Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:03

Buş Azərbaycanı ABŞ-ın «möhkəm tərəfdaşı» adlandırıb


Prezident Buş Azərbaycanın ABŞ-a yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident Buş Azərbaycanın ABŞ-a yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident Corc Buş ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.


«AzərTAc»ın yaydığı xəbərə görə, Azərbaycanın Birləşmiş Ştatlara yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev dekabrın 8-də Ağ Evdə etimadnaməsini təqdim edərkən Corc Buş belə deyib. ABŞ-ın Azərbaycanla dostluğunu yüksək qiymətləndirdiyini deyən Corc Buş bildirib ki, Bakı-Tbilisi-Ceyhan kəmərindən gələn gəlirlərin şəffaf şəkildə paylanmasını təmin etmək üçün milli Neft Fondu yaradan Azərbaycan digər zəngin resurslu ölkələrə nümunə ola bilər. Azərbaycanın Avropaya enerji dəhlizində təchizatçı və tranzit dövlət kimi rolunun artacağına inanan ABŞ prezidenti Bakının iqtisadi və siyasi islahatlarını dəstəklədiyini bildirib. Eyni zamanda, o, qanunun aliliyi, vətəndaş cəmiyyəti, müstəqil media, bazar iqtisadiyyatı və səmərəli demokratik təsisatların qurulmasını təmin etmək üçün demokratik islahatları davam etdirməyə çağırıb.


Terrorizmə qarşı mübarizədə Azərbaycanın mühüm rolunu vurğulayan Corc Buş, Bakını ABŞ-ın «möhkəm tərəfdaşı» adlandırıb. O, deyib: «Azərbaycanın gələcəyi Avroatlantik icma ilədir və ABŞ Azərbaycanın NATO və Avropa İttifaqı ilə yaxın əlaqələrini inkişaf etdirmək səylərini dəstəkləyəcək». Azərbaycanla Ermənistan arasındakı münaqişənin Cənubi Qafqazın sabitliyini pozmaqda davam etdiyini vurğulayan ABŞ dövlət başçısı, tərəfləri münaqişəni yalnız sülh yolu ilə həll etməyə, həmçinin Azərbaycan və Ermənistan xalqları arasında etimad quracaq yollar axtarmağa çağırıb. Corc Buş bəyan edib ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: «ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri kimi biz Rusiya və Fransa ilə birgə sizin liderlərlə münaqişənin tezliklə və sülh yolu ilə nizama salınması sahəsində işimizi davam etdirəcəyik».


Günün bütün mövzuları

XS
SM
MD
LG