Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:11

Həmsədrlər: «Baza Prinsiplərini yekunlaşdırmaq zamanı yetişib»


Həmsədrlər

Həmsədrlər

ATƏT-in Minsk Qrupunun həmsədrləri - Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) aprelin 11-14-də regiona etdikləri səfərin nəticələri ilə bağlı bəyanat yayıblar.

ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər səfər müddətində Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan, Dağlıq Qarabağda de-fakto rəhbərlik və Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşlər keçiriblər.

Bəyanatda bildirilir ki, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin də iştirak etdiyi görüşlərdə həmsədrlər münaqişənin nizamlanmasının Baza Prinsiplərinin razılaşdırılması istiqamətində növbəti addımları müzakirə ediblər. Həmsədrlər Baza Prinsiplərini yekunlaşdırmaq və sülh sazişini hazırlamağa doğru irəliləmək zamanının yetişdiyinə əmin olduqlarını ifadə ediblər.

Bəyanatda deyilir ki, aprelin 13-də həmsədrlərin qoşunların təmas xəttini keçərək Bakıya getməsi 2010-cu ildə olduğu kimi, bu dəfə də 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminin qorunmasının zəruriliyini göstərmək məqsədi daşıyıb. Eyni zamanda, həmsədrlər Tərtər rayonunun cənub-qərbinə baş çəkərək, martın 8-də Orta Qərvənd kəndində baş vermiş insidenti araşdırıblar.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi bəyanatına əsaslanaraq, həmsədrlər cəbhə xəttində baş verən insidentlərin araşdırması üzrə mexanizmin layihəsini tərəflərə təqdim ediblər. Onlar araşdırmanın şəffaf və obyektiv aparılması, etimadın artırılması və insan həyatının xilası üçün tərəflərlə işi davam etdirəcəklər.

Həmsədrlər Dağlıq Qarabağda hava limanının planlaşdırılan açılışının gərginliyi daha da artıra biləcəyindən narahat olduqlarını vurğulayıblar. Xəbərdarlıq ediblər ki, bu hava limanından uçuşlar Qarabağın mövcud statusunu beynəlxalq hüquq əsasında dəyişməyə yönəlmiş cəhdlər üçün istifadə oluna bilməz.

Həmsədrlər tərəflərin mülki təyyarələrə qarşı hər hansı təhdid və ya hücumdan imtina edəcəkləri, problemi diplomatik yolla həll etməyə çalışacaqları və məsələni siyasiləşdirməkdən çəkinəcəkləri barədə təminatlarını alqışlayıblar.

Bəyanatın sonunda qeyd olunur ki, ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri ilə məsləhətləşmələr aparmaq və sülh razılaşması istiqamətində irəliləyişlərin statusunu müzakirə etmək məqsədilə həmsədrlər aprelin sonunda Vaşinqtona səfər edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG