Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:09

«Mübarizə yolu çətin yoldur»


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev
-Sizcə Azərbaycanda müstəqil media orqanları varmı?

-Azərbaycanda kifayət qədər media strukturu var ki, özlərini müstəqil sayırlar. Bəziləri səmimi belə hesab edirlər, bəziləri isə saxta fikir yürüdürlər. Maliyyə baxımından müstəqil olan qəzetlər var. Məsələn, «Zerkalo», «Exo». Ancaq, onların da maliyyə faktorlarına təsir edən amillər var. Buna görə bəzi mövzularda özünüsenzura nəzərə çarpır. Elə ANS teleradio kampaniyasının aqibəti də bunu göstərdi. O, özünü kifayət qədər müstəqil informasiya vasitəsi kimi göstərirdi, amma qısa vaxta bağlandı. İndi Azərbaycanda KİV bilirlər ki, onları bu metodla çökdürmək mümkündür. Ona görə də müstəqilliyə yaxın olan KİV-lər bəzi mövzulara toxunmurlar, bunun monitorinqini aparmaqla görmək mümkündür.


Mehman Əliyev 1957-ci ildə anadan olub. Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. «Molodyoj Azerbaydjana» qəzetində, «Xəzər» jurnalında çalışıb. 1990-cı ildə bir qrup jurnalist həmkarı ilə «Turan» İnformasiya Agentliyini yaradıb. Elçibəy hakimiyyəti dövründə Prezident Aparatında mətbuat katibinin müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri olub. 1993-cü ildən «Turan» İnformasiya Agentliyinin direktorudur.


DAHA ƏTRAFLI FORUMDA


Digər informasiya vasitələri, bunlar haradasa 98-99% təşkil edir, onlar həm iqtisadi, həm də siyasi cəhətdən kimlərdənsə asılıdırlar. Bu faktdır. Əgər Azərbaycanda reklam bazarının həcmi aşağısı 30-40 milyon dollar olsa, müstəqil qəzet buraxmaq mümkündür. Nəzərə alsaq ki, reklam qəzetlərin əsas gəlir bazasıdır, Azərbaycanını reklam bazarı buna imkan vermir.


-Ötən ilin oktyabrında müxalifətin mitinqi zamanı sizin qızınız da polisin zorakılığına tuş gəldi. Səhhətində problemlər yarandı... İndi balacanın vəziyyəti necədir? Bir də həmin hadisələrin üstündən müəyyən vaxt keçib, hər halda siyasi qiymət verə bilərsiniz. Həmin hadisələrdə kim haqlı idi: yəni xalqı meydanda oturmağa dəvət edənlər, yoxsa sadəcə dağılışmaq təklifini müdafiə edənlər?


-Uşağın vəziyyəti hazırda yaxşıdır, tam sağalıb. O ki, qaldı həmin aksiyada oturmaq qərarına kim haqlı idi, kim haqlı deyildi? İnsanların oturmaq hüququ da var, bu o demək deyil ki, insanlar polis müdaxiləsi ilə dağıdılmalı idi. Bu hadisələrin baş verməsində birinci növbədə günah iqtidarın üzərinə düşür.

«Əgər Azərbaycanda reklam bazarının həcmi aşağısı 30-40 milyon dollar olsa, müstəqil qəzet buraxmaq mümkündür. Nəzərə alsaq ki, reklam qəzetlərin əsas gəlir bazasıdır, Azərbaycanını reklam bazarı buna imkan vermir»
Mənim şəxsi fikrimə gəldikdə isə oturmaq qərarına getmək lazım deyildi, mübarizə hüquqi müstəvidə davam etdirilməli idi. Mən əvvəlcədən də bilirdim ki, oturmaq qərarı veriləndə polis belə addım atacaq. Sonradan baş verən proseslər də göstərdi ki, elə məqsəd etirazın qarşını almaq idi.


-Mehman müəllim, bu qədər basqılardan sonra Azərbaycanı birdəfəlik tərk edib, xarici ölkələrin birinə mühacirət etmək ürəyinizdən keçibmi?


-Mən dünyanın çox ölkələrində olmuşam, xüsusən də inkişaf etmiş Qərb ölkələrində daha çox olmuşam. Həmişə məndə belə bir fikir olub ki, niyə biz də belə yaşaya bilmirik. Amma, onu da başa düşürəm ki, biz həmin şəraitin yaradılması üçün mübarizə aparmalıyıq ki, bizdən sonra gələn nəsillər həmin səviyyədə yaşasınlar. Gələcək nəsillər üçün ən vacib amil firavan həyat üçün dövlətin təminatının olmasıdır. Digər tərəfdən gedib hansısa ölkədə yaşamaq və ya yaşamamaq heç bir əhəmiyyət kəsb etmir.


-Azərbaycanda jurnalistlərin taleyi bundan sonra necə olacaq?


-Mən pafosla danışmaq istəməzdim ki, jurnalist necə olmalıdır. Bu gün Azərbaycanda jurnalistlər üçün yaşamaq çətindir. Jurnalist özünü dolandırmaq üçün gərək iqtidara yaxın və əlində maliyyə resursları cəmləşdirmiş şəxslərlə əməkdaşlığa getməlidir. Başqa sözlə desək «saray bülbülləri»nə çevrilməlidir. Çoxları da elə bu yolu seçir. Mən onları da başa düşürəm. Mübarizə yolu çətin yoldur. Amma, nəzərə almaq lazımdır ki, Azərbaycanda insan haqları, demokratiya istiqamətində islahatlar həyata keçirilməlidir. Çünki biz Avropa Birliyinə getmək istəyirik, Avropanın öz standartları var. Biz Türkiyə təcrübəsindən görürük ki, insan haqlarının təmin edilməsi sahəsindəki problemlərə görə, bu ölkənin üzünə qapılar açılmır. Azərbaycan isə Türkiyə ilə müqayisədə daha pis vəziyyətdədir. Azərbaycan həmin prinsipləri qəbul etməlidir, başqa variant yoxdur. Yəni bu proses istəsək də istəməsək də gedəcək. Onda jurnalistikanın da qarşısında maneələr götürüləcək. Kim ki, müstəqil jurnalistika ilə məşğul olmaq istəyir, onda həmin günə hazır olmaq lazımdır.


-Bu yaxınlarda mətbuata müsahibənizdə demişdiniz ki, son hadisələrlə bağlı çox şey bilirsiniz və yaza qədər bulanıq sular durulacaq. Olarmı fikirlərinizi açıqlayasınız, yəni, nəyi nəzərdə tutursunuz?


-Mən müsahibələrimdə də demişəm ölkənin inkişafı ilə bağlı hakim komanda daxilində ziddiyyətlər var. Əlbəttə ki, bu komandanın effektli işləməsinə maneə olur və əgər belə qalsa, İlham Əliyevin siyasəti uğurlu olmayacaq, açıq şəkildə böhrana gətirib çıxaracaq. Heç kim elə bilməsin ki, neft pulları gəlir və hər şey qaydasındadır. Sərbəst biznes üçün şəraitinin yaradılmaması ciddi problemlərdəndir və bu, narazılıq yaradır. Nəzərə alsaq ki, qarşıdan prezident seçkiləri gəlir. Mən də buna əsaslanıb bildirirəm ki, vəziyyət çox davam edə bilməz və gələn ilin yazına kimi məsələ həll olunmalıdır.


- Mərhum Heydər Əliyevi dənizdə batmaqdan xilas etməyinizlə bağlı söylənilən fikirlərə aydınlıq gətirə bilərsinizmi?


- «Xilas etmək» böyük sözdür, mən xilas etməmişəm, yardım göstərmişəm. Bu hadisə 1985-ci ildə olub. Heydər Əliyev Moskvada işləyirdi, Bakıya istirahətə gəlmişdi. Qayıqla dənizə çıxdılar. Orada Kamran Bağırov və başqa iki nəfər var idi. Heydər Əliyev qayığı özü sürürdü. O, əyləci bərk basdığından qayığın motoru dayandı. Dənizdə cənub-şərq küləyi əsirdi. Onlar sahildən bir xeyli uzaqlaşdılar. Sonradan əmr gəldi ki, onlara yardım etmək lazımdır. Biz başqa qayıqla onları çıxardıq. Sonra getdilər Mərkəzi Komitənin birinci katibinin bağına. Hadisə belə olub. Yəni hər hansı təhlükəli vəziyyət olmayıb.


XS
SM
MD
LG