Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 14:29

Miqrantlarla bağlı yeni qanun Rusiyadakı azərbaycanlılara necə təsir edəcək?


Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşı miqrant işçilərin sənədlərini yoxlayır, Rostov-Don, 11 dekabr 2006
Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşı miqrant işçilərin sənədlərini yoxlayır, Rostov-Don, 11 dekabr 2006
Ötən ay Rusiya hökuməti gələn ildən xaricilərin bu ölkədə ticarətlə məşğul olmasını qadağan edən qanun qəbul etdi. Azərbaycan prezidentinin sərəncamı ilə isə Rusiyada ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli üzrə Dövlət Komissiyası yaradıldı.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət KomitəsininRusiya şöbəsinin müdiri Şakir Səlimov deyir ki, bu ölkədən milyondan çox adamın deportasiya edilməsi və Azərbaycana axını problemlər yarada bilər. Onun sözlərinə görə, komitədə Rusiyadakı azərbaycanlılarla bağlı qərargah da fəaliyyətə başlayıb: «Komissiyaya daxil olan nazirliklərin, dövlət və qeyri- dövlət qurumlarının nümayəndələri bu qərargahda təmsil olunub. Bundan başqa, Ümumrusiya Azərbaycanlıları Konqresində və Rusiyanın yeddi federal dairəsinin hər birində də qərargahlar yaradılıb».


Cənab Səlimov deyir ki, indi Rusiya hökuməti hər bir şəhər üçün mühacirlərin sayına limit qoyulmasını nəzərdən keçirir. Bu limit şəhərin böyüklüyündən və əhalisinin sayından asılı olacaq.


Həmçinin 2007-ci il yanvarın 15-dən Rusiyaya iş üçün gedən hər bir xarici vətəndaş bu ölkənin Miqrasiya Xidmətinə ərizə ilə müraciət etməli və hansı ticarət növü ilə məşğul olmaq istədiyini göstərməli olacaq. Miqrasiya Xidməti isə on gün ərzində ona cavab verəcək. Şakir Səlimov deyir ki, «əksər hallarda cavablar müsbət olacaq».


Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyev isə deyir ki, Rusiyada indiyədək aparılan miqrasiya siyasətinə görə, xarici vətəndaşların bu ölkədə qalması qanuni deyildi: «Çünki Rusiyaya gələn hər bir miqrant üç aydan sonra ölkəni tərk etməliydi. İş prosesi getdiyi yerdə isə bu mümkün deyildi. Buna görə də indi ümidlər var ki, yeni qanun miqrasiya ilə bağlı problemləri qaydaya salacaq». Cənab Hacıyevin sözlərinə görə, Rusiyanın işçi miqrantlara böyük ehtiyacı var. Buna görə də azərbaycanlılara bazarlarda işləməyə icazə verilməməsi rusiyalıların xeyrinə deyil.


Moskvada çıxan «Millətin səsi» qəzetinin baş redaktoru Aqil Alışov isə bildirir ki, Rusiyanın miqrantlarla bağlı məlum qanunu qəbul ediləndən sonra bu ölkədəki azərbaycanlılar arasında «panika» yaranmışdı. Azərbaycan və Rusiya hökumətləri arasında məsələ ilə bağlı iş aparılmasına baxmayaraq, bu narahatlıq hələ də qalır: «Rusiyadakı azərbaycanlıların Azərbaycan və Rusiya hökumətlərindən bir xahişi ondan ibarətdir ki, miqrasiya haqqında qanunlar birbaşa deyil, mərhələ-mərhələ həyata keçirilsin». Cənab Alışov onu da deyir ki, bu qanunların azərbaycanlılara xeyri də var: «Əgər tələb olunan sənədlər azərbaycanlılarda olarsa, onlar hüquq-mühafizə orqanları tərəfindən incidilməyəcək. İndi azərbaycanlılar qeydiyyata düşmək üçün üç aydan bir Rusiya sərhəddini keçməliydilərsə, bundan sonra onlara bir illik qeydiyyat veriləcək».


Belarusda 100 minə yaxın azərbaycanlı yaşayır


Noyabrın axırlarında Belarusda ilk Azərbaycan cəmiyyəti olan «Qobustan» Mədəni-Maarif İctimai Birliyinin yaradılmasının 17 illiyi qeyd edildi. Birliyin də daxil olduğu Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov deyir ki, hazırda Belarusda 100 minə yaxın azərbaycanlı yaşayır: «Amma son vaxtlar Belarusa iş üçün gələn azərbaycanlıların sayı azalıb, bundan başqa, Azərbaycana qayıdan, ya da qayıtmaq fikrində olanların sayı da çoxalıb».


Vaşinqtonda Amerika-Azərbaycan Tədqiqatlar İnstitutu yaradıldı


Amerika-Türk Assosiasiyaları Assambleyasının sabiq prezidenti Vüral Cengiz Vaşinqtonda Amerika- Azərbaycan Tədqiqatlar İnstitutu yaradıb. Cənab Cengiz deyir ki, institutun məqsədi Azərbaycanı Birləşmiş Ştatlarda daha yaxşı tanıtmaqdır. Onun sözlərinə görə, bu institut dərnək kimi deyil, «beyin mərkəzi» kimi fəaliyyət göstərəcək.


XS
SM
MD
LG