Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:53

Lukaşenko partlayışı niyə “hədiyyə” adlandırdı?


Partlayış olan yerdə
Partlayış olan yerdə


Minskdə metroda partlayışda azı 12 adam ölüb.
204 adam hazırda xəstəxanadadır, onlardan azı 26-sının vəziyyəti ağırdır.

Maraqlıdır ki, ölənlərin sayını Belarus KQB-si verir, yaralılar haqda rəsmi məlumatı isə Belarusun müdafiə nazirliyi elan edir.

Prokurorluq isə məlumat verib ki, "bir neçə şəxs tutulub".

Belarus prezidenti Aleksandr Lukaşenko metrodakı partlayışı ölkədə sabitliyi pozmaq cəhdi adlandırıb.
O deyib: “Mən istisna etmirəm ki, bu, xaricdən hədiyyədir. Ancaq biz daxilə də baxmalıyıq”.

Lukaşenko partlayışın arxasında kimlərin dayandığını deməyib. Bu, Belarusda nadir hadisədir, adətən bir hadisə olan kimi dərhal konkret kimlərisə günahlandırırlar.

Partlayıcı təxminən 5-7 kq trotil gücündə olub. Partlayıcı qurğuda metal kürəciklər olub.
Qurğu platformaya qoyulubmuş və ehtimala görə, partlayış kənardan radiodalğalarla törədilib.

Belarusda sonuncu belə partlayış 2008-ci ildə olmuşdu. Lukaşenko millətçiləri günahlandırsa da, o hadisənin üstü açılmadı.
Həmin partlayışı açıq havada konsert zamanı əldəqayırma bomba ilə törətmişdilər. O vaxt 50 adam ölmüşdü.
Həkim yaralıdan çıxarılan qəlpəni göstərir


PARTLAYIŞ KİMƏ SƏRFƏLİDİR?

Lukaşenko deyib ki, günahkarları tapmaq üçün “ölkənin altını üstünə çevirəcək”.

Ancaq adının çəkilməsini istəməyən bir müxalifətçi Reuters Agentliyinə deyib ki, partlayışı elə Lukaşenkonun əmri ilə törədə bilərdilər.

Həmin mənbənin fikrincə, hakimiyyət bu partlayışdan müxalifəti və bütün narazıları daha çox əzmək üçün istifadə edəcək.

Müstəqil siyasi təhlilçi Aleksandr Klaskovski isə Associated Press agentliyinə deyib ki, ölkədə iqtisadi vəziyyət çox pisdir.
İnsanlar iqtisadi fəlakətin nə vaxt baş verəcəyini gözləyirlər.

Hazırda Belarusun valyuta ehtiyatları ən aşağı səviyyədədir. Beynəlxalq Valyuta Fondu kredit vermək istəmir.

Üstəlik bu gün Avropa Birliyi Belarusa qarşı sanksiyalar məsələsinə baxmalıdır.

19 dekabrdakı prezident seçkilərindən sonra Lukaşenko müxalifəti əzdiyinə görə, Amerika və Avropa Birliyi Belarusun 157 rəsmisinə bu ölkələrə səfərləri qadağan ediblər və onların hesablarını dondurublar.
Hazırda yeni sanksiyalar gündəlikdədir.

Hətta iki amerikalı konqresmen – senator Durbin və nümayəndələr palatasının üzvü Qiugley Beynəlxalq Hokkey Federasiyasına müraciət ediblər ki, Lukaşenko bütün siyasi dustaqları azad etməsə, 2014-cü ilin dünya birinciliyini Belarusda keçirməsinlər.

Prezident Lukashenko partlayış olan Oktyabrskaya stansiyasında

Klaskovski deyir ki, labüd iqtisadi fəlakətə və bunun ardınca partlayan sosial narazılığa hazırlaşan hakimiyyət metro partlayışından nəzarəti gücləndirmək, narazılığı çərçivədə saxlamaq üçün istifadə edəcək.
Lukaşenkonun bu partlayışı “hədiyyə” adlandırması heç təsadüfi deyil.

Belə ehtimallar da var ki, terrora məruz qalan ölkə kimi Belarus hakimiyyəti sanksiyalarda qəti olan Qərbi yumşaltmağa çalışacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG