Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:20

Gələn il Azərbaycanın da öz peyki kosmosda olacaq


Kosmosda HotBird peyki
Kosmosda HotBird peyki
Gələn il Azərbaycan dünyanın kosmosda öz peyki olan azsaylı dövlətləri sırasına daxil olmağa hazırlaşır. Peyki kommunikasiya məqsədləri üçün istifadə edəcəyini deyən Azərbaycan “AzərSat” adlanan peykinin hazırlanması üçün artıq ABŞ şirkəti ilə müqavilə bağlayıb. Onu orbitə isə bir Fransa şirkətinin hazırlayacağı raket çıxaracaq.

Azərbaycanın öz peykinin yaradılması işini bir neçə ildir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aparırdı. Sonradan prezidentin sərəncamı ilə bunun üçün ayrıca dövlət müəssisəsi olan «Azərkosmos» Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədovla daha ətraflı söhbət etmişik:

- İltimas müəllim, əvvəl verilən məlumatlara görə, Azərbaycanın “AzərSat” peyki 2012-ci ilin sonuna kosmosa buraxılacaq. Bu vaxta əməl etmək mümkün olacaqmı?

- - Bəli, həm peykin özünü hazırlayan ABŞ-ın Orbital Sciences Corporation şirkəti, həm də onu orbitə çıxaracaq Fransanın "Air Lan Space" şirkəti ilə müqavilələrimizdə bu müddət göstərilib. Xüsusi bir hadisə baş verməsə, bəli, gələn ilin sonuna peykin buraxılması baş tutacaq.

- Peykin buraxılması ilə Azərbaycan vətəndaşları, dövləti nə əldə edəcək? Bunun faydası nə olacaq?

İltimas Məmmədov
- Öncə qeyd edək ki, ölkə daxilində kabel, optik xətlərlə keyfiyyətli rabitə verilməsi mümkün olmayan bölgələr Azərbaycanın bu telekommunikasiya peyki vasitəsilə telefon, internet, televiziya və başqa rabitə xidmətləri ala biləcəklər.

Eləcə də ayrı-ayrı qurumlar, məsələn, Təhsil Nazirliyi. Hazırda Azərbaycanın ucqar bölgələrində çox sayda məktəbdə kompyuter olsa da, onları Nazirliyin daxili şəbəkəsinə qoşmaq mümkün olmur.

Məhz, Təhsil, Səhiyyə nazirlikləri və başqa təşkilatların yerlərdəki qurumlarını da əhatə edən intranet şəbəkəsinin yaradılması mümkün olacaq. Onlar Azərbaycanın telekommunikasiya peykindən tutumlar götürməklə öz daxili şəbəkələrini qura biləcək və ölkənin ən ucqar dağ kəndlərində belə öz xidmətini qura biləcək.

Bundan başqa, xaricdə yaşayan azərbaycanlılarla, səfirliklərlə daha asan əlaqə saxlamaq mümkün olacaq.

Bunlarla yanaşı, hər bir Azərbaycan vətəndaşı qürur duyacaq ki, artıq onun da belə bir peyki var.

- Bu peyk rabitə xidmətlərinin qiymətlərinin də aşağı düşməsinə kömək edə bilərmi?

- Təbii ki, qiymətlərin endirilməsi üçün bu da bir imkan olacaq. Məsələn, bu gün Aztelekom telefon xidməti göstərmək üçün hansısa peyk şirkətindən kanal götürüb istifadə edirsə, telefon rabitəsinin, eləcə də internetin maya dəyərini də artırır. Eləcə də internetin. Bu peykin olması xidmətlərin maya dəyərini də aşağı salacaq və bu da qiymətlərin endirilməsinə bir əsas olacaq.

- İltimas müəllim, yəni bu peyk hazır olanda məsələn, mənim doğulduğum Şınıx bölgəsində də internet olacaqmı?

- Gədəbəydə, Şınıxda internet peykə qədər də olacaq. Bu gün Azərbaycanın bütün rayon mərkəzlərinə optik kabelllər çəkilir. Bu ilin sonuna qədər Aztelekomun maliyyə imkanları daxilində Daşkəsən və Gədəbəy rayonlarının da mərkəzlərinə də optik kabel çəkiləcək. Artıq Şınıxda elektron ATS qurulduğundan rayona optik kabel çəkiləndən sonra bu sərhəd bölgəsində də internetə qoşulma mümkün olacaq. Amma əlbəttə, peykin buraxılmasından sonra belə bölgələrdə rabitə xidmətini yaxşılaşdırmaq daha asan başa gələcək.

Əlbəttə peykin buraxılması bu kimi bölgələrdə rabitənin daha da yaxşılaşdırılmasına çox böyük imkanlar verəcək.

- Bəs, bu peyk ümumilikdə Azərbaycana neçəyə başa gələcək? Müxtəlif mənbələrdə 120-130 milyon dollardan söhbət gedir...


- Adətən bu cür müqavilələrdə simvolik bir rəqəm deyilsə də detallar elan edilmir. Konkret məbləğ yalnız iki tərəf arasında razılaşma kimi gizli saxlanır.

Siz deyən rəqəmlər də təxmini səslənmiş məbləğdir, düşünürəm ki, bunun üzərində dayanmaq olar. Əsas odur ki, peyk qalxsın...

- Amma hər halda, qarşı tərəf biznes təşkilatı olsa da Nazirlik dövlət qurumudur, vətəndaşların bu məlumatı da bilməyə haqqı var.


- Söylədiyiniz rəqəm, yəni 120 milyon - peykin qiyməti təxminən elə o qədərdir...

- Bu peykin özünün qiyməti...

- Bəli. Amma dəqiq rəqəmlərin elan edilməməsi müqavilə ilə öhdəlikdir. Yəni, bəlkə peyki hazırlayan şirkət bizim sifarişçi olan “Azərkosmos” şirkətinə hansısa qiymət endirimi edib. İndi bizim qiyməti elan etməyimiz həmin şirkətin başqa müştəriləri ilə problemlərinin yaranmasına gətirib çıxara bilər. Ona görə də dəqiq rəqəmlər elan edilmir.

Söhbəti dinləyin:

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG