Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:08

Sementin qiyməti hər yerdə eyni olacaq


İqtisadi İnkişaf naziri Heydər Babayev

İqtisadi İnkişaf naziri Heydər Babayev

2007-ci il yanvarın 1-dən «Qaradağ Sement» Açıq Səhmdar Cəmiyyətinin (ASC) istehsal etdiyi sement ölkənin hər yerində eyni qiymətə satılacaq. Kisələrin üzərində qeyd olunan qiymətlərdən baha sement satanlar dərhal cəzalandırılacaqlar. Bunu dekabrın 8-də İqtisadi İnkişaf naziri Heydər Babayev «Qaradağ Sement» ASC-nin nümayəndələrilə birgə keçirdiyi mətbuat konfransında deyib: «Kisələrin üzərində qiymətlər olacaq, həmin qiymətlərdən bir qəpik baha satanlar xəbərdarlıq edilmədən satışdan kənarlaşdırılacaq».


Sementin hansı qiymətə satılması isə hələlik müzakirə olunur. Cənab Babayevə görə, yeni qiymət xidmətlərin dəyəri və qonşu ölkələrin bazarlarındakı məlumatlar tam əldə olunandan sonra müəyyənləşəcək.


Nazir bildirir ki, son vaxtlar sementin qiymətinin həddindən artıq bahalaşması və nazirliyin Antiinhisar Siyasəti Departamentinin apardığı tənzimləyici tədbirlər çox az nəticə verdiyindən Azərbaycanda əsas sement istehsalçısı olan «Qaradağ Sement»lə vəziyyətdən çıxış yolları müzakirə olunub və sonda vahid qiymətlərin tətbiq olunmasıyla bağlı razılıq əldə olunub.


Gələn ildən ASC-nin istehsalı olan sementin paylanması və satışı ilə yeddi paylayıcı şirkət məşğul olacaq, satış isə yalnız 122 diler məntəqədə həyata keçiriləcək.


«Qaradağ Sement» Açıq Səhmdar Cəmiyyəti ildə 1 milyon 300 min ton sement istehsal edir. Bu da Azərbaycanda sementə olan təlabatın təxminən 50 faizi deməkdir. Yerdə qalan təlabat isə Rusiya və bir sıra ölkələrdən gətirilən sement hesabına ödənilir.


«Qaradağ Sement» ASC istehsal etdiyi ən keyfiyyətli sementin bir kisəsini köhnə manatla 27 min manata realizə etdiyini bəyan etsə də, bazarlarda bu qiymət 38-40 min manat arasındadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG