərargaha getməkdən imtina edib.


Prezident Aparatında ictimai-siyasi şöbənin müdir müavini Nazim İsayev deyir ki, bu məsələ artıq hüquqi çərçivədə həll olunub. Partiyaya yer təklif olunub. O, bundan imtina edir və məhkəməyə üz tutursa öz işdir: «Bu haqda artıq məhkəmənin qərarı var. Bir də müraciət etsinlər, onların əlindən hüquqlarını alan yoxdur…» Nazim İsayev deyir ki, partiyaların normal fəaliyyəti üçün dövlət şərait yaradır.


İndiyədək Milli İstiqlal və Müsavat partiyaları ayrı-ayrı vaxtlarda yerləşdikləri qərargahlarından çıxarılıblar. Müsavat şəhərin mərkəzindən nisbətən kənarda qərargahla təmin olunub. AMİP isə qərargahsız qaldığından əvvəl rayon təşkilatlarından birinin ofisi olan binada məskunlaşıb.


Partiyaların qərargahdan məhrum olunması və ya şəhər kənarında, əldən-ayaqdan uzaqda yerlə təmin olunması haqda müxtəlif fikirlər var. Bu haqda çox danışılıb. Ekspertlər bunu iqtidarın partiyaları zəiflətmək siyasətinin tərkib hissəsi kimi dəyərləndirir. Siyasi icmalçı Rauf Mirqədirov deyir ki, partiyanın qərargahından çıxarılması söz azadlığının pozulması kimi ciddi etirazlara səbəb olmur: «Qərb dünyası üçün hökumətin siyasi partiyanı və ya ictimai qurumu qərargahla təmin etməsi başa düşülən deyil. Avropa ölkələrində partiyalar maliyyə cəlb edirlər, qərargahları alırlar, icarəyə götürürlər. Bu üzdən də bu məsələ onlar üçün maraqlı deyil».


Başqa bir ekspert Azər Rəşidoğlu isə bu fakta beynəlxalq qurumların etiraz etməməsi fikriylə razılaşmır. O, bildirir ki, bir müddət öncə müxalifət partiyaları fəaliyyətlərini dondurmaq haqda müzakirələr aparırdılar. Amma, sonra bu ideyadan vaz keçdilər. Bu da bir qrup müxalifətçinin ABŞ səfiri, eləcə də başqa qərbli diplomatlarla görüşlərindən sonra oldu. Elə həmin günlərdəsə ölkə başçısı iqtidarın dialoqa hazır olduğu haqda bəyanatla çıxış etdi. Azər Rşəidoğluna görə, noyabrın 24-də lisenziya müddəti uzadılmayan ANS televiziyası yenidən efirə buraxıldığı kimi hakimiyyətin partiyanı qərargahla təmin etməsi də mümkündür.


XS
SM
MD
LG