Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:49

Ksenofobiyanın artması bizi narahat etməlidir


Qənirə Paşayeva
Qənirə Paşayeva

Qənirə Paşayeva: "Dözümsüzlük, etnik təmizləmələr bugünkü dünyanın reallığıdır"

“Avropa məkanında və ümumiyyətlə dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması bizi ciddi narahat etməlidir. Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq”. Bu sözləri Milli Məclisin üzvü Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında səsləndirib.

Azərbaycanlı deputat Lüksemburqlu həmkarı An Brasör tərəfindən hazırlanmış “Mədəniyyətlərarası dialoqun dinlərarası dialoq müstəvisi” adlı hesabatın müzakirəsində çıxış edib. Qənirə Paşayeva deyib ki, ksenofobiyaya qarşı mübarizədə əsas yük din xadimlərinin üzərinə düşür.

“Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, müharibələr bugünkü dünyanın reallığıdır. Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxlu sayda konfranslar, forumlar keçirilir, ancaq əfsuslar ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır” deyən xanım Paşayeva sözlərinə misal kimi Quranı yandıran keşişdən danışıb.

“Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - "Qurani-Kərim"i oda atıb yandırdı. Harada və kim tərəfindən törədilməsinə baxmayaraq biz bu cür halları, müqəddəs dini kitabların yandırılmasını, təhqir edilməsini qətiyyətlə pisləməliyik. Təəssüf ki, bunu görmürük. Həmin hadisədən sonra nə baş verdiyini xatırlayaq. Bir radikallıq başqa bir radikallığa səbəb oldu və biz bunun şahidi olduq”.

Milli Məclis nümayəndəsi deyib ki, dözümsüzlük qarşıdurmanı, çatışmanı və ağır faciələri doğurur: “Dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanının nələrə səbəb olduğunu görməmiz üçün dünyada bir çox örnəklər var və biz onlardan dərs almalıyıq”.

ABŞ Dövlət Departamentinin dünyada dini vəziyyətlə bağlı son hesabatında (noyabr, 2010) qeyd edilmişdi ki, Azərbaycan hökuməti bəzi hallarda dini azadlığını məhdudlaşdırmaqda davam edib.

”2009-cu ildə bağlanan məscidlərin qapısı bağlı olmaqda davam edib. 2010-cu ildə isə bir neçə məscid ya sökülüb, ya da bağlanıb.

Hesabatda qeyd edilirdi ki, bir çox dini qruplar dövlətin müdaxiləsi ilə üzləşməyib. Lakin 2009-cu ilin son günləri, 2010-cu ilin ilk günlərində Naxçıvanın Bənənyar kəndində Aşura mərasimində əvvəlcə 10 nəfərin həbs edildiyi, daha sonra isə daha 200 nəfərin tutulduğu, həbsinə etiraz edənlərin döyüldüyü də vurğulanıb.

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın Dini İşlər üzrə Dövlət Komitəsinin ölkəyə dini ədəbiyyatın gətirilməsinə də ciddi nəzarət etdiyini, dini icmaların özlərinə ədəbiyyat gətirmələrinin uzun bir proses olmasından şikayətləndiyi deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG