Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:09

Azər İsaak "Avramın nağılı" (Hekayə)


“Görəsən, böyük adamlar yuxarıdan hər şəyi necə görürlər?”.

Kiçik, cəld addımlarla evə qaçdı. Təzəcə cücərmiş girdəvi əzələli qollarıyla bir stul götürüb həyətə çıxartdı. Stulun üstünə çıxıb, ətrafa nəzər saldı:

“Mən də böyüyəcəm, onlar kimi yuxarıdan baxacam. Onlar kimi uzun olacam. Böyüyəndən sonra hər şeyə yuxarıdan baxmaq üçün mənə artıq stul lazım olmayacaq.

Yəqin, Tanrının da böyük bir stulu var; üstünə çıxır və hamını görür. İstəyirəm, mənim də böyük, çox böyük bir stulum olsun.

Hə, atam düz deyir, O hər şeyi yarada və yox edə bilir. Yəqin, Onun sehirli qutusu da var.

Əlbəttə, Onun sehirli qutusu var! Sehirli qutunu açıb-örtür, nə istəsə, həmin sehirli qutunun içindən çıxardır. Yəqin, o böyük stul da sehirli qutunun içindən çıxıb.

Kaş ki, Tanrı, bircə günlük olsa da, o sehirli qutunu mənə verəydi. Kaş.. ”.

Elə bunları fikirləşirdi ki, kimsə onu uzaqdan səslədi. O, stuldan yerə düşüb uşaq cəsarəti ilə həmin adama yaxınlaşdı.

- Salam.

- Siz kimsiz ki?

- Mən İsayam. Müqəddəs Məryəmin oğlu.

- İsa peyğəmbər!?

- “Peyğəmbər” deməsən də olar. Sadəcə İsa.

- Axı, siz İsa peyğəmbər ola bilməzsiz! Mən onun kinolarına baxmışam, siz ona oxşamırsız!

Əlində ağ torba tutan adam gülümsündü.

- Bilirsən, bura niyə gəlmişəm?

Uşaq başını məsumluqla yellədərək “yox” cavabını verdi.

- Mən Tanrının sehirli qutusunu sənə vermək üçün gəlmişəm. Tanrı sənin arzunu eşidib!

O, əlində tutduğu ağ torbanı uşağa uzatdı. Uşağın üzündəki durğun ifadə hələ də arzusunun yerinə yetdiyinə inanmamasından xəbər verirdi. Tələm-tələsik torbanın ağzını açıb, qutunu çıxartdı. Qutu köhnə taxtalardan hazırlanmışdı.

- Budurmu sizin sehirli qutunuz!? Bu, axı, heç sehirli qutuya oxşamır. Eybi yox, siz məni aldatdız. Mən bilirəm nə edəcəm. Çoxdandır, elə bu cür köhnə taxtalar üzərində göyqurşağı çəkmək istəyirdim. Zəhmət olmasa, bir dəqiqə qutunu saxlayın, gedim evdən karandaşlarımı gətirim.

Uşaq qutunu saxlaması üçün qarşısındakı adama uzatdı. O isə qutunu geri götürmədən
dedi:

- Karandaşlarını gətirmək üçün evə getmək lazım deyil. Bunu sehirli qutudan xahiş edə bilərsən.

Uşaq bir qədər də qutuya baxdıqdan sonra:

- Ey sehirli qutu, böyüklər həmişə biz balacaları aldadıblar! Ey qutu, sən onlar kimi olma, məni aldatma. Səndən çox şey yox, rəngli karandaş istəyirəm! Rəngli karandaşlar!

Qutu açıldı. İçində bütün rənglərdə olan karandaşlar var idi.

- Siz, doğrudan da, İsasız!

Uşaq əlindəki qutunu yerə qoyub, qarşısındakı adamı bərk-bərk qucaqladı. Sonra qutunu yenidən əlinə aldı.

- Ey sehirli qutu, mən necə göyqurşağı çəkə bilirəm, axı? Onda olan yeddi rəngi unutmuşam. Mən səndən həqiqi göyqurşağı istəyirəm!

Qutunun içindən balaca göyqurşağı çıxdı və böyüyərək, onlardan bir qədər aralıda rəngarəng mənzərə yaratdı.

Uşaq qutunun üstündə göyqurşağı çəkdikdən sonra:

- Olar, mən sehirli qutudan Tanrının şəklini istəyim?

- Tanrının şəklini? O şəkli neynirsən?

- Mən Tanrının şəklinə baxıb, qutunun o biri tərəfində də Onun rəsmini çəkmək
istəyirəm!

- Sehirli qutu bu gün sənindir, nə istəsən, sifariş edə bilərsən...

- Ey sehirli qutu, mən səndən Tanrının şəklini istəyirəm.

Qutu açıldı. Göyqurşağı buludların yanına uçdu. Qara və ağ buludlar göyqurşağına qarışaraq səmada Tanrının surətini yaratdılar.

Uşaq heyranlıqla səmaya baxdı. Dili topuq vura-vura dilləndi:

- Axı... axı, bu mənim özümün şəklidir. Bu, Tanrının şəkli deyil. Bu, mənim şəklimdir! Mənim özümün!

- Çünki sən elə Tanrının özüsən!

Uşağın əlindəki sehirli qutu yerə düşdü və...

Avram gözlərini ovuşduraraq yuxudan oyandı.

O, iş masasının arxasında yuxuya getmişdi. Yuxuda gördüyü uşaq, sehirli qutu, göyqurşağı və İsa Məsih onu maraqlandırmırdı. Heç bir röya onu yuxusundan diksindirərək oyada bilməzdi.

Çünki Avram yazıçı idi və yazdığı hekayələr gördüyü yuxulardan qat-qat maraqlı alınırdı. Amma ki, yuxusunda gördüyü sehirli qutu ona keçmişi xatırlada bilərdi, təəssüf ki, köhnə taxtalar bunu bacarmadı. Əl-üzünü yuduqdan sonra yenidən noutbukun qarşısına keçdi. Nə yazacağı haqda fikirləşdi:

“Bezdim artıq – mənasız röyalardan, bu yazıçılıq sənətindən. Bezdim artıq - insanın kiçik hisslərini, əsərlərimdə böyük sözlərlə şişirtməkdən.

Bax, elə indi, ən mənasız hekayəmi yazacam.

Amma nə yazım? Böyük sevgi hekayəsi? Yox! Kiçik, mənasız bir hekayə yazacam.

Axmaq bir hekayə. Nə gəldi! Hekayənin adını da qoyaram “Oxuma, çevir səhifəni”.

Nə qədər cəhd etsə də, ağlına heç bir fikir gəlmirdi. Fikrini bir qədər yayındırmağa qərar verdi.

Mənzilin içində əlaqəsiz fikirlərlə yarımsaat dolaşdıqdan sonra yenidən iş masasının arxasına əyləşdi.

Fikrini cəmləşdirməyə çalışdı, amma təxəyyülündə heç bir ideya yaranmırdı.

Növbəti bir neçə saat sonra, artıq ilk qaralamalar noutbukun ekranında yazılmalı olduğuna baxmayaraq, o, hələ də mətnyazma proqramının təmiz səhifəsinin qarşısında oturmuşdu. İlk dəfə idi ki, heç nə yaza bilmirdi.

Bu hadisə onu həyəcanlandırmağa başlamışdı. Siqaret çəkmək üçün eyvana çıxdı.

Sovetiskinin kiçik evləri və Göy Məscid - Avramın pəncərəsindən hər gün eyni mənzərə açılırdı.

Eyvanda nə qədər fikirləşsə də, hekayəyə başlamaq üçün ağlına heç bir ideya gəlmirdi.

Avramın qanı qaralanda və ya bir işi əyri gətirəndə, kitab mağazalarını gəzməyi xoşlayırdı. Fikrini dağıtmaq üçün fikirləşdi ki, elə bu dəfə də, köhnə adəti üzrə kitab dükanına getsə, yaxşı olar..

Bütün yol boyunca qəribə mənzərə ilə rastlaşırdı.

O, öz şəhərinin ən məşhur yazçılardan biri idi və hara gedirdisə, tez-tez yoldan keçən insanların ona fikir verdiklərini görərdi.

Kimiləri bəzən salam verər, kimisi isə hətta öz sevimli yazıçısından avtoqraf almağa tələsərdi. Bu gün isə heç kim ona salam vermirdi, heç kim onun tərəfə baxmırdı...

Kitab mağazalarından birinə girdi.

Həmin anda, müasir ədəbiyyatla ağzınacan dolu rəflərdəki kitabların arasında özünün bir neçə kitabını görmək Avramın ürəyindən keçdi.

Kitab rəflərinin bütün sıralarından keçərək kitablara göz gəzdirdi, amma həmin rəflərdə onun kitabları yox idi.

Bu mağazada öz kitablarından heç birini görmədi. Satılıb bitdiyini zənn edərək növbəti kitab mağazasına girdi. Növbəti mağazada da kitablarını görmədi. Axı, bu, necə ola bilərdi?! Ürəyi dözmədi. Kitab rəfinin yanında dayanan satıcıya yaxınlaşdı.

- Salam, mənə Avram adlı yazıçının “Göyqurşağı” əsərini göstərə bilərsiz?

- Necə? Avramın “Göyqurşağı” əsərini? Yox, bizim mağazada elə kitab yoxdu.

Avram satıcının dünyadan xəbəri olmadığını düşünərək gülümsədi. Başa düşdü ki, satıcı heç ona sual verənin Avramın özü olduğunu belə dərk etmədi. Bir az aralaşıb, satıcıya eşitdirmək üçün dostuna zəng vurdu:

- Allo. Salam, Zülfüqar.

- Salam.

- Zülü, gülməli hadisə ilə rastlaşmışam. Girdiyim kitab mağazalarının heç birində mənim kitablarım yoxdur. Özün nəcəsən?

- Bağışlayın, kimdir ki danışan?

- Mənəm də.. Avram.. Nömrəni görmürsən?

- Mən Avram adında heç kimi tanımıram.

Avramı gülmək tutdu.

- Zülü, bu gün aprelin biri deyil. 2008-ci il, martın 13-dür.

- Mən bilirəm, bu gün martın 13-dür. 2008-ci il və dördüncü gündür. Amma mənim Avram adlı tanışım yoxdur.

- Zülü, bəsdi də, zarafat etmək üçün yaxşı gün deyil.

Avramın son sözlərini Zülfüqar eşitmədi, çünki dəstəyi artıq yerə qoymuşdu.
Avram bir-bir başqa dostlarına, sevgilisinə, tanıdığı ən sadiq oxucularına zəng vurmağa başladı.

Heç kim onu tanımırdı. Sevgilisi şəhərdə ad qazanmış tək-tük qadın heykəltəraşlarından biri idi. Birbaşa emalatxanaya getdi.

Emalatxananın qapısını açanda gözlərinə inanmadı. Bir vaxtlar Avramın sevgilisi onun kiçik büstünü düzəldib, heykəllərin arasına qoymuşdu. İndi isə həmin büstün yerində başqa bir oğlanın kiçik büstü dururdu.

- Fatimə, bu nə işdir, başa düşmədim! Zəng vururam, deyirsən ki, səni tanımıram! Bu kimin büstüdür?

- Deməli, mənə zəng vuran adam sizsiz? Bağışlayın, sizi tanımıram.

- Hə, bu oğlanın eybəcər büstünü düzəldəndən bəri məni tanımırsan, deməli?

Avram, qızla bir neçə dəqiqə mübahisə edəndən sonra anladı ki, bu artıq zarafat deyil. Onun mövcudluğu yoxa çıxıb. Sanki, Avram adlı şəxs bu dünyaya heç gəlməyib.

***

Günlər keçirdi. Avram içkiyə qurşanmışdı. O, çox sənədləri eşələmişdi, amma özü haqqında heç bir məlumat tapa bilməmişdi.

Təsəvvür edin ki, yuxuya gedirsiniz, oyandığınızda isə heç kimin sizi tanımadığını aşkar edirsiniz. Sizin mövcudluğunuzu təsdiq edən heç bir sənəd də olmur.

Sanki siz bu dünyada mövcud olmamısınız. Avram yeganə çıxış yolunu yeni hekayələr yazıb, əvvəlki şan-şöhrətini qaytarmaqda görürdü. Amma bədahəti də itmişdi.

Dəfələrlə cəhd etsə də, hətta kiçik bir hekayə yazmaq üçün ağlına heç bir ideya da gəlmirdi.

Bundan ziyadə, keçmişdə artıq yazdığı hekayələrini eyni sözlərlə yenidən ifadə edə bilmirdi.

Keçmişdə yazdığı naməlum kitablardan ədəbi istedadı olmadan keyfiyyətsiz şəkildə çıxarılmış qısa məzmunlar alınırdı.

Son səkkiz ildə axtarmadığı insanları tapmağa qərar aldı. Bəlkə, heç olmazsa onlar Avramı tanıyıb, onun varlığını təsdiqləyəcəkdilər.

Çətinliklə keçmiş dostunun ünvanını tapdı. Ünvan üzrə qaçqın yataqxanasına getdi. Yataqxanın həyətində bir qadın, öz uşaqlarıyla oturub şirin-şirin söhbət edirdi.

Avram yaxınlaşmağa cəsarət edə bilmirdi.

“İlahi... Sofia, artıq sənin uşaqların var.

Yana müəllimə həmişə deyərdi ki, bu qızın adını – “Sofia”nı özüm qoymuşam. Mənası xoşbəxtlikdir.

Əslində isə mənası müdriklik idi. Sadəcə Yana müəllimə müdrikliyi xoşbəxtlik kimi yozmağı sevirdi... həmişə də təkrar-təkrar deyərdi: “o bütün dostlarına xoşbəxtlik gətirəcək”. Ahh..

Yana müəllimə, deyəsən, doğrudan da, Sofia bütün dostlarına xoşbəxtlik gətirdi – özündən başqa. Gör, harda yaşayır – qaçqın yataqxanasında”.

..Avram bir qədər keçmişə qayıtdı. Bir qədər sonra, Sofianın oturacaqda artıq tək olduğunu gördü. Yanında heç kim yox idi. Yaxınlaşmaq olardı.

- Sofia, salam.

Qadın bir neçə dəqiqə Avramın üzünə baxaraq susdu və ...

- İllərlə səni axtardıq, dəfələrlə qapına gəldik. Açmadın. Zəng vurduq, götürmədin. Səni ancaq televizorda görürdük. Bircə dəfə də olsun, bizi axtarmadın və indi də gəlmisən ki, “Sofia, salam”!?

Avramın sevincinin həddi-hüdudu yox idi. Qadın onu tanımışdı.

- Sofia, inanırsan, yox olmuşam. Heç kim məni tanımır. Yazdığım əsərlər yoxa çıxıb. Mən sanki bu dünyada heç olmamışam. Sofi, səndən başqa hələ bir adam tapmamışam ki, məni tanısın.

- Avram, dediklərindən heç nə başa düşmürəm. Necə yəni yoxa çıxmısan, başa düşmürəm!

- Heç, Sofi, unut getsin. Heç bilmirəm nə deyim.

- Unudum getsin? Nəyi axı? Harda idin bu vaxta kimi? Axı, nə səbəbə bizi axtarmırdın. Axı niyə?

Avram Sofianın dediklərini sanki eşitməyərək:

- Bayaq gördüyüm uşaqlar sənindir?

Sofia mövzuya qayıdaraq:

- Mənimdir. Yaxşı, bütün bunları, bizi də unut getsin. Bəs,Yana müəlliməni niyə axtarmırdın? Bizi, axı, o böyütmüşdü. Səni yazıçı edən də məhz o olmuşdu. Axı...
Sofianın sözü səs tellərində ilişib qaldı.

- Bu kimdir?

- Avramı tanımırsan? Məşhur yazıçı Avram! Biz birlikdə böyümüşük. Sənə danışmışam.

- Yox, mən belə yazıçı haqqından eşitməmişəm. Heç bunun haqqında sən də mənə danışmamısan...

Sofia əri ilə söhbətdən başı açılanda, Avramın artıq çıxıb getdiyini gördü. Sofia Avramın dediyi sözləri xatırladı:

“Sofia, inanırsan, yox olmuşam. Heç kim məni tanımır. Yazdığım əsərlər yoxa çıxıb. Mən sanki bu dünyada heç olmamışam. Sofi, səndən başqa hələ bir adam tapmamışam ki, məni tanısın...”

***

Avram fikirləşirdi ki, o hər şeyini itirib və ən qorxulusu da odur ki, geriyə qayıtmağa yol yoxdur.

Hər axşam, həyatına son qoyacaq qısa bir cümlə dilində bitirdi: “Yox, bu gecə uzun olmayacaq”.

Artıq doqquz gündür ki, çilçıraqdan sallanan kəndir Avramın son hərəkətini gözləyirdi. O, sadəcə olaraq intihar etmək istəyirdi.

Avram, sərxoş halda stulu çətinliklə çilçırağın altına gətirdi. “Bəlkə, bu dəfə alındı.

Bəlkə, bu dəfə bacardım”, deyə stulun üstünə çıxdı. Kəndiri boynuna keçirdi.

“Görəsən, Tanrının qara qutusu varmı? Biz uşaq olanda, Yana müəllimə həmişə deyərdi ki, Tanrının sehirli qutusu var. Nə arzulayırdınsa, o qutudan çıxardı.

Uşaq təxəyyülü idi. Axı, doğrudan da, mən həmin qutunu axırıncı yuxumda görmüşəm.

Qəribə yuxular. Bəs, görəsən, Tanrının istədiyi hər şeyi yoxa çıxarda bilən qara qutusu varmı?

Yəqin, Tanrı həmin qara qutuya mənim keçmişimi yox etmək əmrini verib. Mənim keçmişim də beləcə yoxa çıxıb.

Mən burdayam, keçmişim isə yoxdur. Mən özüm intihar edə bilmirəm.

Kaş ki, Tanrının qara qutusu əlimdə olaydı və mən keçmişi yox, özümü yoxa çıxaraydım”.

Birdən, arxadan kimsə Avramı çağırdı.

- Siz kimsiz?

- Sakitləş, boynundakı kəndiri çıxar. İzah edəcəm.

Otaqda anidən peyda olan bu adam Avramı təəccübləndirdi. Avram onu tanımasa da, o, Avramı tanıyırdı. Kəndiri boynundan çıxardıb stuldan düşdü.

- Eşidirəm sizi.

- Soyuq qış günü idi. Bir qadın uşaq çığırtısı eşidir. Həyətə çıxır. Qapının ağzına atılan səbətin içində körpə tapır. “Bu uşaq qışda doğulub, gözünü açanda isə yazı görəcək. Xoşbəxt olacaq!” Belə fikirləşən qadın isə məhz Yana Davidova idi. Kimsəsizlər və atılmış uşaqların himayəçisi. Qadın körpəni öz himayəsinə götürür. Yana Davidova onun adını Avram qoyur. Başqa atılmış uşaqlarla böyüdüb, ona xüsusi tərbiyə verir. Bu uşağın ən yaxın dostu isə Sofia adlı qız olur. Yana Davidova Avramın digərlərindən fərqlənən inşalar yazdığını görür. Avrama çoxlu bədii kitablar oxutdurur, yazıçılıq sənətinin incəliklərini öyrədir. Günlər keçir, Avram böyüyür. İlk kitabını buraxır, kitab uğur qazanır. Həmin kitabın arxasınca daha bir neçəsini nəşr etdirir. Lakin ona məşhurluq gətirmiş ilk kitabdan dərhal sonra dostlarını və onu böyüdən Yana Davidovanı tamamilə unudur. Avram, niyə belə etdin?

- Çünki Yana Davidova, Sofia – bunların hamısı mənim keçmişim idi. Yeni kitabım işıq üzü görəndə, mən daha yetimlər evində böyümüş Avram deyildim; həmin anda mən məşhur yazar Avrama çevrildim. Keçmişimə dönmək istəmirdim.

- Yaxşı, Avram, davam edək... Bir gün Avram yuxudan oyanıb görür ki, keçmişi qalmayıb. Yenidən məşhurlaşmaq istəyir. Amma onda bir şey yazmaq alınmır. Əslində isə Avramın keçmişi itməmişdi. Əksinə – özünə qayıtmışdı. İlk kitabını çap etdirməzdən əvvəlki həyatı özünə qayıtmışdı. Oxucuları, sevgilisi, məşhurluğu, yeni dostları – hamısı itmişdi. İlk dostu Sofia qalmışdı və səni tanıy...

Avram qarşısında duran şəxsin sözünü kəsərək:

- Bəs, bütün bunlar nəyə görə baş verdi? Nəyə görə bir gündə mənim mövcudluğum yoxa çıxdı?

- Mən bura suallara cavab verməkdən ötrü gəlməmişəm. Tanrı sənin arzunu eşidib. Qara qutunu sənə çatdırmaq üçün bura gəlmişəm.

Qarageyimli adam qara qutunu Avrama uzatdı.

- Bəs, birdən mən bu qutuya Tanrının özünü yox etmək sifarişini verdim!?

- Onda özün və yalnız özün yox olacaqsan.

- Anlamadım.

- Anlaya da bilməzsən, çünki sən Tanrının özüsən!
Avram bir qədər düşündükdən sonra qutunu əlinə aldı.

- İstəyirəm ki, bu qara qutu...

Avram gözlərini ovuşdura-ovuşdura yuxudan oyandı... O, iş masasının arxasında yuxuya getmişdi. Yuxudan oyanan kimi “Göyqurşağı” adlı kitabının sonuncu səhifəsini cırıb cibinə qoydu. Yəhudi qəbirstanlığına gəldi. Yana Davidovanın məzarını tapdı...

- Bilirəm, susacaqsız. Məni nə qədər sevdiyinizi bilirdim. Bilirdim ki, sizi axtarmadığıma görə məndən bərk incimişdiz. Hiss edirdim ki, məndən küsdüyünüz üçün ilk və ən məşhur olan “Göyqurşağı” əsərimi də bircə dəfə də olsun əlinizə alıb oxumamısınız. Nədənsə, o kitab həmişə mənə soyuq gəlib. Baxın, indi gəlmişəm. Daha tez-tez gələcəm. İlk yazdığım kitabın son səhifəsini sizə gətirmişəm. Buyurun, oxuyun. Yəqin, o kitab daha əlimi dondurmayacaq.

Avram cibindəki vərəqi çıxardıb qəbrin yanındakı mərmər güldanın içinə saldı.
İlk kitabın son səhifəsində belə yazılmışdı:

“Xoşbəxtlik göyqurşağı kimidir. Ona yaxınlaşdıqca, o gözdən itəcək. Yalnız uzaqlaşdıqda, o yenidən görünəcək”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG