Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:19

Nəriman Nərimanov. Pir


İyun ayının ortası idi. Günlәr çox isti keçirdi.... Mәşәdi Allahverәn sabah namazına durub arvadını tәlәsik durquzdu:

"Ay qız Gülbadam! Gülbadam! Tez ol dur, uşağı da durquz, vaxt keçir hava sәrin ikәn yola düşәk."

Gülbadam sәrsәm yuxudan oyanıb oturdu, gözlәrini ova-ova o yan-bu yanına baxdı, istәdi әrinә deyә: "Nә üçün çığır-bağır edirsәn, yatmağa qoymursan?...." Sonra fikrinә gәldi ki, gәrәk pirә gedәlәr.... Heç bir şey söylәmәyib bir az gәrnәşdi, sonra әllәri ilә gözlәrinә düşәn saçlarını düzәltdi, boynuna düşmüş ağ çit, qara çiçәkli yaylığı başına salıb boğazının altından sıxdı. Ağ donunu geyindi, әsnәdi, istәr-istәmәz ayağa durdu. Üzsüz boz balışı, üzü qırmızı çiçәkli çitdәn mitәkkәni döşәyin ortasına qoydu, sonra yorğan әvәzinә üstünә saldığı ağ döşәk üzünü qatlayıb istәyirdi yerini yığsın, bu vaxt Mәşәdi Allahverәn namazını qurtarıb arvadına dedi:

"Yerlәri yığmaq istәmәz, gәlәrsәn sonra yığarsan, vaxt keçir,sәn uşağı durquz."

Gülbadam döşәyi buraxıb iki dizlәri üstә çökdü, bir az uşağın üzünә baxıb ağ kisәyi köynәyinin enli qolları ilә uşağın alnındakı tәri sildi vә sonra: "Cәbi! Anan sәnә qurban, Cәbi! Oyan, dur gedәk. Dәdәn sәni toşiyә mindirәcәkdir" deyә durquzurdu.

"Bir az yavaş, qorxar!"--deyib, Mәşәdi Allahverәn axırıncı duasından әl çәkdi.

Axırıncı sözlәri dә bu idi: "Pәrvәrdigara! Mәnim bu balama nicat ver!". Ondan qabaqkı sözlәr dә buna oxşar sözlәr idi. Daha doğrusu, sözlәr deyildi, fikirlәr idi. Hәmişә namazdan sonra әllәrini yuxarı qaldırıb fikrindәn keçirәrdi: "Pәrvәrdigara! Özün şahidsәn, buyurduğun әmrlәri yerinә yetirirәm: orucumu tuturam, namazımı vaxtında qılıram....Özün şahidsәn, rәbbim! Yetir, pәrvәrdigara! Bu "yetir" sözünü hәr vaxt deyәndә tamam mәişәtini, alını-verini, zәrәrini-xeyrini fikrindәn keçirәrdi. Elә dә deyilidi ki, "ehdinәssiratәl müstәqim"in mәnasını bilib dә daha "allah, mәnә doğru yol göstәr" kimi sözlәri bir dә tәkrar etmәyә ehtiyac qalmaya idi. Xeyr, Mәşәdi Allahverәn düz әlli yaşında idi vә on beş yaşından namaz qılardı, bu sözlәrin mәnasını bilmәzdi vә heç fikrinә gәlmәzdi ki, namazda deyirlәr: Allah! Mәnim ürәyimi tәmizlә, mәnә doğru yol göstәr, o yolu ki, sәnin tәrәfinә gedir, o yoldan uzaq et ki, sәndәn uzaq düşür. Mәnim qәlbimi yumşalt, hәlim vә mehriban et.... Belә fikirlәri Mәşәdi Allahverәn nәinki namaz vaxtında, hәtta mәrsiyәxan oxuyanda da başından keçirtmәzdi. Bir gün hәtta mәrsiyәxan ağzı qızışmış bir vaxtda dedi:

"Ey camaat, dürüst qulaq veriniz. Dizi üstә әylәşiniz, bir fәrd oxuyacağam, demirәm başınıza vurun, yox. Ancaq bu oxuduğum sözlәrә göz yaşı tökәrsinizsә vә haman dәm ürәyinizdәn nә istәsәniz qәbulә keçәr.

Mәşәdi Allahverәn doğrudan çox-çox ağladı vә ürәyindәn bunu keçirtdi: "Allah, mәnә bir övlad ver!"

Zatәn Mәşәdi Allahverәnin ancaq bu fikirdә olmağının vә bu kimi şeylәr öz allahından istәmәyinin sәbәbi var idi. Onun heç bir şeyә ehtiyacı yox idi: dükanı yaxşı işlәyirdi, yaxşı qazanırdı. Hәlә bir az bankda, bir az da әllәrdә faizlә pulları dolanırdı. Fәqәt bir şeydәn bәdbәxt idi: övladı olmurdu.

Mәşәdi Allahverәn ibtida bir arvad aldı, gözәl, göyçәk. 30 il onunla gün keçirib övladı olmadı. Sonra istәdi birini dә alsın, arvad razı olmurdu. Ürәkdәn boşamaq da istәyirdi. Fәqәt qorxurdu. Çünki arvadın qohumları bir az qolçomaq hesab olunurdular. Axırda әlacı üzülüb arvad ilә gündә dava-qalmaqal edirdi, deyirlәr, guya döyәrdi, söyәrdi, hәtta ac da qoyardı.... Bu sәbәbdәnmi vә ya qeyri bir sәbәbdәn arvadı öldü. İkinci dәfә yenә bir pakizә qız aldı. Üç ilin әrzindә iki dәfә uşağa qaldı: birindә üç aylıq, ikinci dәfә altı aylıq uşaqları düşürdü. Bu biçarә arvad vaxtsız doğmaqdanmı vә ya qeyri bir sәbәblәrdәn ağrılara, mәrәzlәrә mübtәla oldu. Günbәgün әriyib gah qarnından dad vurardı, gah başından, gah bütün bәdәnini ağrı tutardı. Mәşәdi Allahverәnin buna yazığı gәlib boşamaq istәmәzdi. Çünki arvadın heç bir kәsi yox idi. Fәqәt atasından qalan bir-iki evin sahibi idi. Mәşәdi Allahverәn bilirdi ki, boşasa yazıq arvad evlәri tәk dolandıra bilmәyәcәkdir. Buna binaәn boşamaq da istәmirdi. Fәqәt arvad hәmişә naxoş, zәif olduğuna görә ev işlәri yaxşı getmirdi.... Mәşәdi dә "mәhrәm" bir "qulluqçu" gәzirdi. Bu fikrini aşkar edib arvadından izin istәdi. Arvadı da çarәsiz qalıb razı oldu. Tәlәsik yavuq kәnddәn dul, çopur Gülbadamı aldı. Doğrusunu da demәk Mәşәdinin daha o vaxtı deyildi ki, gözәl qız arasın. Әlli yaşında, başı balaca, üzü enli, burnuyekә, balacaboy, gözlәri bir az çәp, hәna altından bozaran saqqallı bir kişiyә nә gözәllik aramaq? Xeyr, Mәşәdi Allahverәn öz "qәdr-qiymәtini" bilәn adam deyildisә dә, daha çox da gözәl arvad almaq fikirlәrini etmәzdi. Ona ancaq övlad lazım idi. Ona bina Gülbadamı aldı. Fәqәt nә üçün şәhәrdәn almayıb kәnddәn aldı? Gülbadam kimi şәhәrdә çox dullar var idi. Bu da bir gizlin mәsәlә idi. Ancaq Mәşәdi özü bilirdi.... Hәr halda pirin adı çәkilәndә Gülbadamın da adı çәkilirdi.... Mәşәdi dә fikir edәrdi: "Bәlkә Gülbadam pirsevәn xoşbәxtlәrdәndir...." İştә Gülbadamı aldı ki, bәlkә övladı ola.

Doğrudan da bir il keçmәmiş Gülbadam uşağa qaldı. O vaxtlarda da Mәşәdi Allahverәnin naxoş arvadı bir sümük bir dәridә ikәn canını tapşırdı. Bunun ölmәyi Mәşәdi Allahverәni ağlatmadısa da, ürәyini yandırdı. Çünki әli arvadın mülkündәn çıxırdı; vәrәsәlәr var idi....

Gülbadam arvadın ölmәyinә qeyri günülәr kimi nәinki sevinmәdi, hәtta bir az da qәmgin oldu. Çünki naxoş, zәif arvada yazığı gәlirdi. Gülbadam ürәyi yumşaq, rәhmli adam idi. Sağlığında zәif, naxoş arvada nәinki "günülük" etmәzdi, hәtta bir az da hörmәt edәrdi. Vaxtında xörәyini verәrdi, yedizdirәrdi vә hamama aparıb çimizdirәrdi. Deyirlәr, guya "günü gününün ölmәyini istәr", fәqәt bu arşınla hamı günülәri ölçsәk işimiz fәna olar. Doğrudan da, insanda bir-birinin ölmәyini istәmәk vәhşilikdir, deyilmi? Belә isә iki arvad, üç arvad vә daha çox arvad almaq neçә milyon arvadları vәhşi edәrdi.... Nә isә, özgә günülәri bilmirәm, fәqәt Gülbadam qeyrilәrinә oxşamazdı. Bu naxoş arvada Gülbadamın yazığı gәlәrdi, yazığı gәlәn adamın ölmәyini. dә istәmәzlәr....

Mәşәdi Allahverәn dә vaxtında bu naxoş mәzlumә arvadı sevәrdi, fәqәt uşaq mәsәlәsindә ümidini ondan üzәndәn sonra Gülbadama mәhәbbәtini salmışdı.... İndi odur, hәlә dünyanın işığını görmәyәn balasının sәbәbinә Gülbadamın başına pәrvanә kimi fırlanırdı, әlini isti sudan soyuq suya vurmağa qoymur, sәhәr-axşam samovarı özü qaldırardı. Hәtta doğmağına bir neçә gün qalmış pillәkәnlәrdәn çıxıb-düşmәyә dә qoymazdı. Çünki әvvәlinci arvadın uşaq düşürmәyini mamalar ağır şey götürmәkdәn bilirdilәr vә deyirdilәr: "Uşaqlıq yerindәn oynayıbdır".... Mәşәdi bunların hamısına inanardı. Fәqәt hamıdan çox qorxunu sәbәb bilәrdi vә öz alәmindә ikinci arvadının uşaq salmasını da qorxudan bilәrdi. Çünki arvad bir gün mülkündәn gәlәn mәdaxilin hesabını bilmәk istәrkәn bәrk döyülmüşdü vә hәtta ortalıqda xәncәr dә işlәmişdi. O idi ki, Mәşәdi Allahverәn çox mәrәzin sәbәbini qorxudan bilәrdi, hәtta axır vaxtlar axşamlar evә gәlәndә darvazadan uca sәslә oxuya-oxuya gәlәrdi ki, arvad qeyri bir adam bilib diksinmәsin.

Vaxt yetişdi, dükana xәbәr apardılar ki, arvad ağrı çәkir. Mәşәdi Allahverәn tez dükanı bağlayıb evә gәldi. Mamaları çağırtdı, mamalar işә mәşğul oldular. Bir gün, bir gecә Gülbadam ağrı çәkdi. Bir gün, bir gecә Mәşәdi Allahverәn yemәyini, içmәyini bilmәdi. Gah bu qapıdan mamanı çağırardı, gah o qapıdan arvadının әhvalını xәbәr alardı.

"Hә, necә oldu? Necә olacaq? Bәs necә olsun?"--deyib o yan-bu yana yüyürәrdi. Neçә-neçә qurbanlar vәd etdi, nәzirlәr çıxdı, olmadı.... Axırda şәhәrin yavuqluğundakı mәşhur qoz ağacını, "pir"i fikrindәn keçirtdi vә nәzir etdi ki, uşaq tez olsun, iyirmi manat pirә göndәrsin. Bunu fikrindәn keçirtmişdi, o biri otaqdan: "Allah şükür, allah şükür! Oğlandır!" sәdası gәldi.

Mәşәdi bu yaşa gәlmişdi, hәlә belә bir şadlıq bunun üçün üz vermәmişdi. Uşaq kimi atılıb-düşürdü. İyirmi manata qәdәr muştuluq pulu buraxdı. Tez bazara çıxdı ki, bir az tәdarük üçün şeylәr alsın. Çuxasının bir qolunu geyib birini dә çiyninә atdı. Papağını әyriqoydu, belә ki, çirkli araqçınının yarısı görünürdü. Tanış-biliş görәndә uzaqdan gülәrdi, ucadan salam verәrdi, hәtta tanımayan adamlara da salam verәrdi.

Bunun şadlığının sәbәbini bilmirdilәr. Әlbәttә, bilsә idilәr: "Mәşәdi, gözün aydın"sa da deyәrdilәr. Özü utanıb şadlığının sәbәbini deyә bilmirdi. Bununla belә, Mәşәdi Allahverәn çox istәyirdi ki, "Mәşәdi, gözlәrin aydın!" sözlәrini eşidә, tәrs kimi bir soruşan da yox idi ki, bilinsin. Nә üçün hәmişә qaşqabaqlı Mәşәdi bu gün adamların üzünә baxıb irişir, uzaqdan uca sәslә salam verir, nә üçün papağını yan qoyubdur? Xeyr, heç kәs! Hәtta Mәşәdi Allahverәn bir neçә adamın kefini dә xәbәr aldı: "Hә! Xala oğlu, kefin necәdir?" Fәqәt bu adamlardan da heç biri Mәşәdinin kefini xәbәr almadı ki, bәlkә söz açıla.... Deyәsәn o gün hamının tәlәsik işi var idi. Biri o yana gedirdi, biri bu yana, salam da verәndә quru salam verib keçirdilәr. Axırda Mәşәdi Allahverәn uzaqdan әn yavuq dostu Kәrbәlayı Xudaverdini görüb gülümsündü, sonra yavuqlaşanda gülә-gülә dedi:

"Rәfiq! Yaxşı yarpaq dolması yemәk istәyirsәnsә, bu axşam gәl bizә."

Bu sözlәri deyib Kәrbәlayı Xudaverdinin gözlәrinә baxdı ki, bәlkә bu isә şadlığının sәbәbini soruşa. Yox, soruşmadı, bununla belә Mәşәdi Allahverәnin dolması Kәrbәlayı Xudaverdinin bir az fikirlәşmәyinә sәbәb oldu. Çünki Mәşәdi Allahverәn hәr saatda dolma yedizdirәn adamlardan deyildi; ona görә Kәrbәlayı Xudaverdi tәәccüblә rәfiqinin üzünә baxdı:

"Hә, mat-mat nә üçün baxırsan? Soruş, soruş dә!" Kәrbәlayı Xudaverdi yoldaşının әlindәn tutub dedi:

"Doğrudan, bu nә qonaqlıqdır, rәfiq?"

"Qonaqlıq-zad yoxdur, fәqәt bir sәni çağırıram. Әsil qonaqlıq sonradır...."

"Yәni, necә sonra?"

"A kişi, rәhmәtliyin oğlu, nә üçün düşünmürsәn? Sonra da! Beş-altı gündәn sonra!"

Mәşәdi Allahverәn bu sözlәri gülә-gülә deyirdisә dә, fәqәt içindәn qovrulur idi: "Nә üçün bu adamlar bunun şadlığının sәbәbini soruşmurlar? Nә üçün belә bir böyük işdәn bunların xәbәrlәri olmasın? Nә üçün bu öz dili ilә gәrәkdir desin: "Oğlum dünyaya gәlibdir!...."

Kәrbәlayı Xudaverdi çox da nazik mәtlәb düşünәnlәrdәn deyildi. Hәtta "beş-altı gündәn sonra" sözlәri dә buna kifayәt deyildi, gәrәk açıq-açığına deyilә idi: "Beş-altı gündәn sonra ad qoyulacaqdır". Mәşәdi Allahverәn daha sәbir etmәyib bu sözlәri özü dedi.

"Ay sağ ol! Sağ ol! Gözün aydın, Mәşәdi! Gözümüz aydın! Çox әcәb!"

Kәrbәlayı Xudaverdinin bu sözlәri Mәşәdi Allahverәnin bütün damarlarına işlәdi. Yәni bu sözlәri Mәşәdi Allahverәn bütün varlığı ilә hiss etdi, sonra guya utanıb yerә baxa-baxa dedi:

"Bәli, allah-taala bizә bir oğul bağışladı."

Bu sözlәri deyib Kәrbәlayı Xudaverdinin üzünә baxdı, elә bir baxdı ki, guya Kәrbәlayı Xudaverdidәn yenә dә bir söz gözlәyirdi. Mәşәdi Allahverәnә xәyal, Kәrbәlayı Xudaverdi bunun sözlәrindәn sonra gәrәk deyә idi: "İnşaallah, sünnәtindә, toyunda yeyәk, yainki toyunda oynayaq....".

Nә isә, Kәrbәlayı Xudaverdi düşünmәdi vә demәdi. Demәyib dә әli plovdan çıxdı; çünki Kәrbәlayı Xudaverdi gözaydınlığı verәnvaxt Mәşәdinin fikrindәn plov da keçdi, fәqәt sonra sözlәrinin dalı gәlmәdi.... Mәşәdi dә ancaq bir dolmalıq alıb apardı.

Mәşәdi Allahverәn hәlә çuxasını çıxarmamış böyük mamanı sәslәdi:

"Hә, әhvalı necәdir?"

"Yaxşıdır, yaxşıdır!"

"Göbәyi-zadı öz yerindәdirmi?"

"Bәli, bәli!"

Mama "yaxşıdır-yaxşıdır" sözlәrini ürәkdәn demirdi. Fәqәt qabaqda üzgörümçәyi olmağa körә çarәsi yox idi. Nә isә, mama üzgörümçәyi alıb Mәşәdi Allahverәni uşağın yanına buraxdı.

"Hә, necәsәn?"

İstәr-istәmәz arvadının әhvalını xәbәr alıb uşağa baxdı vә әlinә götürdü. Bu dәqiqә Mәşәdi Allahverәnin hәyatında әn qiymәtli, әn hissli bir dәqiqәlәrdәn idi. Neçә illәrlә arzusunda olan balanı Mәşәdi indi әlindә tutur. Bu hindә Mәşәdi Allahverәnin fikrindәn nәlәr keçmәdi: balaca, dәmir, qәşәng kravat. Bir az sonra balaca әrәbә, daha bir az sonra quzu, eşşәk, at, fayton, daha nә bilim nә, nә ... hamısı bir-bir fikrindәn keçirdi.

Haman bu hindә dә mamanın fikrindәn qeyri şeylәr keçirdi. Böyük mama tәcrübәli bir mama idi: doğrudur, elmsiz idi, oxumamışdı, fәqәt tәcrübәsi çox idi. 20 il idi mamalıq edirdi. Bu iyirmi ilin әrzindә çox balaları gözdәn keçirmişdi. Bu uşaq qeyri uşaqlara bir az oxşamayırdı: üzü şiş, başı qәdәrindәn yekә bir uşaq idi vә bir az da qeyri bir iy verirdi....

Günlәr keçdi, aylar keçdi, balaca Cәbi yavaş-yavaş boy atırdı, fәqәt hәmişә zәif, üzü kiçik, başı isә günbәgün zorbalaşırdı. Nә ki, danışmaq, yerimәk vaxtı deyildi, Mәşәdi Allahverәn vә arvadı uşağın başına vә zәif olmağına çox da diqqәt etmәzdilәr. Hәtta qeyrilәr Mәşәdi Allahverәnә uşağın başına dair bir söz söylәyәndә, Mәşәdi gülә-gülә deyәrdi: "Görünür ağıllı olacaqdır". Hәtta belә bir şey eşitmişdi vә yainki istәyirdi eşitsin ki, başı böyük adamın ağlı da çox olar....

Nә isә, vaxt yetişdi: gәrәk uşaq imәklәsin, yerisin, gülsün, danışsın, şad olsun.... Fәqәt Cәbidә bu әhvalatlar görünmürdü. Cәbini haraya qoyurdun orada dinmәz-söylәmәz uzanırdı. Verәndә yeyirdi, vermәyәndә heç. Su istәyәndә dodaqlarını bir-birinә sürtürdü. Çox vaxt matdım-matdım bir nöqtәyә balaca gözlәri ilә baxırdı. Fәqәt bu gözlәrdә tәbii şәfәq, qığılcım yox idi. Alnı qabağa çıxıb gözlәri çuxura düşmüşdü. Ümumi zәiflikdәn başqa ayaqları da әyri bitirdi. Ayaqlarını әlә alıb buraxanda sanki bir rezin (trubka) kimi yerә düşürdü....

Nә isә, bir çox dualardan, nәzirlәrdәn sonra bir gün Gülbadam әrinә dedi:

"Şәhәrә, deyirlәr, bir yaxşı hәkim gәlibdir. Gәlәsәn aparaq uşağı bir baxsın."

Mәşәdi әvvәl dinmәdi. Sonra razı oldu. Sabahı Gülbadam qonşusu Pәrini dә götürüb hәkimә getdi.

Hәkim diqqәtlә uşağa baxıb başını buladı vә xeyli fikrә getdi. Arvadlara naxoşa dair bir söz dә demәyib dәrman yazdı. Fәqәt dedi ki, çox yaxşı olardı ki, uşağın atasını görmәk.... Arvadlar evә qayıdıb әhvalatı Allahverәnә nağıl etdilәr. Mәşәdi dedi:

"Mәn әvvәl heç razı deyildim ki, siz uşağı hәkimә aparasınız, çünki bu hәkimlәri mәn jaxşı bilirәm, yaxşı tanıyıram. Bir az çәtinә düşәndә, ya mәrәzi tapmayanda, naxoşun atasını istәrlәr, anasını çağırarlar, babasını qәbirdәn çıxartmaqdan da bunlar çәkinmәzlәr.... Gör nә axmaq-axmaq sözlәrdir. Naxoşdur, gәlibdir bax, müalicәni et, yoxsa sәnin atası ilә nә işin? Xeyr, bunlar boş sözlәrdir....

Yenә dualar, yenә cadubazlıq meydana gәldi. Fәqәt Gülbadam çox da duaya-zada inanan deyildi. Bir azdan sonra Gülbadam uşağı daha bir tәzә gәlmiş hәkimә apardı. O da diqqәtlә baxıb dedi ki, atasına baxmaq lazımdır. Bu dәfә Gülbadam әrindәn izinsiz getmişdi. Gülbadam әhvalatı açıb dedi:

"Doğrudan, gәlәsәn bir özün hәkimә gedәsәn, görәk nә demәk istәyir. Mәn sәndәn izinsiz tәzә hәkimә getmişdim. Uşağa diqqәtlә baxıb o da dedi, atasını görsәk yaxşı olardı.

Mәşәdi Allahverәn istәdi çığır-bağır etsin. Ancaq uşaq yatırdı, bir söz dә söylәmәdi. Sonra öz-özünә fikir edirdi: "Yaxşı, hәkim mәni yemәyәcәkdir ki, bәlkә doğrudan da fikir edir ki, arvad xeylağı onun dediklәrinә layiqnncә әmәl edә bilmәyәcәklәr. Onun üçün kişi xeylağı çağırır". Bu fikirdә ikәn Mәşәdi Allahverәn sәhәri hәkimә getdi.

Hәkim uşağı görüb bir neçә xәyallara düşmüşdü. Mәrәzin sәbәbini bilmәk istәyirdi. Çünki haman mәrәzin bir neçә sәbәbi ola bilәrdi. Dürüst sәbәbini bilib müalicәsinә girişmәk istәyirdi. Mәşәdi Allahverәn hәkimә özünü tanıdıb soruşdu:

"Hәkimbaşı, mәnim uşağımın mәrәzi nәdir?"

Hәkim dedi:

"Uşağın beynini su alıbdır. Ayaq sümüklәri dә әyri bitibdir. Mәnimcә, sәbәbini atasında vә anasında aramaq lazımdır vә tez dә müalicәsinә şüru etmәk gәrәkdir. Yoxsa uşaq ya tez tәlәf olar vә yainki ağılsız, çolaq bir vücud qalacaqdır. Bunu da demәk lazımdır: mәrәz ağır bir mәrәzdir....

Bir çox söhbәtdәn sonra mәlum olur ki, Mәşәdi Allahverәn bir vaxt kif azarına mübtәla olubmuş. Bir az sonra yenә dә mәlum olur ki, Gülbadamın әvvәlki әri dә bu mәrәzә düçar olubmuş ki, bu mәrәzdәn tez tәlәf olur. Deyirlәrmiş guya azar beyninә vurubmuş. Sonra yazıq Gülbadamın ağzında bir yara var imiş vә hәkim әri içdiyi davanı buna da verәrmiş....

Hәkim bu mәlumatı yığıb, mәrәzin sәbәbini özü üçün aşkar etdi vә müalicәsini tәdriclә başlamaq istәdi. Bununla belә Mәşәdi Allahverәnә vә Gülbadama dedi:

"Hәrgah istәyirsinizsә belә bәdbәxt balalarınız bir dә dünyaya gәlmәsinlәr, özünüzә müalicә ediniz...."

Hәkimin bu sözlәri Mәşәdi Allahverәnin heç beyninә batmadı, qulağına heç girmәdi. Bu fikir edәrdi: "Hәkim boş sözdür söylәyir. Bu doğrudur, 30 yaşında bәrk kif azarına mübtәla olmuşdum. İndi bu iyirmi ilin әrzindә bәdәndә azarmı qalar?" Fәqәt onu düşünmәyirdi ki, ikinci arvadının uşaq düşürmәyinә dә bunun mәrәzi sәbәb olmuşdu. İndisә iki tәrәfdәn--hәm Gülbadam vә hәm özü Cәbi kimi bәdbәxt bir uşağın dünyaya gәlmәsinә sәbәb olduğunu nәinki düşünmürdü, hәtta hәkimin sözlәrini cәfәng bir şey hesab edirdi. Daha hәkim sözü yanında danışmaq olmurdu. Yenә dualar yazıldı, nәzirlәr çıxıldı.... Axırda fikir etdi ki, "uşaq anadan olan vaxt Gülbadam çox zәhmәt çәkdi, axırda "qoz ağacı--pirә" nәzir dedikdә uşaqdan xilas oldu.... Nә üçün daha oturmuşam!...." O idi ki, Mәşәdi Allahverәn cümәlәr uşağı pirә aparırdı. Bu cümә dә axşamdan pirә getmәk üçün hәr bir şey hazırlamışdılar. Ona bina Mәşәdi Allahverәn namazını qurtarıb Gülbadama deyirdi ki, uşağı durquzsun.

II

Bu cümә pirә gedәn tәk bir bunlar deyildilәr. Çox adam gedirdi. Hәr mәhәllәdәn iki-üç nәfәr adam uşaqları ilә bir yerdә arabaya, faytona, ata, eşşәyә minib gedәcәkdilәr vә hәr biriiin getmәyinә dә bir sәbәb var idi. Biri Mәşәdi Allahverәn kimi oğlunu aparırdı, digәri anadanolma, yainki sonratapma çaxotkalı qızını yanına salmışdı. Üçüncüsü vaxtında müalicә etmәyib traxoma göz ağrısından әbәdi kor olmuş atasını yedәklәyirdi, dördüncüsü әrә getmiş doğmayan qızını yanına salmışdı. Daha bir çoxu da Sibirə gedәn oğlanları üçün nәzir aparırdılar.... Nә isә, hәr cümә günü kar, kor, şil, çolaq, çaxotkalı, yaralı, qızdırmalı, qarnı ağrıyan, övladı olmayan, oğlan doğmayan, dul arvad, dul kişi, sonsuz, kimi arabada, kimi faytonda, kimi piyada pirә gedәn yolu tapdalayırdılar. Bunların içindәhәtta elә bir arvadlar var idilәr ki, әrlәri pirә qoymayanda cümәdәn qabaq yuxu da görәrdilәr. Sәhәr durub әrinә deyәrdi: "Rәhmәtlik ananı pirin qapısında durmuş gördüm, mәni görәndә dedi: "Ay balam, sәnin yolunu gözlәyirәm. Nә üçün iki cümәdir gәlmirdin...." Bu sözlәrdәn sonra әri dә yumşalıb nәinki rüsxәt verәrdi, hәtta nәzir dә göndәrәrdi. Elә vaxt olardı ki, kişilәr özlәri dә cümә günlәri işsiz qalıb pirә gedәrdilәr. Fәqәt çox adam Mәşәdi Allahverәn kimi "mühüm mәsәlәni" hәll etmәk üçün gedәrdi, elә dә deyildi ki, işsiz gedәn kişilәr pirә inanmasınlar. Xeyr. Bu şәhәrdә dürlü-dürlü adamlar vardı, kimi Mәşәdi Allahverәn kimi sәmim-qәlbdәn inanmışdı, kimi ondan bir az. Kimi nәziri qәbula keçmәyib, inanmasa idi dә, ürәyindәkini heç kәsә demәzdi, şübhәli idi. Doğrudan da, inanmamaq da olmazdı. Çünki bir dә eşidirsәn deyirlәr: filankәsin neçә il imiş övladı olmur imiş, pirә nәzir deyibmiş.... İndi övladı olubdur. Filankәsә on beş gün hәkim baxıbdır, bir şey çıxmayıbdır. Elә ki, pirә nәzir çıxıblar, dәrhal şәfa tәri gәlib, yaxşı olubdur.... Filankәs filan şeyini itirmişdi, pirә nәzir dedi, tapıldı.... Nә bilim, daha nә ... nә.... Fәqәt il uzunu pirә sürünәn çolaqlar, korlar, karlar, çaxotkalılardan sәs çıxmayırdı....

Nә isә, inanan inanmışdı, inanmayan istәyirdi inansın vә bir neçәsi dә öz-özlәrinә deyirdilәr: hәr adamın nәziri qәbula keçmәz ki? Әmәli saleh adamın nәziri qәbul olunar, saleh olmayanınkı olmaz. Әmәli saleh dә bu ölkәdә Mәşәdi Allahverәn kimisinә deyәrdilәr.

Zatәn bu mahalın kişilәri, arvadları bir-birinә oxşardılar: surәtdә yox, ruh cәhәtincә bunlar bir-birindәn uzaq getmәmişdilәr. Bunlar oruclarını çox bәrk-bәrk tutardılar, belә bәrk tutardılar ki, toz olan yerdәn keçmirdilәr, dodaqlarını büzәrdilәr, burunlarını yaylıqla tıxayardılar. Ancaq ağızları açılanda belә açılardı ki, gәrәk qulaqlarını tutub qaça idin. O deyildi ki, hamı bir qayda ağızlarını aça idi. Xeyr, biri çox bәrk açardı, o biri bir az ondan boş.... Elәsi dә var idi, heç ağız-zad açmazdı, dinmәz-söylәmәz qardaşının yetimlәrinә çatan pulları hәr gecә iftara toyuqplov bişirib yeyәrdi, zavallı yetimlәr isә ac qarınlarını yerә sürtәrdilәr. Sonra namaz üstә öz allahına deyәrdi: "Pәrvәrdigara! Özün şahidsәn, buyurduğun orucu tuturam, namazımı qılıram...." Bunlar namazdan da bir-birindәn uzaq getmәmişdilәr: intәhası biri namaz üstә çox dua edәrdi, biri az: çünki birinin azehtiyacı var idi, birinin çox. Fәqәt hamı bir söz deyәrdi: "Yetir, pәrvәrdigara filan şeyi, özün şahidsәn, buyurduğuna әmәl edirәm". Bunların qanacaqları ilә allahın buyurduğu da nә idi: oruc, namaz, zәkat, fitrә....

Fәqәt bilmirәm, allaha rüşvәt verib allahdan rüşvәt istәmәyi bunlara pir öyrәtmişdi, yoxsa pirә rüşvәt vermәk aldıqları tәrbiyәnin nәticәsi idi.... Odur, hamı rüşvәtlә yola düşüb gedirlәr: biri qoyun aparır, biri quzu, biri toyuq aparır, biri xoruz, biri qızıl üzük, biri gümüş güzgü, biri çit aparır, biri ipәk parça, biri şam aparır, biri şamdan, kimi pul, kimi portman....

Fәqәt bu nәzirlәrin, bu rüşvәtlәrin içindә mәlum vә namәlum nәzirlәr dә var. O deyil ki, hamısı aşkar getsin. Odur, ayaqları bağlı qoyun bir yanı üstә düşmüş arabanın dalına sarınıbdır. Başı da arabanın yanından sallanıb titrәyә-titrәyә araba getdiyi yolun çuxurlarını göstәrir. Ayaqları bağlı toyuq-xoruz da az deyil. Bunlar hamısı aşkar nәzirlәrdir. Fәqәt gizlin nәzirlәr, rüşvәtlәr dә az deyil, hәtta bir arabada bir külfәtdәn iki arvad gedir. Biri-birinin nәzirindәn xәbәrlәri yoxdur. Odur, altmış yaşında Mәşәdi Pәrzad xala gәlini Gülzarla bir arabada yanba-yan oturublar. Bunları Dәmirqaya göndәrir ki, pirdә şam yandırsınlar, tainki gәlәn il bu vaxt Gülzar bir oğlan doğsun. Pәrzad qarı oğlunun üstә durubdur ki, ikinci arvad alsın; çünki nәvә görmәmiş ölmәk istәmir.... Hәr gün açıq açığına gәlininәdeyir: "Anam, üç ildir oğluma gәlibsәn, bir şey yoxdur. Görünür, doğan deyilsәn. Qoy oğlum arvad alsın! Nә üçün bәdbәxt edirsәn?" Gündә bu barәdә evdә dava-qalmaqaldır! İndi nәzir aparırlar, şam yandıracaqlar. Fәqәt biçarә Pәrzad nәnәnin bir dә bir gizlin nәzirdәn xәbәri yoxdur. Gülzar bir balaca әskiyә düyümlәnmiş qızıl üzüyü döşünә atıbdır. Bunu pirә aparır ki, qoca Pәrzad tez ölsün. Bәlkә Dәmirqaya da anasının sözlәrinә suyulub arvad almasın....

Nә isә, bu taq-tuqla gedәn arabalarda, bu çaparaq gedәn faytonlarda, bu başlarında çarşab, başlarında papaq olanlarda çox sirlәr var.... Bu sirr sahiblәri, sirr dağarcıqları yavaş-yavaş pirә yavuqlaşırlar: fayton-faytonu keçir, araba-arabanı, atlı-atlını, piyada-piyadanı. Bir-birinә qarışıb bir yol tutub gedirlәr. Faytonla gedәn fikir edir: tez gedәrik, yaxşı yer tutarıq. Araba ilә gedәn fikir edir: eybi yoxdur, zәhmәti çoxdur, savabı da çox olar. Piyada gedәn özünә tәsәlli verib deyir:pirәpiyada gәrәk gedәsәn.... Nә isә hәrә öz qanacağı ilә bir nöqtәyә yeriş edirlәr.... Toz-torpaq, isti gözә görünmür. Hamı istәyir tez özünü pirә yetirsin. Hamı tәlәsir.... Kimi tez şәfa tapmağa yeriş edir, kimi bir-birinin acığına at çapır, kimi dalda qalmış eşşәyini bizlәyir....

III

Hamıdan tez Mәşәdi Allahverәnin faytonu pirә yetişdi. Mәşәdi Allahverәn faytondan düşüb balasını qucağına aldı. Bu vaxt pirin adamları pişik siçanı marıtdayan kimi pirә gәlәnlәri sәhәrdәn marıtdayırdılar vә nә üçün dә marıtdamasınlar. Bu gün bunların bayramıdır: kiminin cibinә pul girәcәk, kiminin kasası yağlanacaqdır, kiminin kisәsinә düyü dolacaqdır. Odur, Mәşәdi Allahverәnә, istәr-istәmәz gözlәri faytonda olan şeylәrә baxaraq: "Xoş gәlibsiniz, allah qәbul elәsin" deyib qarınca kimi faytona daraşdılar.... Mәşәdi Allahverәn bunların xasiyyәtlәrini yaxşı bilirdi. Ona görә şeylәrin hamısını bircә adama tapşırdı, qeyrilәr kәnara çәkildilәr.... Mәşәdi Allahverәn vә Gülbadam darvazadan girib bir ağacın altında palaz saldırtdılar. Bunlar yavaş-yavaş yerlәşmәkdә ikәn qeyrilәri dә bir-bir, iki-bir gәlirdilәr.

Pirin mollası qara, nazikxәt, boynu albuxara torbasına oxşayan, ortaboy, qoyungöz, qara әbalı Molla Cәfәrqulu hamı ilә salamlaşırdı, hamıya: "Xoş gәlibsiniz, allah qәbul elәsin!" sözlәrini deyirdi vә qonaqlara yer göstәrirdi. Molla Cәfәrqulu rәhmli adam idi. Bu, nәinki adamlara vә hәtta heyvanlar üçün dә yer düzәltmişdi. Bağlı-bağçalı ikimәrtәbә evin dal tәrәfindә uzun bir saray tikmişdi. Heyvanları orada bağlayıb hәr kәs arpa-samanını heyvanının qabağına tökәrdi. Hәyәtsә gözәl bir yer idi. Alt mәrtәbә tamam qonaqlar üçün otaqlar idi, üst mәrtәbdә özü olardı. Fәqәt qonaq çox olanda yuxarı da buraxardı, çox lazım da olmurdu. Çünki hәyәtindә böyük kölgәli ağaclar var idi.... Fәqәt bir az yağlı qonaq olanda Mәşәdi Cәfәrqulu deyәrdi: "Dünәndәn sizin üçün filan otağı hazırlatmışam...." Yağlı da burada yağı vә yağ kimi şeylәri artıq gәtirәn adamlara deyәrdilәr. Mәsәlәn, bir bişirim halvaya bir girvәknә yağ lazımsa, üç-dörd girvәnkә yağ gәtirәn daha qalanını geri aparmazdı; düyü dә vә qeyri şeylәr dә bunun kimi. Çünki adәt belә idi: artıq qalan şeyi pirdәn aparmaq olmazdı. Hәr nә qaldı, pirin malı hesab olunardı. Bu da Molla Cәfәrqulunun zәhmәtini artırardı. Doğrudan, Molla Cәfәrqulu qonaqlarından sonra çox zәhmәt çәkәrdi: tör-töküntü yığıb yerbәyer etmәk çәtin mәsәlә idi.... Bir bu iş olsa, yaxşı. Molla Cәfәrqulunun qonaqlardan sonra yenә bir işi var idi. Axşam hamı çәkilәndәn sonra gәrәk pirә bir baş çәkә idi: keçmiş şamları yerbәyer, nәzirlәri ziyarәt edәrdi. Çünki gecә, kim bilsin, bir dә gördün günahkarın biri pirә әl uzatdı.... Hәqiqәt pir açıqlıq bir yerdә idi. İki balaca

kәndin arasında zorba qoz ağacının altında bir balaca günbәz kimi şeydәn ibarәt bir yer idi. Әslindә bu iki balaca kәnd bir-birinә o qәdәr yavuq idi ki, bunlara bir kәnd dә demәk olardı vә hәr kәndә bir kәndin böyük mәhәllәsi demәk olardı. Nә isә, bu mәhәllәlәr qәdimdәn ayrı kәnd hesab olunurdu. Birinin adı Z... kәndi o birininki Ә... kәndi idi. Bu iki kәndin, daha doğrusu, bir-iki mәhәllәnin arasından bircә yol var idi, gediş-gәliş, at-araba bu yol ilә olardı. Bu yolda, yәni Z... kәndinә yavuq bir böyük qoz ağacı var idi. Pir dә haman bu qoza ağacının dibindә idi. Zatәn pir olmamışdan da bu qoz ağacı yayın istisindә adamları öz tәrәfinә çәkәrdi. Bunun böyük budaqları, budaqların enli yarpaqları ağacın altına genişli bir kölgә salıb da hәm insanlar vә hәm heyvanlar üçün günün istisindә sәrin yorunuq mәkanı vә şiddәtli yağmurda zorba bir günlük olmuşdu....

İndisә bu qoz ağacı nәinki qıraq kәndlәrdә vә hәtta şәhәrlәrdә dә şöhrәt qazanmışdı, böyük bir ziyarәtgah olmuşdu.... Xalq hәr cümә gәlib Molla Cәfәrqulunun bağçasında yeyәrdilәr, içәrdilәr, qurbanlarını kәsәrdilәr, sonra kişilәr bir dәstә, arvadlar da bir dәstә ilә pirә gedәrdilәr. Hәrә öz nәzirini müәyyәn bir deşikdәn salardı, ürәyindәn nә keçirәcәkdi keçirәrdi, ya pirin günbәzindәn öpәrdi vә yainki öpmәzdi. Bu çox da vacib deyildi. Öpәn dә olurdu, öpmәyәn dә. Fәqәt qoz ağacının dibindәn torpağı götürub uşaqların alınlarına sürtmәk vacib kimi bir şey idi, guya arvadlar deyәrdilәr, uşağa göz dәymәz.... Vaxtaki xüsusi ziyarәt tamam oldu, hәr kәs nә dilәmәli isә dilәdi, nә rüşvәt vermәli isә verdi. Molla Cәfәrqulu gәlib pirin kәramәtlәrindәn söylәrdi. Arvadlar bir tәrәfdәn, kişilәr o biri tәrәfdәn durub Molla Cәfәrqulu da arada sözünü deyәrdi.

Molla Cәfәrqulu artıq dәrәcәdә dilli adam idi, yәni natiq idi; danışanda hamının fikrini cәlb edәrdi vә hәmişә dә ziyarәtә gәlәnlәrә nitq söylәrdi vә nitqini dә başlayanda bir az mәnalı, tәsirli olsun deyә "ya әyyühәnnas" sözlәri ilә başlardı. İndi dә bu sözlәrlә başlayıb dedi: "Eşidirәm deyirlәr şәhәrdә vә bir neçә kәndlәrdә xalq vәba naxoşluğundan qorxub dağa-daşa qaçmaq istәyir. Mәbada belә şeylәr edәsiniz. Vәba allahın әzabıdır vә allah-taala öz әzabını әmәli saleh olmayanlar üçün hәmişә göndәrir. Siz ki, şükür allaha, әmәli saleh adamsınız: namazınızı qılırsınız, orucunuzu tutursunuz vә hәmişә pirә gәlәnlәrdәnsiniz, nә üçün qorxursunuz?

Keçәn il vәba naxoşluğuna mübtәla olmuş bir adamı T... kәndindәn bura gәtirmişdilәr, dәrhal bir kasa suyun içinә bu pirin torpağından salıb verdim içdi, hәmin saat şәfa tapdı. İndi nә üçün qorxursunuz? Allah azar verib, dәrmanını da yaradıbdır. Fәqәt әmәli saleh adamlar üçün.... Molla bu sözlәri hәlә qurtarmamış xalq böyük-kiçik yerә töküldülәr, gah ciblәrinә, gah dәsmallara torpaqdan tökürdülәr, dәsmal yerinә çarşab işlәdәn arvadlar çarşablarının bir küncünә torpaqdan götürüb düyün edirdilәr. Balaca uşaqlar da böyuklәrә baxıb torpaqdan götürürdülәr.... Bu әhvalat Mәşәdi Allahverәni tәrәnnümә gәtirib uca sәsi ilә dedi: "Hәzәrat, mәn dә gәlәn ilә kimi bu pirin hasarını çәkmәyә vә hasarın içindә dam-daş tikmәyә söz verirәm". Mәşәdini bu sözlәrdәn sonra hәr tәrәfdәn alqışladılar: "Çox sağ ol, Mәşәdi! Çox sağ ol! Allah qәbul etsin! İnşaallah, qәbula keçәr" sәdası eşidilirdi.

Mәşәdi Allahverәnin bu sözlәrindәn sonra camaat dağıldı. Axşam araya gәlirdi. Piyada ziyarәtә gәlәnlәr yola düşdülәr, sonra atlılar, faytonda, arabada gәlәnlәr dә evlәrinә qayıtdılar. Yenә bir-birini qova-qova yolun tozunu qaldırırdılar.... Hamı şad-xürrәm evinә qayıdırdı. Üzdә şadlıq görünürdüsә dә, fәqәt bir neçәsinin üzündәn pünhan fikrini dә bilmәk olardı.

Bir çoxunun fikri bu idi ki, görәk nәzirimiz haçan qәbula keçәcәkdir. Bir çoxu da keçmişi görürdü: Dәmirqayanın arvadı Gülzar qaynanası Pәrzadla bir arabada gәlirdilәr. Gülzar Pәrzada baxıb gözlәrini çox kiçik görürdü. Rәngi dә saralmış nәzәrә gәlirdi. Gülzar ürәkdә fikir edirdi: "Hә! Nәzirim qәbula keçibdir! Ancaq ay pir! Bir az sәbir elә, gedib evimizә çataq, yoxsa yolda qocanın canı çıxar, әlimiz dә heç yerә çatmaz....".

Mәşәdi Allahverәn dә fikirsiz deyildi. Bu da hәrdәnbir oğluna baxıb dindirәrdi:

"Hә, oğlum, qağa istәyirsәnmi? Gedәk şәhәrә, sәnә yaxşı at alacağam, eşşәk alaram, hә, bala, oğlum! At çox istәyirsәn, ya eşşәk?"

Balaca, dörd yaşında Cәbi atasına mat-mat baxardı, bir söz dә söylәmәzdi. Mәşәdi qәsdәn danışdırırdı.... Hәrgah mümkün olsaydı hәlә ayağı üstә qoyardı, görsün bәlkә gәzә bilir. Çünki zarafat deyil, pirin hasarı vә dam-daş azından iki minәdәk xәrc istәyirdi.... Gülbadamın da özünә görә fikri vardı. Bunu da hәkimin sözlәri rahat qoymurdu. Hәkim dә demişdi: "Gәrәk müalicә oluna, gәrәk atası-anası da müalicә oluna ki, gәlәсәkdә belә bir bәdbәxt dünyaya gәlmәyә....".

Bu sözlәr Gülbadamın başında hәrdәnbir fırlanıb әvvәlincә әrinin halını vә öz ağzının yarasını fikrinә gәtirәrdi. Fәqәt üçüncü sәbәbdәn, yәni indiki әrinin әhvalından xәbәri yox idi. Doktor bunda da köhnәlmiş kif azarı tapmışdı.... Gülbadam pirә nәinki inanmazdı, hәtta pirin adı gәlәndә әhvalı büsbütün tәğyir tapardı.... Ürәyi sıxılardı....

Mәşәdinin dә hәrdәnbir ürәyi sıxılardı. Onun da başına hәrdәnbir qara fikirlәr gәlәrdi: "Bәlkә balama pirdәn әlac olmadı? Fәqәt tez "lәnәt şeytana" deyib belә fikirlәri özündәn rәdd edәrdi. Belә bir qarışıq fikirlәrdә bir Mәşәdi deyil idi. Qeyrilәr dә hәrdәnbir xәyala düşüb tez "lәnәt şeytana" deyәrdilәr. Hәtta bir neçә cavan oğlan, bir neçә dul kişi, bir neçә dul arvad özgә xәyallarla pirә getmişdilәr.... Fәqәt Molla Cәfәrquludan pirin kәramәtlәri barәsindә sözlәri eşidib bunlar da "lәnәt şeytana" deyirdilәr.... Nә isә fikirlәr, sirlәr çox idi. Bir özlәri bilirdilәr, bir dә bir az Molla Cәfәrqulu.... Molla Cәfәrqulu doğrudan da bunların çox fikirlәrini, sirlәrini bilirdi. Molla Cәfәrqulu ağıllı bir adam idi. Elmi-ruhdan başı çıxardı. Doğrudur, Racidәn başqa kitab görmәmiş idisә dә, fәqәt tәcrübәsi çox idi. Elmi-ruh da tәcrübәyә bağlı bir elmdir.... Bilirdi: heyvan ona görә heyvandır ki, haraya çәkәrsәn gedәr. Bilirdi ki, heyvana bir yem lazımdır.... Bilirdi ki, yem verә-verә әn böyük zorba bir yırtıcı heyvanları әlə gәtirmәk olar....

Molla Cәfәrqulu doğrudan da dünya görmüş adam idi. Hәr şeydәn başı çıxardı. Bunun әsli iranlı idi. Әvvәllәr kәndbәkәnd gәzib qafqazlılara meymun oynadardı. Sonra bunun әziz meymunu öldü. Bu vaxt mәhәrrәmlik araya gәldi. Başına bir sarıq sarıyıb Z... kәndinә gәldi, "mәn mәrsiyәxanam", dedi. Z.... kәndinin xalqı üçün bu göydәn düşmüş kimi oldu. Tamam mәhәrrәmi hәm kişilәrә vә hәm arvadlara mәrsiyә oxuyardı. Doğrudan da yaxşı mәrsiyәxan idi. Söz az bilirdisә dә, sәsi yaxşı idi. Tez-tez zәngulә vurardı. Qızışanda özünü döyәrdi, köynәyinin yaxasını cırardı.... Bu әhvalatı görüb xalq dә qızışardı. Yәni "mәclis yaxşı keçәrdi".... Bir az zamanda Molla Cәfәrqulu qeyri kәndlәrdә dә mәşhur oldu: bunu tәrif edәrdilәr vә deyәrdilәr: "Bunun zәngulәsinә heç zәngulә çatmaz....".

Tamam qırx gün mәrsiyә oxuyub yaxşı pul yığdı. Sonra mollalıq edәrdi, dua yazardı, fala baxardı, hәtta sonralar hәkimlik dә edәrdi. Axırda yerini isti görüb Z... kәndindәn bir arvad aldı. Bu arvaddan bir oğlu oldu, adı Heydәrqulu. Elә dә deyildi ki, Molla Cәfәrqulunun tәk bir oğlu ola, xeyr, İranda bunun bir arvadı, üç balaca qızı vardı. İranda meymun oynadan çox olmağa görә bunun sәnәti orada işә keçmirdi. Uşaqlarını atıb Qafqaza gәlmişdi. Eşitmişdi ki, Qafqazda "meymunoynadanlar" yaxşı pul qazanırlar. Eşitmişdi ki, filan qumarbaz, filan dәllәk, filan cibkәsәn, filan lotu, daha nә bilim, filan filanlar keçәn mәhәrrәmlikdә Qafqazdan beş yüz min, iki min manat pul gәtiriblәr vә hәtta eşitmişdi ki, Racidәn savayı bu "filanlar" üçün tәzә kitablar meydana gәlir vә bu kitabları nәşr etmәk üçün xüsusi mәtbәәlәr vardır.... Molla Cәfәrqulu da özünә baxıb fikir edirdi: "Mәnim biliyim "filanın" biliyindәn az deyil! Nә üçün mәn oturmuşam? Nә üçün mәn qafqazlılara biliyimi göstәrmәyirәm?". Molla Cәfәrqulu doğrudan da biliyini göstәrdi vә qafqazlılar da onun biliyinә vә zәngulәsinә qiymәt verdilәr. İndi molla ikimәrtәbә mülk sahibi vә kәndin әn nüfuzlu adamlarından hesab olunur. Elә dә insafsız adam deyil ki, İrandakı uşaqlarını yada salmasın. Xeyr, hәrdәnbir fikrinә düşürdü ki, kağız yazsın, әhval soruşsun. Fәqәt şüğlünün çoxluğundan kağız yazmazdı, unudardı.

Hәqiqәt, Mәşәdi Cәfәrqulunun işi çox idi. İndi odur, pirә gәlәn qonaqlardan sonra hәyәti gәrәk tәmizlәsin, qalan yağı, düyünü, әti, kömürü, odunu yerbәyer etsin. Ondan sonra pirin gizlin, balaca qapısını gәrәkdir açıb nәzirlәrә "baş çәksin".... Bu cümә dә Molla Cәfәrqulu qonaqlarını yola salıb axşam vaxtı saqqalını tumarlaya-tumarlaya pir tәrәfә "xüsusi ziyarәt" üçün gedirdi....

IV

Pirdәn gәlәnlәr dә indi evlәrinә çatıb yorunuq alırlar. Mәşәdi Allahverәn dә evindә oturub axşam çayı içirdi vә hәrdәnbir gedib oğluna baxırdı görsün pirdәn sonra әhvalı necәdir....

Gecә araya gәldi. Gülbadam özünә, әrinә vә uşağına yer qayırıb yatdı. Mәşәdi Allahverәn dә uzandı yatsın, fәqәt yata bilmәdi. Pirә getmәklәrini, Molla Cәfәrqulunun nitqini vә pirin kәramәtlәrini başından keçirirdi vә hәrdәnbir "çox şükür, pәrvәrdigara!" deyib balasının halına yanardı. "Çox şükür, pәrvәrdigara!" deyirdisә dә balasının dәrdinә dәrman pirdәn gözlәrdi....

"Şükür sәnә, pәrvәrdigara!", ya "Çox şükür, pәrvәrdigara!" sözlәrinә o qәdәr ağzı öyrәnmişdi ki, bu sözlәri yersiz dә işlәdirdi. Bir şeyә diqqәt edib dә haman şeyin varlığını allahın qüdrәtindәn bilsin, düşünsün, sonra şükürlәr etsin.... Xeyr, belә deyildi.... "Hәr şeyi allah yaradıbdır" sözlәrini tutuquşu kimi tәkrar edәrdi. Fәqәt bütün vücudu ilә bunu düşünmәzdi. Heç olmazsa bәdәninә diqqәt edib dәqiqәdә

yetmiş beş dәfә tıq-tıq edәn ürәyinin döyünmәsini eşidә idi. Vә bu ürәyinin dayanmağı bütün bәdәnin heç bir şeyә yaramadığına sәbәb olmağını düşünsә idi! Yox, bu, Mәşәdi Allahverәn üçün çәtin bir mәsәlә idi. Lamәhalә bağçasında bitәn güllәrin, ağacların hәyatına bir fikir verә idi: yarpaqlar saralır, tökülür, yenә yaşıl yarpaqlarla ağaclar bәzәnir, çiçәk açır, çiçәklәr tökülüb qırmızı almalar ağaclardan

sallanır.... Buna da diqqәt edib bu hәyatda da gündә yüz dәfә şükür etdiyi pәrvәrdigarın qüvvәtini, qüdrәtini hiss edә bilmәyirdi. Nә olardı, balasına olan mәhәbbәti tәhlil edә idi! Bәlkә bu mәhәbbәtdә allahını hiss edә idi. Bir az fikir edә idi ki, dörd yaşında bir böyrü üstә düşmüş dilsiz, ayaqsız bir vücuda bağladığı mәhәbbәt hissi haradan gәlib bunu tapdı? Bu mәhәbbәtin tәbii olmağını düşünsә idi, allahla öz arasında olan rabitәni dә hiss edәrdi. Bunu düşünmәk Mәşәdi Allahverәn üçün mümkün deyildi. Yәni dürüstünü demәk, Mәşәdi Allahverәndә dә günah yox idi. Zavallıya gözü açılandan, beyni işlәyәndәn indiyәdәk bu nazik mәtlәbi düşündürәn olmamışdı. Eşitmişdi ki, peyğәmbәr, imam gәlib, gediblәr. Fәqәt bunları kim vә nәdәn ötrü göndәrmişdi, bu mәsәlә Mәşәdi Allahverәn üçün qaranlıq qalmışdı.... Gördüyü, eşitdiyi axund, molla.... Bunlar da zavallını allahından kәnar salmışdılar: filan şeyi etsәn allah sәni yandırar, filan әmәl sәndәn üz verәrsә, o dünyada allah sәnә filan әziyyәti edәr, daha nә ... nә.... Daha düşünmürdülәr ki, qorxutduqca yazıq Mәşәdi Allahverәn öz allahından kәnar olurdu, rabitә pozulurdu.... Mәşәdi qorxudan savayı bir şey bilmirdi; saldatdan, qarodovoydan qorxu çәkirdi, insan törәtdiyi qanunlardan qorxu çәkirdi. Allah göndәrdiyi qanunlardan qorxardı, daha düşünmürdü ki, qorxu mәbuda yavuqlaşdırmaz, uzaq salar.... Nә olardı ki, buna deyәydilәr allah adildir, hamıya bir gözlә baxar, allah mehribandır--hamını sevәr, bәslәr.... Xeyr. Mәşәdi Allahverәnә allahını oruc-namazla tanıtmışdılar. Fәqәt demәmişdilәr ki, allahı tanımasan namaz-orucun da heç. Әvvәl desә idilәr çalış, allahın sifәtlәrini bil, adil, mehriban ol, hamını sev, o vaxt allahına yavuqlaşarsan, yavuqlaşıb da ona mәhәbbәt bağlarsan, bu mәhәbbәt sәni namaz qılmağa, oruc tutmağa, qeyri yaxşı әmәllәr etmәyә dә vadar edәr.... Düşünmәdilәr ki,qanunla, qorxu ilә dürlü-dürlü "vәdlәr"lә hәqiqi mәhәbbәt meydana gәlmәz.... Hәqiqi mәhәbbәt üçün görmәk, düşünmәk, hiss etmәklazım gәlirdi. Bu da mümkün idi; gündә min dәfә hәr addımında Mәşәdi istәsә idi, hәqiqi allahını görәrdi, düşünәrdi vә hiss edәrdi. Daha lazım deyildi deyilә: namaz qıl, özü qılacaqdı; sevdiyi, hәqiqi mәhәbbәt bağladığı mәbuda özü sәcdә edәcәkdi.... Ona yavuqlaşmağa çalışacaqdı.... Namaz vaxtında daha rüşvәt vermәzdi, rüşvәt istәmәzdi, fәqәt bunu deyәrdi: "Pәrvәrdigara, sәni bilmәk, düşünmәk üçün asan vә düz yol göstәr!".

Biçarә Mәşәdi Allahverәn uşaqlıqdan göz açıb düz yolu mәrsiyәxanlardan öyrәnmişdi. Böyüyәndә dә yenә mәrsiyәxanlardan vә yenә mәrsiyәxan kimilәrindәn.... Bunlar isә hәmişә deyәrdilәr: filan әmәl edәrsәnsә, filan duanı qırx dәfә oxuyarsansa, allah-taala sәnә filan şeyi verәcәkdir.... Uşaqlıqdan bu sözlәri eşidәn, bütün tәrbiyәsinin bünövrәsi bu sözlәrlә tikilәn bir vücud müәyyәn, müqәddәs bir mәbuda sәcdә edә bilәrdimi? Belә bir tәrbiyәdәn sonra nә üçün dә Molla Cәfәrqulunun "piri"nә pәnah aparmaya idi? Hәqiqi allaha hәqiqi mәhәbbәt bağlamış olsa idi, pirә, ya pir kimi şeylәrә sәcdә edәrdimi?

Hәqiqi allahını tapmış olsa idi, yәqin ki, onun qüdrәti ilә meydana gәlәn elmin qәdr-qiymәtini bilәrdi vә bilib dә bәdbәxt oğlunu, özünü vә arvadını müalicәsiz qoymazdı....

Nә isә, Mәşәdi Allahverәn yenә axırıncı dәfә pirin kәramәtlәrini fikrindәn keçirib yuxuya getdi.... Namaz vaxtına bir az qalmışdı, Mәşәdi Allahverәn yerindәn dik atıldı. Uşağı yatan tәrәfә baxıb gördü ki, Cәbi yatır, o yan-bu yana boylandı, yenә şükürlәr etdi, sonra tәlәsik Gülbadamı sәslәdi:

"Ay qız, Gülbadam! Gülbadam!"

Gülbadam oyanıb elә fikir etdi ki, uşaq ağlayır. Gördü yox, uşaq yatır, fәqәt әri başında araqçın bir köynәkdә yerindә oturub deyir:

"Ay qız, mәn yuxudan sәrsәm durdum, bir yuxu gördüm...."

"Allah xeyir elәsin!"--deyib, Gülbadam qulaq asdı.

"Gördüm, Cәbini bir gün, bir gecә pirә qoymuşuq. Sonra görürәm pirin divarı yarıldı: uşağım yüyürә-yüyürә üstümә düşdü vә dedi:

"Atam, şәfa tapdım!" Mәn dә qucaqlayıb öpürdüm ki, oyandım...."

Gülbadam başını aşağı salıb:

"Allah xeyir elәsin!"--dedi vә başını tez balışa atdı. Mәşәdi Allahverәn dedi:

"Arvad! Nә yatmaq vaxtıdır? Bilirsәnmi, bu yuxu nә yuxudur?"

Gülbadam: "A kişi, yuxum gәlir, qoy yataq"--deyib daha söylәnmәdi, fәqәt yatmadı da. Mәşәdi Allahverәn bir az, o yan-bu yana baxıb uzandı, yatdı. Gülbadam isә üzünü Mәşәdidәn çöndәrib gözlәrini yumdu, yuxuya gedә bilmәdi. Mәşәdinin yuxusu Gülbadamın tamam mazisini göz qabağına gәtirdi.

davamı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG