Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:55

Bakının iki yerində baş yolka qurulacaq


Gələn həftədən Şaxta babalar iş başında olacaqlar

Gələn həftədən Şaxta babalar iş başında olacaqlar

Bakıda artıq Yeni il əhval-ruhiyyəsi duyulmaqdadır. Mağazaların qarşısında yolka, onu bəzəmək üçün oyuncaqlar alan sakinlərə rast gəlinir. Küçələrdə isə küknar ağacları müxtəlif bəzək əşyaları ilə bəzədilir. Gələn həftədən isə Şaxtababalar iş başında olacaqlar.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin əməkdaşı Əlabbas Bağırov deyir ki, dekabrın 15-dən sonra park və əhalinin gur olduğu ərazilərdə Yeni il yolkalarının qurulmasına və Şaxtababaların işləməsinə icazə veriləcək: «İki yerdə şəhərin baş yolkası qurulacaq. Biri «Azneft»də, digəri isə «Azadlıq» meydanında. «Azneft»dəki yolka artıq gələn həftə hazır olmalıdır. Bununla yanaşı, həmin yerlərdə hər il olduğu kimi, şənliklər də düzənlənəcək».


«İldən-ilə alıcıların sayı azalır. Hətta bəzən ağacları kirayə veririk»
Küknar ağacının Yeni il şənliklərində bəzədilən növü Azərbaycanda bitmir. Ona görə də, əhali daha çox süni küknar ağacları almağa üstünlük verirlər. Belə ağacların satışı ilə məşğul olan Tahir deyir ki, ötən illə müqayisədə bu il ağac və bəzək əşyalarının qiyməti az da olsa bahalaşıb. Hündürlüyü bir metr olan süni küknar ağacını 50 yeni manata satan Tahir alıcıların hələ ki, passiv olduğundan şikayətlənir: «İldən-ilə alıcıların sayı azalır. Hətta bəzən ağacları kirayə veririk».


Paytaxtdakı müxtəlif teatrlar da azyaşlı tamaşaçılarına Yeni il sürprizləri hazırlayırlar. Musiqili Komediya və Dram teatrlarında Yeni ilə aid ənənəvi nağıl tamaşalarının məşqləri gedir. Dövlət Uşaq Teatrı isə bu il də öz fərqli tamaşası ilə balacaları sevindirəcək. Teatrın rəhbəri İntiqam Soltan deyir ki, dekabrın 28-dən başlayaraq nümayiş olunacaq «Cırtdanboylular karnavalı» adlı nağıl tamaşada Dəyiş və Düyüş adlı cadugərlər öz sehrləri ilə Şaxtababanı balacalaşdıracaqlar: «Ənənəvi Şaxtababadan fərqli olaraq bizim Şaxtababanın boyu 1,3 metr olacaq. Cadugərlər – Dəyişlə Düyüş istəyirlər ki, hər şeyin yerini dəyişsinlər, günəş yerdə olsun, ağaclar göyə mıxlansın. Ən birinci məqsədləri isə uşaqların sevimlisi olan Şaxtababanı kiçiltməkdir».


Tamaşanın sonunda Şaxtababa sehrdən qurtararaq böyüdüləcək və uşaqlara hədiyyələr paylayacaq. Elə valideynlər də bayram münasibəti ilə bir-birilərini təbrik edə biləcəklər. Çünki artıq indidən başlayaraq mağazaların əksəriyyəti qiymətlərdə Yeni il endirimləri etməyə başlayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG