Keçid linkləri

Təcili xəbərlər

BDU-dan qovulan tələbələr


Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı təhsil aldığı Bakı Dövlət Universitetindən xaric olunub. Bununla bağlı aprelin 6-da əmr verilib.
Gənc fəalın anası Başxanım Abbaslı oğlunun universitetdən xaric olunma xəbərini aprelin 11-də mediadan eşitdiyini deyir.

MARTIN 12-DƏ VƏ APRELİN 2-DƏ İMTAHAN...


«Mənim heç nədən xəbərim yoxdur. Dünən mənə dedilər ki, media Turalın imtahanlardan kəsiri olduğuna görə universitetdən xaric olunduğunu yazıb. Tural bir kəsirini düzəltmək üçün martın 6-da imtahan verdi. İkinci imtahanı martın 12-də, üçüncüsü isə aprelin 2-də idi. Amma Turalı həmin günlərdə polis saxlamışdı. Yəni, Tural polisin onu qeyri-qanuni saxlaması səbəbindən imtahanlarda iştirak edə bilməyib».

Xatırladaq ki, martın 12-də Müsavat partiyasının, aprelin 2-də isə müxalifətin İctimai Palatası etiraz aksiyası keçirib. Həmin gün bir neçə gənc kimi Tural Abbaslı da səhər saatlarında polis tərəfindən saxlanılmışdı.

«TURAL SİYASİ FƏALLIĞINA GÖRƏ UNİVERSİTETDƏN XARİC OLUNDU»


Tural Abbaslı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin magistratura dərəcəsi üzrə ikinci kurs tələbəsidir. Onun barəsində müxalifətin 2 aprel mitinqindən sonra iki aylıq həbs qətimkan tədbiri seçilib.

Başxanım Abbaslı iddia edir ki, oğlunun universitetdən xaric olunması ilə bağlı əmr Turalın aktiv siyasi fəaliyyəti ilə bağlıdır.

«Tələbənin siyasi fəaliyyəti, başqa partiyada fəallığına görə universitetdə heç bir müəllim, heç bir şəxs ona bir irad tutmayıb, heç tuta da bilməz. Yəni, qətiyyən, bu tələbənin siyasi fəaliyyəti ilə tədris göstəriciləri arasında heç bir əlaqə yoxdur».

ÜÇ KƏSİR, 100 SAAT QAİB, 8 AY ÖDƏNMƏYƏN TƏHSİL HAQQI


Bunu BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə deyir. O, Tural Abbaslının universitetdən siyasi fəaliyyətinə görə xaric olunmasını qeyri-mümkün hesab edir:

«Tural Abbaslının jurnalistika fakültəsinin magistr sırasından xaric olunması universitet daxili nizam-intizam qaydalarına riayət etməməsi və qoyulmuş normadan artıq kəsirin olması ilə bağlıdır. Üç imtahandan kəsirin olması və aprel ayı da daxil olmaqla ötən ilin sentyabr ayında ödənilməsi nəzərdə tutulan təhsil haqqının hələ də ödəməməsi nəticəsində universitetin daxili qayda-qanunlarına əsasən o, universitetdən xaric olundu».

UNİVERSİTETDƏN DAHA BİR TƏLƏBƏ QOVULDU


Aprelin 12-də BDU-nun daha bir, tarix fakültəsinin 3-cü kurs tələbəsi, İctimai Palataya daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Cavid Mehrəliyev universitetdən xaric olunub. 5 aprel 2011-ci il tarixli əmrdə C. Mehrəliyevin çoxlu sayda dərs buraxması səbəbindən universitetdən xaric olunması göstərilib. Tələbə isə deyir ki, onu müxalifətin mitinqlərində iştirak etdiyi üçün qovublar:

«Əmr mənə bu gün (aprelin 12-də) verilib. Ancaq əmrin tarixi 5 aprel göstərilib. 5-də mən dərsə gəlmişəm. Dərsdə ola-ola mənə qaib yazıblar. Əgər 5-də xaric olunsaydım, jurnalın qarşısına yazardılar ki, xaric olunub. Jurnalda adımın qarşısına xaric olunmağım haqqında bu gün yazıblar. Universitetin qaydalarına görə, qaib 100 saata çatanda xəbərdarlıq olunmalıdır. Ancaq mənə heç bir xəbərdarlıq edilməyib. Yalnız həbsdən çıxandan sonra məni rektorluğa çağırıb, əvvəlcə qovulacağım barədə hədə-qorxu gəliblər. Məni çağırıb bu qədər qaibin olmasının deyilməsi təsadüfi deyil»

Cavid Mehralıyev
müxalifətin 2 aprel aksiyasında 3 sutkalığa saxlanıb.

«ƏMRİN TARİXİNİN NƏ AİDİYYATI VAR Kİ?»


BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyir ki, Cavid Mehrəliyev 2009-2010-cu tədris ilində də 132 saat dərs buraxdığı üçün kursda qalıb. Bu ilki tədris ilində isə 158 saat dərs buraxdığı üçün universitetdən xaric olunub.

-Bu tələbə bilmir ki, dərsə gəlmirsə ona qaib düşür? Onun universitetdən xaric olunması barədə əmr verildiyi halda nəyə görə, dərslərə gəlir ki?

- Deyir ki, xəbəri olmayıb. Əmr ona aprelin 12-də təqdim olunub.

- Onun nə aidiyyatı var ki? Bu tələbə ümumiyyətlə problemli tələbədir. 2009-2010-cu tədris ilində də məhz qaib məsələsinə görə kursda qalmışdı. Bu indinin problemi deyil. İndi də fevral-mart aylarında 158 dərs buraxdığına görə, kursdan xaric olunub.

BDU REKTORUNUN ƏMİNLİYİ...

Bu il martın 11-də BDU-nun rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında demişdi ki, BDU-nun bütün müəllim və tələbə heyəti mitinqlərlə bağlı çağırışlara rədd edir.

“Heç bir mitinqdə bizim universitetdən bir kəs belə iştirak etməyəcək. Bunu bizim tələbələrimizin bizə müraciəti əsasında əminliklə deyirəm".

«BELƏ ÇIXIR Kİ, TƏLƏBƏLƏRİN 50-60 FAİZİ UNİVERSİTETDƏN QOVULMALIDIR»

XXI Əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev hesab edir ki, kəsir və qaiblər məsələsinin sessiya dövründən sonra üzə çıxması və tələbələrin universitetdən xaric olunması onların birbaşa siyasi fəallığı ilə bağlıdır.

«Bu hadisələr mart-aprel ayına təsadüf edib və həmin aylar sessiya dövrü deyil. Birdən-birə kiminsə neçə qaibinin, neçə kəsirinin olmasının üzə çıxarılması və kiminsə universitetdən xaric olunması bu məsələyə qərəzli münasibətin olduğunu sübut edir. Bizim gəldiyimiz qənaətə görə, hazırda universitet tələbələrinin 50-60 faizdən çoxunun 2-3 kəsiri var. Belə çıxır ki, onlar da ali məktəbdən xaric olmalıdılar».

Etibar Əliyev
TƏK YOL- MƏHKƏMƏLƏRƏ ÜZ TUTMAQDIR


Etibar Əliyev deyir ki, həmin tələbələr sona kimi mübarizə aparsalar, məhkəmə yolu ilə universitetə bərpa olunmaq hüquqları var.

Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunan tələbə Elmin Bədəlovun universitetə qarşı qaldırdığı iddia bir ildən artıqdır məhkəmə çəkişməsindədir. Elmin Bədəlov bildirirdi ki, ADNA-da baş verən korrupsiya halları ilə bağlı məqaləsindən və 30 aprel ADNA hadisələri ilə bağlı etiraz aksiyalarında iştirakı etdikdən sonra oxuduğu ali məktəbdən qovulub.

ABŞ Dövlət Departamentinin İnsan Haqları hesabatında da qeyd olunur ki, hökumət bəzi hallarda akademik azadlığı məhdudlaşdırır. Bəzi yerli müşahidəçilər dövlət xəttiylə xaricə göndərilən tələbələrin seçimində ayrı-seçkilikdən narahatdırlar. Hökumətsə bildirir ki, proses şəffafdır və siyasi mənsubiyyət bu seçimdə rol oynamır.

Hesabatda o da vurğulanır ki, müxalifət üzvləri məktəb və universitetlərdə iş tapmaqda çətinlik çəkirlər. Son illər ərzində dövlət təhsil müəssisələrində dərs deyən tanınmış müxalifətçilər işdən çıxarılıblar.
XS
SM
MD
LG