Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14

Zeynalabdin Marağayi. İbrahimbəyin səyahətnaməsi (6)


əvvəli

Gördüm oturmaq yeri deyil. Durub yola düşdüm. Xәcalәtimdәn tәrlәyib, cimcilaq su olmuşdum. Mirzә Kazım bәy sevincәk gәlib soruşdu:

“Misir konsulundan şikayәt elәdinmi?”

“Yox,” -- dedim. -- “Mәsәlә başqadır. Xudahafiz.”

Mәşәdi Hәsәn ilә oradan çıxıb dedim:

“Hәrçәnd ki, daha gecdir. Amma bu gün bu işi başa çatdırmaq lazımdır. Gedәk hәrbi nazirliyә, görәk başımıza nә gәlir.”

Hәrbi nazirliyә gәlib çatdıqda qarovullardan hәr birinin tüfәnglәri baş-başa çatıb bir tәrәfdә oturub çubuq çәkdiklәrini gördüm. İçәri girmәk istәdim. Soruşdular:

“Haraya?”

Mәşәdi Hәsәn dedi:

“Әrizәçidir.”

Bilmirәm, nә işarә elәdilәr. Mәşәdi Hәsәn dedi:

“Yaxşı, yaxşı, qayıdan baş.”

İçәri girdik. Әsәd bәy fәrraşbaşının sorağını tutduq. Otağını göstәrdilәr. Gördüm on yeddi yaşında gözәl bir oğlandır. Әynindә başdan ayağa gülәbәtinli sәrdarısı var idi. Vüqarla yuxarı başda әylәşmişdi. Salam verib, kәmali-әdәblә Hacıxanın mәktubunu tәqdim elәdim. Oxuyub soruşdu:

“Kimdәndir?”

Dedim:

“Gәrәk möhürü vә imzası olmuş ola.”

Dedi:

“Möhür vә imza Mәmmәdәlidir. Amma tanımıram.”

Dedim:

“Hacıxandır.”

Kağızı mәnim üstümә tullayıb:

“Bu gün olmaz,” -- dedi. Sonra üzünü yana çevirdi. Yaxınlaşıb kağızı yerdәn götürmәk bәhanәsi ilә yavaşca bir imperial ovcuna qoyaraq dedim:

“Fәrraşbaşı, mәn qәribәm, hәm dә müsafirәm, tәvәqqe elәyirәm....”

Mәn sözümü qurtarmamış imperialı görәn kimi dedi:

“Deyin qulluqçu Mirzağa gәlsin buraya.”

Gördüm üzü günәş kimi şölә saçan, ondan da xoşgül bir oğlan gәldi. Әsәd bәy soruşdu:

“Vәzir tәkdirmi?”

“Yox,” -- dedi, -- “sәrtib Gәrrusi oradadır. Pul tәhvil verir, nazir dә oradadır.”

Әsәd bәy mәnә dedi:

“Bir az әylәş.” -- Sonra Mirzağaya tapşırdı ki, vәzir tәk olan kimi ona xәbәr versin.

Yarım saatdan sonra Mirzağa gәlib, hamının getdiyini bildirdi. Fәrraşbaşı otaqdan çıxdı. Az sonra qayıdıb mәni işarә ilә çağırdı. Durub onun dalınca getdim. Ağzını qulağıma yaxınlaşdırıb dedi:

“Bu qulluqçuya bir zad ver.”

“Gözüm üstә,” -- dedim.

Üç dәnә beş qranlığım var idi, çıxarıb hamısını verdim. Pәrdәni qaldırdı. Gördüm vәzir pul kisәlәrini iki fәrraşa yüklәyib başqa qapıdan yola saldı. Ortalıqda bir az qızıl pul qalmışdı. Vәzir onları bircә-bircә tәrәzidә çәkirdi. Mәn baş әyib әllәrim döşümdә dayanmışdım. Bu vәziyyәt on dәqiqәdәn artıq davam elәdi. Vәzir pulları çәkib tirmә kisәyә qoyandan sonra üzünü mәnә tәrәf çevirdi.

“Nә istәyirsәn?” -- dedi.

“Әrzim var,” -- dedim.

“De görәk!”

Daxili vә xarici işlәr nazirlәri ilә görüşәn vaxt söylәdiyim ilk sözlәri deyib әylәşmәk izni istәdim. Tәәccüblә mәni başdan ayağa qәdәr süzüb dedi:

“Ağa füzul, sözünü ayaq üstә deyә bilmәzsәnmi? Xәstә-zad deyilsәn ki?!”

“Әrzim bir qәdәr uzundur,” -- dedim.

“Nә qәdәr uzun olur-olsun, ayaq üstә dayan, söylә,” -- dedi.

Gördüm oturmağa icazә vermәyәcәk. Qanı da bәrk qara idi. Bir söz desәydim yanından qova bilәrdi. Bununla belә dedim:

“Cәnab vәzir, sizi and verirәm islampәnah padşahın cıqqasına, izin verin oturum, öz dәrdimi söylәyim.”

İstәr-istәmәz dedi:

“Әylәş görәk.”

Mәn oturdum. Әrz elәdim:

“Mәn allahın bir sәyyah bәndәsiyәm. Özüm dә Cәfәrimәzhәb müsәlmanam. Bütün Avropa ölkәlәrini gәzmişәm. Bir çox dövlәtlәrin qoşunlarını görmüşәm. Onların nizam-intizamından, hәrbi nazirlәrinin halından xәbәrdaram. Müqәddәs Mәşhәd şәhәrindәn paytaxt hesab olunan bu şәhәrә qәdәr mәn sәrhәd qoşunlarının kazarmasından, top-topxanadan, sursatdan, qaladan, müdafiә xәttindәn, bürcdәn bir iz-әsәr görmәdim. Tәkcә Mәşhәd şәhәrindә bir neçә nәfәr sәrbaz gördüm. Kaş ki, heç onları da görmәyә idim. Hamısı muzdurların, palçıq işindә işlәyәn fәhlәlәrin günündә idilәr. İndi bu qәdim tarixә malik olan dövlәtin hәrbi naziri olan cәnabınızdan soruşuram: İran dövlәtinin vәziyyәti iki haldan kәnarda deyil. Ya bütün qonşularla sülh ilә rәftar edib, xatircәmsiniz ki, heç bir müharibә olmayacaqdır. Belә olduqda daha bu qәdәr sәrtip, mirpәnc, әmirtuman, sәrdar әkrәm, sәrdar әfxәm, sәrdar әzәm, hәrbi nazirlik vә kağız üzәrindә yazdığınız iki yüz min nәfәrlik qoşun nәyә lazımdır? Mübarәk әrki qorumaq üçün iki-üç fövc qoşun kifayәt elәr. Hәr şәhәri dә bir hakimә tapşırarsınız. O da otuz-qırx nәfәr maaşsız türk vә iraqlı fәrraşı ilә haman şәhәri qoruyar. Ona görә ki, iranlı padşaha itaәt etmәyi özünә borc bilir. Tutaq ki, belә olmadı, ikinci hal üz verdi. Belә fәrz edәk ki, İran dövlәtinin qarşısına bir düşmәn çıxacaq. İran dövlәti dә onunla müharibә etmәyә mәcbur olacaq. Belә olduqda sizin müasir dövrün tәlәb etdiyi sәviyyәdә tәlim görmüş qoşununuz bәs hanı? Müharibә sursatı, düşmәnin qarşısını ala bilәn silah, top-tüfәnginiz haradadır? Silah anbarları, qoşun üçün lazım olan geyim hanı? Sizin sәrhәd qoşunlarınız neçә fövcdür? Onlar sәrhәddin hansı mühüm nöqtәlәrindә yerlәşdirilmişdir? Sizin hәrbi xәstәxanalarınız hanı? Ordularınızın hәkimlәri, cәrrahları kimlәrdir? Dava-dәrman vә cәrrahlıq üçün lazım olan avadanlığınızı harada yerlәşdirirsiniz? Millәt vә vәtәn yolunda şәhid olanları vә yaralananları hansı nәqliyyat vasitәsi ilә müharibә meydanından arxaya daşıyacaqsınız? Vәtәni vә dini müdafiә edәn mücahidlәr üçün mәmlәkәtin hansı yerlәrnidә saxlolar tikibsiniz? Düşmәnin hücumlarını dәf etmәk üçün hansı yerlərdә zәruri vaxtlarda işә yarayan möhkәm vә alınmaz qalalar düzәltmisiniz? Dörd tәrәfdәn vәtәnimizә göz dikәn saysız-hesabsız düşmәnlәrin qarşısını iyirmi yaşlı sәrtiplәrlә, altmış yaşlı әsgәrlәrlә almaq olarmı? Bu qәdәr iyirmi yaşlı sәrtiplәr dövlәtin vә millәtin yolunda hansı parlaq xidmәtlәrinә görә sәrtiplik hәmayili vә qılıncına layiq hesab ediliblәr?”

Söz buraya çatanda vәzirin rәngi ağappaq oldu. Qorxunc sәslә bağırdı:

“Әsәd, Әsәd, Әsәd!”

Әsәd bәy fәrraşbaşı gәldi. Vәzir dedi:

“Bu füzul, ağzı yava köpәk oğlunu hansı it oğlu buraya buraxıbdır?”

Әsәd bәy qorxa-qorxa dedi:

“Qurban, Hacıxan mәnә bir mәktub yazmışdı.”

“....Yemişdi atasıynan,” -- dedi. -- “Vurun bu köpәk oğlunu, vurun! Vurun! Çәkin atın bayıra!”

Daha bilmәdim ki, nә oldu. Hey sillә, tәpik idi ki, yağış kimi mәnim üz-gözümә yağırdı. Bir vaxt gördüm ki, nә çiynimdә әba qalıb, nә dә başımda papaq. Beş-altı nәfәr әl-ayağımdan, yaxamdan tutub sürüyür. Pillәkanların başında belimdәn elә bir tәpik ilişdirdilәr ki, axırıncı pillәdәn düşüb yerә sәrildim, neçә nәfәr dә aşağıdan hücum çәkdilәr. Tutub zindana aparmaq istәdilәr. Dedim:

“Baba, allah rizasına, әl çәkin mәnim yaxamdan. Vәzir buyurdu ki, salın bayıra, daha demәdi ki, dama basın.”

Dedilәr olmaz!

Mәşәdi Hәsәn özünü yetirdi. İngiliscә soruşdu:

“Aman, qardaşım, sәnә nә oldu?”

Cavab verdim:

“Olan oldu. Amma tutmaq hökmü vermәyibdir. Bir tәhәr elә buradan başımızı götürüb qaçaq.”

“Pulun var?” -- deyә Mәşәdi Hәsәn soruşdu.

“Heç nә yoxumdur,” -- dedim.

“Saatını çıxart,” -- dedi.

Nә qәdәr istәdim saatımı cibimdәn çıxaram, bacarmadım, әlim әsirdi. Mәşәdi Hәsәn cibimi cırıb, saatı çıxartdı. Zәnciri ilә fәrraşlara verdi. Onlar bizim yaxamızdan әl çәkib, saata qiymәt qoymaq, dәyәrini bölüşdürmәklә mәşğul oldular. Biz aradan çıxdıq. Küçәdә özümә gәlәndә gördüm ki, başım açıqdır, әbam da çiynimdә deyil. Mәşәdi Hәsәnә dedim:

“Qardaş, tutalım ki, әbasız getmәk olar, axı başıaçıq neylәyim?”

Mәşәdi Hәsәn fәrraşlardan birinә bir qran vәd edib, papağımın dalınca göndәrdi. Fәrraş papağımı gәtirib bir qranı aldı. Bu dәfә dә qarovulların girinә keçdik; onlar da bizdәn çaypulu istәyirdilәr. Bilmirәm, Mәşәdi Hәsәn onlara nә verdi. Oradan da bir tәhәr keçdik. Әzilmiş, didilmiş bәdәn, axsaq ayaq vә ağlar gözlәrlә bir tәhәr evә tәrәf yollandıq. Yolda Mәşәdi Hәsәnә yalvarıb iltimas elәdim ki, mәnim başıma gәlәn hadisә haqqında Yusif әmiyә bir kәlmә belә demәsin.

Evә çatdıq, Yüsif әmi mәni görәn kimi dәhşәt içәrisindә özünü mәnә çatdırıb dedi:

“Vay, vay, bәy ağa, sәnә nә olub, rәngin niyә belә qaçıb, nә üçün bәdәnin әsir?”

Dedim:

“Cavab vermәk halım yoxdur, yorğan-döşәk gәtirin.”

Yusif әmi yorğan-döşәk gәtirәn kimi mәn huşsuz düşdüm. Özümә gәlәndә gördüm çıraq yanır. Neçә nәfәr mәnim әtrafıma toplaşmışdı. Onlardan biri nәbzimi bir әli ilә tutmuş, o biri әlini alnıma qoymuşdu. Bildim ki, hәkimdir. Mәn gözlәrimi açan kimi hәkim soruşdu:

“Necәsәn, haran ağrıyır?”

“Heç yerim ağrımır,” -- dedim.

Hәkim üzünü Yusif әmiyә tutub dedi:

“Qorxma, allah haqqı, heç bir qorxusu yoxdur.”

Gördüm Yusif әmi ağlaya-ağlaya deyir:

“Ay hәkimbaşı, qurbanın olum, buna bir şey olsa mәn daha anasının yanına gedә bilmәrәm. Gәrәk özümü öldürüm.”

Hәkim yenә dә dedi:

“Allahın bәndәsi, and içirәm ki, heç nәyi deyil. Bir az iztirab keçirib, ürәyi narahatdır. Bu da ona qәflәtәn üz verәn kәdәrli bir hadisәdәn ola bilәr. Әhәmiyyәti yoxdur, keçib gedәr. Әgәr içki içәndir, bir az konyak, ya da köhnә çaxır verin içsin. Onda rahatlanar.”

Yusif әmi dedi:

“İndiyәcәn içmәyib, әgәr lazım bilirsinizsә, çarә yoxdur, vermәliyik içsin.”

Mәn bunu eşidәn kimi dedim:

“Allah elәmәsin, ölsәm dә içmәrәm. Yusif әmi, mәn xәstә deyilәm. Ürәyini sıxma.”

Dikәlib yerimdә oturdum. Hәkim dedi:

“Bir şeylә başını mәşğul elәyin. Nәyә çox hәvәsi varsa onu verin. Şer kitabı verin, ya da çalan, oxuyan çağırın, bir az kefi kökәlsin.”

Yusif әmi dedi:

“"Tarixi-Nadiri" kitabını daha çox xoşlayır.”

Hәkim güldü, bunu Yusif әminin sadәlövhlüyünә yozdu. Sonra dedi:

“Bir az nanә cövhәri alıb gәtirin, çay qoyun, iki-üç damcı çayına damızdırın verin içsin.”

Hәkim iki şüşәdә içmәli dәrman üçün nüsxә yazıb verdi. Hәm dә tapşırdı ki, hәr iki saat yarımdan bir yarım fincan qәhvә içdirin.

“İnşaallah, daha bundan sonra hәkim-zad lazım olmayacaq,” -- dedi. -- “Әgәr lazım olarsa yenә dә mәnә xәbәr verin, gәlәrәm, allah amanında.”

Mәşәdi Hәsәn beş qran hәkimә verdi. Özü dә dәrmanları almağa getdi. Az keçmәdәn dәrmanla qayıtdı. Bu vurhayda mәn tez-tez Mәşәdi Hәsәnә işarә ilә andırırdım ki, mәtlәbi Yusif әmidәn gizlin saxlasın. Birdәn yadıma düşdü ki, yazıq Mәşәdi Hәsәn nahar da yemәyibdir. Üzr istәdim.

Dedi:

“Heç eybi yoxdur, canınız sağ olsun.”

Yusif әmi mәndәn soruşdu:

“Bәs sәn özün harada nahar yemisәn?”

“Mәn başqa yerdә nahar yemişәm,” -- dedim.

Mәşәdi Hәsәn güldü.

Xülasә, o hadisә zamanı aldığım zәrbәlәr üzündәn iki-üç gün bayıra çıxa bilmәdim. Dördüncü gün Hacıxan mәni yoluxmağa gәldi. Amma onun aşpazı Qulamәli o vaxt gördüyümün әksinә olaraq tәmiz, tәzә paltar geymişdi. Başına tәzә yumurta qılıqlı papaq qoymuşdu. Belinә xәncәr taxmışdı. Mahud әba örtüb Hacıxanın arxasında dayanmışdı. Hacıxan mәni zәif, solğun gördükdә soruşdu:

“Olmasın azar, nә xәbәrdir? Bu gün Mәşәdi Hәsәn әhvalatı mәnә söylәdi. Dedi ki....”

Mәn onun sözünün arasına girib, mәtlәbi tamamlamağa qoymadım. Çünki qorxdum Yusif әmi hal-qәziyyәdәn xәbәrdar olsun. Üzümü Yusif әmiyә tutub dedim:

“Әmican, siz tez samovara od salın.”

Yusif әmi otaqdan çıxan kimi Hacıxan dedi:

“Ay bәy, bu nә bәladır ki, sәnin başına gәldi?”

“Daha olan olub, keçәn-keçibdir.”

“Axı necә oldu ki, sәni bu qәdәr döydülәr?”

Әhvalatı tәfsilatı ilә nәql etdim. Tәәccüblә dedi:

“Sәn dәli olmusan nәdir? Bu ölkәdә mәgәr bü kimi sözlәri qürur vә tәkәbbürdә özünü firon vә Şәddaddan üstün hesab edәn hәrbi nazirin yanında danışmaq olar? Bunların әlindәn mәmlәkәti çapmaqdan, dövlәtә, millәtә xәyanәt etmәkdәn başqa bir iş gәlmәz. Dövrün vәziyyәtindәn heç bir şey başa düşmürlәr. Mәn özüm dә aldığım bu xanlıq lәğәbindәn utanıram. Ancaq neylәyәsәn, bütün xanlar ya mәnim kimi, ya da mәndәn betәrdirlәr. Hamısı eyni düşüncә vә fikrә malikdirlәr. Görüş dairәsi hamısında darısqaldır. Ancaq bircә şey haqqında düşünürlәr. Mәn әvvәldәn nә mәqsәdlә bu nanәciblәri görmәk istәdiyini bilsәydim onların yanına getmәyinә әsla razı olmazdım. Bunların әvәzinә sәni möhtәrәm bir zatın yanına aparardım. Görәrdin ki, o, insaniyyәt vә mәrifәtin cövhәri, qeyrәtin, vәtәnpәrvәrliyin canlı nümunәsidir. Onun pak zatı millәtә mәhәbbәt palçığı ilә yoğrulmuşdur. Öz könül lövhәsindә Vәtәn adı, vәtәnә mәhәbbәtdәn başqa bir söz yazmamışdır. Vәtәnpәrvәrlәrin qiblәgahı olan o möhtәrәm zat sәninlә bir dәrddәdir. Vәtәnә mәhәbbәt uğrunda başına gәlәn bu münasibәtin müqabilindә sәni elә bir feyzә vә nemәtә çatdıracağam ki, indiyәdәk gördüyün bütün cövrü-cәfanı unudasan. İndi möhtәrәm şәxsin yanına gedib danışacağam, elә elәyәcәyәm ki, o, sәni öz hüzuruna çağırsın. Qeyrәt vә tәәssübün kövsәr suyundan sәnә o qәdәr badә içirsin ki, atәşin tamamilә sönsün.”

