Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:29

Dövlət Departamenti qadın və uşaqlar haqqında


Azərbaycan qanunvericiliyi irqi, cinsi, əlilliyə, dil və ya sosial statusa görə, ayrıseçkiliyi qadağan etsə də, hökumət təcrübədə hər zaman bu qadağalara hörmət etmir. Ya da onu səmərəli həyata keçirmir.

QADINLAR


Zorlama qeyri- qanuni hərəkətdir və maksimum 15 il azadlıqdan məhrum etmə nəzərdə tutulur. 2009-cu il ərzində hökumət 35 zorlama hadisəsini qeydə alıb.
Zorlanma qurbanlarının çoxu onlara hücum edənləri tanısa da, qorxduqlarından, həm də abır-həya etdiklərindən insident barədə məlumat vermirlər.

Azərbaycanda qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı problem olaraq qalmaqdadır. Kənd yerlərində isə qadınların yardım alması az qala mümkünsüzdür.

Məişət zorakılığı və zorlanma qurbanları üçün dövlətin maliyyələşdirdiyi proqram yoxdur. Bakıda Sülh və Demokratiya İnstitutu yanında Qadın Krizis Mərkəzi qadınlara pulsuz tibbi, psixi və hüquqi yardım göstərir. Mərkəz həmçinin beynəlxalq donorların maliyyəsi ilə cinsi zorakılıqla və Qafqaz regionunda insan alveri ilə mübarizəyə dair layihələrdə işləyib.

Qanun seksual istismarı qadağan etsə də, hökumət nadir hallarda qadağanı həyata keçirib. Bu cür şikayətləri qəbul edəcək konkret təşkilat da yoxdur.

Cütlüklərlərin ailə planlaşdırması, uşaqların sayı ilə bağlı sərbəst qərar vermək hüquqları var. Mayalanmaya qarşı vasitələr olsa da, demoqrafik təhlillər onlardan istifadənin zəif olduğunu göstərib. Beynəlxalq təşəkilatların 2008-ci ilə aid məlumatına görə, Azərbaycanda hər 100 min doğuşa təxminən 38 ana ölümü düşür.

Qadın və kişilərin cinsi yolla keçmiş infeksiyalar, o cümlədən HİV-lə bağlı müalicəyə bərabər çıxışları var. Bununla belə mədəni, tarixi, social-iqtisadi amillərə əsaslanan patriarxal normalar bəzi hallarda qadınların reproduktiv hüquqlarını məhdudlaşdırıb.

Qadınlar yüksək vəzifələrdə çox az təmsil olunub. Yerli QHT-dən biri qadınların əmək haqqının kişilərin maaşının 70 faizini təşkil etdiyini qeyd edib.

UŞAQLAR

Qanun hökumətdən uşaqların təhsil və səhiyyə hüquqlarını qorumağı tələb edir. Təcrübədə isə hökumət proqramları bu hüquqları zəif təmin edir. Təhsil icbari, azad olsa da yoxsul kənd yerlərində böyük ailələr çox zaman oğlan övladlarının oxumasına üstünlük verir. Qızları isə məişət işləri üçün evdə saxlayırlar. Bəzi kasıb ailələr övladlarını məktəbə qoymur, işləməyə, dilənməyə məcbur edir.

Küçə uşaqları ilə bağlı vəziyyəti öyrənən QHT bildirir ki, dilənçilik və fahişəliyə cəlb olunan oğlan və qızlar müəllimin aylıq maaşından 3 dəfə artıq pul qazanır.

Digər tərəfdən məktəblərdə hicab qadağasına qarşı valideynlər etiraz əlaməti olaraq qızlarını məktəbə getməyə qoymayıb.

Daxili İşlər Nazirliyi uşaqların zorlanması və cinsi istismarı ilə bağlı statistikanı ərzində açıqlamayıb. Cinsi istismara məruz qaldığı müəyyən edilən 3 nəfərin yaşı 18-dən az olub.

Beynəlxalq və yerli QHT-lər erkən nikahların artdığını, problemin cənubdan şimala bütün ölkə boyu yayıldığını qeyd ediblər.

Qadınlar arasında Sosial Həmrəylik Birliyi kənd yerlərində qızların 8-ci, 9-cu siniflərdə ailə qurduğunu qeyd edib. Birlik iş axtarışı ilə xeyli sayda kişinin Rusiyaya getdiyini, azyaşlı həyat yoldaşlarını Azərbaycanda qoyduğunu yazıb.

Uşaq pornoqrafiyası qanunla qadağandır. Bu cür materialların istehsalı, yayılması və ya reklamına görə, 3 ildən 5 ilə qədər həbs cəzası gözləyir. Əgər pornoqrafik materialları uşağın valideynləri və ya müəllimləri, digər pedaqoqlar hazırlayıbsa cəza 4 ildən 7 ilə qədər artır.

Yerli QHT-nin məlumatına görə, polis tərəfindən fərdlərə qarşı cinsi zəmində çoxsaylı zorakılıqlar törədilib. Rəsmilər insidenti araşdırmayıb və təsirkarları cəzalandırmayıb. Əsas da ona görə ki, qubanlar social stiqmaya görə, şikayət verməkdən çəkiniblər.

İl ərzində lezbian, qey, biseksual və transslar də təqib olunmaqdan qorxaraq hüquq mühafizə orqanlarından rəsmən şikayət etməyiblər.

2009-cu ildə polis 4 dəfə cinsi azlıqların toplaşdığı məkana reyd edərək, 50-ə yaxın adamı həbs edib. Polis bəzən cinsi azlıqları ifşa edəcəyi ilə hədələyərək onlardan rüşvət alıb. İnsan haqları müvəkkilinin offisi bu insidentləri həll etmək üçün müdaxilə edib.
XS
SM
MD
LG