Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:34
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) bildirir ki, Xankəndidə aeroportun açılması Azərbaycanla razılaşdırılmadır.

Təşkilatın mətbuat katibi Denis Şanyon Ermənistanın “Mediamax” agentliyinə müsahibəsində bildirib ki, bu məsələ Azərbaycanla Ermənistan arasında ikitərəfli qaydada həll olunmalıdır.

O, Azərbaycanın hava məkanını pozacaq hava gəmilərinin vurulması məsələsini şərh edərkən deyib ki, İCAO-nun nizamnaməsinə görə saziş bağlayan dövlətlər bir birinin mülki təyyarələrinə qarşı silahdan istifadədən çəkinməlidirlər.

Bununla belə o qeyd edib ki, saziş bağlayan dövlətlərin hər biri öz ərazisi üzərindəki hava məkanında tam və müstəsna hüquqa malikdirlər.

Bu yaxınlarda Azərbaycan tərəfi Xankəndi hava limanının açılması məsələsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına rəsmi məktub göndərmişdi.

İqtidar yönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesab edir ki, bu istiqamətdə Azərbaycanın tutduğu mövqe düzgündür və bu siyasət davam etdirilməlidir.

“AZƏRBAYCANIN ORTAYA QOYDUĞU İRADƏ DAVAM ETDİRİLMƏLİDİR”

“Son vaxtlar Xankəndində hava limanının açılması ilə bağlı bir gərginlik yaşandı. Azərbaycan dövlətinin ciddi fəaliyyəti nəticəsində bu məsələlərə aydınlıq gətirildi və müvəqqəti olaraq hava limanının açılması dayandırıldı. Düşünürəm ki, Azərbaycan dövlətinin bu istiqamətdə ortaya qoyduğu iradə davam etdirilməlidir və heç bir halda Xankəndində Ermənistanın müxtəlif məqsədlər üçün istifadə edə biləcəyi hava limanının açılmasına imkan verilməməlidir”.

Bu Fəzail Ağamalının parlamentin son iclasındakı çıxışından idi.

Əslində Xankəndi aeroportu Dağlıq Qarabağın Xocalı şəhərində yerləşir. Azərbaycan tərəfi həmişə onu Xocalı aeroportu adlandırıb. İndi də Azərbaycan parlamentində Dağlıq Qarabağı təmsil edən deputatlar onun başqa cür adlandırılmasının əleyhinə çıxırlar.

MİLLİ QƏHRƏMAN ƏLİF HACIYEV


1992-ci ilin fevralın 25-də - yəni Xocalı şəhəri işğal ediləndə, Azərbaycan tərəfi bu strateji obyekti öz nəzarətində saxlamaq üçün böyük itkilər verib. Xocalı aeroportunun komendantı, milli qəhrəman Əlif Hacıyev də öz yoldaşları ilə birlikdə oranı tərk etməyib, qeyri bərabər döyüşdə həlak olublar. O vaxtdan bu hava limanı istifadəsiz qalmışdı. Bu il mayın 9-da Şuşanın işğalı günü (Ermənistan tərəfi bu tarixi Şuşanın azad olunması günü adlandırırlar) tanınmayan Dağlıq Qarabağ respublikasının rəhbərliyi aeroportun açılışını edəcəkləri barədə məlumat yaymışdılar. Sonra Azərbaycan tərəfi ora enəcək təyyarələri vuracağını bildirmişdi.

Konfliktoloq Arif Yunus deyir ki, bir vaxtlar Azərbaycanla tanınmamış Şimali Kipr Türk Respublikası arasında hava reysləri açılmışdı. Azərbaycandan ora bir təyyarə uçuşu da oldu. Ancaq sonra beynəlxalq qurumlar bunun qeyri qanuni olduğunu izah edərək rəsmi Bakını bu addımdan daşındırdılar. İndi yenə də Şimali Kiprə getmək istəyənlər Bakıdan İstanbula uçub, oradan mənzil başına yollanırlar.

Arif Yunusun hesab edir ki, bütün bunlardan sonra beynəlxalq aləmin Xankəndində hava limanının açılması məsələsinə fərqli mövqe nümayiş etdirməsi mübahisə yarada bilərdi.

“DEMƏLİ UÇUŞLAR DA OLA BİLMƏZ”

“Əgər Beynəlxalq Mülki Aviasiya Təşkilatı indiki situasiyada o vaxtkı reaksiyanı təkrar etməsəydi, onda Azərbaycan buna aydınlıq gətirilməsini istəyə bilərdi. İndi onlar açıq şəkildə bildirdilər ki, hər şey qanuni şəkildə olmalıdır. Xankəndi hava limanının fəaliyyəti üçün ilk öncə bu qurum müstəqil dövlət kimi tanınmalıdır. Əgər bu məsələ hüquqi baxımdan həll edilmirsə, deməli uçuşlar da ola bilməz”

Arif Yunus hesab edir ki, bu məsələyə Azərbaycan haqlı reaksiya verib. Özü də bu Ermənistana yox, beynəlxalq aləmə yönəlik bir reaksiya idi. Arif Yunusun fikirincə Ermənistan bu hava limanını açmaqla dünyaya Dağlıq Qarabağın müstəqil dövlət olduğunu göstərmək istəyirdi. Azərbaycana isə beynəlxalq ictimaiyyətə bunun əksini sübut etmək qalırdı.

Arif Yunus
Tanınmamış Dağlıq Qarabağ respublikasının hökuməti yanında mülki aviasiya idarəsinin rəisi Dmitri Atbaşyan Stepanakert aeroportu adlandırdıqları bu abyektin açılışının təmir, quraşdırma işləri ilə əlaqədar təxirə salındığını bildirir. Ermənistanın “Panarmenian.net” agentliyinə aprelin 12-də verdiyi açıqlamada Atbaşyan bildirib ki, açılış yayın ortalarında olacaq. Hələlik isə deməsinə görə, ona tələsməməyi və hava limanının uçuş zolağını daha keyfiyyətli vəziyyətə gətirməyi tapşırıblar.

Rusiya jurnalisti və politoloqu Yevqeni Kriştalev isə istisna etmir ki, (“Vestnik kavkaza” qəzeti) Xankəndi hava limanının açılışının təxirə salınması beynəlxalq qurumların bu məsələyə göstərdiyi münasibətlə bağlıdır. Onun sözlərinə görə, İCAO üçün bu yeni bir situasiya deyil və onun çözülməsinin də dəqiq qaydaları mövcuddur. Belə ki, avia əlaqələrin qurulması üçün marşrutun İCAO çərçivəsində təsdiqlənməsi və bu ərazilər üzərində suveren hüquqlara malik olan Azərbaycanın razılığını almaq zəruridir. Onun fikirincə belə bir razılığı isə Bakıdan yalnız o halda almaq mümkündür ki, Ermənistan Qarabağ nizamlamasına dair yol xəritəsi çərçivəsində irəliyə addımlar atsın və Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxartsın.

Arif Yunus isə deyir ki, hazırda Türkiyədən Şimali Kiprə və Şimali Kiprdən Türkiyəyə edilən qeyri rəsmi uçuşlar gələcəkdə Yerevanla Xankəndi arasında da gerçəkləşə bilər. Amma bu xəlvət uçuşlar olacaq və heç bir beynəlxalq əhəmiyyətə malik olmayacaq.
XS
SM
MD
LG