Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:57

Mitinqlər istirahət hüququnu pozurmu?


Erkin Qədirli
AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Respublikaçı Alternativ» Hərəkatının həmsədri Erkin Qədirli və Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun dediklərini şərh edirlər.

Erkin Qədirli:

«Problem «Sərbəst toplaşma haqqında» qanundan başlayır. Özəlliklə də o qanunun tətbiq təcrübəsində problem daha çoxdur. Çünki o qanunun özünün də dürüst tətbiqinə dair şübhələr var. Başlayaq ondan ki, Konstitusiyamız sərbəst toplaşma azadlığının gerçəkləşməsini müvafiq icra hakimiyyətini öncədən xəbərdar etməklə əlaqələndirir. «Sərbəst toplaşma azadlığı haqqında» qanun isə faktiki olaraq toplaşmaq azadlığının gerçəkləşməsini icazə rejiminə salır. İCAZƏ İLƏ XƏBƏRDARLIĞIN ARASINDA MAHİYYƏT FƏRQİ VAR. Xəbərdarlıq odur ki, toplaşmaq istəyənlər icra hakimiyyətini məlumatlandırırlar ki, biz saat filanda, filan yerdə, filan məqsədlə toplantı keçirəcəyik. Məlumatınız olsun. Bu onun üçündür ki, icra hakimiyyəti o toplantı üçün şərait yaratsın, misal üçün təhlükəsizlik baxımından müvafiq tədbir görsün. Həmin vaxtda, həmin yerdə artıq başqa bir qrup toplantı təyin edibsə, hökumətin hüquqi müdaxiləsini şərtləndirsin. Onda icra hakimiyyəti ikinci qrupa deyə bilər ki, siz istədiyiniz yerdə və vaxtda artıq başqa bir toplantı olacaq. Siz həmin yerdə toplaşmaq istəyirsinizsə, sizə başqa vaxt təklif edirik və ya həmin vaxt toplaşmaq istəmirsinizsə, onda başqa yer təklif edirik. Xəbərdarlıq razılaşdırma anlamına gəlmir, xəbərdarlıq təşkilin mədəni çərçivəsini müəyyən edir. Bizim faktiki təcrübəmiz icazə anlamına gəlir. İcra hakimiyyəti deyir ki, olmaz».

Fazil Mustafa:

Fazil Mustafa
«Konstitusiyanın bu normasının ikili tətbiqi var. Hakimiyyət tərəfindən bu qanunun izahı, bir də maraqlı tərəflər, xüsusilə də müxalifət tərəfindən izahı. Hər halda, bu izahlar üst-üstə düşmür. Burda anlaşılan odur ki, QANUNUN HÖKMÜ, QANUNUN MÜDDƏALARI BİRMƏNALI QƏBUL OLUNMUR... Hakimiyyətin vəzifəsidir ki, sərbəst toplaşma hüququnu təmin etsin. Amma o, subyektlərin təhlükəsizliyinə məsuliyyət də daşıyır. Belə bir vəziyyətdə hakimiyyət ikinci faktoru rəhbər tutaraq məhdudlaşdırıcı istiqamətdə addımlar atır. Ancaq hesab edirəm ki, burada həqiqətən də Konstitusiya ilə zidd məqamlar var. O baxımdan ki, Konstitusiyanın bu norması daha çox toplaşma hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulub. Onun tətbiq forması isə məhdudlaşdırıcı istiqamətdən daha çox onu reallaşdırmanın mümkünlüyü istiqamətində olmalıdır... ».

Erkin Qədirli:

«Konstitusiya Məhkəməsi yazıb: bu hüququn həyata keçirilməsinə qoyulan məhdudiyyətlər onun qarşısının alınmasına yönəlmək üçün bəhanə olmamalıdır. Amma bizim təcrübədə faktiki olaraq icra hakimiyyətləri bundan başqa məqsədlə istifadə edirlər: «ORDA OLMAZ, CAMAAT İSTİRAHƏT EDİR», «BURDA OLMAZ, ORDA CAMAAT ALVER EDİR». Bizdə çox zaman deyilir ki, kimsə mitinq keçirir, camaatın istirahət hüququnu pozur. Mən burda hüququn mahiyyətinə diqqət yetirməyə çağırıram. İstirahət hüququ parkda oturub dincəlmək anlamına gəlmir. İstirahət hüququ - 8 saatdan artıq işləməmək və 21 gündən az məzuniyyətdə olmamaq hüququdur. Sərbəst toplaşma praktikası heç bir halda istirahət hüququnu poza bilməz».

Şərhləri göstər

XS
SM
MD
LG