Hacıxan sonra soruşdu:

“Halın indi necәdir?”

“Zәrәr yoxdur,” -- dedim. -- “Bunların hamısı keçәr. Hәlә eşqin әvvәlidir.”

Çay hazırlandı. İçdik. Bir az da söhbәt elәdik. Hacıxan Yusif әmi ilә bir az zarafatlaşdı, sonra vidalaşıb getdi. Sabahı gün gördüm bir nәfәr gәlib dalandardan mәnim adımı vә mәnzilimi soruşur. Göstәrdilәr. Çıxıb yuxarı gәldi. Әdәblә salam verib dedi:

“Sizi bir yerdәn istәyiblәr. Xahiş elәdilәr, әgәr vaxtınız varsa oraya tәşrif gәtirәsiniz. Nişan bu ki, Hacıxan sizә bir şey vәdә elәyibdir.”

O saat mәtlәbin nә yerdә olduğunu anladım. Dedim:

“Siz bir qәdәr әylәşin, mәn bu saat gәlәrәm.”

Tez bazara gedib, dörd tümәnә bir әba alıb evә qayıtdım. Әlqәrәz, yola düşdük. Bir az getdikdәn sonra mәni müşayiәt edәn dedi:

“Meyliniz varsa tramvayla gedәk.”

“Xeyr,” -- dedim. -- “Gәzә-gәzә getmәyimiz yaxşıdır.”

Nәhayәt, tәntәnәsi sahibinin әzәmәtindәn xәbәr verәn böyük bir imarәtin qapısına gәlib çatdıq. İçәri girdik. Al-әlvan gül-çiçәklә bәzәnmiş gözәl, sәfalı bir bağ gördüm. Bir dәstә xidmәtçi hәrәsi bir tәrәfdә öz işi ilә mәşğul idi. Heç kәsin o biri ilә işi yox idi. Pillәlәri yuxarı qalxıb, imarәtin ikinci mәrtәbәsinә çıxdıq. Böyük bir zaldan keçdik. Otaqlardan birinin qapısı qabağında bir xidmәtçi dayanmışdı. Pәrdәni qaldırdı. Simasında nәcabәt vә böyüklük әlamәtlәri aşkar görünәn bir şәxs kürsü üstündә әylәşmişdi. Elә bil insan paltarı geymiş mәlәk idi. O möhtәrәm zatın simasını, cazibәli, mәrd sifәtini görәn kimi mәndә olan bütün qәm-kәdәr yox oldu. Sәmim-qәlbdәn salam verdim. Mehriban, gülәrüzlә salamımı alıb buyurdu:

“Bismillah, buyurun.”

Mәn xalçanın üstündә әylәşdim.

“Yaxın gәlin, yaxın gәlin,” -- buyurdu vә yanındakı kürsüyә işarә edib orada әylәşmәyimi tәkidlә xahiş elәdi. Mәn göstәrdiyi yerdә әylәşdim. Kef-әhval soruşub, xoş-beş mәrasimini yerinә yetirdikdәn sonra dedi:

“Sizin adınız İbrahim bәymidir?”

“Bәli,” -- dedim.

Buyurdu:

“Misirin havası çox istidir. Bu uzun müddәtdә necә dözüb orada yaşayırsınız? Eşitmişәm, uzun illәrdәn bәri orada mәskәn salmısız.”

“Bütün çәtinliklәr adәt vasitәsilә asanlaşır,” -- dedim. -- “Biz dә oranın ab-havasına adәt elәmişik.”

Buyurdu:

“Doğrudur, hәr şey adәtdәn asılıdır.” -- Azca sükutdan sonra әlavә elәdi: -- “Böyüklәrdәn birinin sizin haqqınızda hörmәtsizlik göstәrdiyini eşitmişәm. Hәqiqәtәn çox tәәssüf etdim, hәdsiz kәdәrlәndim. Amma nә etmәli, yanmaq vә dözmәk lazımdır. Tәәssüflәr olsun! Sizin canınız sağ olsun, onlara da allah insaf versin. Doğrusu budur ki, mәn istәdim sizinlә söhbәt elәyәm, görәm bu danışıqlardan sizin mәqsәdiniz nәdir. Nә istәyirsiniz, nә üçün İrana gәlmisiniz? Sizcә, bizim İranın nöqsanı nәdәn ibarәtdir? Bәlkә elә siz dә yanılırsınız?”

Әrz elәdim:

“Bu sәfәrdәn mәnim yeganә mәqsәdim vәtәnimin xaki-pakını ziyarәt etmәk idi. Amma әvvәlcә bunu da әrz elәmәliyәm ki, bizim ailәnin vәtәnpәrvәrlik tәәssübü bütün Misirdә zәrb-mәsәldir. Bәli, biz İranı canımızdan da әziz tuturuq. Ona görә ki, o bizim müqәddәs vәtәnimiz, sәlәflәrimizin hәyat sürdüyü, ata-babalarımızın dәfn olunub әbәdi uyuduğu yerdir. Buradan çox uzaqlarda olan Misirdә vәtәnimin pәrişanlığı, intizamsızlığı, vәtәn övladının nadürüstlüyü, iş başında olanların qәflәti, etinasızlığı vә gücsüzlәrә hәdsiz-hesabsız zülmü haqqında xoşagәlmәyәn sözlәr eşidirdim. Ancaq vәtәnә olan böyük mәhәbbәt üzündәn inanmaq istәmirdim. Nәhayәt, belә qәrara gәldim ki, gәlib hәr şeyi öz gözümlә görüm. Cavanlığın havası da başıma vurdu. Daha heç nәyә baxmayıb, sәfәrә çıxdım. Sәrhәddә qәdәm qoyandan bu paytaxt şәhәrinәdәk hәr nә gördümsә, çox tәәssüf ki, Misirdә deyilәnlәrin hamısının doğru olduğunu göstәrdi. Xoşagәlәn bir şey yoxdur. Ona görә dә bu viranlığın, geriliyin, qәflәtin vә rüsvayçılığın sәbәbini mәmlәkәtin vәzirlәrindәn soruşmaq qәrarına gәldim. Dedim bәlkә bunların hamısının üzürlü vә ağlabatan sәbәblәri vardır. Min tәlәş vә vasitә ilә vәzirlәrin görüşünә nail oldum. Suallarımın cavabında sillә, yumruqdan başqa bir şey görmәdim. Tәhqirli söyüşlәr, istehzalı gülüşlәrdәn başqa bir şey eşitmәdim. Necә deyәrlәr, allah müsәlmana da qismәt elәmәsin, kafirә dә!”

Dedi:

“Әvvәlcә qanun barәsindә. Qanun dedikdә sizin mәqsәdiniz nәdәn ibarәtdir? Bunun üçün nә etmәk lazımdır?”

Dedim:

“Qanunun mәnası vә izahı çox genişdir. Lakin әn azı onun hüquq vә vәzifәlәrinin nәdәn ibarәt olduğunu bilmәk demәkdir.”

“De görüm, bu hüquqlar hansılardır?”

Dedim:

“Qanun mövcud olduğu tәqdirdә millәtin tәlәb etdiyi vә onu әlә gәtirmәk uğrunda vuruşduğu hüquqlar dörd hissәdәn ibarәtdir:

Birincisi -- vәtәnin özünә aid hüquqlar;

İkincisi -- vәtәn övladına aid hüquqlar;

Üçüncüsü -- vәtәni idarәetmә işlәrinә aid hüquqlar;

Dördüncüsü -- vәtәnin ümumi hüquqları.

Vәtәn orqanizminin dörd ünsürü yerindә olan bu dörd hüquq bütün bölgülәri vә tәfәrrüatı ilә üzvi şәkildә bir-birinә bağlıdır. Bunlara isә ümumiyyәtlә milli hüquqlar deyilir. Onun tәfsilatı vә tәrtibatı mәcmuuna da qanun deyilir. Qanunun hökmlәri isә hәr kәsin haqqında, istisnasız olaraq icra olunmalıdır.

V ә t ә n i n ö z ü n ә a i d h ü q u q l a r. Bunlar vәtәnin azadlığı vә istiqlaliyyәtini qorumaqdan, nizam-intizam yaratmaq, özümüz üçün vәtәn hesab etdiyimiz vә İran adlandırdığımız bu xaki-pakın sakinlәrinin sәadәtini tәmin etmәkdәn ibarәtdir. İcazәmiz vә razılığımız olmadan әcnәbilәrdәn bir nәfәrinin belә onun sәrhәddindәn bir addım bu tәrәfә keçmәsinә yol vermәmәliyik. Hәlә onların bu torpağın bir hissәsini istila etmәk vә ya bir guşәsindә özünә yer elәyib ordu saxlamaq bir tәrәfә dursun!

V ә t ә n ö v l a d ı n a a i d h ü q u q l a r. Bunlar vәtәndә yaşayan hәr bir kәsin hәyatı, namusu, malı vә şәrәfinin öz hәmvәtәnlәri vә ya әcnәbilәrdәn olan güclülәrin tәcavüzündәn qorunmağı demәkdir. Bu da o demәkdir ki, hal-hazırda olduğu kimi, filan xanın fәrraşları abırlı bir şәxsin cavan oğlunu günün günorta çağı kiçik bir bәhanә üstündә tutub dama basmaqla cәrimә etmәmәlidirlәr. Bu cavanın tәqsiri isә atasının varlı vә abırlı olmasından başqa bir şey deyildir vә mәhz abırına qısıldığına görә dә ondan istәdiklәrini alırlar. Yaxud filan hakimin ata minib bazardan keçәn arvadını müşayiәt edәn, 30-40 әliçomaqlı fәrraş dükanında әylәşib öz işi ilә mәşğul olan fağır bir alverçinin başını zopa ilә yara bilmәz. Hey qışqırıb demәmәlidirlәr ki; "Gözlәrini yum!", "Kor ol!", "Dur! Otur! Çıx yuxarıya! Düş aşağıya!" Әgәr bu hüquqlar mövcud olsa, elәyә bilmәzlәr ki, adamın qohumlarından biri müqәssir olduqda onu vә ondan әlavә onun beş-on nәfәr başqa qohumunu da tutub, ayaqlarına kündә-zәncir vuraraq hәbs etsinlәr, var-yoxlarını әllәrindәn çıxardıqdan sonra buraxsınlar; onlar da çarәsiz qalıb öz evini, yurdunu tәrk etmәyә, vәtәndә qalıb zәlil olmaqdansa, qürbәt dәrdi çәkmәyә mәcbur olsunlar, әcnәbi torpağında mәhv olub aradan getsinlәr.

V ә t ә n i i d a r ә e t m ә i ş l ә r i n ә a i d h ü q u q l a r. Vәtәnin vә әhalinin sәadәtini tәmin etmәk üçün bir-birindәn ayrı iki orqan -- qanunverici vә icraedici orqanlar olmalıdır. Bu iki müstәqil orqanın başında duran yeganә şәxs padşahın zati-alilәridir. O, irsәn vә haqlı olaraq bu iki orqanı idarә etmәlidir. İndi gәlin görәk vәtәnә aid bu hüquqdan, yәni mәmlәkәtdә işlәrin nizama salınmasından, vәtәndaşların sәadәtinin tәmin olunmasından -- ümumiyyәtlә yerinә yetirilmәsi üçün şahın mәsuliyyәt daşıdığı bu hüquqlardan bir nişanә vardırmı? Әgәr vardırsa, nә şәkildәdir? Hәlә bunların da üzәrindәn keçәk. Bәluçistan mәmlәkәti İran dövlәtinin qüdrәti vә şövkәtinin әsaslarından biridir. İngilis dövlәti heç bir sәbәb olmadan ona asanlıqla sahib çıxdı. Vәtәnimizin böyük bir hissәsi hesab olunan Herat indi әfqanlıların әlindәdir. Dünәn torpağı yüz min iranlının qanı ilә al rәngә boyanan Sәrәxs zahirәn İranın olsa da, hәqiqәtdә özgәnin әlindәdir. Başqa yerlәrә nisbәtәn köhnәlmiş mәsәlә olsa da, Qafqaz ölkәlәrinin dә vәziyyәti eynidir. Vәtәn övladının mәhәbbәtinin nә dәrәcәdә olduğunu isә bununla qiyas etmәk olar ki, hәr il azı әlli min iranlı hakimlәrin vә qüdrәt sahiblәrinin zülmündәn baş götürüb xarici ölkәlәrә mühacirәt edir. Heç kәs dә onların haraya getmәlәri, vәtәni vә ailәlәrini nә üçün tәrk etmәlәri qayğısına qalmır.

V ә t ә n i n ü m u m i h ü q u q l a r ı. Bu, cәmiyyәtin hәr bir fәrdinin hüququna şamil olan ayrı-ayrı xoşbәxtliklәrin mәcmusundan ibarәtdir. Lakin cәmiyyәtin ayrı-ayrı üzvlәri o sәadәti әlә gәtirmәk istәsә dә ona tәklikdә nail ola bilmәzlәr. Fәqәt birlәşdikdә bu sәadәti әhya edib, onun ümumi sәmәrәsindәn faydalana bilәrlәr. Vәtәndaşlar vәtәn torpağını öz övladlarından daha artıq sevmәlidirlәr. Dini qorumağa borclu olduqları kimi, vәtәni qorumağı da özlәrinә vacib bilmәlidirlәr. Belәliklә dә "vәtәnә mәhәbbәt -- dinә mәhәbbәt demәkdir" kimi müqәddәs vәzifәni yerinә yetirmiş olarlar.

İndi görürük ki, bu sәadәtin davamı -- millәtin, vәtәnin, ümumi sәrvәtin, şәriәt qanunlarının vә hәyatın qorunması üçün qoşun, silah, sursat, top-tüfәng, әdalәt vә nizam-intizam lazımdır. Ancaq bәdbәxtlikdәn görürük ki, hal-hazırda әziz vәtәnimizdә düşmәni dәf etmәk üçün millәtin qeyrәtli oğullarının yanıqlı ahı vә göz yaşlarından başqa bir şey yoxdur. Belә bir qәdim vә geniş ölkәdә vәtәn övladının tәlim-tәrbiyәsi üçün nә bir mәktәb var, nә dә bir sәhiyyә idarәsi. Onun sakinlәrinin hüququnu müәyyәnlәşdirәn bir qanun da yoxdur. Adi elm vә fәnlәrdәn dә bir iz-әsәr görünmür.”

O möhtәrәm cәnab mәnim sözlәrimi eşitdikcә tәәssüratımın şiddәtindәn titrәyir, gah tәәssüflә dizinә vurur, bәzәn dә hәsrәtlә ürәyinin dәrinliklәrindәn ah çәkirdi.

Dedim:

“Mәn günüqaranın tәqsiri nә idi ki, bu dözülmәz vәziyyәtin sәbәbini soruşmaq üstündә ömrümdә eşitmәdiyim söyüşlәri mәnә söylәmәkdәn әlavә o qәdәr döydülәr ki, yorğan-döşәkdәn dura bilmәdim.”

Söz buraya çatanda birdәn-birә qәhәrlәndim, boğazım tıxandı, ixtiyarsız olaraq hönkür-hönkür ağladım. O möhtәrәm cәnab mәndәn dә bәrk ağladı. Durub qollarını mәhәbbәtlә boynuma doladı, mәni mehribancasına qucaqlayıb üzümdәn, gözümdәn öpdü. Ağlaya-ağlaya әlimdәn tutub dedi:

“Mәnimlә gәl.”

Otaqdan çıxanda xidmәtçi ilә on-on iki yaşlı bir oğlanın qapının dalında dayanıb bizim halımıza ağladıqlarını gördüm, amma mәnә elә gәldi ki, onlar mәtlәbdәn xәbәrsizdirlәr, bizim ağlamağımızı görüb köyrәlmişdilәr.

Bir-iki otaqdan keçdik. Möhtәrәm cәnab üçüncü otağın qapısı qabağında dayandı. Cibindәn bir açar çıxarıb qapını açdı. Gördüm kitabxanadır. Kitablar otağın dörd dövrәsindә xüsusi sәliqә vә gözәl tәrtiblә düzülmüşdü. Bir kürsü ilә masa gәtirib:

“Әylәşin,” -- dedi. Sonra gedib altı cild kitab gәtirdi vә әlavә etdi: -- “Kitabımız çoxdur, amma heç birisi bunlar qәdәr sizin dәrdinizә yaramaz. Siz bunları oxumaqla mәşğul olun, mәn gәrәk gedәm. Bu gün salam günüdür. Ola bilsin ki, gec gәlәm. Sizin üçün hәr şey hazırdır. Nә vaxt istәsәniz buyurun çay-çörәk gәtirsinlәr.”

Bir qutu papiros çıxartdı, önümdәki masanın üstünә qoyub dedi:

“Nә qәdәr ki, Tehranda qalacaqsınız -- mәnim qonağımsınız.”

Mәn öz tәşәkkürümü bildirdim. O vidalaşıb getdi.

