Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:28

İlham Əliyevin Bakı qəsəbələrinə səfəri, YAP-ın Qərblə «müharibəsi» və...


Mətbuat icmalı

Mətbuat icmalı

«ƏLİYEV ŞİKAYƏTÇİLƏRLƏ ÜZ-ÜZƏ GƏLMƏKDƏN QORXDU» başlıqlı məqalə «Azadlıq» qəzetinin 12 aprel sayında çıxıb. Qəzet yazır ki, Sulutəpədə ölkə başçısı ilə görüşə xüsusi adamlar gətirilibmiş.

1993-cü ildən hakim Yeni Azərbaycan Partiyasının üzvü olan qəsəbə sakini Mübariz Məmmədov qəzetə bildirib ki, İlham Əliyevin gəlişindən əvvəl Sulutəpədə fövqəladə rejim hökm sürüb. Qəsəbə sakinlərinə gecə saatlarında küçəyə çıxmaq qadağan edilib.

M. Məmmədov deyib ki, İlham Əliyevlə görüşən vətəndaşların əksəriyyəti başqa rayonlardan avtobuslarla gətirilib və öyrədilmiş insanlar olub:

«İlham Əliyevlə görüşdə 3-4 Sulutəpə sakini iştirak edib. Yerdə qalanları qəsəbə sakinləri olmayıb. Həmin insanlar da təlimata uyğun olaraq İlham Əliyevə Sulutəpədə hər şeyin yaxşı olduğunu bildirib».

Qəzet yazır ki, eyni hal Biləcəri qəsəbəsində də müşahidə edilib. Orada da İlham Əliyevlə görüşən və Biləcəridəki inkişafdan danışan insanlar bu qəsəbənin sakinləri olmayıb.

«YAP QƏRBƏ MÜHARİBƏ ELAN ETDİ». «Yeni Müsavat» qəzetinin manşeti bu başlıqla çıxıb.

Qəzet yazır ki, Bakıda akkreditə olunmuş Qərb diplomatlarının ötən həftə müxalifət liderləri ilə detalları açıqlanmayan görüşü və Dövlət Departamentinin Azərbaycanda insan haqlarının durumuna dair hesabatı hakimiyyət rəhbərliyində gərgin müzakirə predmeti olub.

YAP-ın icra katibi Əli Əhmədov aprelin 11-də keçirdiyi mətbuat konfransında deyib ki, «Azərbaycanda akkreditə olunmuş ayrı-ayrı dövlətlərin səfirlikləri onların mandatında nəzərdə tutulmayan işlərlə məşğul olmamalıdırlar. Mitinqlər, kütləvi aksiyalar və buna bənzər məsələlər Azərbaycan hakimiyyətinin, hökumətinin və cəmiyyətinin yalnız özünə məxsus olan hadisədir. Ayrı-ayrı dövlətlərin səfirliklərini mən kənar qüvvələr hesab edirəm. Həmin kənar qüvvələrin ölkənin daxilində mitinqlərin, kütləvi aksiyaların keçirilməsi kimi çox ciddi bir məsələyə müdaxilə etməsi tamamilə yersiz sayılır».

YAP icraçı katibi Dövlət Departamentinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatını da tənqid edib. «Hər hansı bir dövlətin ayrı-ayrı ölkələrdə ictimai-siyasi vəziyyətlə bağlı
Əli Əhmədov
hesabat hazırlaması nə dərəcədə düzgündür? Nə dərəcədə onların buna mənəvi haqqı var?», - deyə o sual verib. Əhmədov hesab edir ki, «müəyyən bir dövlətin» Azərbaycandakı reallıqları və gerçəklikləri təhrif edərək hesabat hazırlamasına hər hansı formada haqq qazandırmaq mümkün deyil».

«Bizim yol» qəzeti professor CƏMİL HƏSƏNLİ İLƏ MÜSAHİBƏ dərc edib. Professor müsahibəsində ziyalı-cəmiyyət mövzusundan danışarkən bildirib ki, hər bir ziyalı öz xalqının dərdləri və problemləri ilə yaşamalı, onun fikrinin ifadəçisi olmalıdır:

«Yəni, cəmiyyətdə nüfuzunu saxlamalıdır ki, onun sözünə inansınlar. Yaltaq şairin qeyrətdən şer oxumasının heç bir əhəmiyyəti yoxdur, çünki nə şerin dəyəri olacaq, nə də o, qeyrət simvolu olacaq. Ümumiyyətlə, ziyalı cəmiyyətin inkişafını stimullaşdıran varlıq olmalıdır. Ona görə də ziyalı hadisələrə daha çox tənqidi mövqedən yanaşmalıdır, bizim şəraitimizdə bu funksiyanı yerinə yetirmək çox çətindir. Əlbəttə ki, bunun çox səbəbləri var, cəmiyyət sağlam deyil, iqtidar məddahlığın artmasına meyllidir və ziyalılardan bunu eşitməyə əksər vaxtlarda nail olurlar. Amma heç də düşünməyin ki, ziyalıların hamısı belədir» .

«Yeni Azərbaycan» qəzeti isə prezident İLHAM ƏLİYEVİN BÜLBÜLƏ, BİLƏCƏRİ VƏ SULUTƏPƏ QƏSƏBƏLƏRİNƏ OLAN SƏFƏRİndən yazıb. Prezident sakinlərlə görüşündə deyib ki, «indi regionlarda, demək olar ki, bütün rayonlarda quruculuq işləri gedir. Hər bir rayonda məktəb, xəstəxana tikilir, qaz xətləri, su xətləri çəkilir. Eyni zamanda, Bakı qəsəbələrində də bu işlər yüksək səviyyədə görülməlidir. Bakıda 40-dan yuxarı qəsəbə vardır. Bu qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Bu insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti nə lazımdırsa, onu edəcək. Sosial infrastrukturun yaradılması, yollar, qaz, işıq, kanalizasiya məsələləri həll ediləcək».

Prezident su borclarının silinməsi haqqında isə bunları deyib: «O ki qaldı, su borclarının silinməsinə, bilirsiniz ki, Azərbaycanda çox güclü sosial siyasət aparılır. İndi biz elə etməliyik ki, insanlar daha da rahat yaşasınlar. Biz bilirik ki, bəzi insanların imkanı hələ ki, məhduddur. O borclar uzun illərdir ki, yığılıbdır. Onların hesablanmasında da müəyyən çətinliklər olmuşdur. Ona görə bu məsələnin birdəfəlik həlli üçün qərar qəbul etdik ki, borclar silinsin. Amma o şərtlə ki, bundan sonra su tarifləri ödənilsin».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG