Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:28
-Sizin yaşam deviziniz nədir?

-...Mən Yer üzünün harasında olsam, gözlərimə mübhəm bir bayraq dikilir-üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı! Yaşam devizim də budur-o bayrağın dikəlməsini, yellənməsini saxlamaq və Yer kürəsində Azərbaycan adlı bir ölkəni təmsil etməkdən qürur duymaq!..


-Qulaqlarda səslənməyini arzuladığınız bir nəsihət və ya məsləhətiniz varmı?


-Henrix Haynenin bir kəlamını yaddan çıxarmamağı məsləhət görərdim-«İstedadlıları qoruyun, istedadsızlar özləri yaşamağın bir yolunu tapacaqlar»


-Maestro, «Gözəl səslər yarışması»nın qalibi oldunuz! Belə yetkin yaşda qalib olmanın nə özəlliyi var?


-Sevindim, əlbəttə və daha çox Azərbaycan üçün qürur duydum. Bir neçə il öncə ölkəmizə gələn bir fransız geri dönəndən 1 ay sonra faks yollamışdı ki, gəl Fransaya, çünki Marseldə və Napoleonun vətəni olan Korsikada mikrofonsuz konsert verməlisən. «Gözəl səslər yarışması» Marseldə keçirilirdi. «Viva Baba Mirzayev» sədaları indi də qulağımdadır. Sonra Korsikaya çağırdılar və dedilər ki, demokratik ölkələrdə gimnaziya şagirdləri qarşısında çıxış etmək də bir ənənədir. «Nə qədər qonorar istəyirsən?» sualının cavabında söylədim ki, mən doğulduğum məmləkətdə uşaqlardan pul almırlar, onlara can qurban edirlər.


-Necə keçdi gimnaziyadakı görüş-konsert?


-Tərcüməçinin köməyi ilə oraya toplaşan 500-ə qədər şagirddən soruşdum ki, kimlər fransızdır? 150 nəfərə yaxın uşaq əl qaldırdı. Sonra «kimlər ingilisdir?» deyə soruşdum. 100-ə yaxın şagird əl qaldırdı. Daha sonra ərəblər və qeyri millətlərin nümayəndələri əl qaldırdılar.


-Bu sualları verməkdə məqsədiniz nə idi?


-Fransızlara dedim ki, Sizlərin Viktor Hüqosunu tanıyıram. İngilislərə söylədim ki, böyük Şekspiri sevirəm və beləcə, hər xalqın təmsilçilərinə üz tutdum... Sonra da dedim ki, mən Hüqonun da, Şekspirin də, başqalarının da müəlliminin-Nizaminin vətənindən gəlmişəm. 4 hecalı sözü-A-zər-bay-can sözünü ucadan onlara söylətdim. Və sonra da 3 hecalı Ni-za-mi sözünü təkrarlatdım. Çox yaxşı dil tapdıq və Nizaminin anasının oxuduğu laylanın dilində-Azərbaycan türkcəsində mahnılar oxudum... Əlbəttə, insanlardan, fəlsəfədən və s.-dən də söz açdıq.


-Mətbuatda yayılıb ki, Siz 4 oktava səsi olan yeganə vokalçısınız. Bunu bizə açıqlarmısınız?


-Rəhmətlik Rəşid Behbudov deyirdi ki, Baba, sən 4 oktava səsi olan tək müğənnisən, qədrini bil. O, böyük müğənni şahid idi ki, mən Madriddə 120 min adamın-tələbkar ispanların toplaşdığı bir yerdə 1 dəqiqə «fermata» saxlamışam. Səs və nəfəs diapazonum buna imkan verirdi. İndi bir az qocalmışam deyə müddət aşağı düşüb...


-Bəs Rəşid bəydən başqa bunu təsdiqləyən olmayıb?


-Elə ona gəlirəm. 2005-ci ilin mayında Marseldə «Ən güclü səslər fuarı» keçirildi. 800-dən çox musiqi qrupu oraya qatılmaq istəmişdi. Ən ünlü musiqişünasların toplaşdığı təşkilat komitəsi iştirakçıların arasında «fuara» birbaşa qatılacaq 32 kollektivi seçmişdi. Xoşbəxtlikdən, mən və mənim kollektivim də onların içində idi. Hər iştirakçıya cəmi 45 dəqiqə vaxt ayırdılar. Mən bütün 45 dəqiqə boyunca səs gəzişmələri etdim. Bəyəndilər. Münsiflər heyətinin sədri hamıya elan etdi ki, 3 oktava yarım səsi olan Baba Mirzəyev (yəni Baba Mahmudoğlu)-Azərbaycanı təmsil edən vokalçı qalib elan olunur.


XS
SM
MD
LG