Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:43

Zeynalabdin Marağayi. İbrahimbəyin səyahətnaməsi (3)


əvvəli

At kirә elәmәk üçün seyidlә birlikdә şәhәrin kәnarına getdik. Qәzvinli Hacı Hüseyn çarvadardan iyirmi tümәnә üç at tutduq. İkisi minik üçün, biri dә yük-yapımızı çatmaq üçün idi. Bunlarla iki gündәn sonra Tehrana gedәcәydik. Sabahı gün imamın pak hәrәminә gedib, vidalaşma ziyarәtnamәsi oxuduq. O hәqiqi behiştdәn tam hәsrәtlә çıxıb, ayaqqabı gözәtçisinә bir tümәn verdim. Seyidin evinә qayıtdıq. Şeylәrimizi yığışdırdıq. Atları da çarvadar gәtirdi. Saat da xoş idi. Haman gün şәhәrin kәnarında karvanın toplaşdığı yerә getdik. Seyid dә bizi orayadәk yola saldı. Şamı bizә qonaq oldu. Ona da üç qızıl verib, vidalaşdıq. Bu sәfәrdә qanım elә qaraldı ki, atamın vәsiyyәti dә yadımdan çıxdı. O demişdi ki, hәr şәhәrdә bir-iki nәfәr yaxşı dost-aşna tap. Әslinә baxsan, bu şәhәrin әhalisi arasından dost tapmaq asan iş deyildi. Onlarda elә bir insaniyyәt görmәdim. Elә bil insaniyyәt qanı damarlarında donmuşdu.

Özlәrinin bir tümәn mәnfәәti üçün millәtin, hәmvәtәnlәrinin vә din qardaşlarının yüz tümәn zәrәrinә can-dildәn razı idilәr. Әslәn ümumi mәnafe, vәtәnin şәrәfi, dövlәtin heysiyyәti ölkәnin abadlığı haqqında heç düşünmәk belә istәmirdilәr. Hakim dә, mәhkum da, rәis dә, mәmur da, alim dә, cahil dә, tacir dә, dükançı da -- hamısı öz fikrindә idi. Qәribә vasitәlәr vә yollarla pul qazanmağa, sәrvәt toplamağa can atırdılar. Belә olduqda, onların dostluğuna vә sәdaqәtinә necә bel bağlamaq olardı? Hәr cür ticarәt üçün әlverişli olan müqәddәs Mәşhәd şәhәrindә bircә dәnә dә olsun kompaniya vә şirkәtә rast gәlmәdim. Halbuki sәrvәt sahiblәri az deyil. Yerli mәhsullardan isә xalı, tiryәk, pambıq vә sair әmtәәlәr, maşallah olsun, çoxdur. Elә onların bir-biri ilә әl-әlә vermәmәsi aralarında olan nifaqa sübut sayıla bilәr. Amma, adamın allahı var, vәtәn әmtәәsi vә mәhsullarını saxtakarlıq edib korlamaqda böyük hünәr sahibidirlәr. O ki, xalçadı, onları qırmızı vә bәdәl rәnglәrlә korlayıblar. Tiryәkә dә ki, un vә çiriş qatırlar. Bunlara әl çatmasa, torpaq ki, hәr yerdә var! Hökumәt neçә dәfә bәdәl rәnglәri qadağan elәdi. Qәti şәkildә әmr etdi ki, tiryәkә başqa şeylәr qatmasınlar. Yenә dә fayda vermәdi. Ona görә ki, dövlәt mәmurları rüşvәt alıb, qadağan qaydasını pozdular. Hәr şeydәn betәri bu ölkәdә tiryәkliyin geniş yayılmasıdır. Kişili-arvadlı, cavanlı-qocalı bu öldürücü zәhәrә mübtәla olublar. Dükan-bazarda ayın-şayın tiryәk çәkirlәr. Elә buna görә dә nә kişilәrindә kişilikdәn bir әlamәt qalıb, nә dә arvadlarında qadınlıq tәravәti vә lәtafәti görünür. Hökumәt dә bu kimi mәsәlәlәrә әsla fikir vermir, çarәsi çox asan olan bu şiddәtli bәlanı aradan qaldırmağa әl qatmır. Tәәccüblüdür ki, mәmlәkәtin ruhanilәri dә bu qatil zәhәri keflәndirici maddәlәrdәn hesab etmirlәr. Halbuki tiryәk adamı başqa nәşәlәndirici maddәlәrdәn daha bәrk sәrxoş edir. Deyirlәr, hәtta hәmin ruhanilәrin evindә (bunlar ülәma cildinә girmiş oğrulardır) tiryәk çay kimi dәbdәdir, onu hamı çәkir.

