Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:38
«Təəssüf ki, Bakıda binaların fasadları dəyişdirilir, öngörünüşü rekonstruksiya edilir».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan memar Elçin Əliyev söylədi.

RESTAVRASİYA EDİN, REKONSTRUKSİYA YOX!

Onun fikrincə, bu, çox böyük problemdir. Restavrasiya etməkdənsə, rekonstruksiya edirlər. «Restavrasiya odur ki, fasadı dəyişdirmirsən, yaxşıca təmizləyirsən, artıq şeylər əlavə etmirsən, necə var saxlayırsan. Rekonstruksiya isə təzədən yaratmaqdır. Təəssüf ki, bizdə fasadların 100 faizi rekonstruksiya olunur».

MEMARIN MÜƏLLİF HÜQUQLARI POZULUR...


Elçin bəy bunun bir çox cəhətdən yolverilməz olduğunu bildirdi. «Ən əsası, bu binanın rəhmətə getmiş memarının müəllif hüquqları pozulur. Bizim nə ixtiyarımız var buna? Əvvəllər Neftçilər prospektində bir və ikimərtəbəli evlər olub. Mən internetdə buranın 1919-20-ci illərdə aeroplanla çəkilmiş şəkillərini görmüşəm. Sonra üçüncünü, dördüncünü tikdilər. İndi də başlayıblar altıncı mərtəbəyə...».

BU, TƏHLÜKƏLİDİR!


Memar şəhərə təzə dəb düşdüyünü də xatırlatdı: «İndi mansard dəbə minib, hər yerdə çardaq tikmək istəyirlər. Ötən əsrlərdə tikilən binalarda konstruktor olmayıb. Onun fundamenti iki mərtəbə üçün nəzərdə tutulurdu. Əvvəl-axır bunun pis nəticəsi ola bilər. Özü də, bu binalar dənizin qırağında yerləşir...».

BU, CİNAYƏTDİR!

Memarın fikrincə, «restavrasiya» prosesində fasadlardakı geniş ölçülü heykəllər «laqunda» ilə (cilalayıcı maşın - S.İ.) təmizlənir. «Məsələn, gözəl bir qadın fiqurunun gözü, ağzı həmin alətlə təmizlənir. Bu, cinayətdir! Mən dəfələrlə bu işi görən fəhlələrlə mübahisə etmişəm. Fəhlə sənə nə deyəcək? Bunun bir nəzarətçisi olmalıdır, axı. Fəhlələri buraxırlar fasad təmizləsinlər».

Elçin Əliyev
SONRA DA GƏLİR İŞIQLANDIRMA...

Memar bu üsulla «təmizlənən» binaların əvvəlki görkəmindən heç nə qalmadığına diqqət çəkdi. «Sonra da o binaları utanmadan gecə işıqlandırırlar və bu işlərin əyər-əskiyi daha qabarıq üzə çıxır».

DÜNYA NECƏ BƏRPA EDİR?

Elçin Əliyev bütün dünyada heykəllərin kimyəvi maddə ilə fırçadan yararlanmaqla təmizləndiyini bildirdi. «Yarım il əvvəl İçərişəhərdəki Sınıqqalanın bərpadan sonrakı halına baxıb sevindim. Bir Norveç şirkəti eləmişdi. Çox gözəldi. Üç il işləmişdilər. Fırça ilə hər daşını bir həftəyə təmizləmişdilər. Amma bizimkilər binanı bir il əvəzinə bir aya «təmizləyib» bitirirlər».

TƏLƏSMƏDƏN, SEVGİYLƏ...

Elçin Əliyev dünyanın bir çox ölkəsini gəzdiyini, amma heç yerdə fasad təmizlənməsinə rast gəlmədiyini dedi: «İşi lokal aparırlar. Bir ildə bir-iki binanı götürüb tələsmədən, sevgiylə fasadı təmizləyirlər. Əksəriyyətinə də heç əl vurmurlar. Axı, bu gözəllikdir».

--Elçin Əliyev sovet memarlığının şah əsəri olan «Köhnə İnturist»in sökülməsinə və «Təzə İnturist»in («Azərbaycan» mehmanxanası) fasadının dəyişdirilməsinə necə yanaşdı?

--Qızıl Meydanda Leninin mavzoleyini ucaldan şöhrətli memar Şusevin sənət əsərinə («Köhnə İnturist») qıyanların onun yerində ucaltdığı binaya necə qiymət verdi?

--O binanın satışa qoyulduğundan xəbəriniz varmı?

--Bəs görkəmli memar Mikayıl Hüseynovun memarlıq abidəsinin--- «Azərbaycan» mehmanxanasının əvəzedicisi haqqında nə söylədi?

--Qonağımız bu binaların tarixə qovuşmasında niyə həm də memarları günahlandırdı?

Bakı
--Memar «Qış bulvarı» salınacaq ərazidə--Şəmsi Bədəlbəyli küçəsindəki 21 saylı möhtəşəm binanın söküntüsündən niyə bir daş götürüb apardı?

--Memarlar İttifaqını nədə günahlandırdı?

--Elçin bəy uşaqlığının Bakısından nələr danışdı? Bakıətrafı memarlıq abidələrindən nə dedi?

-- Hobbisi ölkə memarlıq abidələrinin siyahısını tutmaq olan qonağımız bu siyahını hansı rəqəmə çatdırıb?

--Təzəcə çapdan çıxmış «Bakının fasad heykəltəraşlığı» kitabı nədən böyük həcmdə--dörd cilddə çıxdı?

--Uşaqlıqdan sovetlərin «Zenit» fotoaparatı ilə Bakının ağ-qara şəkillərini çəkən, hətta namizədlik və doktorluq dissertasiyasını da Bakı memarlığına həsr edən Elçin Əliyev bu kitabı yazmaq fikrinə niyə Tbilisidə gəldi?

--Bakının mərkəzindəki memar Semyon Penin əsəri olan dünyaşöhrətli «Azərnəşr»in binasının tarixini necə danışdı?

-- Şəhərin yeni tikililərindən nə dedi?

--İtaliyadan, Fransadan, hətta Tunisdən sifarişlər aldığını deyən qonağımıza heç öz ölkəsindən müraciət olurmu?

--Böyük layihələrə niyə öz memarlarımızı dəvət etmirlər?

--Bakı muzeyi yaratmaq istəyən qonağımıza bir Bakı sakini nə gətirdi?

--Elçin Əliyev vaxtilə Roma Papasına niyə məktub yazmışdı?

Suallar bitməyəcək. Bakının vurğunu olan bu maraqlı memarın söhbətini özünüz dinləyin.

XS
SM
MD
LG