Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:57

Dərmanların kütləvi reklamı insanların sağlamlığına təhlükə yaradır


Yeni qanına görə, dərman reklam olunarkən müvafiq tələblərə cavab verməlidir
Yeni qanına görə, dərman reklam olunarkən müvafiq tələblərə cavab verməlidir

«Qışda tez-tez qrip oluram, ya da boğazım ağrıyır. İşlə əlaqədar həkimə getməyə vaxtım olmur, daha çox reklamda göstərilən dərmanları alıram. Amma hər dəfə də bir xeyrini görmürəm». Lalə kimi, indi bir çoxları həkimlə məsləhətləşmədən, əlində resept olmadan reklam edilən dərmanlardan faydalanırlar. Hər bir dərmanın annotasiyasında, yəni məlumat kağızında onun əlavə təsirləri göstərilsə də, reklam lövhələrində bu kimi xəbərdarlıqlara rast gəlinmir. Dərman preparatları adi məhsul kimi hər yerdə kütləvi reklam olunur. Bu isə əksər hallarda həmin dərmanlardan istifadə edənlərin sağlamlığını təhlükə altında qoyur, hətta əlavə xəstəliklərə belə səbəb ola bilir. Həkim-kordioloq Günel Rəhimovaya görə, Azərbaycanda adamlar özünümüalicəyə meylli olduğundan, reklamlara nəzarət xüsusilə vacibdir: «Hər bir orqanizm individualdır. Bundan başqa, hər bir dərmanın əlavə təsirləri var. Həkim məsləhəti olmadan qəbul olunan dərmanlar xəstəliyin daha da ağırlaşmasına, uzunmüddətli olmasına səbəb ola bilər».


Dünyada tibb preparatlarının reklamının qanunvericiliklə nizamlanmasının bir neçə əsas modeli mövcuddur. Məsələn, Amerikada istənilən dərmanı reklam etməyə icazə verilir, bir şərtlə ki, əlavə təsirlər göstərilsin. Ancaq, o dərmanları da həkimin resepti olmadan almaq mümkün deyil. Çünki pərakəndə satışda son dərəcə ciddi qayda-qanun var.

«Hesab edirəm ki, reklam olmalıdır, amma kifayət qədər ciddi, həkim rəyi əsasında. Müəyyən kateqoriyalı dərmanlara isə bu aid edilməməlidir. Məsələn, narkotik və ya pornoqrafik xüsusiyyətli dərmanlar reklam olunmamalıdır»
Çox az sayda preparatlar reseptsiz satılır. Avropa modelinə görə, yalnız reseptsiz buraxılan dərmanları əhali arasında reklam etmək olar. Bir sıra dövlətlərdə isə dərmanların reklamına ümumiyyətlə, qadağa qoyulur. Azərbaycanda isə 1997-ci ildə qəbul olunmuş «Reklam haqqında» qanunda dərman preparatlarının reklamına dair bəndə rast gəlinmir.


Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev deyir ki, bu sahədə qanunvericiliyin olmaması reklam işi ilə məşğul olanlar arasında da çaşqınlıq yaradır: «Qanundakı boşluqlardan biz də əziyyət çəkirik. Təzə qanun hazırlanmalıdır ki, reklamçılar ona uyğun işləyə bilsinlər».


Dərman preparatlarının reklamı məsələsi hazırda Milli Məclisin müvafiq komissiyasında da müzakirə edilməkdədir. Dekabrın 5-də «Dərman vasitələri haqqında» qanun layihəsi parlamentdə ikinci dəfə müzakirəyə çıxarıldı. Millət vəkilləri isə yenə də bir razılığa gələ bilmədilər. Kimi dərmanların reklamının ümumiyyətlə, qadağan olunmasının, kimi də bunun əksinin tərəfdarı oldu. Millət vəkili Fazil Qəzənfəroğluna görə isə, reklama qadağa qoyulması bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Buna görə də dərmanları həm müsbət, həm də mənfi tərəfləri nəzərə çatdırılmaqla reklam etmək lazımdır: «Hesab edirəm ki, reklam olmalıdır, amma kifayət qədər ciddi, həkim rəyi əsasında. Müəyyən kateqoriyalı dərmanlara isə bu aid edilməməlidir. Məsələn, narkotik və ya pornoqrafik xüsusiyyətli dərmanlar reklam olunmamalıdır».


Cənab Qəzənfəroğlunun sözlərinə görə, «Dərman vasitələri haqqında» qanun layihəsi yaxın günlərdə qəbul olunacaq. Və çox güman ki, dərmanların reklamına qadağa qoyulmayacaq, amma dərman reklam olunarkən müvafiq tələblərə cavab verməli olacaq. Hazırda millət vəkilləri bu detalların üzərində müzakirələr aparırlar. Hələlik isə Milli Məclis dərmanlarla bağlı yalnız onların sataşı ilə məşğul olmaq istəyənlərin dövlətə nə qədər rüsum ödəməli olduqlarını rəsmiləşdirə bilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG