Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:33

Pentaqon rəsmisi Bakıya niyə gəldi?


Aprelin 12-də ABŞ-ın Təhlükənin Azaldılması Üzrə Müdafiə Agentliyinin rəhbəri Ken Mayersin Azərbaycana rəsmi səfəri başlayıb. Bir günlük səfər çərçivəsində Pentaqon rəsmisi Bakıda Müdafiə Nazirliyi üçün dəyəri 1 mln dollardan artıq olan laboratoriyanın açılışında iştirak edib. Səfərin digər detalları barədə məlumat verilmir.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, epidemioloji xəstəliklərin monitorinqinin aparılması üçün tikilən laboratoriya ABŞ Müdafiə Departamentinin Bioloji Birgə İştirak Proqramının iki tərəfli əməkdaşlıq çərçivəsində ABŞ hökuməti tərəfindən maliyyələşdirilib.

ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİNİN RƏMZİ


Açılışda iştirak edən ABŞ səfiri Matthew Bryza laboratoriyanı ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin rəmzi adlandırıb. Və bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanda səhiyyənin gücləndirilməsi sahəsində azərbaycanlı tərəfdaşlarına dəstək verməyə hazırdır.

Səfirlik bildirir ki, indiyə kimi ABŞ-Azərbaycan əməkdaşlığının nəticəsi olaraq Dövlət Baytarlıq Xidməti, Səhiyyə və Müdafiə Nazirlikləri üçün Azərbaycanın müxtəlif yerlərində 10 Epidemioloji Monitorinq Stansiyaları tikilib.

Pentaqon rəsmisinin laboratoriyanın açılışından başqa hansı dövlət məmurları ilə hansı məsələləri müzakirə etdiyi açıqlanmasa da, bildirilir ki, səfərdə məqsəd təhlükəsizlik hədələrinə müqavimət göstərmək sahəsində Azərbaycanla ABŞ arasında əlaqələrin möhkəmləndirilməsidir.

PENTAQON RƏHBƏRİNDƏN SONRA...


Ancaq yerli politoloqlar bu səfərin əhəmiyyətli olduğunu düşünürlər. «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, uzun müddətdir Pentaqondan belə yüksək rütbəli şəxs Azərbaycana gəlməyib. Bu isə o deməkdir ki, yenidən hərbi əməkdaşlığı davam etdirmək üçün stimullar var:

«Keçən ilin may ayında Pentaqon rəhbəri Bakıya gəlmişdi. Pentaqon Azərbaycanla hərbi əməkdaşlıqda maraqlıdır. Amerikadakı siyasi və hərbi dairələri Azərbaycanı bölgənin açar dövləti hesab edirlər. Bilirlər ki, Azərbaycana mümkün təhlükələr da var, şimaldan, cənubdan. Azərbaycanın sabit inkişafında Vaşinqton kimi Pentaqon da var. Bu baxımdan təmasları real qiymətləndirirəm. Və gələcəkdə görüşlərin bir qədər də arta biləcəyini düşünürəm».

Politoloqun fikrincə, Bakıda rəsmilərlə keçirilən görüşlərdə ərəb dünyasında baş verənlər, dondurulmuş münaqişələr də müzakirə oluna bilər.

«TƏNQİDLƏR ARTA BİLƏR»


ABŞ rəsmisinin Azərbaycana səfəri ərəfəsində səfir Matthew Bryza parlamentdə tənqid olunmuşdu. Aprelin 8-də Milli Məclisdə bir qrup deputat Bryzanı ermənipərəst mövqe tutmaqda ittiham edərək, onu işğal altında olan Xankəndi şəhərində aeroportun açılması və ora aviareyslərin təşkil olunması məsələsinə münasibətinə görə tənqid etmişdi.

Ərəstun Oruclu
Bu tənqidlərdən əvvəl isə ABŞ səfirliyi isə 2 aprel aksiyası ilə bağlı yaydığı bəyanatda müxalifətin aksiyasının dağıdılmasından, müxalifət fəallarının həbsindən narahatlığını bildirmişdi.

Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, ABŞ Azərbaycana siyasəti reallığa əsaslanan siyasət yürüdür:

«Azərbaycanda hakimiyyət və xüsusən hakimiyyətə yaxın dairələr bu məsələyə daim qıcıqla yanaşırlar, çünki öz problemlərini bilirlər. Adətən siyasi mədəniyyət probleminin olması da müxtəlif ekstremal çıxışları üçün şərait yaradır».

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, müxalifətin növbəti aksiyaları fonunda ABŞ səfiri və digər qərb diplomatlarının ünvanına tənqidlərin artacağı istisna deyil.
XS
SM
MD
LG