Mәşhәddә qaldığım günlәrdә ali mәscidlәrdәn olan Gövhәrşad mәscidindә on vaizin moizә mәclisindә oturdum. Hamısı bir qayda olaraq tәharәt vә qüsldәn danışırdılar. Qüsl vә ya tәharәt vaxtında sağ ayağı necә qoymaq vә ya sol ayağı nә vәziyyәtdә saxlamaqdan söhbәt edirdilәr. Hamısı cüziyyatdan bәhs edir, әsl mәsәlә tamamilә unudulmuşdur. Cahaddan, onun faydalarından, cahadın sәbәblәrindәn, vәtәni müdafiәdәn vә onun necә olmasından bircә söz dә deyilmir. Halbuki din düşmәni gәlib lap qapılarına çatmışdır. Xülasә, demәk olar ki, İrana Pişdadilәr zamanından bugünәdәk belә bir qәflәt, belә bir bәdbәxtlik üz vermәmişdir.

Sәhәr tezdәn yükümüzü çatıb, şәhәrin kәnarından bir qәm-qüssә karvanı ilә birlikdә yola düşdük. Neçә gündәn sonra kiçik bir şәhәr olan Sәbzivara çatdıq. Onun ticarәt malı ancaq pambıqdan ibarәtdir ki, o da Qafqaz ermәnilәrinin әlindәdir. Bunlar bir neçә maşın gәtirib, Misirdә vә sair mәdәni ölkәlәrdә olduğu kimi, pambığı taylara doldururlar. Sәbzivarda bircә gün qaldıq. Oranı da tәrk edib yola düşdük, bir neçә gündәn sonra Nişabura gәlib çatdıq. Şәhәrin girәcәyindә әzәmәtli bir mәscid var idi. Tamaşasına getdik. Mәscidin bu dünya kimi insandan xali olduğunu gördüm. Amma ortalıqda böyük bir xalı görünürdü: uzunluğu 14 arşın olardı. Bir qәdәr dә irәli getdikdә gördüm ki, xalının bir bucağında bir it yatıb. Dәrindәn tәәssüflәndim, ixtiyarsız olaraq mәni ağlamaq tutdu. İkiәlli başıma vurub dedim: ilahi! bu nә dözülmәz vәziyyәtdir, bu nә әsәfli haldır. Axı bu ölkәnin әhalisi üçün dindәn, şәriәtdәn nә qalıbdır?

Belә musәlmanların vay gününә.

Bu gündәn sonra bir sabah olarsa.

Mәscidin vәziyyәtini soruşdum, mәlum oldu ki, nә vaizi var, nә dә azançısı, namaz qılanlardan, camaatdan da bir xәbәr yox idi. Son dәrәcә dilxor vә naümid bir halda mәnzilә qayıtdım. Biçarә Yusif әmi mәni görәn kimi tәzә bir qüssә vә qanıqaralıq üz verdiyini duydu. O, mәnim nәlәr çәkdiyimi dәrk edir, ancaq susurdu. Mәn dә nә qәdәr tәәssüflәnib mütәәssir olduğumu ondan gizlәdirdim. Ürәyim qәm-qüssәdәn az qalırdı partlasın. Әlqәrәz, oranı da tәrk etdik. Bir neçә mәnzillik yol getdikdәn sonra Damğan şәhәrinә çatdıq. Bazara girәn kimi qәribә bir izdiham gördüm. Bir nәfәr әlini ağzına soxub, başqa bir bәdheybәt kişi dә kәndirin ucundan tutmuşdu. O, kәndiri hәr tәrәfә dartırdısa әlini ağzına soxmuş kişi dә haman tәrәfә dönürdü. Bunu gördükdә mәnә elә gәldi ki, onlar bir növ oyun vә rәqs icra edirlәr. Cilovdar Hacı Hüseyndәn soruşdum:

“Bu nә hәngamәdir?”

O da bazardakıların birindәn xәbәr aldı. Bir nәfәr dedi:

“Bu kişi çörәkçidir, çörәyi tәyin olunan çәkidәn әskik bişirdiyinә görә cilovlayıblar. Әlindә kәndiri dartan isә mirqәzәbdir. Çörәkçinin burnunu deşib kәndir keçiribdir.”

Dedim:

“Qәribә qanundur! Çox tәәccüblüdür!”

Dedi:

“Bir az da irәli gedin, bundan qәribәsini dә görәrsiniz. O tәrәfdә üç nәfәr qәssabın qulaqlarını siyiriblәr. Mirqәzәblәr qulaqları kәsilmiş qәssabları bazarda gәzdirir vә hәr dükançıdan bir şey alırlar.”

Bu vaxt bazarın o biri başından hay-küy ucaldı. Mirqәzәblәr o yazıqları çәkә-çәkә gәtirirdilәr. Özlәri dә әllәrindә qanlı bıçaq hәr bir dükanın qabağında dayanıb pul yığırdılar. Yazıq Yusif әmi atın üstündәn hey qışqırırdı: "Bәy, baxma, baxma!"

Doğrudan da, bu halәti görәn kimi ürәyim bulandı. Atı mahmızlayıb keçdik. Şәhәrin kәnarında olan bir karvansarada mәnzil tutduq.

Xorasandan Tehrana gedәn yolun hәr mәnzilindә böyük su anbarları olan mötәbәr karvansaralar vardır. Bunların hәr birisindә min nәfәr ziyarәtçi-müsafir düşәrgә salsa belә istirahәt edib içmәli su da tapa bilәr. Bu karvansaraları kәrpic, gәc vә әhәnglә çox möhkәm düzәltmişlәr, hamısı da böyük Sәfәvi padşahı Şah Abbasın xeyriyyә binalarındandır. Enli, uzun şose yolları da o böyük padşahın yadigarıdır.

Yaxşı ad qalarsa insandan әgәr,

Min zərli, naxışlı saraya dәyәr.

Xüsusilә mәmlәkәtin tәrәqqi vә mәdәniyyәtinin әn mühüm vasitәlәrindәn biri olan ticarәtin genişlәnmәsi vә milli sәrvәtin artması üçün zәruri heç bir mәsәlә onun nәzәrindәn yayınmamışdır. İran vilayәtlәrinin bir çox yerlәrindә olan bu şose yolları bizim hәmin iddiamızın sübutu üçün açıq bir dәlil sayıla bilәr. O, bütün bu yolları nәqliyyat vәsaitinin gediş-gәlişini asanlaşdırıb sürәtlәndirmәk üçün çәkdirmişdi. Demәk olar ki, o zaman xarici dövlәtlәrdәn heç birisi dövlәt qüdrәtinin güclәnmәsi amillәrindәn biri olan ticarәt dairәsinin genişlәnmәsi әhәmiyyәtini bu padşah qәdәr dәrk etmәmişdir.

Doğrudan da, o qәdәr çәtin keçidli yolları hamarlamaq, onlara daş döşәmәk, çayların üzәrindәn möhkәm körpülәr salmaq, lazımi yerlәrdә saysız-hesabsız karvansaralar tikdirmәk, ticarәtin tәrәqqisi üçün xarici dövlәtlәrlә münasibәt yaratmaq, bütün dini tәәssüblәrә baxmayaraq әcnәbilәrlә dostluq әlaqәlәri vücuda gәtirmәk, xarici dövlәtlәrin sәfirlәrini hörmәtlә qarşılamaq haqqında kәskin әmrlәr vermәk, müxtәlif millәtlәrә mәnsub olan tacirlәrin mal vә canlarının toxunulmazlığını tәmin etmәk, xarici dövlәtlәrә bilikli vә dәyanәtli elçilәr tәyin edib göndәrmәk, dövlәtә sәdaqәtli olmaq şәrtilә dini әqidәsindәn asılı olmayaraq bütün әhaliyә hüquq bәrabәrliyi vermәk kimi tәdbirlәr o Süleyman şövkәtli padşahın yüksәkliyinә dәlil sayıla bilәr....

Nә isә, yenә dә naümid olmamaq gәrәk. Keçmişdәn ibrәt dәrsi almalı, hal-hazırkı vәziyyәtimizi vә gәlәcәyimizi tәmin etmәk yolunda çalışmalıyıq. Çünki çalışmağın vә әmәlin hәmişә xeyirli sәmәrәsi vә nәticәsi olur....

Elә ki, qalmadı, belә dә qalmaz.

Xülasә, Damğandan da köçüb, neçә gündәn sonra Bәstamın Şahrud şәhәrinә çatdıq. Hacı Hüseyn cilovdar dedi:

“İki gün burada qalacağıq. Ancaq sizә gәrәk bağda çadır quram, orada qalasınız; çünki bu şәhәrdә gәnә var, qәrib adamları sancanda bәrk azarlayırlar.”



“Bәs indi ki, burada qalmağın bu qәdәr başağrısı var, daha nә üçün dayanırıq, keçәk gedәk, başqa mәnzildә düşәrik,” -- dedim.

“Atlar bәrk yorulublar daha bundan artıq getmәyә taqәtlәri yoxdur.” -- dedi. -- “Hәm dә buradan birbaşa Tehrana yorta bilmәrik.”

Әlacsızlıq üzündәn atlardan düşdük. Şәhәrin yaxınlığında olan bir bağda bizim üçün çadır qurdular. Yay fәsli olduğuna görә çadırda qalmaq mümkün idi. Şeylәri yerbәyer elәyib bir qәdәr rahatlaşdıq. Yadıma düşdü ki, mәrhum atam Şahrudda Hacı İsmayıl adlı bir tacirlә dost idi. Bir-biri ilә mәktublaşardılar. Ona görә ki, onun mәktublarını mәn özüm yazardım. Hәmin tacirin olduğu karvansaranın adını da bilirdim. Fikirlәşdim ki, atamın dostudur, gedib onunla görüşüm. Yusif әmiyә dedim:

“Yusif әmi, dur ayağa mәnimlә birlikdә bir yerә gedәk.”

Karvansaranın vә Hacının olduğu yeri soruşdum. Nişan verdilәr. Hacının evinә çatdıq, xoşbәxtlikdәn özü dә evdә idi. Salam verib әylәşdik. Xoş-beşdәn sonra dedim:

“Sizin adınız gәrәk Hacı İsmayıl ağa olsun?”

“Bәli,” -- dedi. -- “Lakin bağışlayın, sizi tanımadım.”

“Mәn Misirdә olan filankәsin oğlu İbrahmmәm,” -- dedim.

O möhtәrәm şәxs atamın adını eşidәn kimi ayağa durub mәni qucaqladı, üz-gözümdәn öpüb dedi:

“Xoş gәlibsiniz. Mәrhum atanızın vәfatı xәbәri mәni çox mütәәssir elәdi. Allah ona qәni-qәni rәhmәt elәsin. Yaxşı, indi de görüm haradan gәlirsәn, haraya gedәcәksәn? İnşaallah, anan sәlamәtdir. Eşitmişәm bir bacın da var. Kefi necәdir?”

“Şükür allaha, sәlamәtdirlәr, canınıza dua elәyirlәr. Müqәddәs Mәşhәd şәhәrindәn gәlirәm, Tehrana getmәk әzmindәyәm.”

“Çox gözәl, sizin gәlmәyinizdәn olduqca şadam. Siz mәnim әziz dostumun yadigarısınız.”

Sonra nökәrinin qulağına nә isә pıçıldadı. Nökәr getdi, yarım saatdan sonra iki mәcmәyi çilov-kabab, şәrbәt vә tәzә yetişmiş novbar qovunla qayıtdı. Hacı mehribancasına yemәyi göstәrib dedi:

“Bismillah, buyurun bir tikә çörәk yeyәk.”

Süfrәnin başında oturduq, yemәk әsnasında Hacı üzünü mәnә tutub:

“Harada düşmüsünüz,” -- deyә soruşdu.

“Filan bağda çadır qurmuşuq,” -- dedim.

Hacı nökәrә dedi ki, tez oraya gedib, bizim yük-yapımızı evә gәtirsin. Mәn dedim:

“Cilovdarımız deyir ki, şәhәrdә gәnә var. Ona görә dә qorxuram.”

Hacı çox üz vurdu. Mәn razı olmadım. Nahar elәdikdәn sonra soruşdu:

“Gündüzlәr yatmağa adәt etmişsinizmi? Ya çay içmәk meyliniz var?”

“Gündüzlәr yatmaram,” -- dedim. -- “Çayı da axşamlar içirәm.”

Sonra bir saata qәdәr dә söhbәt elәdik. Hacı üzünü oğluna tәrәf tutub dedi:

“Rza, sәn qonaqları apar bir az şәhәri, çay kәnarını gәzdir. Axşam da buyurun evә tәşrif gәtirin. Şamdan sonra mәn sizi öz mәnzilinizә çatdıraram, orada çadırda yatarsınız.”

Baxdım gördüm üzrümü heç vәchlә qәbul elәmәyәcәk, çarәsiz qalıb razılıq verdim. Durub yola düşdük. Mәn soruşdum:

“Hara gedәcәyik?”

Yusif әmi dedi:

“Mәncә, bu şәhәrin mәktәb vә ya mәdrәsәlәrindәn birinә gedib vәziyyәti ilә tanış olsaq pis olmaz.”

Ağa Rzadan soruşdum:

“Bu şәhәrdә mәktәb varmı?”

“Bәli,” -- dedi. -- “Burada cәmi üç mәktәb var. Biri çox uzaqdır. Bizim uşaqlar haman mәktәbdә oxuyurlar. Biri dә bu yaxınlıqda Nәccәrabazardadır. Amma fikirlәşirәm ki, oraya getsәk nә deyәk. O mәktәbdә mәni o qәdәr dә tanımırlar. Yaxşısı budur ki, birimiz borclu olaq, o birimiz dә tәlәbkar. Sәnәd yazdırmaq üçün oraya gedәk. Onda siz dә istәdiyiniz kimi mәktәblә tanış ola bilәrsiniz.”

Ağa Rzanın bu tәdbiri mәni çox güldürdü. Dedim:

“Nә eybi var, siz deyәn kimi elәrik.”

Yusif әmi dedi:

“Mәn öz adımı demәyәcәyәm, başqa bir ad deyәcәyәm.”

Ağa Rza dedi:

“Ürәyin necә istәyirsә elә dә elә.”

Mirzәnin mәqsәdi bir abbasını almaqdır. Hansı adı istәyirsәnsә özünә bağla. Heç kәsin adını, ünvanını aydınlaşdırmaqla bir işi yoxdur.

Bir az da zarafatlaşdıq. Birdәn qarşımızdan "çәkil, çәkil!" nidaları ucaldı. Hәr tәrәfdәn bağırıb: "İrәli keç, dayan, әbanın qolunu gey!" demәyә başladılar. Mәn tәәccüblә sәs gәlәn tәrәfә baxdım.

Gördüm atın üstündә bığıburma, ucaboy bir cavan gәlir. Arxasınca da otuz-qırx nәfәr әllәrindә çomaq, onun hәr iki tәrәfindә cәrgә ilә irәlilәyirlәr, onların da önündә qırmızı paltarlı, sifәti dәhşәtli bir adam, onun da arxasında on-on beş atlı sıra ilә hәrәkәt edir. Ağa Rzadan soruşdum:

“Bu nә hәngamәdir?”

“Şәhәrin hakimidir, ova gedir,” -- dedi, sonra әlavә etdi:

“Yerinizdә düz dayanın, gәlib qabağınızdan keçәndә ikiqat tәzim elәyin. Baxın, hamı necә elәyir, siz dә onlar kimi elәyin.”

Әtrafıma göz gәzdirdim, gördüm doğrudan da hәr dörd tәrәfdәn hey başdı ki, әyilir, hey sәcdәdәdir ki, olunur. Hakim cәnabları da heç onlara etina elәmәdәn bir ucdan bığlarını burur. Ağa Rzaya dedim:

“Әgәr baş әymәsәk nә olar?”

Dedi:

“Daha orasını fәrraşlar bilir, bir dә onların әlindәki çomaqlar! Deyәsәn canınızdan doymusunuz.”

“Yox, nә üçün doyuram, ürәyimdә min arzum var,” -- dedim.

Kәmali-әdәblә dayandıq. Hakim bizә yaxınlaşanda ikiqat әyilib salam verdik. "Bir bәla çatmış idi, amma ki, qurtardı, gözәl!"

İndiyәdәk belә bir vәziyyәtә heç bir yerdә rast gәlmәdiyimә görә çox tәәccüblәndim. Öz-özümә dedim: "Abad olsan İran, yeddi milyon cәmiyyәti olan London kimi bir şәhәrin hakimi hәr yerә tәk gedir, bir nәfәr dә onun kim olduğunu bilmir vә bilsә dә fәrqi yoxdur, onun şәnini vә rütbәsini sayan olmaz. Amma, maşallah olsun, bizim kiçik bir vilayәtin hakiminin bu qәdәr cah-cәlalı var. Bәli, hökumәt belә olmalıdır!"

“Ağa Rza, hakim bu qәdәr adamın mәvacibini, donluğunu haradan verir,” -- deyә soruşdum.

“Bunların donluğu yoxdur,” -- deyә Ağa Rza cavab verdi.

Mәn tәәccüblә soruşdum:

“Bәs nә yeyirlәr?”

Sәhәrdәn axşamadәk küçә-bazarı dolaşırlar, harada iki nәfәr dava elәsә, tutub fәrraşbaşının yanına aparırlar. Dava әhәmiyyәtsiz olarsa, iki tümәn fәrraşbaşı, beş qran naib, iki-üç qran da bu fәrraşlar alıb onların yaxasından әl çәkirlәr. Yaxın kәndlәrdәn şikayәtçi gәlsә, bu atlılardan bir-ikisi çapıb talamağa göndәrilir. Dava bir az böyük olarsa pişxidmәtlәrdәn biri, ya mehtәrbaşı, ya әslәhәdarbaşı, ya abdar, ya qәhvәçi o işә baş çәkmәk üçün göndәrilir. Onlar da әllidәn-yüzdәn şahzadәyә, on-on beş tümәn dә özlәri üçün cәrimә, peşkәş alırlar.

Bu sözlәri eşitdikdә mәn yerimdәcә qurudum. Doğrusu, sәyahәtimdәn peşman oldum. Öz-özümә dedim: "Kaş kor olaydım, bu vәziyyәti görmәyәydim, kar olaydım, bu sözlәri eşitmәyәydim. Min әzab-әziyyәt çәkdim, bu qәdәr pul xәrclәdim, özüm üçün qәribә bir bәlanı satın aldım!"

Mәktәbә gәlib çatdıq. Bu mәktәb Nәccәrabazardır. Tәxminәn otuz arşın boyu, on arşın eni olan böyük bir otaqda yüzdәn artıq mәsum uşaq toplaşıb oturmuşdu. Onlardan bәzisi quru torpaq üstә, bir parası keçә parçası, bir neçәsi hәsir vә ya kilim üstә oturub dәrs öyrәnirdilәr. Müәllimlәri әmmamәli qoca bir kişi idi. Mәktәbә daxil olub salam verdik, uşaqların sәs-küyü üzündәn müәllim bizim salamımızı eşitmәdi. Biz dә bir guşәdә oturduq. Axund soruşdu:

“Nә fәrmayişiniz var?”

Yusif әmi dedi:

“Mәn bu kişiyә yetmiş tümәn borcluyam. Xahiş edirәm mәnim tәrәfimdәn hәmin mәblәğә bu adamın adına bir höccәt yazasınız.”

“Çox gözәl,” -- dedi. -- “Adınız nәdir?”

“Әbdülqafardır,” -- deyә Yusif әmi cavab verdi.

“Bәs ağanın adı nәdir?”

“İbrahim bәydir.”

“Müamilә üçün girov vardırmı?”

“Bәli, evimi girov qoyuram.”

“Eviniz haradadır,” -- deyә axund soruşdu.

“Әrdәbildәdir,” -- deyә yenә Yusif әmi cavab verdi.

“Pulun müamilәsi nә qәdәr olacaq?”

“Ayda bir tümәn, özü dә altı ay müddәtinә.”

Axund vәsiqәni yazdı. Qurtarandan sonra bizim üçün oxudu. Çıxarıb on şahı verdim vә vәsiqәni aldım. Axund bizdәn razı qaldı. Dedim:

“Maşallah, şagirdiniz nә çoxdur?!”

“Bәli,” -- dedi. -- “Hәlә bunlardan әlavә, bir neçә nәfәr dә vardır. Ancaq bu gün gәlmәyiblәr.”

“Uşaqlar nә oxuyurlar,” -- deyә soruşdum.

“Bәzisi әlifba, bir parası Cüzvi-әmmә, bir neçәsi Qurani-mәcid. Bu sırada oturan böyüklәr "Gülüstan", "Bustan", Hafiz, xülasә, hәr şeydәn dәrs alırlar.”

Dedim:

“Axund ağa, Hafizin dәrsә nә dәxli var?”

Axund heyrәtlә soruşdu:

“Necә bәyәm? Hafiz Şirazinin dәrsә dәxli yoxdurmu?”

Dedim:

“Aydındır ki, Hafizin divanı tәsәvvüfә aid rәvan qәzәllәrdәn ibarәtdir. Oxuyanların әksәriyyәtinin onun mәnasını başa düşmәlәri çox çәtindir. Belә olduqda, başdan-ayağa zahirәn badә, saqi, mәhbub, aşiq, mәşuq vә eşqbazlıqdan bәhs edәn bir kitabdan uşaqlar nә xeyir görә bilәrlәr?”

Axund tәәccüblә soruşdu:

“Bәs sizin vilayәtiniz olan Әrdәbil şәhәrindә uşaqlara mәktәblәrdә nәdәn dәrs verirlәr?”



“Bizim vilayәtimiz Әrdәbil deyil,” -- dedim.

“Bәs haradır,” -- deyә soruşdu.

“Yer kürәsinin tamamilә başqa bir qitәsidir.”

Dedi:

“Onda sizin sözünüzdәn belә mәlum olur ki, Şiraz vә ya Bağdad tәrәfindәnsiniz.”

“Heç birisi deyil, Afrikadır,” -- dedim.

Axund dedi:

“Hesabla gәrәk Afrika Salmasın yaxınlığında ola.”

Gördüm müәllim doğrudan da çox "axunddur".

Dedim:

“Bәli, siz buyurandır. Amma siz gәrәk uşaqlara çoğrafiya vә hәndәsәdәn dә dәrs verәsiniz.”

Dedi:

“Hәndәsә nәdir?”

Dedim:

“Hesabı yaxşı bilirsinizmi? Bir yerin sahәsini tapa bilәrsinizmi?”

“Hesabı yaxşı bilirәm,” -- dedi. -- “Uşaqlara sәyaq öyrәdirәm. Özüm dә hәndәsәni bilirәm. Ancaq uşaqlara öyrәtmirәm.”

“Hesabın ilk mәrhәlәsi olan toplamanı vә bölmәni mәnә misalla göstәrin,” -- dedim.

“Nә yazım,” -- dedi.

Dedim:

“Yaz, min iki yüz otuz dörd.”

Belә yazdı:

1000200304.

Dedim:

“Cәnab axund, bu rәqәmlәr milyarddan da çox oldu.”



İstәdim uşaqlardan da bir şey soruşam. Daha artıq dilxorçuluğa sәbәb olacağımı düşünüb vaz keçdim. Oradan çıxıb, gәzә-gәzә Hacının evinә getdik. Dәstәmazımızı tәzәlәyәndәn sonra Hacının yanına gәldik. Gördük çayı hazırlayıb bizi gözlәyir.

“Yaxşı gәzdinizmi?” -- deyә soruşdu.

“Bәli!“ -- deyә cavab verdim.

Hacının oğlu Ağa Rza gülmәyә başladı. Hacı soruşdu:

“Rza, nә üçün gülürsәn?”

Rza dedi:

“Ağa, möhtәrәm qonaqlar qәribә adamlardırlar. Vilayәtin hakimini, fәrraşları vә atlıları ilә görüb onların "uzaqlaş, dayan, keç" demәlәrinә tәәccüb elәdilәr ki, görәsәn bu nә hәngamәdir. Daha bilmirlәr ki, o, şahzadәdir, hakimdir.”

Yazıq Hacı dәrindәn bir ah çәkib dedi:

“Elәdir, oğlum. Qonaqlarımız bu hәngamәlәrdәn görmәyiblәr. Bu bәdbәxtlik ancaq İrana vә iranlılara mәxsusdur. Yer üzünün heç bir nöqtәsindә hakimlәrin bu cür hakimiyyәti vә dәsgahı yoxdur. Hakimin ixtiyaratı vә mәhkumun vәzifәsi hәr yerdә müәyyәnlәşdirilmişdir. Tәkcә bizim İranda biz bәdbәxtlәr bir ovuc fironların vә nәmrudların hәvavü hәvәsinin әsiri olmuşuq. Onlar bizim malımız, canımız vә namusumuz haqqında nә kimi hökmlәr versәlәr icra olunar. Heç kәs dә onlardan bu haqda bir söz soruşa bilmәz vә onları heç bir mәqam mәsuliyyәtә cәlb edib cәzalandıra bilmәz. Bizim şikayәtimizә qulaq asan yoxdur. Sәsimiz bir yana çatmaz. Bu gün Hәbәş vә Sudan zәncilәri belә bu kimi zülmlәrdәn vә әsarәtdәn xilas olmuşlar. Onlar hәr cür bәşәri hüquqa malikdirlәr. Fәqәt biz biçarәlәrin boynunda olan әsarәt zәnciri gündәn-günә daha da möhkәmlәnir vә hüquqlarımızın dairәsi getdikcә daha çox daralır.”

Gördüm yazıq Hacının ürәyi mәndәn dә betәr doludur. Bir saat söhbәt etdik, yemәkdәn sonra Hacının nökәri fanar götürüb bizi mәnzilimizә çatdırdı. Sabahı gün Hacı bizim görüşümüzә gәldi. Çay içib, qәlyan çәkәndәn sonra qalxdı. Yenә dә bizi şama dәvәt elәdi, ancaq biz haman gecә yola düşmәli olduğumuza görә üzr istәdik. Hacı ilә vidalaşdıq. Gecәnin tәn yarısında oradan da hәrәkәt etdik. Bir neçә mәnzil gәldikdәn sonra Tehranın iki ağaclığında olan Xatınavaya çatdıq. Hesab elәdim gördüm düz otuz altı gündür ki, Mәşhәddәn çıxmışıq. Bu mәsafәni dәmir yolu ilә üç sutkada tam rahatlıq vә az xәrclә getmәk olar. Hayıf ki, iranlılar bu böyük nemәtdәn dә mәhrumdurlar. Allah özü onların halını görüb rәhm elәsin!

Sәhәrә yaxın oradan da çıxdıq, gәlib şәhәrә çatdıq. Hacı Hüseyn cilovdardan soruşdum:

“Biz harada mәnzil tutsaq yaxşıdır?”

Dedi:

“Hacı Mәhәmmәdhәsәn karvansarasının dalandarı mәnim dostumdur. Sizi oraya apararam. Özü dә yaxşı adamdır, tapşıraram sizә gözәl qulluq elәr.”

Biz birbaşa haman karvansaraya getdik. Bizim üçün bir hücrә boşaltdı. Hacı Hüseyn cilovdar bizi oradakılara tapşırıb getdi. Әl-üzümüzü yuyub, yolun toz-torpağından tәmizlәndik. Dalandar samovar gәtirdi, çay içdik. Yusif әmi dedi:

“Hamama gedәk.”

Dedim:

“Mәşhәddәki hamamı görәndәn sonra mәn özümә söz vermişәm ki, bir daha İranda hamama getmәyim.”

Yüsif әmi dedi:

“Bura Tehrandır, islamın böyük şәhәri vә paytaxtıdır. Ola bilsin ki, hamamları Mәşhәd hamamları kimi olmasın.”

“Onda bu gün sәn get, suyu tәmiz bir hamam olarsa sabah bәrabәr gedәrik,” -- dedim.

Yusif әmi fitә-qәtifә götürüb, dalandarın göstәrdiyi hamama getdi. Mәn dә әbamı başıma çәkib yatdım. Bir vaxt gördüm Yusif әmi mәni oyadır.

Dedim:

“Hamam necә idi?”

“Buranın da hamamlarının suyu qoxumuşdur. Ancaq kiçik bir xәznәsi var, onun içinә girmirlәr. Әgәr istәsәniz oradan tәmiz su gәtirib kisә çәkdirә bilәrsiniz.”

“Çox gözәl, sabah gedәrik,” -- dedim.

Dalandarı çağırıb adını soruşdum. Dedi:

“Adım Mәşәdi Abdulladır.”

“Bizә bir yaxşı çilovpәz dükanı göstәrin,” -- deyә ondan xahiş elәdim.

Dedi:

“Bu bazardan düz gedin, bir az aşağıda üzbәüz iki dükan var. Sağ әldәki yaxşı, tәmiz, qaydasında olan dükandır.”

Baxıb gördüm bu mәmlәkәtdә daima bir bәlәdçiyә vә yol göstәrәnә ehtiyacımız var. Ancaq nә elәyәsәn, belә bir adamı haradan tapasan? Bu fikir-xәyalla gedirdim. Birdәn yol üstündә avropalı bir adamın bir iranlı ilә rastlaşdığını gördüm. Onlar ingilislәrә mәxsus tәrzdә görüşdülәr. İranlı ingiliscә elә rәvan danışırdı ki, sanki heç iranlı deyil, әsil ingilisdir. Lap mәәttәl qaldım. Mәnim orada olduğumu duymasınlar deyә, özümü bir tәrәfә verib guya bir işlә mәşğul kimi göstәrdim. Onların söhbәtinә qulaq asmağa başladım. İranlı soruşdu:

“Necә oldu?”

İngilis cavab verdi:

“Düzәldi. Otuz min tümәn sәdr-әzәmә....”

Şahın özünә verilәn mәblәği dә söylәdi, ancaq sözlәrini düzgün tuta bilmәdim. Sonra әlavә etdi:

“Sabah qibleyi-alәm dә qol çәkәcәkdir.”

Onlar aralandılar. İngilis getdi. Mәn diqqәtlә ona baxıb düşünürdüm: "Әcәba, görәsәn bu iranlı ingilis dilini bu dәrәcәdә mükәmmәl şәkildә harada öyrәnibdir?" Sanki o da mәnim könlümdәn keçәn sualı duymuşdu. Mәnә tәrәf yönәlib soruşdu:

“Nә üçün mәnә belә heyran-heyran baxırsan?”

“Heyran olmağımın sәbәbi sizin ingilis dilindә bu qәdәr gözәl danışmağınızdır,” -- dedim. -- “Çox xoşum gәldi.”

“Mәgәr siz dә fransız dilini bilirsiniz?” -- deyә soruşdu.

“Az-maz bilirәm,” -- dedim.

İngiliscә suallar verdi. Cavab verdim. O da mәnim ingiliscә bildiyimә görә tәәccüblәndi.

“Hara gedirsiniz?“ -- dedi. Dedim:

“Nahar elәmәk üçün bir çilovpәz dükanı axtarırıq.”

“Elәdә gәrәk mәnә qonaq olasınız.”

Mәn onun tәklifini qәbul elәmәdim:

davamı

Günün bütün mövzuları

XS
SM
MD
LG