Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:14

Ramil Rahiboğlu "Quran" (Hekayə)



I (Metamorfoza)

“Özünü müdafiədə, məcburi yalanda nəsə gizli bir həzz, fərəh doğuran mistik bir şey var: o, fərdi xilas etməyə yönəlir. Bütün yalanlar ehtiyacdan doğur...”
(Fridrex Nitsşe)


Birinin adı Caviddir, o birinin isə - Cahid. Əkizdirlər. Birinin adı fars adıdır, o birininki isə - ərəb. Birinin adının mənası “bilikli” deməkdir, o birinin isə - “əbədi, daim”.

***

2007-ci il idi... Ali Məktəbə qəbul imtahanına hazırlaşırdılar. Amma buna baxmayaraq, namaz qılmağa da vaxt tapırdılar.

Onlar elə hesab edirdilər ki, valideynləri də inanclıdırlar.

Elə bu səbəbdən, hər dəfə, nənəsinin qardaşı oğlu – Kamillə mübahisə edirdilər.

Kamil onlara deyirdi ki, sizin valideynləriniz SSRİ-də ateizm tərbiyəsi görmüş adamlardır, onlar da deyirdi ki, noolsun, indi ki, müstəqil dövlətdə yaşayırıq...

***

Nəsə... Vaxt keçdi, vədə gəldi – bunlar ali məktəbə imtahan verdilər.

Elə həmən gündə də internetdə sualların düzgün cavabları elan olundu. Qohumlar yığışdı – başladılar hesablamağa.

Nəticələr şok oldu: demə, keçid balından az bal toplayıblarmış. Vəssalam, anası başladı, nə başladı: “Siz əkiz deyilsiniz e…

Öküzsünüz… öküz!.. Bilirsiniz nə qədər pul tökmüşəm müəllimlərə?!

Bilirsiniz?!. Niyə hazırlaşmamışdınız düzəmməlli?! Hə?! İndi mən qohumların üzünə necə baxacam?!.

Sizi görüm elə...”

Əkizlər isə Kamilin yanında çıxılmaz duruma düşmüşdülər: çünki anasının allaha, qismətə, taleyə, alın yazısına inandığını söyləmişdilər ona.

Kamil isə bu metamorfozaya heç təəccüblənməmişdi. Amma əkizlər çox məyus olmuşdular. Buna görə də anasını sakitləşdirməyə çalışırdılar: “Ana, qismət belə imiş də.

Alın yazımız belədir, nə edək?!”

Kamil bu sözləri eşidcək düşünürdü ki, həqiqətən, bu zavallılar özlərinə başqa nə cür bəraət qazandıra bilərdilər axı?!

Deyəsi idilər ki, imtahana yaxşı hazırlaşmamışdıq?! Əşşi, nəylərinə lazımdır axı?!

Elə hazır bəhanə var daa: “ALIN YAZISI”. Bütün məğlubiyyətlərini yükləyirsən allahın belinə, vəssalam.

Deyirəm, yazıq allah, gör nə qədər ittihama məruz qalır...

Sonradan məlum oldu ki, qohumlar hesablama qaydasına düzgün riayət etməyiblər – buna görə də belə nəticə alınıb.

Əkizlərin balları təzədən hesablandı və məlum oldu ki, qəbul olunacaqlar.

Hamı sevindi. Sevincindən qışqıran kim, çay gətirən kim, konfet verən kim, şəkil çəkdirən kim!..

Anası isə deyirdi: “Qurban olum allaha, deyirdim axı!.. Mənim balalarımın alın yazısında bu var!..”.

II (Fitva)

“... bu gün artıq dərk etmək zamanıdır ki, nə teoloq, nə keşiş, nə də papa vəd etdikləri ilahi kəlamla nəinki səhvə yol verir, həm də yalan danışırlar – daha “günahsızlıqdan”, yaxud cəhalətdən yalan danışıb-danışmamaq şəxsən onun ixtiyarında deyil. Adi adamlar kimi keşiş də yaxşı bilir ki, “Allah” deyilən bir şey yoxdur – “günahkar”, “xilaskar”, “mənəviyyat qanunları” da əslində uydurmadan başqa bir şey deyildir.”
(Fridrex Nitsşe)

Dindar idi. Mənim kimi qatı ateistlə mübahisəsi olardı.

Deyərdi ki, televiziyada göstərilən erotik filmlərə, açıq-saçıq səhnələrə, axmaq verilişlərə baxmaq günahdır. Mən də deyərdim ki, heç bir din XXI əsrin tələblərinə cavab vermir.

Son günlər bu barədə çox mübahisə edərdik. Son dəfə baş verən mübahisəmiz isə “yaratmaq” sözü üstündə düşdü.

Deyirdi ki, yeganə yaradan Allahdır, allahdan başqa yaradan yoxdur.

Yeni il idi... İctimai Televiziyada “İstehlakçının Dəyərli Vaxtı” İntellektual Verilişi gedirdi. Baxdım gördüm finala keçib.

Final sualı isə belə idi: “Filosoflardan biri demişdi: “Sənədli filmin rejissoru allahdır. Bəs bədii filmin allahı kimdir?””. Bir az düşünüb cavab verdi: “Bədii filmin allahı (yaradanı) rejissordur!”

III (ÇAT)

İnsanın ən çox istifadə etdiyi yalan onun öz-özünü aldatdığı yalanlardır. Başqalarına yönəlmiş yalan bunların yanında heç nədir.
(Fridrex Nitsşe)


- 15+6=?

- 21

- 3+56=?

- 59

- 89+2=?

- 91

- 12+53=?

- 65

- 75+26=?

- 101

- 25+52=?

- 77

- 63+32=?

- 95

- 123+5=?

- 128. Hə, noolsun?!

- Ürəyində bir alət və bir rəng adı fikirləş! Tez!

- ...

- Fikirləşdin?

- Hə

- Qırmızı çəkic. Düzdü?

- Hə.

- Səncə, niyə elə cavab verdin?

- Ola bilsin, qırmızı rəng əsəb simvoludur – psixoloji olaraq suallara tez-tez cavab verməyim əsəb yarada bilər. Həm də çəkic SSRİ-nin gerbindəki simvollardan biri idi. Bütün bunlar da bizim beynimizə həkk olunub.

- Boş-boş danışma yenə! Beyin kiçik bir ət parçasıdır. Bu, allahın möcüzəsidir!

IV (Odda yanmaz, suda batmaz)


Heç kim fəlakətə düşmüşlər qədər yalana meylli olmur. Müqəddəs yalanı doğuran səbəb də amirlik iradəsidir.
(Fridrex Nitsşe)


Aprelin 15-i səhər saatlarında Mingəçevir şəhərində yaşayış evi yanıb. Yanğın Mingəçevir kəndində qeydə alınıb.

Xəbərlərə görə, yanğın nəticəsində kənd sakini, 1970-cı il təvəllüdlü Sahib Mikayılova məxsus bir mərtəbəli yaşayış evi yanıb.

Yanğın baş verən zaman evdə heç kim olmayıb. Bu səbəbdən xəsarət alan olmayıb.

Qonşular dərhal Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinə yanğın barədə məlumat veriblər. Alovun söndürülməsinə iki yanğınsöndürən maşın cəlb olunub.

Yaşayış evinin 60 kvadratmetrlik hissəsi tamamilə yanaraq külə dönüb. Evin müqəddəs Quran kitabı və dini əşyalar olan hissəsinə isə heç bir zərər dəyməyib.

Ev sahibləri müqəddəs kitabın yanmamasını Allah möcüzəsi hesab edir.

***

- Alo, salam. Xəzər Televiziyasıdır?

- Bəli.

- Bizim evdə yanğın olub. Bütün evimiz yanıb. Bir dənə kitab yanmayıb, vəssalam!
- Yəqin, yanmayan kitab – müqəddəs Qurani-Kərimdir!

- Əşşi, yox e, uşağın nağıl kitabıdır!

- Ee... Biz də dedik nolub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG