Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:47
əvvəlini oxu

V

Gülbadam Ә... kәndindә anadan olmuşdu. Uşaqlıqda çiçәk mәrәzinә mübtәla olmağı üzündәn mәlum idi. Fәqәt nazik çopur idi. Uzaqdan çopurluğu nәinki mәlum etmәzdi, hәtta bir az da üzünü gözәl göstәrәrdi. Gülbadamın çopuru dәrin olsa idi dә üzünü eyibli etmәzdi; çünki onun böyük ala, uzun kiprikli gözlәri üzündә tamam eybini örtәrdi. Doğrudan da bu gözlәrdә qeyri bir hissi-mәlahәt var idi! Uzunboy, ağbәniz, alagöz Gülbadamı qız ikәn kәnddә çox adamlar istәyirdi. Fәqәt anası tәlәsmәzdi. Gülbadam on yaşında ikәn atası öldü, anası Nәnәcanın tәrbiyәsindә qaldı. Nәnәcan mamalıq edib qızını saxlardı vә yaxşı da saxlardı. Qızını artıq dәrәcәdә sevәrdi, başına dolanardı vә mümkün olan qәdәr çalışardı ki, qızı atasının yoxluğunu hiss etmәsin. Nәnәcan ağıllı, işsevәn, zәhmәtkeş, mehriban, qeyrәtli bir arvad idi. Әri ölәndәn sonra mamalıqdan başqa ona-buna iş dә tikәrdi. İşdәn, zәhmәtdәn qorxmazdı, bir qarından ötәri әrә getmәkdәn dul yaşamağı әfzәl bilәrdi. Әri ölәndәn sonra çox adamlar istәdi, getmәdi vә nә üçün dә istәmәyә idilәr; bir kişicә pul qazanırdı. Arvad pulu ilә, arvad zәhmәti ilә yaşamaq istәyәn kişilәr dә az deyildi. Fәqәt Nәnәcan qızını çox istәyirdi: bilirdi ki, әrә getsә qızının günü olmayacaqdır.... Vә bir dә Nәnәcan vәfalı arvad idi. Yaxşı әrdәn sonra getmәyi özünә eyib bilirdi. Daha doğrusu, Nәnәcanın özünә görә fәlsәfәsi var idi. Fikir edirdi: әrә getmәk borcdursa getdim, borcu verdim. Arvadlar dolanacaqları keçmәkdәn ötrü әrә gedirlәrsә, mәnim ona ehtiyacım yoxdur. Özüm qazanıb özüm dә yeyirәm. Kişinin yaxşısı da var, yamanı da. Bәlkә bir yaman adama rast gәldim. Yox, yaxşısı budur ki, öz әlim öz başımda, tәk bir qızım üçün gәrәkdir işlәyәm, onu xoşbәxt edәm, sonra ölsәm dә arxayın ölәrәm....

Kәnddә tәrbiyә tapmış elmsiz bir arvaddan belә bir fәlsәfәni gözlәmәk çәtin görünsә dә, fәqәt tapılırdı. Bu hәlә heç. Gülbadam hәrdәnbir gәlib deyәrdi: "Anacan, mәn filan yerdәn keçirdim, yel vurub çarşabımı açdı; filankәs dә keçirdi, mәni gördü".

"Eybi yoxdur, qızım"--deyib Nәnәcan qızını sakit edәrdi: "Adamı görәndә yemәzlәr. Sәn çalış ki, adına bir söz demәsinlәr.... Yoxsa gördülәr, görmәdilәr boş sözlәrdir. Mәn, qızım, çoxdan bәri mamalıq edirәm, mәni çox adam da görübdür vә görür. Mәn gecәlәr yad kişilәrlә ağrı çәkәn arvad üstә tәk gedirәm. Fәqәt bu vaxtadәk bir adamın hünәri varmı, mәnim adıma bir pis söz desin?...." Hәqiqәt,

Nәnәcan artıq dәrәcәdә namuslu, hәyalı bir arvad idi. Ona görә dә tamam kәnddә onu yaxşı arvad bilәrdilәr vә hörmәtini saxlardılar.

Bu minval Nәnәcan qızını böyüdüb 18 yaşında әrә verdi. Gülbadamın әvvәlki әri Molla Cәfәrqulunun qardaşı Mәşәdi Hәsәnәli idi. Mәşәdi Hәsәnәli qardaşının dәstgahını eşidib, İrandan Qafqaza gәlmişdi. O vaxt Molla Cәfәrqulu hәlә mollalıq, mәrsiyәxanlıq edәrdi. İndiki olduğu yerdә bir balaca evi vardı. Qardaşına da bir balaca baqqal dükanı açmışdı. Dükanın mayası da Molla Cәfәrqulunun idi. Çünki özü savadsız olmağa görә әlindәn özgә bir şey gәlmirdi. Doğrusunu demәk, Hәsәnәli Qafqaza gәlәndә bir az sәhv etmişdi. Elә bilirdi ki, qafqazlıları savadsız adam da әlә sala bilәr. Gәldi gördü ki, xeyr, elә deyil, lamәhalә gәrәk Racinisә dә oxumaq bilsin. Nәisә, qardaşının adına, sanına da layiq deyildi ki, meymun oynatsın. Naçarlıqdan Molla Cәfәrqulu buna bir dükan açdı vә dükanda yaxşı işlәmәyә başladı.... Axırda bir az özünü düzәldәndәn sonra Gülbadamı istәdi, çox istәdi, anası vermәdi. Çox istәmәyinin dә sәbәb vardı, bilirdi ki, ananın tәk qızıdır vә anadan sonra bir az "pul-mul" da qalacaqdır. Hәtta bu işin xatirәsi üçün möminlәr cәrgәsinә daxil olmaq fikrindә ikәn bir az pul düzәldib Xorasana getdi. Xorasandan qayıdandan sonra böyük vasitәlәr salıb bir güc-bәla ilә Gülbadamı aldı.

İki il Gülbadamla ömrünü sürüb öldü. Deyirdilәr, guya Xorasandan azarlı gәlmişdi. Orada, guya kif azarı tapmış imiş. Doğrudan Xorasana getmәmiş boynu albuxara torbasına oxşar, canlı, ucaboy, qoyungöz, burnu bir az yekә kişi idi; özünün dә otuz yaşı olardı. Nә isә, Hәsәnәli "Mәşәdi Hәsәnәli", olandan sonra gah yara çıxarardı, gah burnundan şikayәt edәrdi. Gah gecәlәr ayaqlarının ağrısından, sümüklәrinin sızıltısından yata bilmәzdi. Axırda burnunda yara әmәlә gәldi vә burnu ortadan çökәldi.

