Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:50

«MDB-ni «böyük qardaşsız» təsəvvür edə bilmirəm»


Dekabrın 8-i MDB-nin yaradılmasının 15-ci ildönümüdür
Dekabrın 8-i MDB-nin yaradılmasının 15-ci ildönümüdür

Dekabrın 8-i SSRİ-nin dağılması və yerində Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 15-ci ildönümüdür. «Panorama» adlı radio-icmalda da SSRİ-nin süqutunun səbəblərinə, MDB-nin yaradılması zərurətinə toxunulur. Həmsöhbətimiz tarix elmləri namizədi Mehdi Məmmədovdur. Onunla söhbəti ixtisarlarla təqdim edirik.


Sual: Sadə insanlarda keçmişə bir nostalji münasibət var. Hətta bir çoxları hesab edir ki, o vaxt pis-yaxşı qanunlar işləyirdi, müəyyən qədər əhali öz güzəranını təmin edə bilirdi. 90-cı illərdə əhali arasında belə təsəvvür vardı ki, müstəqil olsa, onda ölkə daha yaxşı yaşayar, artıq ölkənin sərvətləri imperiya tərəfindən mənimsənilməz. İndi isə hesab edirlər ki, o vaxt Azərbaycan üçün Moskvanın oynadığı rolu hazırda bəzi məmurlar oynayır. Yəni xalq öz sərvətlərinə bir növ sahiblik edə bilmir. Siz bu fikirlə razılaşırsınızmı?


Cavab: Mən bu fikirlə tam razılaşıram. Bəli, SSRİ dövründə nəinki Azərbaycan, ümumiyyətlə bütün SSRİ ərazisində yaşayan 111 xalqın sosial hüquqları indikindən qat-qat yaxşı müdafiə olunurdu. Ola bilsin, Azərbaycanda siyasi hüquqlar müəyyən qədər məhdudlaşdırılmışdı, amma sosial hüquqlar tam müdafiə olunurdu... Azərbaycan Sovet İttifaqı tərkibində inzibati vahid olsa da, SSRİ-nin qanunlarına tabe idi və bu qanunlar işləyirdi. İstədiyin halda sənin harasa gedib, hüququnun pozulması haqqında dediklərin eşidilirdi. Çox təəssüf olsun, bu gün əhali onu görə bilmir. Evdən çıxıb evə qayıdana qədər hər addım başı biz korrupsiya, rüşvətlə qarşılaşırıq...


Sual: SSRİ-nin tərkibində yaşamaq milli respublikalar üçün həm də əyalətçilik ruhu idi. Necə bilirsiniz, SSRİ-nin dağılmasından sonra milli respublikalar o ruhdan yaxa qurtara bildilərmi?


Cavab: Yox, bu, göz qarşısındadır, bunu heç kəs inkar edə bilməz. Mən həmişə hesab etmişəm ki, Azərbaycan BMT-yə qəbul edilərkən siyasi müstəqillik əldə etdi. Lakin Azərbaycan xalqı hələ də öz daxilində müstəmləkə mirasından azad ola bilməyib. Bu gün də əhalinin böyük əksəriyyəti rus təsiri altındadır. Yeni gələn nəsil isə Qərb təsiri altına düşür. İndi bütün ölkədə ingilis dili prioritet dil hesab olunur və Azərbaycan dili o dillər səviyyəsində hələ özünə yer tapa bilmir. Nə qədər ki, qanunlar işləmir və onların aliliyinə riayət olunmur, Azərbaycan bu vəziyyətdə də qalacaq.


Sual: MDB-nin gələcək perspektivləri haqqında Sizin fikirlərinizi bilmək istərdik. İslahatların labüdlüyü barədə qənaətlər səslənir. Necə təsəvvür edirsiniz o islahatları?


Cavab: MDB-nin perspektivini mən «böyük qardaşsız» təsəvvür edə bilmirəm. MDB Azərbaycan və başqa respublikalardan daha çox Rusiyaya lazımdır. Rusiya istəyir ki, MDB məkanında özü istədiyi kimi hər şeyi ölçüb-biçsin, yenə istədiyi respublikaları cəzalandırsın. Gürcüstanla Rusiyanın bir davranışına baxın! Ermənistanla Azərbaycan arasındakı münaqişədə Rusiya seyrçi mövqe tutur... Bütün xalqlar dünyada bilir ki, Moldova, Gürcüstan və Azərbaycanda milli münaqişələrin yaradılmasının birmənalı şəkildə səbəbkarı Rusiyadır. Əgər bu sərhədləri Rusiya Ukraynanın da təklif etdiyi kimi tanımayacaqsa və milli münaqişələrin həllində maraqlı olmayacaqsa, MDB bir qurum kimi nə qədər yaşaya bilər? Nə qədər məntiqə uyğundur bu?... Rusiyada qeyri-rus millətlərin miqrasiya siyasətinə uyğun olaraq ölkədən çıxarılması, ticarətlə məşğul olmalarına qadağa qoyulması MDB-nin süqutunu daha da sürətləndirir. Mən MDB-nin Böyük Britaniya Birliyi Dövlətləri təşkilatı kimi qalmasına bir o qədər də nikbin baxmıram...


XS
SM
MD
LG