Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:43

Maaş və pensiyalar artırılır


Azərbaycanın 2011-ci il dövlət büdcəsinə nəzərdə tutulan dəyişikliklərdə minimum aylıq əmək haqqı və pensiyaların baza hissəsinin də artırılması nəzərə alınacaq. Bu barədə APA informasiya agentliyinə maliyyə nazirinin müavini Azər Bayramov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq, büdcəyə dəyişikliklərdə Bakı və ətraf qəsəbələrin inkişafı proqramının maliyyələşdirilməsi məsələləri də əksini tapacaq.

«SENTYABRDA MAAŞIMIZI 10 MANAT ARTIRDILAR»

Bakı məktəblərinin birində müəllimə işləyən Məleykə Əliyeva maaşların və pensiyaların artırılması barədə eşitdiklərini birmənalı qarşılamır. O, 170 manat maaş alır. Deyir ki, vaxtilə müəllim olmaq arzusuna düşəndə bu qədər maaş alacağını güman etmirmiş, o, qırmızı diplomla institutu bitirən bir müəllim üçün belə bir maaşı gülməli sayır:
- Bu tələblərin qarşısında bu, çox cüzi maaşdır. Yeni dərs sistemi tətbiq olunur, indi müəllimlərin qabağında şərt qoyulub ki, yeni texnologiyalardan istifadə eləsinlər.

Məleykə Əliyeva nazir müavinin açıqlamasını ona görə birmənalı qarşılamır ki, yeni artımın onun büdcəsində nəzərəçarpacaq dərəcədə gəlir gətirəcəyinə inanmır:
- Bizim maaşımızı ötən sentyabrda qaldırdılar, 10 manat. Yəqin yenə də cüzi qaldıracaqlar. Amma bazarda qiymətlər bundan çox qalxır. Əgər maaşı 10 faiz qaldırırlarsa, bazarda qiymət 20-30 faiz qalxır.

Prezident İlham Əliyev də minimum əməkhaqqı və pensiyanın hazırkı səviyyəsindən razı deyil. Prezident bu fikirləri Rusiyanın «Rusiya-24» telekanalına müsahibəsində deyib. O, əlavə edib ki, inflyasiya riskləri nəzərə alınmaqla əməkhaqqının və pensiyaların artırılması üzrə sosial proqramlar davam etdiriləcək.

Bəs pensiya və maaşların nə qədər qalxması nəzərdə tutulur? Maliyyə Nazirliyinin mətbuat xidmətinə bu barədə sorğu göndərsək də, aprelin 12-də iş gününün axırına kimi sualımıza cavab ala bilmədik.

«...ƏRZAĞIN QİYMƏTİ DƏ QALXACAQ»

Bakı küçəsində fikrini öyrəndiyimiz Bakı sakinləri isə maaş və pensiyaların ən azı 300, ən çoxu 500 manat artırılmasını istəyirlər. Onlar indiki əmək haqqı və ya pensiya ilə adi kommunal xərcləri ödəyə bilmədiklərindən şikayətlənirlər. Bir müsahibimiz təklif etdi ki, millət vəkillərindən biri bir ay tibb bacısının maaşına yaşasın və sonra qərar versinlər ki, ölkədə maaş və pensiya nə qədər olmalıdır. Amma müsahiblərimiz ondan da narahatdılar ki, hökumət maaşı qaldıran kimi ərzağın da qiyməti qalxacaq. Qeyd edək ki, millət vəkilləri ayda təxminən 1.200 manat, tibb bacısı isə təxminən 100 manat alır.

«İNFLYASİYADAN QORXMAQ LAZIM DEYİL»


Millət vəkili Vahid Əhmədov AzadlıqRadiosuna bildirib ki, onlar əsasən yaşayış minimumuna, pensiyanın baza hissəsinə baxacaqlar, maaşların qaldırılması prezidentin səlahiyyətindədir. Amma o, hesab edir ki, korrupsiya ilə mübarizədə bəzi təbəqələr var ki, onların da maaşları qaldırılmalıdır. Maaş və pensiya artımının inflyasiyaya təsirinə gəlincə, Vahid Əhmədov bunu qaçılmaz sayır:

- Amma inflyasiyadan qorxmaq lazım deyil. İnflyasiya olanda camaat yaşamır? Mərkəzi Bankın pul siyasəti var. 2008-ci ildən bəri Mərkəzi Bank necə qoruyur manatın məzənnəsini? 2 milyard dollar buraxdı dövriyyəyə, indi də imkanları var ki, manatın məzənnəsini qorusun.

«BƏDXƏRC BÜDCƏ»NİN TƏSİRLƏRİ

Samir Əliyev
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyin eksperti Samir Əliyev isə Milli Bankın önləyici tədbirlərinin inflyasiyanın qabağını almağa az təsiri olacağı qənaətindədir. Onun fikrincə, may ayında müzakirəyə çıxarılacaq xərclərin artırılmasını əks etdirən büdcəyə dəyişikliklər təsdiqlənərsə, «bədxərc büdcə»nin ölkədə inflyasiyaya təsiri çox olacaq. Samir Əliyev deyir ki, maaşın nə qədər artmasından asılı olmayaraq, artım faktının özü bazara təsir edəcək. Amma bazar qiymətlərinin maaş artımını üstələməməsi üçün iqtisadçı ekspert təklif edir ki, hökumət korrupsiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, real olaraq, monopoliyanın aradan qaldırılmasına, kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmalıdır.

Elə bu ərəfədə Bakının bir neçə mağazasında bəzi ərzaq məhsullarının ucuzlaşdığını eşitdik. Maraqlananda məlum oldu ki, kərə yağı, düyü, şəkər tozunun, yumurtanın qiyməti enib, yumurta 1-2 qəpik ucuzlaşıbsa, kərə yağı, uzun düyünün qiymətində 50-70 qəpik fərq var. Amma mağaza sahibləri deyirlər ki, bu müvəqqətidir, maaş, pensiya artan kimi inhisarçı firmalar qiyməti əvvəlki həddə qaldıracaqlar.
XS
SM
MD
LG