Sonralar Gülbadamın da ağzında bir yara peyda oldu, nә yara isә bilinmirdi. Fәqәt şәhәrdәki hәkim onun dәrmanından buna da verәrdi.... Çox çәkmәdi Mәşәdi Hәsәnәli yaman bir dәrdlә canını tapşırdı. Bir il ondan müqәddәm Gülbadamın anası dünyadan getmişdi. Gülbadam әrindәn sonra bir ay qaynı Molla Cәfәrqulunun evindә qalıb qoca әmisinin evinә köçdü vә belә tez köçmәyinә dә sәbәb var idi. Bir gün Gülbadamın әmisi naxoşlayıb Molla Cәfәrqulunu çağırtdı ki, müalicә etsin. Qoca kişi bir az artıq yeyib zәrәrini görmüşdü: bir az qusurdu.... Günbatan vaxtı Molla Cәfәrqulu әminin yanına getmәk istәdi. Gülbadam da tәvәqqe etdi ki, bunu da aparsın, әmisinә lazım olarsa, qulluq etsin.... Xülasә, ikisi dә yola düşdülәr. Bunlar gәlmәkdә, әminin dә mәrәzi bitmәkdә. Xoş-beş edib oturdular, sonra çay içib evә qayıtdılar....

Әmisi M... kәndindә olmağa görә yolları qoz ağacının yanında idi. Molla Cәfәrqulu gecә vaxtı hәmişә cibindә şam vә spiçka gәzdirәrdi. Fәqәt lazım deyildi. Çünki yol mәlum, düz bir yol idi. Bunlar yavaş-yavaş gәlirdilәr. Qoz ağacına çatanda Molla Cәfәrqulu yalandan büdrәyib yıxıldı. Ürәyi tәmiz, rәhmli Gülbadam "vay" edib bunun qolundan tutdu. Molla Cәfәrqulu qızışmış heyvan kimi Gülbadamın boynundan sarılıb öpdü vә dedi: "Mәn sәnin dәrdindәn ölürәm...." Gülbadam özünü itirib uca, dәhşәtli bir sәslә "vay" edib qәşş etdi. Molla Cәfәrqulu bir dәqiqәlik özünü itirib Gülbadamdan bir neçә addım geri çәkildi.Әzqәza Gülbadamın sәsini kәndin kәnarından keçәrkәn bir adam eşidib sәslәnir: "Ay adam, kimsәn?" Molla Cәfәrqulu görür ki, haman sәslәnәn adam qaranlıqda qoz ağacına tәrәf hәrәkәt edir. Molla Cәfәrqulu әtәyinin altında tez şamı yandırıb qoz ağacının dibindә qoydu vә başladı namaz qılmağa.

Bu adam çoban Dünyamalı idi. Yavuqlaşıb gördü ki, bir arvad yerә sәrilmiş, hәrәkәtsiz uzanıbdır, Molla Cәfәrqulu isә namaz qılır, şam da qiblәsidir.... Çoban:--Nә olubdur?--deyә soruşdu.

Molla Cәfәrqulu namaz üstündә cavab vermәyib qurtarandan sonra ağlamağa başladı vә dedi:

"Tәzim, tәzim et, qardaş, bu pirdir. Biz yolla gedirdik, gördük burada şam yanır. Ağaca yavuqlaşanda ağacdan sәs çıxdı. Bu zavallı arvad tab gәtirә bilmәyib qәşş etdi...."

Çoban bunu eşitcәk dizlәri üstә çöküb yeri öpdü, ağladı. "Atam-anam sәnә qurban" deyib alnını torpağa qoydu vә sonra ayağa durub dedi:

"Gedim bu saat adamlara deyim, ziyarәtә gәlsinlәr." Molla Cәfәrqulu dedi:

"Yox, pir tapılanda qayda bunadır ki, әvvәl piri tapan adam özü gәrәkdir camaatı yığıb nağıl edә, qeyri bir adam xәbәr verәrsә pir yox olar.... İndi sәn get, özün dә dalına baxmayasan, evdә danışa bilәrsәn. Ancaq pirin barәsindә bir söz dә söylәmәzsәn, sabah bunun duasını oxuyub elan edәcәyәm....

Çoban tez durub getdi vә molla dediyinә dә әmәl etdi. Çoban bir qәdәr getmişdi, Gülbadam yavaş-yavaş ayılıb başının üstә Molla Cәfәrqulunu gördü. Tamam bәdәni iztirabda ikәn ağladı....

Molla Cәfәrqulu bunun ayaqlarına düşüb yalvardı vә çobanın әhvalatını nәql etdi vә dedi:--Aramızda olan әhvalat açılmasın deyә, mәn buranı çobana pir nişan verdim. İndi sәn qurana and iç ki, bu sirri heç kәsә ölәnәdәk demәyәcәksәn.

Gülbadam çox da fikir etmәyib dedi:

"Sәni and verirәm qurana, mәnә әl vurmayıb salamat evә buraxasan, mәn dә qurana and içirәm ki, sәnin bu hiylәni ölәnәdәk açmayacağam. Mәnim ismәtim mәnә hәr şeydәn qiymәtlidir...."

Bu sözlәrdәn sonra qalxdı vә heç bir şey söylәmәyib ev tәrәfә yeriş etdi. Molla Cәfәrqulu da dinmәz-söylәmәz dalıca gәlirdi.... Ertәsi gün Molla Cәfәrqulu pirin tapılmağını min hiylә ilә elan etdi. Gülbadam isә şeylәrini yığıb әmisinin evinә köçdü.

Molla Cәfәrqulunun arvadı Molla Tutu Gülbadamın çox o yan-bu yanına keçdi ki, bunun tez-tәlәsik köçmәyinin sәbәbini bilsin. Fәqәt "әmim yalqızdır, baxanı yoxdur", sözlәri ilә canını qurtardı.

Zatәn Molla Tutu Gülbadamın köçmәyinә çox şad idi. Çünki әrinin Gülbadama olan "mehribançılığını" görürdü vә hiss edirdi.Gülbadamın әri ölәndәn sonra bu "mehribançılıq" daha da artmışdı. Molla Tutu Gülbadamın tәrәfindәn arxayın idi. ÇünkiGülbadamı ürәkdә tәmiz adam bilir idi. Fәqәt әrinin vicdansız bir hәrif olmağını da çox yaxşı bilir idi. Yenә necә olsa fikir edirdi: bәlkә әri Gülbadamı aldı. Çünki Molla Tutudan Molla Cәfәrqulunun tәk bir oğlu vardı. Hәtta qardaşı ölәndәn bir neçә gün sonra övlad barәsindә bir balaca söhbәt dә olmuşdu.... Molla Tutu isә bununla belә dәrin mәsәlәlәri tez başa düşәrdi. Yәni bir çәtin dә mәsәlә yox idi ki, başa düşmәsin.... Molla Tutu kişilәrin xasiyyәtini bilirdi, bilirdi ki, ciblәrindә bir az artıq pul olanda arvad fikrinә düşәrlәr.... Xüsusәn öz әrini yaxşı tanımışdı. Hәlә qardaşı sağ ikәn Molla Cәfәrqulunun başından hәrdәnbir qara fikirlәr keçirdi.... O deyildi ki, qardaşının ölmәyini istәyә idi.... Xeyr, qardaşı yaman bir mәrәzә düçar olmuşdu. Ona binaәn hәrdәnbir fikir edәrdi: bәlkә birdәn öldü, sonra? Gülbadam necә olsun?

Molla Cәfәrqulu özünü qeyrәtli müsәlmanlardan hesab edirdi. İstәyirdi ki, "islam millәti artsın....".

Hәtta Molla Tutunun qulağını doldurmaq üçün qardaşı ölәndәn sonra hәrdәnbir söhbәt açıb deyәrdi: "Bilirsәnmi, islamda bir çox şey var ki, biz hәlә onu lazımınca anlamamışıq. Mәsәlәn, iki, üç, dörd arvad almaq mәsәlәsi böyük әhәmiyyәtli bir mәsәlәdir.Heyfa ki, biz başa düşmürük. Bunun әsil sәbәbi budur ki, islam millәti çoxalsın, qüvvәtli olsun....".

Molla Tutu da çünki mәrsiyәxanlıq edәrdi, ona binaәn belә nazik mәtlәblәri tez düşünәrdi vә onun cavabında hәmişә deyәrdi: "Çox oldu nә xeyri? Odur, bir oğlun var, yaxşı quran oxumaq da bilmir". Molla Tutunun fikrincә, bir müsәlman ki, quran oxumaq bilmәdi, bütün müsәlman olmazdı. Vә hәmişә arvadlara deyәrdi: "Ey uşaqlarına quran oxutmayan analar! O dünyada nә cavab verәcәksiniz?".

Doğrudan da, bunun sözlәri tәsirsiz qalmazdı: bir dә görәrdin sәhәri ananın biri qorxub qızını Molla Tutunun yanına göndәrdi ki, quran oxutsun....Әlbәttә, quran oxumaq istәyәnin әvvәl çәrәkә qurtarmağı var, sonra quran başlamağı vә sonra quran qurtarmağı. Bunlar da hamısı müәllimәnin, yәni Molla Tutunun zәhmәtinә bağlı bir iş idi vә yaxşı da işә keçirdi....

Nә isә, Molla Cәfәrqulu belә söhbәtlәri açanda Molla Tutu aciz qalmazdı. Fәqәt bununla belә Gülbadamı da gözündәn buraxmazdı. Hara getsә idi, Gülbadamı da özü ilә aparardı. Onu tәk evdә qoymazdı vә әrinin dә hәrәkәtlәrinә dörd gözlә baxardı. Bir az әri Gülbadamın üzünә xoş baxsa idi, üç günlәrlә yemәzdi, içmәzdi, donquldanardı. Belә әhvalatlar da Gülbadamın әri ölәndәn sonra tez-tez olardı. Molla Cәfәrqulu çox "mehribançılıq" edәrdi, hәtta hәrdәnbir paltarlıq da alardı. Molla Tutu acıqlananda deyәrdi: "Arvad! Allah heç kәsi yiyәsiz etmәsin, onun bu saat ürәyi sınıqdır, alanı yoxdur",deyib keçәrdi. Gülbadam isә öz-özünә deyәrdi: "Bu mәnim әrimin qardaşıdır, mәni öz balası kimi istәyir...." Hәtta hәrdәnbir fikir edәrdi: "Mәnә quru çörәk dә versәlәr, buradan getmәyәcәyәm. Onsuz da bunlara qulluqçu lazımdır, mәn dә bunlara qulluqçu әvәzinә işlәrәm, günümü keçirәrәm".

Doğrudan da, Gülbadam işsevәn, zәhmәtkeş bir arvad idi. Evdә qalarkәn sәhәrdәn axşamadәk işlәrdi. Fәqәt әri ölәndәn sonra Molla Tutunun mәcburi quyruğu olmuşdu. Molla Tutu, evdә tәk qalmasın deyә, qaynı ölәndәn sonra әrinin qorxusundan Gülbadamı özü ilә hәmişә aparardı. Molla Cәfәrqulu da bunu xoşlamazdı, hәtta bir gün dilә gәlib dedi: "Canım, özün gedirsәn gәlinisә dә evdә qoymursan ki, vaxtında çayımı verә".

Fәqәt belә sözlәr Molla Tutunun qulağına girmәzdi.... O gecә dә bir fürsәt idi, Molla Cәfәrqulunun әlinә düşmüşdü.... Xәbәr gәldi ki, Gülbadamın әmisi yaman haldadır, Molla Cәfәrqulunu çağırır. Haman gün dә Molla Tutunun bir az keyfi yox idi. Çünki gündüz mәrsiyә oxuyub çox çığır-bağır etmişdi ki, mәclisi ağlatsın; pul yığılan gün idi. Nә isә bunları bir yerdә buraxdı. Buraxıb da әrinin tamam hiylәsinin açılmağına sәbәb oldu. Molla Cәfәrqulu hәlә әmisigilә gedәn baş istәyirdi başlasın. Sonra fikir etdi ki, Gülbadamın halına müvafiq yarayan iş deyil.... Hәtta fikrindәn bu da keçdi: әmi yaman halda olursa, orada qalsınlar, çünki bunlardan başqa әmisigildә heç kim yox idi.... Nә isә, Molla Cәfәrqulu bir ayın, bәlkә daha çox vaxtın әrzindә başında bәslәdiyi fikirlәri әlacsızlıqdan tab gәtirә bilmәyib, qoz ağacının dibindә aşkar etdi. Aşkar edib dә Gülbadam kim olduğunu düşündü....

Molla Cәfәrqulu arvadlara hәqir bir nәzәrlә baxan kişilәrdәn idi. Fikir edirdi: "Hәlә qızların barәsindә bәdgüman olmaq yaxşı deyil, dul arvada nә var? Nә üçün dә olmasın?" Fәqәt onu düşünә bilmirdi ki, arvadın yaman yola düşmәyinә çox-çox ağır sәbәblәr lazımdır.... Pozğun әxlaqı, çirkin tәrbiyәsi, paslanmış beyni nazik bir mәtlәbi düşünmәyә qoymurdu, qoymurdu ki, arvadın ruhuna yavuqlaşıb da arvadda olan gizlin xәzinәni bilsin, düşünsün. Düşünsün ki, arvad ancaq mәhәbbәtinin qurbanı ola bilәr.... Onu bilmirdi ki, namus meydanında kişi ilә arvadda böyük fәrq var. Qız, mәhәbbәtinin qurbanı olub da bir çox vaxt әvvәlinci halından ikinci hala düşmәyinә heyfsilәnәr, yanar, qovrular, oğlanınsa heç halına tәfavüt etmәz.... Qızda olan bu hiss bir çox arvadda dәrin kök salıb arvad olduqda da bu hiss onun çox vaxt tәmiz qalmağına sәbәb olar. Kişilәr yanında qadınların mәrtәbәsini ucaldan bu hiss arvadların kişilәr haqqında hәqir bir nәzәrdә olmaqlarına da sәbәb olar....

Әlbәttә, Molla Cәfәrqulu bunları düşünsә idi, birdәn-birә palçıqlı әllәri ilә Gülbadamın boynundan qucaqlamazdı. Zәhәrli dodaqlarıilә onun üzündәn öpmәzdi.... Bu vaxtadәk mömin, müqәddәs, allah bәndәsi xәyala gәlәn Molla Cәfәrqulu bir dәqiqәdә Gülbadam üçün dәhşәtli bir ilan olmağını düşündümü, ya yox?! Düşünmәdi. Düşünsә idi xalqdan qorxub dәrhal pir yapmazdı.

Gülbadam tәk bir vicdanından çәkinib tәmiz qalmağını tәlәb edәrkәn molla fәqәt keçinәcәyini vә bu mәsәlәdә xalqın nәzәrinifikrindәn keçirib dәrhal yalvardı vә and verdi ki, bu sirr açılmasın....

VII

Gülbadam uşaqlıqdan indiyәdәk tamam başından keçәni göz qabağına gәtirib indi әri Mәşәdi Allahverәnin yuxusuna öz yanında gülürdü. Fәqәt bilmirdi ki, bu yuxu onun rahatsızlığına vә axırda daxili bir inqilabın törәnmәsinә sәbәb olacaqdır. Mәşәdi Allahverәn sәhәr namazını qıldı, çayını içib dükana hazırlaşırdı. Adәt üzrә balasının yanına gәlib danışdırdı, yәni özü deyirdi,özü dә eşidirdi: "Yaxşı, balam! Nә alım, nә gәtirim?" Bu sözlәr hәmişәki sözlәr idi.... Fәqәt bu gün: "İnşaallah, bir hәftәdәn sonra ayaq tutub gәzәrsәn, mәnimlә dükana gedәrsәn...." sözlәrini dә artırdı.... Bu sözlәri deyib getdi. Qapıdan küçәyә çıxmışdı, gördü qonşularından bir neçәsi yığılıb söhbәt edirlәr. Bunu görüb çağırdılar vә dedilәr:

"Mәşәdi, eşidibsәn? Deyirlәr Molla Cәfәrqulu bu gecә ölübdür."

"A kişi, nә deyirsiniz? Elә şey ola bilmәz, dünәn bir yerdә deyildikmi? Sağ vә salamat indi nә oldu ki?"

"Deyirlәr özü dә vәbadan ölübdür."

"İnanmayınız" --deyib Mәşәdi bir az da gülümsündü. Hәrgah doğrudan ölübdürsә, qeyri bir sәbәbdәn ölübdür, vәbadan ölmәyi yalandır. "Xeyr, xeyr, bu saat tәdarük üçün pirdәn adam gәlibdir. O söylәyirmiş."Hәtta deyirlәr ölәndә deyirmiş: "Mәni pir çağırır...."

Mәşәdi bir az fikrә gedib dedi:

"Hә, bu ola bilәr...." Xoşbәxt adam imiş, allah rәhmәt elәsin! A kişilәr, bu pirin kәramәtlәrinә daha sözmü demәk olar?

Bu sözlәri deyib Mәşәdi tәlәsik dükanına getdi. Sonra dükana gәlәn adamlara Molla Cәfәrqulunun ölmәk әhvalatını söylәyirdi vә axırda da "xoşbәxt imiş, allah rәhmәt eylәsin, pir deyirlәr çağırıbmış" sözlәrini tәkrar edirdi.Molla Cәfәrqulunu bu balaca şәhәrdә demәk olar ki, tanımayan yox idi. Çünki balacadan böyüyә kimi pirә getmişdilәr, bunu qonaqsevәn pir sahibi bilirdilәr.... Bir çox adam: da dәfn günü pirә getmişdi.

Burada dürlü-dürlü danışıqlar vardı: kimi deyirdi namaz vaxtı ölübdür; kimi deyirdi gecә qayda üzrә pirә ziyarәtә gedibmiş, pirdәn guya bir sәs gәlibdir: "sәnin axır mәkanın buradır". Guya bu sözlәrdәn sonra qorxub evә gәlibdir, ürәyi çatlayıbdır.... Nә bilim, daha nәlәr söylәyirdilәr. Fәqәt ölünü yuyanlar fikir edirdilәr: belә bir sağlam, әtli-canlı adam, әcәba, nә üçün bir gecәnin әrzindә belә tez әrisin? Nә üçün bunun gözlәri belә dәrinә düşsün vә ovurdu illәrlә mәrәz çәkmiş naxoşun ovurdu kimi batsın? Bu sirri heç kim bilmәsәydi dә ev adamları yaxşı bilirdilәr, xüsusәn ev qulluqçuları--gәdә Almaz vә qulluqçu qız Pәri o gecә sәhәrә kimi yatmamışdılar. Pәri tez-tez lәyәn tökәrdi, Almaz da mollanın gah ayaqlarını ovardı, gah belini, gah әllәrini. "Ay, ayaqlarım yığışır" deyib bağıranda, Almaz var qüvvәti ilә oyuşdurardı.... Molla Tutu da işsiz deyildi: "Gah onu gәtir, gah bunu gәtir" deyib ayaq üstә ora-bura qaçardı vә cındırlarla qusuntusunu tәmizlәrdi.... İşsiz gözә görünәn bir Molla Cәfәrqulunun oğlu idi. Yәni o da işsiz

deyildi. Gündüz atası pirin kәramәtlәrindәn söylәyәndә yadında qalmışdı ki, pirin torpağı vәba mәrәzindә şәfavericidir vә eşitmişdi vәbada qusarlar vә ayaqlar çәn olar.... Bu da fikir etdi ki, bәlkә atasını vәba tutubdur. Tez qoz ağacının torpağından gәtirdi. Bir kasa suya torpaqdan salıb atasına verdi vә dedi:--Ata, indicә gedib pirin torpağından gәtirmişәm, al bu suyu iç....

Atası oğluna baxıb üzünü çöndәrdi.... Doğrudan da zarafat mәqamı deyildi, kişi ölürdü. Dәrisi quruyub dili atәş kimi yanırdı, oğlunun da zarafatı bir tәrәfdәn.... Bu hindә yarımcan Molla Cәfәrqulunun ürәyindәn bir şey keçdi, istәdi oğluna deyә:

"Oğul, hәkim! hәkim! Torpaqdan bir şey olmaz!. "Fәqәt demәdi, qorxdu oğlu bu sözlәri xalqa deyә xalq da pirdәn üz çöndәrә vә bunun da nәşi yerdә qala. Molla Cәfәrqulu nahaq yerә bu fikirlәrә düşmüşdü. Çünki arvadı Molla Tutu bunların hamısını ürәyindә düzәltmişdi. Molla Tutu görürdü әri gedir, fәqәt necә etmәk ki, әri ilә pir dә getmәsin? Nә tövr etmәk ki, bu ocağın pirlә ruhani әlaqәsini hәmişәlik saxlamaq? Molla Tutunu tәşvişә salan fәqәt bu fikirlәr idi.... Ona binaәn sәhәr ağlaşmaya gәlәn arvadlara deyirdi:

"Bilirsinizmi?" Molla xoşbәxt adamdır. Hәmişә adәt üzrә gecәlәr yalqız pirin ziyarәtinә gedәrdi. Bu gecә dә getmişdi. Bir dә gördüm ürәyi ağzından çıxmış, saralmış evә qayıtdı. Әhvalını soruşduqda dedi: "Arvad, başıma bir iş gәldi. Ziyarәt edirdim, birdәn pirdәn sәs eşitdim: "Axır mәkanın buradır", dedi. Bu sözlәri deyib әlimdә bir az çabalayıb canını tapşırdı...."

Bu sözlәri deyib arvadların üzlәrinә baxardı görsün, sözlәrinin tәsiri varmı.

Әlbәttә, arvadlar da mәrsiyәxan Tutuya inanmayıb kimә inanacaq idilәr. "Şükür pәrvәrdigara! Şükür kәrәminә! Doğrudan da xoşbәxt adam imiş" deyib başlarını yırğaladılar....

Bu sözlәr arvadlardan kişilәrә yayıldı, kişilәr hәyәcana gәldilәr, pirin dәrәcәsi, mәnası birә-beş artdı. Bu vaxtadәk pirә az inanlar, indi piri bir müqәddәs yer bilirdilәr. Fәqәt arada hәrdәnbir vәba mәsәlәsi barәsindә dә zәif-zәif sәslәr eşidilirdi. Bu zәif sәslәr zәiflәrdәn çıxırdı. Ona görә tәsirsiz qaldı.... Hamı bir ağızdan: "Mollanın yeri qoz ağacının dibidir" deyib şәhәrdәn gәlәn adamlar, kәndçilәr ittifaq bağladılar vә böyük bir tәntәnә ilә Mollanı pirә verdilәr ... vә pirin ixtiyarını Molla Cәfәrqulunun oğluna vә Molla Tutuya tapşırdılar.

VIII

Şәhәrdәn gәlәnlәr bu әhvalatı şәhәrә, kәndlәrdәn gәlәnlәr kәndlәrә yaydılar. Aradan dürlü-dürlü sözlәr pırtladı çıxdı. Hәr başdan bir söz! Axırda hәtta bunu da deyәn oldu, guya o gecә mollanın gözünә bir nur da görünübmüş.... Mәşәdi Allahverәn, әlbәttә, mollanın ziyarәtinә getmişdi. Xalqın hәyәcana gәlmәyi bunu da hәyәcana gәtirmişdi. Pirdәn evә qayıdıb Gülbadama istehza ilә dedi:

"Hә, sәn elә qaç hәkimә...."

"Nәdir? Nә olubdur?"--Bu sözlәri deyib Gülbadam tәәccüblә әrinin gözlәrinә baxdı.

"Daha nә olacaqdır? Get, gör pirdәn nәlәr söylәyirlәr." Mәşәdi Allahverәn tamam gördüyünü, eşitdiyini Gülbadama nağıl etdi.

Gülbadam ancaq bunu dedi:

"Pirin pir yeri var, hәkimin hәkim yeri...."

"Yox, burada hәkimin yeri yoxdur. Mәnim yuxum vә bu әhvalat göstәrir ki, burada hәkimin meydanı deyil. Mәnim balamı qurtarsa bir pir qurtaracaqdır. Gәrәk dә yuxuma әmәl edәm."

"Necә yәni әmәl edәsәn?"--Gülbadam ixtiyarsız sәsini ucaldıb balasını bәladan qorumaq istәyәn pişik kimi tamam bәdәnini yığışdırdı.

"Necә ki, yuxuda görmüşәm elә dә gәrәk edәm.... Balamı bir gün-bir gecә pirә gәrәkdir salam...."

"Yox, mәn balamı bir saat da gözümdәn uzağa vermәrәm."

"Sәnin ağlın çaşıbdır. Doğrudur, ana balasını istәr, lakin dindәn, mәzhәbdәn dә çıxmaq yaramır...."

"Hankı din, hankı mәzhәb?"

"Canım, xalqın ağzını bağlamayacaqsan ki, deyirlәr möcüz görünübdür. Mollanın gözünә bir adam görünübdür.... "Sәnin mәkanın buradır...." deyib qeyb olubdur.... " Belә şeylәrә inanmamaq, dinә-mәzhәbә şәkk gәtirmәk deyilmi?

"Bu möcüzü kim görübdür? Kim söylәyir?"

"Xalq söylәyir."

"Xalq kimin dilindәn söylәyir?"

"Mollanın."

"Bu xalqdan hansı biri bu sözlәri molladan eşitdi?"

"Arvad, arvad! Bu aşkar şeydir. Möcüzü ancaq bir adam görәr. Hamı görәrsә, o möcüz olarmı? Allah öz qüdrәtini ancaq seçilmiş adamların vasitәsilә bildirir. İndi bu rәhmәtlik dә görübdür, sәsi eşidib qorxubdur, tab gәtirә bilmәyib ürәyi çatlayıbdır. Hamı әhvalatı da arvadına söylәyibdir...."

Gülbadam yenә dә bir sual vermәk istәdi. Fәqәt әri sözünü ağzında qoyub dedi:

"Daha tamamdır. Mәn görürәm hәkimlәr sәnin beynini yeyiblәr.... Yox! Tamamdır! Bu, arvad işi deyil. Arvadın ağlı belә şeylәri dәrk edә bilmәz.... Tәvәqqe edirәm belә şeylәrә şәkk gәtirmәyәsәn. Yoxsa sәnin şәkkinbalamın bәdbәxtliyinә sәbәb olar.... İnşaallah, bu cümә günü gedәrik, bir gecәlik uşağı qoyarıq.... İnşaallah, şәfa tapar!" --Bu sözlәri deyib Mәşәdi evdәn çıxdı.

Gülbadam xeyli vaxt ayaq üstә qurumuş qaldı. Gözünü bir nöqtәyә dirәyib dәrin-dәrin fikirlәrә getdi. Sonra ixtiyarsız balasının yanına gedib ağladı.... "Dilsiz, ayaqsız, ağılsız balam" deyib yenә dә ağladı.... Cәbi matdım-matdım anasına baxırdı.... Baxıb da guya istәyirdi desin: "Mәnim ağılsız, dilsiz olmağımın sәbәbi siz valideynim deyilsinizmi?" Zatәn demәdisә dә, Gülbadam bu sözlәri hәkimdәn eşitmişdi.... Fәqәt nә çarә? İş-işdәn keçibdir! Hәkimin "bәlkә çarә olar" sözlәri yenә heç olmazsa bir az ümid yolu açırdı.... Bәs bu pir mәsәlәsi? Daha doğrusu, әrinin yuxusu vә yuxusuna әmәl etmәk istәmәsi? Bu әhvalat Gülbadamı büsbütün dәyişdirdi. Hәlim, mehriban, tәmiz ürәkli Gülbadam birdәn-birә şirә döndü. Hәlә cümә gününә qalmışdı. Bu gündәn әrinin sözlәrinә cavab qaytarardı. Belә bir cürәtli olmağına özü dә tәәccüb edirdi. Özünü aslan hesab edirdi. Әrindәn başlamış hamını özünә düşmәn bilirdi. İstәyirdi bir şey etsin, bir şeyi cırsın, dağıtsın, bir söz desin, fәqәt bir söz ki, onun acılığı bu xalqı yandırsın. Sonra istehza ilә qәhqәhә çәkib bunların üstә gülsün.... Bunların hamısını istәyirdi, ürәyindәn qovurdu, keçirirdi, beyni qaynayırdı. Fikri-fikri çaparaq qovurdu da bütün bәdәnini iztiraba salırdı. Hazır neftә basılmış bir quru ot idi, bir qığılcıma bәnd idi....

Doğrudur, bundan әvvәl dә pirin adını eşitmәk istәmәzdi. Hәtta arvadlar pir söhbәti edәndә, bu, içindәn gülәrdi, istehza edәrdi. Fәqәt açıq-açığına demәyә ixtiyarı yox idi. Nә üçün? Ondan ötәri ki, qurana and içmişdi....

Bilmәyirәm, Gülbadamın vicdanı bu vaxtadәk pirin gizlin qalmasına neçә davam edirdi? Özü görürdü: kor, şil, kar, çaxotkalı, kif azarı tutmuş bu pirә pәnah aparıb müalicәdәn bilmәrrә üz çöndәrmişdilәr. Nә üçün bu biçarәlәrin bәdbәxtliyinә sәbәb olurdu? Bu naxoş validәlәrdәn Cәbi kimilәrinin dünyaya gәlmәlәrinә vә Cәbi kimi müalicәsiz qalmalarına nә üçün sәbәb olub da bu vaxtadәk pirin sirrini açmırdı? Bilmirәm, bu suallar Gülbadamın başından keçirdimi vә keçirdisә necә cavab verirdi? Bilmirәm, fәqәt bunu bilirәm ki, Gülbadam pirin sirrini iki sәbәbdәn gizlәdirdi, bir sәbәb öz namusunu güdmәk, ikinci sәbәb qurana and içmәyi idi.... Namusunu, ismәtini qorumaq üçün Gülbadam söylәmәyirdi, çünki fikir edirdi. Hәrgah әhvalatı açsa, ola bilsin bir çox adam bunun haman vaxt tәmiz qalmağına inanmayalar, bәlkә bir iş olubdur deyә özü dә, әri dә bәdnam olalar.... Bu әhvalatı hәmin gecә, yainki hәmin gecәnin sәhәri açıb desә idi, bәlkә inana idilәr.... Bu әhvalatdan bir neçә vaxt keçmiş, yәni pir şöhrәt tapandan sonra әhvalatın açılması hәqiqәt bir çox adamı şübhәyә salardı. Öz alәmindә vaxtını keçirtmiş idi. Fәqәt nә üçün keçirtdi? Ondan ötәri ki,qurana and içmişdi. Qurana and içmәyinә dә sәbәb yenә bunun namusu oldu. Hәmin dәqiqә Gülbadam bu hiylәnin aqibәtinidüşünsә idi, bәlkә dә and içmәyә idi. Fәqәt hәmin dәqiqә Gülbadamın ancaq bir fikri var idi: namusunu saxlamaq, tәmiz qalmaq, zәhәrli ilandan özünü xilas etmәk.

Bundan savayı başqa bir fikri yox idi. Bu da qurana and içmәyinә sәbәb oldu. Qurana and içәndәn sonra da sirr vermәk Gülbadam kimi inanmış bir adama asan deyildi. Gülbadama tәrbiyә belә verilmişdi. Heç bir şeyә and etmәmәk, xüsusәn allaha vә qurana, bunlara and etdin әmәl etmәk gәrәkdir. Anası Gülbadama deyәrdi: "Qızım, olmaya-olmaya qurana and içәsәn. Çox adamlar qurana and içib sonra andlarını pozub, böyük bәlalara giriftar olublar. Bundan böyük and yoxdur, qızım...." deyib hәmişә tәkrar edәrdi. Uşaqlıqdan bu, qulağında qalmışdı. Doğrudan da, Gülbadam and içmәk sevmәzdi. Xüsusәn qurana heç vaxt and içmәzdi. Bu gecә ömründә әvvәlinci dәfә idi ki, ürәkdәn qurana and içdi, ancaq bundan ötәri ki, tәmiz qalsın.... İlanın soyuq, çirkin әllәrindәn xilas olsun. Bu da arvadların bir sirridir: tәmiz qalıb tәrlan kimi gәzmәk, bir çox heyvandan seçilmәyәn kişilәrә yuxarıdan aşağa baxmaq bir çox arvadın sirridir....

Doğrudan da, ertәsi gün Gülbadam bir ağır daşı üstündәn atan bir zor, dәhşәtli müharibәdә qalib gәlәn pәhlәvan, bir tәhlükәli vaqiәdәn xilas olan adam kimi özünü hiss edirdi.... Fәqәt bir söz dә deyә bilmirdi.

Әcәba! İndi nә üçün şirә dönüb istәyir bir söz söylәsin? Bu sual Gülbadamın başından keçәrkәn yavaş-yavaş gәlib balası Cәbiyә baxdı, gördü ki, işarә ilә dodaqlarını uzadır, su istәyir, su verib dә birdәn fikrinә gәldi: "Bәlkә pirdә gecә su istәdi, kim verәcәkdir?" Bu fikri başından keçirib ildırım çaxmış kimi uşağın üstünә döşәnib ağladı vә sonra özünә gәlib dedi:

"Yox! Balacığım, mәn sәni gözümdәn iraq vermәrәm. Yox! Mәn nifrәt etdiyim mәbuda qurban vermәrәm!"--deyib hünәrlәndi, guya bir adam, ya bir qüvvә ona ürәk verirdi, guya buna deyirdilәr: haqq sәn tәrәfdәdir, de, söylә, bag?r!....

Sonra bir az fikrә gedib öz-özünә dedi: "Bәs andım? Mәn qurana and içdim! Ah, rәbbim! Ah, mәnim allahım! Mәnә yol göstәr!" Uca sәslә yenә uşağın üstünә düşüb ağladı....

Әlbәttә, ana hamı övladını bir gözdә görәr. Hamısı bir qüvvәtdә, bir dәrәcәdә cigәrparasıdır. Fәqәt balalardan zәifi, hәmişә naxoş bala ana ürәyinin әn hissli guşәsindә yer tapar.... Balaca Cәbi tәk olduğuna, hәmişә dilsiz, ayaqsız, zәif olmağına cәhәt Gülbadamın bütün vücudunu mәşğul etmişdi. Yuxusuz gecәlәrmi, ya bir vücuda hәmişә diqqәtini cәlb etmәkmi, yainki Cәbinin mәzlumluğu, hәrәkәtsizliyi, istәdiyi şeyi söylәmәyә imkanı olmamağımı, bilmirәm. Fәqәt onu bilirәm ki, Cәbiyә bağladığı mәhәbbәt Gülbadamı bütün-bütünә yandırırdı.

Mәşәdi Allahverәn dә, әlbәttә, balasını sevirdi vә çox da sevirdi: o da bütün-bütünә bunun uğrunda yanırdı. Fәqәt ikisinin mәhәbbәtindә bir az fәrq var idi. Mәşәdi Allahverәn çalışırdı ki, Cәbi tez ayaq tutsun, gәzsin, söylәsin, bir bunu söysün, saqqalından tutsun, yolsun, sonra böyüyüb dükanda otursun, sonra buna toy etsin vә daha ... nә ... nә.... Әlbәttә, Gülbadam da bunları istәyirdi. Fәqәt vaxt olurdu ki, Gülbadamın başından bu da keçirdi: "Belә dә qalsa, qalsın, tәki ölmәsin". Mәşәdi isә deyirdi: "Xeyr, belә qalmağın nә lәzzәti?"

VIII

"Allahu-әkbәr! Allahu-әkbәr! Әşhәdu-әn la ilahә illәllah!...." Sәhәr sübh vaxtı gün çıxmamış tamam canlı şeylәr hәlә yuxuda ikәn tәbiәtin sükut bir zamanında yarıoyanmış, yarıyuxuda iraq bir minarәdәn bu sözlәr, bu sәda sizә necә tәsir edir, bilmirәm, fәqәt mәn sevirәm. Mәn çalışıram bu sözlәri aşkar, aydın eşidәm. Bilmirәm bu әzanın musiqisimi, ya bu sözlәrin mәnasımı, yainki uşaqlıqdan qulaqlarımın bu sözlәri adәt etmәyimi, bilmirәm hankısı, fәqәt onu bilirәm ki, bunda, bu sözlәr sübh vaxtı mәni bir qeyri alәmә dәvәt edirlәr. Hәlә cocuqkәn sözlәrin mәnasını düşünmürdüm, yenә dә bu sözlәr mәnim üçün tәsirsiz deyildi. O vaxt bunu düşünürdüm ki, dua edirlәr. Fәqәt nә deyirlәr,nә demәk istәyirlәr, bilmirdim. Mәnasını bilәndәn sonra bu sözlәr mәni daha artıcaq maraqlandırdı. "Allah böyükdür. Şәhadәt verirәm ki, bir allahdan başqa yoxdur qeyri-mәbud". Әcәba, tәbiәtin belә bir sükut, gözәl vaxtında allahın varlığına vә birliyinә şәhadәt verәnlәr nә üçün qeyri-mәbud gәrәkdir arasınlar? N... şәhәri müsәlman şәhәridir; yәni üçdәn iki hissәsi müsәlmandırlar. Mәscidlәri var, mәscidlәrinin uca minarәlәri var. Bu uca minarәlәrdәn müәzzinlәr sәhәr, günorta, axşam hamı bir ağız gözәl sәslә deyirlәr: "Şәhadәt veririk ki, bir allahdan başqa qeyri mәbud yoxdur". Bunlar heç! Hәr bir müsәlman özlüyündә namazdan müqәddәm bu sözlәri deyib dә sonra namaza şüru edir....

Odur, Mәşәdi Allahverәn dә sәhәr namazına durub bu sözlәri deyir, onun qonşusu Hacı filan da bu sözlәri deyir, hamı bir ağızdan şәhadәt verirlәr: bir allahdan başqa qeyri mәbud yoxdur.

Әcәba, nә üçün bunlar pirә hazırlaşırlar?.... Hәtta bir çoxu namaz vaxtında bu sözlәri deyә-deyә pirә getmәklәrini fikir edirdi.

Hәqiqәt, bu cümә pirә hazırlaşan çox idi. Molla Cәfәrqulunun qәflәtәn ölmәyi vә ölümü barәsindә dürlü-dürlü xәbәrlәr, danışıqlar çox adamı hәyәcana gәtirmişdi. Bir çoxu da gedirdi ki, bu müxtәlif xәbәrlәrin hansı biri doğru olmağını bilsin.... Mәşәdi Allahverәn üçün müxtәlif xәbәr yox idi. Bu, bildiyini bilirdi, inanmışdı. Hәtta bu gecә yuxusunu da bir az qarışdırmışdı vә sәhәr duranda öz-özünә dedi: "Bәlkә işi tәxirә salmaqdan yuxumu da qarışdırıram. Gәrәkdi yuxu gördüyüm gecәsinin sәhәri uşağı apara idim".

Gecә hәtta Gülbadamla sözlәşdi, Gülbadam yenә razı olmurdu. Mәşәdi ağzına gәlәn yamanı deyib Gülbadamı döymәk dә istәdi. Haman bu gecә cümәnin axşamı idi. Mәşәdi Allahverәn çığırıb-bağırıb sonra tez yuxuya getdi. Gülbadam isә xeyli vaxt oyaq qalıb min-min fikirlәrә düşdü. Bilirdi ki, әri sabah Cәbini aparıb pirә atacaqdır. Yenә sәhәrdәn axşamadәk olsa, yaxşı. Lakin әri yuxusunda bir gün-bir gecә görmüşdü. Naçarlıqdan gündüzә davam etmәk olar, bәs bu qaranlıq gecәdә, quru yerdә işarә ilә su istәsә kim su verәcәkdir? Yenә yuxuda olarsa, yaxşı. Bәlkә birdәn ayıldı? Qaranlıqda qorxub daha yaman olmazmı?.... Bu tövr fikirlәri başından keçirib dә gahöz-özünә deyirdi: "Yox! Gözüm görә-görә balamı murdar bir yerә dәxil salmağa qoymaram. Nә olursa-olsun, açıb tamam әhvalatı söylәyәcәyәm....". Bu sözlәrdәn sonra hәmişә qurana and içmәyi dә fikrinә gәlәrdi.... Yenә vicdansız Molla Cәfәrqulu sağ olsa idi, gizlin gedәrdi, yalvarardı ki, bәlkә әrini bu fikirdәn daşındırsın.... O da öldü.... Ölmәyi heç. Bunun ölmәyi pirin mәnәvi cәhәtcә daha artıq şöhrәt tapmağına sәbәb oldu. İndi bunun sözlәrinә kim inanacaqdır? Bu fikirlәri başından keçirib ürәyi sıxılardı: zavallı gah hәzin-hәzin yorğan altında ağlardı, gah birdәn yorğanı üstündәn atıb durub oturardı vә hәrdәnbir balasına baxıb ürәyi od tutub yanardı. "Yox! Mәn sәni әlimdәn buraxmaram.... Sәni diri-diri qәbrә qoymaram!...."

Yox! Bu sözlәri deyirdi.... Fәqәt müәyyәn bir yol da tapa bilmirdi. Vaxt olur ki, belә bir halәtdә insan әlacsız qalıb özünü, bәxtini zәmanәyә, keçinәcәyә tapşırır. Bilmirәm nә yolla, fәqәt "bu iş baş tutmasın gәrәkdir" deyib dә axırıncı dәqiqәni gözlüyür.... Gülbadam da bu halәtdә, bu fikirdә ikәn yuxuya getdi. Fәqәt çox da yatmadı. Mәşәdi Allahverәnin "allahu-әkbәr!" sәsi bunu oyatdı.

Gulbadam bir söz dә söylәmәyib getmәk üçün hazırlaşırdı. Mәşәdi Allahverәn gecәki çovğundan sonra bunun sözsüz yığışmağını görüb ürәkdәn şad oldu ki, arvadı da bunun fikrinә şәrikdir, "davasız-qalmaqalsız" iş tamam olacaqdır. Mәşәdi Allahverәn hәtta dünәnki hәrәkәtindәn bir az da xәcalәt çәkirdi. Nә üçün Gülbadama elә sözlәr dedi vә döymәk istәdi. Sonra yenә öz-özünә deyirdi: "Xeyr, arvad xeylağını xoş sözlә yola gәtirmәk çәtindir. Gәrәkdir bir az çığırmaq, bağırmaq vә hәtta hәrdәnbir dә üzünü sillәyә öyrәtmәk...." Bu fikirlәri başından keçirәrkәn Gülbadamın gah bu yanına, gah o yanına keçirdi, istәyirdi könlünü alsın, fәqәt Gülbadam bir söz dә söylәmәyib lazım olan tәdarükü görürdü. Әrinin sözlәrinә ancaq "hә-yox" deyib tәlәsirdi....

Әcәba! Nә üçün bu zavallı arvad istәmәdiyi bir vaqiәnin tez olmasına tәlәsirdi? Gәrәk hәr dәqiqәnin, hәr saatın uzanmasına şad ola idi, fәqәt, bilәks,bu tәlәsirdi....

Bu bir hәftәnin müddәtindә daxili müharibә bunu büsbütün yormuşdu, әzmişdi, tamam hiss damarlarını çaxnaşdırıb boşaltmışdı. Bir elektrik qüvvәsi lazım idi ki, bu hiss damarlarını birdәn-birә hәrәkәtә gәtirsin.... Bәlkә Gülbadam tәlәsirdi ki, bu halәtdәn tez xilas olsun! Ürәyini ağır bir daş basırdı.

İstәyirdi biryolluq bu ağır daşı atsın, çünki bu daşın ağırlığına daha davam gәtirә bilmәyirdi....

Nә isә, balasını götürüb faytona mindi, әri dә şad-xürrәm Cәbinin üzünә baxa-baxa fikir edirdi: indi qucaqda gedirsәn, sabah oynaya-oynaya gәlәcәksәn....

Yolda yenә pirә gedәnlәr bir-birini çaparaq qovurdular. Bu dәfә hava isti deyildi. Sübhdәn göyün üzünü qara buludlar tutmuşdu.... Gәlib çatdılar.... Ziyarәtә gәlәnlәr çox idi: korlar, şillәr, dürlü-dürlü naxoşlar hәlә dünәndәn gәlib dәxil düşmüşdülәr. Hәqiqәt, Molla Cәfәrqulunun yoxluğu mәlum olurdu....

Hamı sanki bir yasa batmışdı. Kişilәr öz aralarında bir-birinә pirin barәsindә söylәyirdilәr. Molla Tutu da arvadların arasında istәdiyini işlәdirdi. Bu dәfә qeyri kәnddәn gәlәn bir molla meydanı boş görüb pirin kәramәtlәrindәn söylәyirdi. Hamı: arvad, uşaq, kişilәr qoz aqacının altına yığılıb qulaq asırdılar. Molla Cәfәrqulunun әhvalatını nәql edәn vaxt: "Allah sәnә çox şükür!" deyib xalq bir-birinә dәydi.

Çolaqlar, korlar, çaxotkalılar: "A kişilәr, bircә qoyunuz bizi pirә yavuq gedәk" deyib qoz ağacına tәrәf sürünürdülәr. Bu hindә Mәşәdi Allahverәn öz yuxusunu söylәdi vә indi balasını sabaha kimi pirә dәxil salmağını da elan etdi. Bu әhvalat daha artıcaq xalqı tәrәnnümә gәtirdi. "Allah sәnә çox şükür!" sәdası daha da ucaldı....

Göy guruldayır idi, şimşәk oynayır idi.... Mәşәdi Allahverәn arvadına tәrәf gedib oğlunu anasından aldı. Gulbadam bir söz dә söylәmәyib Cәbini verdi. Fәqәt verәn vaxt Cәbi anasına baxdı....

Bu baxışda bir sirr vardı. Bilmәk olmurdu nә sirrdir. Cәbi hәmişә anasına baxardı, fәqәt indiki baxışda bir atәş, bir elektrik qüvvәsi vardır. Bu qeyri bir baxış idi. Guya anası bu baxışda hiss etdi ki, dilsiz Cәbi istәyir desin:

"Anacığım! Sәn mәni nifrәt etdiyin quru yerә nә üçün buraxırsan?"

Gülbadam özünü itirib tam bәdәni iztirabda ikәn, dizi üstә çökdü, әllәrini yuxarı tutub dedi: "Ey mәnim allahım! Mәnә bir qüvvәt ver ki, ürәyimdәkini deyә bilim"....

Bu vaxt xalq bir-birinә keçdi. Arvadlar hәyәcana gәldilәr. Dünәndәn bәri dilsiz, heykәlә bәnzәr Gülbadam indi dәhşәtli, yırtıcı bir şirә oxşayırdı. Gözlәri parıldadı.... Bütün bәdәni titrәyәrәk uca sәslә dedi:

"Mәn nifrәt etdiyim mәkandan balama nicat gözlәmәyirәm!"

Bu sözlәrn dedikdә hamı bir ağızdan:--İstiğfar et! Allah amandır! Arvad dәli olubdur!

"Yox! Mәn dәli olmamışam, fәqәt sizin dәli olmağınıza sәbәb olmuşam."

"Yumsana bunun ağzını!"--deyib Mәşәdi Allahverәnә tәrәf hamı üz çöndәrdi.

Mәşәdi әlindә balası, arvadın tәrәfinә hirsli gәlәrkәn, Gülbadam sanki bir arslan olub dedi:--Gәlmә yavuq! Mәn indi bu hindә bir allahdan başqa kimsәni böyük bilmәyirәm.

Haman allahdır mәni indi danışdıran. Kimsә mәnim ağzımı yuma bilmәz. Bu vaxtadәk mәnim ağzımı yuman da haman allahın kәlamı idi. Namusumu tәmiz saxlamaq üçün mәn hәnuz burada qurana and içdim ki, o yatan bәdbәxtin hiylәsini ölәnәdәk söylәmәyim--әlini mollanın qәbrinә uzadır--haman bu yerdә mәnim ismәtimә, namusuma әl uzatdı. Mәn çığırdım, qәşş etdim. Ayılandan sonra qurana and içdi ki, mәnim namusuma әl uzatmasın, mәn dә qurana and içdim ki, ölәnәdәk bunun hiylәsini aşkar etmәyim.... Fәqәt çoban olmasaydı, bu pir dә olmazdı.

Hamı bir-birinә baxıb heyran qaldılar. Bu vaxt kişilәrin içindәn bir şәxs ayrılıb әlindә böyük bir daş, günbәzә tәrәf gәldi vә daşı günbәzә vurub dağıtdı vә dedi:

"Bu torpaqlara әvvәlinci üzünü sürtәn mәn olmuşam...." Bu vaxt Gülbadam uca sәslә dedi:"Balamı mәnә veriniz! Veriniz balamı!" Bütün bәdәni titrәyib yıxıldı, qәşş etdi.

Arvadlar tab gәtirә bilmәyib ağladılar, kişilәr başlarını yerә dikdilәr....

Bilmәyirәm bu vaqiәdәn sonra bu mahalın müsәlmanları hәqiqi mәbudlarını tapdılarmı?

Günün bütün mövzuları

XS
SM
MD
LG