Kitablara tamaşa elәmәyә başladım. Gördüm dövlәtlәrin qanun mәcәllәlәrini bir sırada düzüblәr. Bunların içindә Osmanlı dövlәtinin qanunu, rus zakonu, İngiltәrә vә Fransa qanunları da var idi. Başqa tәrәfdә qurtuluşun rәhni olan islam qanunşünaslığına vә üsuluna aid kitablar var idi. Bu kitabxananın vәziyyәti mәni hәdsiz dәrәcәdә sevindirdi. Sonra möhtәrәm cәnabın özünün verdiyi o altı cild kitabı gözdәn keçirmәyә başladım. Gördüm әlyazmasıdır. Gözәl vә pakizә yazılmışdır. Bunların o möhtәrәm cәnabın öz әsәrlәri olduğunu anladım. İngiltәrә vә Fransa qanunlarından islamın müqәddәs şәriәtindәki hökmlәrә zidd olan maddәlәri çıxarıb bir cilddә toplamış vә hәr birinin dünya vә axirәtdәki zәrәrlәrini mәntiqi dәlillәrlә ayrıca şәrh etmiş, onların insanlığın yüksәk şәninә yaramadığını sübuta yetirmişdi. Bu cildin adını "Lәnәtә gәlmiş qanunlar kitabı" qoymuşdu. Bu adı kitabın cildindә iri xәtlә yazmışdı. Osmanlı qanun kitabından da bir neçә maddә ayırıb, onlara "Mәrdud" ünvanı vermiş, bәzilәrinin altında yazmışdı: "Çox gözәldir, amma bu gün İranın vәziyyәtinә vә iranlıların mәzaqına müvafiq deyil". Qalanlarının altında qol çәkib yazmışdı: "İslamiyyәtin müqәddәs şәriәtinin hökmlәri ilә heç bir ziddiyyәti yoxdur. Hamısı sağlam әqlә, mәtin fikrә uyğundur". Onların düzgünlüyünün vә ya yanlışlığının isbatı üçün islamın fiqh kitablarından, hәdislәrdәn vә böyüklәrin kәlamından kifayәtlәndirici dәlillәr gәtirmiş vә izahlar vermişdi. Onları da oxuduqca adam ruhlanırdı. O möhtәrәm cәnabın elm, siyasәt vә müasir biliklәr sahәsindәki qüdrәtinә vә әhatәsinә heyran qaldım. Öz-özümә dedim: "İlahi, bu qeyrәtli şәxs, başının belә qarışıq olmasına baxmayaraq, özümüzün vә özgәlәrin bu qәdәr kitablarını mütaliә vә hәr birini dәrindәn tәdqiq etmәk fürsәtini necә tapmışdır?...” Xidmәtçi otağa girib dedi:

“Bismillah, buyurun, nahar hazırdır.”

“Әziz qardaşım,” -- dedim, -- “mütaliәnin lәzzәti mәni doyurubdur. Bu ruhani qidadan ayrılıb cismani qida ilә mәşğul ola bilmirәm. Siz, zәhmәt olmasa, bircә stәkan çayla bir tikә pendir-çörәk gәtirin. Xahiş edirәm başqa şey olmasın.”

Xidmәtçi dedi:

“Mәnә buyurublar sizin meyliniz necә istәsә elә dә elәyim. Bu saat necә ki, buyurdunuz elә dә edәcәyәm, narahat olmayın.”

Xidmәtçi getdi. Az sonra bir stәkan çayla, pendir-çörәk gәtirdi. Sәhәr xidmәtçi ilә birlikdә bizim halımıza ağlayan kiçik oğlan da gәlib әdәblә salam verdi. Xidmәtçi getdi. Oğlan әylәşib, şәkilli bir kitaba baxmağa başladı. Mәn çayı içdim. O, utana-utana mәndәn soruşdu:

“Siz atamla nә üçün ağlayırdınız, bizi dә ağlatdınız?”

“İş elә gәtirdi,” -- dedim.

Uşaq aydın cavab istәdi:

“Yox, xahiş edirәm sәbәbini aydın deyәsiniz. Mәn gedib anama dedim. Buyurdu sizdәn gәlib soruşam.”

“Onda yaxşı olar ki, atandan soruşasan,” -- dedim.

“Atam bizә demәz,” -- dedi. -- “Özü dә bizim yanımıza çox az gәlir. Evdә olanda hәmişә bu otaqda әylәşib oxumaqla, yazmaqla mәşğul olur.”

“Onda qulaq as deyim. Sәnin atanın "İranabad" adlı bir kәndi var. Orada bir xәstәlik törәnibdir. O kәndin sakinlәrinin halına ağlayırdıq.”

Sonra soruşdum:

“Mәktәbә gedirsәnmi?”

“Bәli, Darülfünuni-Nasiriyә gedirәm.”

“Yaxşı oxu, inşaallah, sәn dә vәzir olarsan.”

“Kifayәt qәdәr biliyim olarsa, әlbәttә ki, olaram.”

“Bәs elmin olmasa necә, onda vәzir olmazsan?” -- deyә soruşdum.

“Yox,” -- dedi. -- “Allah elәmәsin.”

“Nә üçün?”

“Atam hәmişә savadsız vәzirlәrә lәnәt oxuyur. Axı doğrudan da, savadları olmaya-olmaya necә vәzirlik edirlәr?! Bir molla başında әmmamә, çiynindә әba minbәrә çıxanda ondan mәsәlә soruşsalar o düzgün cavab verә bilmәzsә, әlbәttә, utanacaq, belә deyilmi? Savadsız vәzirlәrdәn dә bir söz soruşsalar bilmәdikdә, mәlumdur ki, xalq içindә başıaşağı olacaqlar.”

Bu uşağın huşu, zәkası mәni heyran etdi. Dedim:

“Afәrin, afәrin! Mәn dua elәrәm, sәn bilikli, savadlı vәzir olarsan. Heyf ki, o günü görmәk üçün mәnim ömrüm vәfa etmәyәcәk. Amma, inşaallah, bizim övladımız o xoşbәxt zamanı görәcәk vә sәnin kimi ağıllı vәzirin nazirliyindәn faydalanacaqlar.”

“Sizin neçә yaşınız var?” -- deyә soruşdu.

“İyirmi doqquz yaşım var,” -- dedim.

“Әgәr mәn yaxşı oxusam, alim olsam, әlli yaşımda vәzir ola bilәrәm. İndi on iki yaşım var. Otuz sәkkiz il bundan sonra.”

Gördüm barmaqları ilә hesab edir. Azca fikirdәn sonra başını qaldırıb dedi:

“Onda sizin dә altmış yeddi yaşınız olacaq. Qorxmayın, qorxmayın! Adam var ki, doxsan il, yüz il yaşayır. Atamın indi altmış yaşı var. Gözlәrinә eynәk taxmadan yazır.”

Dedim: "İlahi, bu uşağı özün hifz elә. İranlı uşaqlar zatәn xüsusi zәkaya malikdirlәr. Amma çifayda, qәflәt yuxusunun evi yıxılsın, heyf, heyf!"

Gördüm vaxt keçir, o möhtәrәm cәnabdan bir xәbәr olmadı. Ev sahibinin izni olmadan getmәk dә әdәbdәn uzaq idi. Tәzәdәn çay istәdim. Gәtirdilәr. İçdim. Namaz qılmaq üçün dәstәmazımı tәzәlәdim. İşin gedişindәn bildim ki, bu gecәni burada qalmalı olacağam. Namaz qılandan sonra yenidәn masanın arxasında oturdum. O kitabları oxuduqca sevincim artırdı. Hәrbi nazirin kötәklәri, saat vә әbamın qarәt edilmәsi, ağır söyüşlәr büsbütün yadımdan çıxdı. Öz-özümә deyirdim: "Әgәr mәn bu möhtәrәm cәnabı görmәyib o sәfalәtlә bu şәhәri tәrk etsәydim, şübhәsiz ki, kәdәrin şiddәtindәn ölәrdim".

Günün batmasına yarım saat qalmış möhtәrәm cәnab rәsmi geyimlә qapıdan içәri girdi.

“Bağışlayın, vaxt azdır, namazımı qılım gәlim,” -- dedi vә getdi. Azan sәsi tәzәcә ucalmışdı ki, yenidәn qayıtdı. Rәsmi geyimini dәyişmişdi. Ağ tirmәdәn tikilmiş gözәl paltar geymişdi. Salam verdi. Yerimdәn qalxıb әlindәn öpdüm. O da mәnim alnımdan öpüb әylәşdi. Buyurdu:

“Bu gün tәk qaldınız, inşaallah ki, darıxmayıbsınız.”

“Behiştdә kim darıxar,” -- dedim.

Güldü. Dedim:

“Mәnә içirdiyiniz bu badәnin zövq vә nәşәsindәn hәlә ayılmamışam ki, özümdәn xәbәrim olsun. "Huşunu itirmiş nişansızdan nә xәbәr verә bilәr". Mәn ki, bu qәdәr incә mәtlәblәri dәrk etmәkdәn acizәm. Bundan әlavә, o qәdәr sevinirәm ki, başqa bir şey haqqında düşünә bilmirәm. Valeh olmuşam, tamamilә heyran qalmışam.”

“Mәn heç kәsә icazә vermәrәm ki, kitabxanama daxil olsun,” -- dedi. -- “Sizi tamamilә mәyus gördükdә, bütün İranda heç kәsin qanundan xәbәri olmadığını zәnn etdiyinizi düşündüm. Ona görә dә sizә qanuna malik olduğumuzu, lakin qanunun dustağa salındığını göstәrmәk istәdim.”

“Hamısından yaxşısı Avropa ölkәlәri qanunlarından bәzi zәrәrli maddәlәri bir yerә toplayıb onları "Lәnәtә gәlmiş qanunlar" adlandırmağınızdır,” -- dedim.

“Әzizim,” -- dedi, -- “avropalıların qanunlarında hәqiqi mәdәniyyәtә vә insanlığın yüksәk prinsiplәrinә zidd olan nә varsa özlәrininkidir. İşin başlanğıcında qanun yazarkәn onların nә kimi nәticәlәr verәcәyini başa düşmürdülәr. Ancaq mәnә elә gәlir ki, qüvvәdә olan bu qanunların qәbahәtini indi özlәri dә anlamışlar. Fәqәt iş-işdәn keçmişdir. Daha dәyişdirә bilmәzlәr. Çünki qalmaqaldan, qarışıqlıqdan qorxurlar. İndi artıq onların arifi dә, cahili dә bu qanunlara adәt etmişlәr....”

“Siz bu qanunun maddәlәrinә izah yazmamısınızmı?” -- deyә soruşdum.

“Bunların izahı çox genişdir,” -- dedi. -- “Yazmışam, dәftәr-kağızın arasında qalıb. Bu maddәlәrin әsası mәrhum Mirzә Tәqi Xan Әmir Nizamın әfkarından ibarәtdir. Ancaq o mәrhumun özü onları şәrh etmәmiş, yalnız xülasә şәklindә deyib keçmişdir. İndi mәnim yazdığım izahdan vәtәnin sәrvәtini artırmaq üçün onların nә dәrәcәdә faydalı olduqları aydın görünür.”

“Belә qiymәtli cәvahiri olan bir xәzinәnin toplanılması üçün bu qәdәr zәhmәt çәkib ömür tәlәf etdiyiniz halda onun hamıdan gizli saxlanıldığı bir şәraitdә İranın vә iranlıların sәadәti vә mәnfәәti üçün nә faydası ola bilәr?”

Bu sözlәri eşidәn kimi, o möhtәrәm cәnab dәrindәn elә bir ah çәkdi ki, mәnim bәdәnim әsdi. O, tәәssüflә dedi:

“Mәnim әzizim, hansı külü başıma әlәyim?! Bu müqәddәs mәramın irәlilәmәsi üçün heç kәs sәsimә sәs vermir. Uzun müddәt münasib fürsәt dalınca gәzdikdәn sonra bu mәsәlәlәrin bәzisini tәklikdә padşahın nәzәrinә çatdıra bilirәm. Bunların icrası haqqında hökm vermәyә onu razı salıram. Lakin bu hökmdәn dörd nәfәr sevinirsә, qırx nәfәr inciyir. O qırx nәfәr isә hәr hansı vasitә ilә hökmün icrasına mane olur, min cür hiylә, ovsunla mәsәlәni başqa cür göstәrir, şahın xәyalında vәsvәsә yaradır, nәhayәt, onu bu işdәn әl çәkmәyә vadar edirlәr. Belәliklә hәlә hökmün mürәkkәbi qurumamış qaynar sudan çıxan buxar kimi yuxarı qalxdıqca havaya qarışıb mәhv olur. Şah da gah yaylaqdadır, gah da şikarda. Şәhәrdә olanda da, adәtәn, hәftәlәrlә hәrәmxanasından bayıra çıxmır. Belә olduqda, әllәrindәn yaltaqlıq vә mәsxәrabazlıqdan başqa bir iş gәlmәyәn hünәrsiz, qeyrәtsiz vәzirlәr xәlvәtdә şahla görüşür, öz mәqsәdlәrini әlә gәtirirlәr.”

davamı

Günün bütün mövzuları

XS
SM
MD
LG