Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:22
«Həm idxalda, həm də ki, daxili istehsalda inhisarçılığa qarşı mübarizə daha da güclü aparılmalıdır».

Bu fikirləri prezident İlham Əliyev aprelin 12-də Nazirlər Kabinetində keçirdiyi müşavirədə deyib.

Amma ekspertlər hesab edilər ki, belə çıxışlara, verilən tapşırıqlara rəğmən Azərbaycanda inhisarçılığa qarşı mübarizə o qədər də səmimi görünmür.

«ELƏ PREZİDENTİN ÖZ KOMANDASINDA OLANLARIN MONOPOLİYASIDIR»


Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oktay Haqverdiyev hesab edir ki, mübarizənin qeyri-səmimiliyini uzaqda axtarmaq lazım deyil. O, mübarizənin nəticəsiz qalmasının əsas səbəbini bütün inhisarçıların elə prezidentin öz komandasında olması ilə əlaqələndirir.

«Monopoliya elə prezidentin öz komandasında olanların monopoliyasıdır. Başqa monopolist yoxdur ki...»

İqtisadçı Natiq Cəfərli də sabiq şöbə müdirinin fikirlərini bölüşür. Deyir ki, prezidentin söz açdığı inhisarçılar elə müşavirə və iclaslarda prezidentin qarşısında oturan insanlardan ibarətdir.

«Əgər inhisarçılığa qarşı mübarizə aparılırsa ilk növbədə həmin məmurların iqtisadiyyata müdaxiləsinin qarşısının alınmasından başlanılmalıdır. Mücərrəd ifadələrlə mübarizə aparıldığını demək məncə düzgün deyil».

Natiq Cəfərli hesab edir ki, bu baxımdan da prezident siyasi iradə göstərib struktur islahatlarına başlamalıdır.

«BUNUN ÜÇÜN SİYASİ İRADƏ VƏ...»

«Yaxud köklü islahatlara getməklə oyun qaydalarının dəyişdirlməsi ilə bağlı açıq-aşkar cəmiyyətə və məmurlara yönəlik bəyanat verməlidir. Ətrafında olan insanlara bu məsələdə daha prinsipial mövqe tutduğunu bildirməli və onları inhisarçılıq fəaliyyətindən çəkindirməlidir. Bunun üçün siyasi iradə və həm də bu siyasi iradənin həmin qruplar tərəfindən qəbul olunmasına, sözün yaxşı mənasında güc nümayişi lazımıdr».

İqtisadçıya görə, hələ ki, belə bir addım atılmayıb.

Natiq Cəfərli
«Hələlik həm inhisarçılıq, həm korrupsiya tək pul qazanmaq metodu deyil, həm də idarəetmə forması kimi Azərbaycanda çox yüksək səviyyədə qalmaqdadır»

UŞAQ BEZİ DƏ İNHİSARDADIR?

Naxçıvan Muxtar Respublikasından Bakıya uşaq bezi gətirən sahibkar Samir Əhmədov bir müddət bu biznesdən yaxşı gəlir götürüb. Amma günlərin bir günü ona deyilib ki, bu sahədən uzaqlaşsın. Sahibkarın deməsinə görə, uşaq bezini Türkiyədən birbaşa Bakıya gətirmək də mümkünsüz məsələdir.

Onun dediyinə görə, quru yolu ilə Türkiyədən gətirəndə Biləsuvar gömrük postundan buraxılmır. Təyyarə ilə gətirəndə isə ya geri qaytarılır, ya da müsadirə olunur. Samir Əhmədov deyir ki, ən yaxşı halda mal bir dəfə buraxa bilərlər, o şərtlə ki, bu bir daha təkrarlanmasın.

MƏRMƏR DAŞINA GÖRƏ 6 MİN DOLLARA YAXIN RÜŞVƏT

Azərbaycana Misirdən mərmər daşları gətirmək istəyən sahibkar Vüqar Məmmədov da inhisarçılıqdan dad eləyir. Deyir ki, vəziyyət əvvəllər necə idisə indi də olduğu kimi qalıb. Onun sözlərinə görə, mərmər inhisarçısının qeyri-rəsmi nümayəndəsi ilə dəfələrlə görüşsə də həmin şəxs ona məsələnin qanuni yolla həllinin müşkül olduğunu bildirib. Nəticədə rəsmi sənədlərdə hər tonuna 80-100 manat qiymət qoyulan mərmər daşına görə, ondan əlavə 6 min dollara yaxin rüşvət istənilir.

«2004-DƏ BU YANA 30-CU MÜŞAVİRƏDİR KEÇİRİLİR, AMMA...»

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oktay Haqverdiyevə görə, ishtehlak bazarının təxminən 80 faizi məmur inhisardadır. Onun fikrincə ölkə iqtisadiyyatında 50-60 faizi əhatə edən kölgə iqtisadiyyatı da tamamilə inhisarçıların əlindədir.

Sabiq şöbə müdiri deyir ki, hansı sahə hansı məmurun inhisarındadırsa az qala bunu hamı bilir. Amma prezident indiyə qədər keçirdiyi müşavirələrin heç birində ad çəkmir, ümumi sözlərlə çıxış edir.

«2004-cü ildən bu yana hesablamışam, aprelin 12-də ki, müşavirə də daxil olmaqla prezident 30-cu müşavirədir keçirir. Həmişə də korrupsiyadan, inhisarçılıqdan danışır. Deyir mübarizə aparmaq lazımdır. Amma nə sahənin, nə də inhisarçının adını çəkir. Bunun nə faydası var»

QANUNLAR GÜNAHKAR DEYİL


Oktay Haqverdiyev
Oktay Haqverdiyev bəzən mübarizənin effekt verməməsinin qanunlardakı boşluqlarla əlaqələndirilməsi ilə razılaşmır. Deyir ki, indiki qanunlarla əməl olunsa korrupsiyaya və inhisarçılığa qarşı 100 faizli mübarizə aparmaq mümkündür.

«Bizdə qanun var ki, nazirlər kommersiya işi ilə məşğul ola bilməzlər. Rəsmi baxsan görərsən ki, heç bir nazirin adına şirkət filan yoxdur, amma faktiki olaraq hamı bilir axı bu var, prezidentin özü də bunu bilir»

Ancaq başqa cür düşünən iqtisadçılar da var. Hakimiyyət yönlü Ana Vətən Partiyasında iqtisadi məsələlər üzrə sədr müavini Əli Hacıyev deyir ki, korrupsiyaya qarşı mübarizənin tezliklə ciddi effekt verəcəyini gözləmək düzgün deyil. O, hesab edir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ciddi gedir və kompaniya xarakteri daşımır.

KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏNİN GÜCLƏNDİRİLMƏSİ GÖZƏL NƏTİCƏLƏR VERİR


Prezident isə aprelin 12-də keçirdiyi müşavirədə deyib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələr verir. Bu siyasətin davam etdiriləcəyini deyən prezident bildirib ki, sağlam rəqabət təmin edilməli, qeyri-sağlam rəqabət aradan qaldırılmalı və bütün sahələrdə şəffaflıq təmin edilməlidir.

O, Azərbaycanın bu sahədə gözəl təcrübəsi olduğunu da vurğulayıb.

Amma iqtisadçılar hesab edir ki, hələ ki, hər şey məmurların inhisarındadır.

Şərhləri göstər

XS
SM
MD
LG