Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:38

XİN Avropa Birliyinə etiraz edib


Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Xarici İşlər Nazirliyinə dəvət olunub. Ona Avropa Birliyinin Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair bəyanatı ilə bağlı Azərbaycan hökumətinin narazılığı və təəssüfü çatdırılıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov:

«Biz hesab edirik ki, bu bəyanat qeyri- obyektivdir. Yanlış məlumatlar əsasında tərtib edilib, reallığı əks etdirmir. Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərin ruhuna uyğun olmadığını da qeyd etmişik. Azərbaycan dövləti üzv olduğu beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri həmişə yerinə yetirib və bunu davam etdirir».

Avropa Birliyinin Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair bəyanatı aprelin 7-də ATƏT-in Daimi Şurasının iclasında səsləndirilib.

Bəyanatda Azərbaycanda fundamental azadlıqlara hörmətlə yanaşma sahəsində çatışmazlıqların davam etməsindən, Bakıda aprelin 2-də keçirilən dinc nümayişin dağıdılmasından, xeyli iştirakçının saxlanmasından və lazımi hüquqi müdafiə olmadan dərhal inzibati cəzaya məhkum edilməsindən narahatlıq bildirilib.

Bəyanat müəllifləri Azərbaycanı jurnalistlərin sərbəst fəaliyyət göstərməsinə zəmanət verməyə, təhlükəsiz şəraitdə işləmələrinə şərait yaratmağa, demokratik islahatları davam etdirməyə çağırıb.
XS
SM
MD
LG